Azərbaycan-Serbiya əlaqələri inkişaf edir

 

Serbiya Respublikası parlamentinin sədri xanım Maya Qoykoviçin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizdə olub

Xəbər verildiyi kimi, 10-12 dekabr tarixlərində Serbiya Respublikasının parlamentinin sədri xanım Maya Qoykoviç ölkəmizdə səfərdə olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 11-də Serbiya Respublikasının parlamentinin sədri xanım Maya Qoykoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Azərbaycan ilə Serbiya arasında dostluq münasibətlərinin mövcud olduğunu vurğulayan dövlətimizin başçısı siyasi əlaqələrimizin yüksək səviyyəsindən məmnunluğunu ifadə edibbunun iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı zəmin yaratdığını bildirib.

Xanım Maya Qoykoviç ölkəsinin iqtisadi əməkdaşlığın genişləndirilməsində və Azərbaycanın Serbiya iqtisadiyyatına investisiya qoymasında maraqlı olduğunu bildirib. Parlament sədri ölkələrimizin beynəlxalq təşkilatlarda da uğurlu əməkdaşlıq etdiyini deyib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü əsasında həllini dəstəklədiyini deyən xanım Maya Qoykoviç Kosovo ilə bağlı Azərbaycanın mövqeyinə görə minnətdarlığını bildirib. Parlament sədri ölkəsində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin abidəsinin ucaldılmasını, eləcə də dahi bəstəkar Üzeyir Hacıbəylinin Serbiyada, Bakıda isə serb xalqının böyük oğlu Nikola Teslanın abidələrinin açılışını ölkələrimiz arasında dostluq əlaqələrinin yaxşı göstəricisi kimi dəyərləndirib. O, Serbiyada məscid və kilsənin əsaslı şəkildə yenidən qurulmasına və bu yaxınlarda daşqınlar zamanı ilk ölkələrdən biri olaraq Azərbaycanın göstərdiyi yardıma görə serb xalqı və şəxsən öz adından Prezident İlham Əliyevə minnətdarlıq edib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Serbiyanın mövqeyini yüksək qiymətləndirən Prezident İlham Əliyev Azərbaycanın da Kosovo ilə əlaqədar Serbiyanın mövqeyini dəstəklədiyini bir daha vurğulayıb.

Görüşdə ölkələrimiz arasında nəqliyyat, investisiya qoyuluşu, energetika və digər sahələrdə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.

Həmin gün Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Serbiya Respublikası Milli Məclisinin sədri xanım Maya Qoykoviçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Oqtay Əsədov Azərbaycan ilə Serbiya arasındakı əlaqələrdən, ölkələrimizin müxtəlif sahələrdəki əməkdaşlığından danışıb. Sədr əməkdaşlığın möhkəmləndirilməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin və parlamentlərarası əlaqələrin rolunu xüsusi vurğulayıb. O.Əsədov Azərbaycan ilə Serbiya arasında mədəni, iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan O.Əsədov beynəlxalq ictimaiyyətin bu münaqişənin həlli üçün kifayət qədər səy göstərmədiyini bildirib. O vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının münaqişənin həlli ilə bağlı qəbul etdiyi dörd qətnaməyə, o cümlədən beynəlxalq təşkilatların problemin həlli ilə bağlı qəbul etdiyi sənədlərə məhəl qoymayan Ermənistan torpaqlarımızın 20 faizini işğal altında saxlayır.

Maya Qoykoviç Azərbaycan ilə Serbiya arasında münasibətlərdən məmnunluqla danışıb. Vurğulayıb ki, Serbiya Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyir və bu münaqişənin tezliklə sülh yolu ilə ədalətli həllinə nail olunacağına inanır. Serbiya ATƏT-ə sədrliyi dövründə bu münaqişənin həlli istiqamətində addımlar atacaq.

Qonaq səfəri çərçivəsində Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ilə də görüşüb. Görüşdə Artur Rasizadə Azərbaycan-Serbiya münasibətlərinin yüksək səviyyədə olduğunu bildirib. Azərbaycan iqtisadiyyatının sürətli inkişafı barədə məlumat verən Baş nazir ikitərəfli əlaqələrin regional səviyyədə genişləndiyini vurğulayıb.

Ümumiyyətlə, Azərbaycan-Serbiya əlaqələrinin inkişaf tarixinə nəzər saldıqda, milli dövlət maraqlarına uyğun olaraq hər iki tərəfin əməkdaşlığa böyük önəm verdiyi özünü göstərir. Xatırladaq ki, keçmiş Yuqoslaviya Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 31-də tanıyıb, 1997-ci il avqustun 21-də SerbiyaMonteneqro İttifaqı ilə Azərbaycan Respublikası arasında ikitərəfli diplomatik münasibətlərin əsası qoyulub. 2010-cu ilin 25 mart tarixində Azərbaycan Respublikasının iqamətgahı Buxarest şəhərində yerləşməklə, eyni zamanda, Serbiya Respublikasında da səfir təyin edilmiş Eldar Həsənov etimadnamələrini Serbiya Prezidentinə təqdim edib. Serbiya Azərbaycanda iqamətgahı Türkiyədə olan səfirliyi vasitəsilə təmsil olunurdu. 2011-ci ilin fevral ayında Serbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili fəaliyyətə başlayıb. Serbiya Respublikasının Azərbaycana təyin olunmuş səfiri Zoran Vajoviç 26 may 2011-ci il tarixində etimadnaməsini Azərbaycan Prezidentinə təqdim edib. İki ölkə arasında siyasi münasibətlər dövlət rəsmilərinin qarşılıqlı səfərləri zamanı daha da möhkəmlənib. Belə ki, 2010-cu il 11-13 may tarixlərində Prezident B.Tadiçin ölkəmizə, 2011-ci il 8-9 iyunda isə Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfəri baş tutub. Bundan əlavə, xarici işlər naziri Elmar Məmmədyarov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 16-cı görüşündə iştirak etmək məqsədilə 2007-ci il aprelin 18-19-da Serbiyada işgüzar səfərdə olub. Həmçinin, Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin, ədliyyə nazirinin, iqtisadi inkişaf nazirinin də ikitərəfli görüşlər və beynəlxalq tədbirlər çərçivəsində bu ölkəyə səfərləri olub. Eynilə, qarşı tərəfdən də dəfələrlə ölkəmizə müxtəlif səviyyələrdə rəsmi səfərlər baş tutub. Azərbaycan ilə Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya da fəaliyyət göstərir ki, bu da müxtəlif sahələr üzrə əməkdaşlıq əlaqələrinin çevikliyini təmin edir.

2013-cü ilin əvvəlində Serbiya Prezidenti Tomislav Nikoliçin Azərbaycana rəsmi səfəri və dövlət başçıları arasında keçirilən görüşlər iki ölkə əlaqələrinin inkişafında mühüm təkan olub. İki ölkənin dövlət başçılarının və nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş zamanı Prezident İlham Əliyev görüş iştirakçılarına müraciətində səfərin yekunlarının müsbət olacağına əminliyini ifadə edib, bütün sahələrdə birgə əməkdaşlıq üçün çox gözəl imkanların olduğunu bildirib.

Azərbaycan ilə Serbiyanın beynəlxalq təşkilatlar çərçivəsindəki əməkdaşlığı da yüksək səviyyədədir. İki ölkə beynəlxalq təşkilatlar çərçivəsində ənənəvi olaraq bir-birinə dəstək verirbu, hər iki dövlətin maraqları baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə, ölkələrin ərazi bütövlüyü məsələlərində Azərbaycan ilə Serbiya daim bir-birinin yanındadır.

Ölkəmizə səfər edən Serbiyanın dövlət başçısı ilə mətbuata birgə bəyanatında Prezident İlham Əliyev bu məsələyə toxunaraq, Azərbaycanın mövqeyini ifadə edib: “Azərbaycanın mövqeyi bundan ibarətdir ki, bütün münaqişələr beynəlxalq hüquq normalarına uyğun şəkildə həll edilməlidir. Beynəlxalq təşkilatların qərar və qətnamələri əsasında həll edilməlidir. Heç bir ölkənin beynəlxalq birlik tərəfindən tanınmış sərhədləri o ölkənin razılığı olmadan dəyişdirilə bilməz. Əminəm ki, gələcək illərdə də, - bu barədə biz sizinlə bu gün bir daha öz fikirlərimizi bildirdik, - biz qarşılıqlı surətdə bir-birimizi bütün üzv olduğumuz beynəlxalq təşkilatlarda dəstəkləyəcəyik”.

Dövlət başçısı Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinə də toxunaraq, Azərbaycan torpaqlarının uzun illərdir ki, Ermənistan tərəfindən işğal altında olduğunu bildirib. Dövlət başçısı onu da əlavə edib ki, iki ölkə arasında imzalanan Birgə Bəyannamədə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı, eyni zamanda, Kosovo məsələsində Azərbaycanın Serbiyanı dəstəkləməsi haqqında kifayət qədər dəqiq ifadələr əksini tapıb. Serbiya Prezidenti isə Azərbaycan ilə ölkəsi arasında sarsılmaz dostluğun olduğunu bildirərək, iki ölkənin maraqlarının üst-üstə düşdüyünü söyləyib. Tomislav Nikoliçin sözlərinə görə, Azərbaycanın Serbiyanı dəstəkləməsi bir daha onu sübuta yetirir ki, müxtəlif dinlərə malik olan xalqlar coğrafi məsafəyə baxmayaraq, insanlar arasında anlaşmanın möhkəmlənməsinə xidmət edə bilərlər:Biz Azərbaycana çox minnətdarıq, ölkəniz bizə dəstək verir ki, ədalət bərpa olunsun. Biz də Azərbaycanı dəstəkləyirik. Əgər söhbət ədalətdən gedirsə, digər maraqlar kənarda qalmalıdır. Biz tələb edirik ki, bütün başqa maraqlar kənara atılsın. Əgər söhbət Serbiyadan və Azərbaycandan gedirsə, ədalət bərqərar olunmalıdır. Biz bir çox hallarda mübarizə aparmışıq, itkilər olubdur. Lakin biz hər zaman bu sınaqlardan lazımi qaydada çıxmışıq”.

Prezident T.Nikoliç qeyd edib ki, Serbiya Azərbaycanı hətta üzv olmadığı təşkilatlarda da dəstəkləyəcək. O, eyni zamanda, Serbiyanın iştirak etmədiyi təşkilatlarda Azərbaycanın ölkəsini təmsil etməsi ilə bağlı istəyini dilə gətirib. Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Serbiya Prezidenti Tomislav Nikoliçin və xanımı Dragitsa Nikoliçin şərəfinə verilən rəsmi ziyafətdə isə Prezident İlham Əliyev qarşılıqlı səfərlərin ikitərəfli əməkdaşlığın inkişafına və münasibətlərin yeni müstəviyə yüksəlməsinə təkan verəcəyini bildirib. Dövlət başçısı beynəlxalq terrorizmə qarşı mübarizə və regionlarımızda sabitliyin möhkəmləndirilməsində, ərazi bütövlüyü məsələlərində də mövqelərin üst-üstə düşdüyünü vurğulayıb.

Azərbaycan ilə Serbiya arasında iqtisadi sahədə də əməkdaşlıq inkişaf etməkdədir. İki ölkə birgə iqtisadi layihələr icra etməkdədir. Serbiya iqtisadiyyatı Azərbaycan investorları üçün cəlbedicidir. Azərbaycan investisiyalarının Serbiya iqtisadiyyatına daha böyük həcmdə qoyuluşu, eyni zamanda, digər birgə layihələr üzrə səylərin davam etdirilməsi gələcək planda var. Eyni zamanda, birbaşa olaraq Azərbaycanın təşəbbüsü ilə başlanmış və uğurla icra edilən layihələrdə Serbiyanın iştirakı məsələsi də dövlət başçılarının görüşündə müzakirə olunub. Onların içərisində “Bakı-Tbilisi-Qars” dəmir yolunun tikintisiTrans-Anadolu qaz kəmərinin çəkilişi layihələri xüsusi əhəmiyyət daşıyır. Azərbaycan ilə Serbiya arasında nəqliyyat, energetika sahələrində əməkdaşlıq üçün geniş imkanlar vardır. Eyni zamanda, digər sahələrdə - rabitə və kommunikasiya, turizminfrastruktur sahələrində də əməkdaşlıq üçün perspektivlər kifayət qədərdir.

Azərbaycan-Serbiya əlaqələri humanitar sahələrdə də inkişaf etməkdədir. Humanitar əlaqələr iki ölkəni bir-biri ilə daha da yaxınlaşdırır. Bu sahədə son illər ərzində mühüm irəliləyişlər əldə olunub. Azərbaycan və Serbiya şəhərlərində iki ölkənin xalqlarının görkəmli şəxsiyyətlərinin xatirəsinə ucaldılmış abidələr bunun bariz nümunəsidir.

Bütün bunlar onu deməyə əsas verir ki, bu gün Serbiya-Azərbaycan əlaqələri öz inkişaf dövrünü yaşayır. İki ölkə rəhbərlərinin bəyanatları da göstərir ki, mövcud dostluq və tərəfdaşlıq münasibətləri bundan sonra daha da möhkəmləndiriləcək. Azərbaycan ilə Serbiya arasında əlaqələr, əsasən, siyasi, iqtisadihumanitar sahələri əhatə edir. Qeyd olunduğu kimi, Serbiya müdafiə nazirinin ölkəmizə səfəri isə dünyada hərbi təhlükəsizlik məsələlərinin aktuallığının artdığı bir dövrdə iki ölkənin müdafiə sahəsindəki əməkdaşlığına töhfədir.

Nardar BAYRAMLI

 Yeni Azərbaycan.- 2014.- 16 dekabr.- S.12.