Azərbaycan-Polşa münasibətləri
yüksələn xətlə inkişaf edir
Dost ölkənin yüksək səviyyəli nümayəndə heyətinin bu günlərdə ölkəmizə baş tutan səfəri çərçivəsində Bakıda keçirilən biznes forumunda vurğulanıb ki, əlaqələrin dərinləşdirilməsi imkanları daha genişdir
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu günlərdə Polşa Respublikası Baş nazirinin müavini, iqtisadiyyat naziri, Azərbaycan-Polşa iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Polşa tərəfindən həmsədri Yanuş Pexoçinskinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan ilə Polşa arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan Prezident İlham Əliyev ölkələrimizin ticarət dövriyyəsinin artdığını məmnunluqla qeyd edib. Dövlətimizin başçısı ölkələrimizin iqtisadi, sərmayə qoyuluşu və digər sahələrdə əməkdaşlığının genişləndirilməsi üçün də böyük potensialın olduğunu deyib. Prezident İlham Əliyev ikitərəfli əlaqələrimizin inkişafının regional əməkdaşlıq baxımından önəmini qeyd edib. Dövlətimizin başçısı Azərbaycan Respublikası və Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasının uğurlu olacağına əminliyini bildirib.
Azərbaycanda gedən böyük inkişaf proseslərinin onlarda dərin təəssürat yaratdığını deyən Yanuş Pexoçinski əldə olunan uğurlar münasibətilə dövlətimizin başçısını təbrik edib. O, Polşa Respublikasının Prezidenti Bronislav Komorovskinin və Polşanın Baş naziri xanım Eva Kopaçın salamlarını dövlətimizin başçısına çatdırıb. Ölkələrimiz arasında qarşılıqlı iqtisadi münasibətlərə toxunan Yanuş Pexoçinski Azərbaycana özü ilə Polşa iş adamlarından ibarət böyük nümayəndə heyətinin səfər etdiyini vurğulayıb və ölkəmizin əməkdaşlıq üçün cəlbedici olduğunu məmnunluqla qeyd edib. Yanuş Pexoçinski Azərbaycanda qeyri-neft sektorunda əldə edilən uğurların da ölkəsində maraqla izlənildiyini deyib.
Dövlətimizin başçısı Prezident Bronislav Komorovskinin və Baş nazir xanım Eva Kopaçın salamlarına görə minnətdarlığını bildirib, Onun da salamlarını Polşanın dövlət başçısına və Baş nazirinə çatdırmağı xahiş edib.
Azərbaycanda sənayenin inkişafına xüsusi diqqət yetirilir, yeni sənaye müəssisələri, istehsal sahələri yaradılır. Sənaye parklarının və məhəllələrinin yaradılması bu sahədə müasir avadanlıq və texnologiyaların tətbiqinə, ixrac potensialının artmasına yeni imkanlar açır.
Bu fikirlər isə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin Azərbaycanda səfərdə olan Polşa Respublikasının Baş nazirinin müavini, iqtisadiyyat naziri Yanuş Pexoçinski ilə görüşü zamanı səsləndirilib.
Görüşdə nazir Ş.Mustafayev Azərbaycan və Polşa arasında əlaqələrin inkişaf etdiyini, qarşılıqlı səfərlərin və yüksək səviyyəli görüşlərin əməkdaşlığın genişləndirilməsində xüsusi rolunu qeyd edib, Polşa nümayəndə heyətinin ölkəmizə səfərinin əlaqələrin inkişafı baxımından əhəmiyyətini diqqətə çatdırıb. Şahin Mustafayev sənaye ilə yanaşı, iqtisadiyyatın müxtəlif sahələrində də əməkdaşlıq üçün geniş imkanların olduğunu qeyd edib və bu imkanlardan səmərəli istifadənin Azərbaycan-Polşa iqtisadi əməkdaşlığının inkişafında əhəmiyyətindən danışıb.
Yanuş Pexoçinski Azərbaycan iqtisadiyyatının, xüsusilə də qeyri-neft sektorunun inkişafının Polşa tərəfində yüksək təəssürat yaratdığını deyib. Azərbaycanın əldə etdiyi iqtisadi uğurlara görə nümunə olduğunu qeyd edən Y.Pexoçinski ölkəsinin Azərbaycanla əlaqələrin daha da genişlənməsində maraqlı olduğunu söyləyib.
Polşa sahibkarları yeyinti, işlənmiş mühərrik yağlarının yenidən emalı, tikinti materiallarının istehsalı, gəmiqayırma, dəmir yolu, elektrik şəbəkələrinin modernləşdirilməsi sahələrinə ciddi maraq göstərirlər.
Bu barədə Polşa Respublikasının Baş nazirinin müavini, iqtisadiyyat naziri Yanuş Pexoçinskinin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə dekabrın 15-də Bakıda keçirilən Azərbaycan-Polşa biznes forumunda bildirilib. Forumda iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfdən həmsədri, energetika naziri Natiq Əliyev ölkələr arasında dostluq əlaqələrinin əsrlərdən bəri mövcud olduğunu vurğulayaraq, müstəqillik dövründə xalqlarımızın qardaşlıq münasibətlərinin yeni mərhələyə yüksəldiyini deyib. Nazir bildirib ki, ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif sahələri üzrə - neft, qaz, energetika, sənaye, kənd təsərrüfatı, nəqliyyat, səhiyyə, təhsil, mədəniyyət və digər ikitərəfli münasibətlərin durumu çox yüksək səviyyədədir.
Hökumətlərarası Komissiyanın Polşa tərəfdən həmsədri Yanuş Pexoçinski ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edib, əməkdaşlığın daha da yaxşılaşdırılması yollarından danışıb. Polşalı nazir iş adamları arasında keçirilən görüşlərin və biznes forumlarının xüsusi əhəmiyyəti olduğunu deyib. Tədbirdə Azərbaycanın investisiya mühiti və biznes imkanları haqqında AZPROMO rəhbəri Rüfət Məmmədov, Polşanın biznes mühiti ilə bağlı Dövlət İnkişaf Bankının xarici ticarətin dəstəklənməsi departamentinin eksperti Karol Rozenberg təqdimatlarla çıxış ediblər.
Ümumiyyətlə, Azərbaycanın iqtisadi əlaqələrini möhkəmləndirdiyi ölkələr sırasında Polşanın özünəməxsus yeri var. Belə ki, bir çox Avropa ölkələri kimi, Polşa da “Şərq Tərəfdaşlığı” çərçivəsində Azərbaycanla əlaqələrə böyük önəm verən ölkələrdəndir.
Qeyd edək ki, Azərbaycan və Polşa respublikaları arasında iqtisadi əlaqələr 1993-cü ildən etibarən sürətlə genişlənməyə başlayıb. İki ölkə arasında müqavilə-hüquq bazası çərçivəsində 30-dan artıq sənəd imzalanıb. Bu müstəvidə ilk sənəd 1997-ci ildə imzalanan Azərbaycan Respublikası Hökuməti ilə Polşa Respublikası Hökuməti arasında “İqtisadi əməkdaşlıq və ticarət haqqında” Saziş olub. Daha sonra iki ölkə arasında “İkiqat vergiyə cəlb etməyə yol verilməməsi, gəlir və əmlak vergilərinin ödənilməsindən yayınma hallarının qarşısının alınması haqqında” Konvensiya, “Azərbaycan Respublikası və Polşa Respublikası arasında dostluq münasibətlərinin və əməkdaşlığın inkişafı haqqında” Bəyannamə, eləcə də, dövlətlərin mədəni və elmi əməkdaşlığı, investisiyaların qarşılıqlı təşviqi və qorunması haqqında sazişləri vurğulamaq olar. Bundan başqa, ölkələr arasında mülki hava daşımaları, turizm, müdafiə və gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında, iqtisadi əməkdaşlıq haqqında sazişlər, Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi və Polşanın Kənd Təsərrüfatı və Kəndin İnkişafı Nazirliyi arasında kənd təsərrüfatı və aqro-ərzaq emalı sahəsində əməkdaşlıq haqqında Niyyət Protokolu imzalanıb. Yüksək iqtisadi-siyasi əlaqələrə malik olan hər iki dövlət energetika sahəsində əməkdaşlığı bundan sonra da genişləndirmək niyyətindədir.
Məlum olduğu kimi, Azərbaycan dünyada zəngin neft və təbii qaz ehtiyatlarına malik olan ölkə kimi tanınır. Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri kimi birgə əməkdaşlıq nəticəsində həyata keçirilən qlobal əhəmiyyətli regional layihələr Azərbaycanın etibarlı tərəfdaş imicini möhkəmləndirib. Enerji siyasətində şaxələndirməyə üstünlük verən Azərbaycanın bu siyasəti Avropa ölkələrinin, o cümlədən, Polşanın enerji təhlükəsizliyi maraqlarına cavab verir.
Polşanın yüksək dövlət rəsmilərinin sözlərindən də məlum olur ki, Azərbaycanla əməkdaşlıq məsələləri bu ölkə üçün çox əhəmiyyətlidir və mövcud əlaqələr iki ölkənin ümumi maraqlarına xidmət edir. Həmçinin, Azərbaycanın artıq Avropanın enerji təhlükəsizliyinə çox böyük təsir göstərən ölkəyə çevrilməsi faktorunun şahidi olan Polşa enerji sahəsində xarici əlaqələrin qurulmasında bu amili nəzərə alır. Bu baxımdan, Polşanın keçmiş Prezidenti Lex Kaçinskinin 2009-cu ildə Prezident İlham Əliyevlə görüşündə səsləndirdiyi Azərbaycanın enerji sahəsindəki rolunu və dövlət başçımızın siyasətinin əhəmiyyətini vurğulayan sözləri reallığı əks etdirir: “Mən, hətta belə deyərdim ki, Siz Avropaya bu cür töhfə verməklə qitənin daha mühüm bir hissəsinə çevrilirsiniz. Burada mən hamıya müraciət edərək demək istəyirəm, fakt ondan ibarətdir ki, nəinki mənim vətənimdə - Polşada, bütün Avropa İttifaqında, o cümlədən, Avropa İttifaqına üzv olmayan dövlətlərdə də bir çox şəxslər, bir çox dairələr anlayırlar ki, burada, məhz bu məkanda ən vacib açarlar vardır. Nəinki Polşanın uğurunun, bütün Avropa İttifaqının uğurunun açarı buradadır. Bu, bizim enerji müstəqilliyimizdir”.
Azərbaycan-Polşa əlaqələrinin inkişafına mühüm təsir göstərən məqamlardan biri özəl sektor üzrə iş adamları arasında qurulan əməkdaşlıqdır. İki ölkə arasında ticarət dövriyyəsinin genişlənməsi ilə müşayiət olunan biznes əlaqələrinin inkişafı üçün böyük iqtisadi potensial və zəngin hüquqi-normativ baza mövcuddur. Bu məqamda Polşa Respublikası Baş nazirinin müavini və iqtisadiyyat naziri, İqtisadi Əməkdaşlıq üzrə Azərbaycan-Polşa Hökumətlərarası Komissiyasının həmsədri Yanuş Pexoçinskinin bu il aprelin əvvəlində Varşavada azərbaycanlı jurnalistlərlə görüşündə ifadə etdiyi fikirləri də xatırlamaq yerinə düşər. Hazırda Azərbaycanın ölkəsi üçün çox vacib və ehtiyac duyulan tərəfdaş olduğunu bildirən Yanuş Pexoçinski vurğulayıb: “Çünki Azərbaycan regionda əməkdaşlıq körpüsüdür. Biz sizin ölkənizə və onun iqtisadiyyatına inanırıq”.
Nazir qeyd edib ki, xüsusən də, energetika və kimya sektorlarında fəaliyyət göstərən Polşa firmaları Azərbaycana təkcə xammal ixracatçısı kimi baxmır, onlar bu əməkdaşlığı genişləndirmək, sərmayə qoyuluşunu yeni səviyyəyə çatdırmaq, xammalın emalında iştirak etmək istəyirlər. Təsadüfi deyil ki, son bir ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 20 faiz artaraq 153 milyon ABŞ dollarına çatıb. Polşadan Azərbaycana ixracın həcmi 8,6 faiz artaraq 130 milyon dollara, Azərbaycandan Polşaya idxalın həcmi isə 4,5 faiz artaraq 20 milyon dollara yüksəlib. Polşalı nazirin fikrincə, Azərbaycanın çox böyük kənd təsərrüfatı potensialı var və istehsalçı qruplarının təşkilində Polşanın təcrübəsindən istifadə etmək olar. Azərbaycan-Polşa əlaqələrinin turizm sektorunda, elm, təhsil, mədəniyyət və digər sahələrdə inkişafı üçün də böyük imkanlar var.
Beləliklə, göründüyü kimi, bir çox sahələri əhatə edən Azərbaycan-Polşa əməkdaşlığı möhkəm əsaslarda irəliləməkdədir.
Mübariz ABDULLAYEV
Yeni Azərbaycan.- 2014.- 17 dekabr.-
S.8.