Azərbaycan-Avstriya münasibətləri yüksək templə inkişaf edir

 

İki ölkə arasındakı əlaqələr bir çox sahələri əhatə edir

Xəbər verildiyi kimi, Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfiri Aksel Vex etimadnaməsinin surətini xarici işlər naziri Elmar Məmmədyarova təqdim edib. Səfir Aksel Vex ölkəsinin bütün sahələrdə Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu deyib. O, diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Ümumiyyətlə, vurğulamaq lazımdır ki, iki ölkə arasında istər mədəni, istərsə də iqtisadi sahələrdə əməkdaşlıq yüksək səviyyədə inkişaf edir. Bundan başqa, iki ölkənin dövlət rəsmiləri, o cümlədən, parlamentlərarası əlaqələr üzrə işçi qrupları mütəmadi olaraq səfərlər reallaşdırırlar. Məsələn, bu ilin may ayında Azərbaycan-Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun nümayəndə heyəti Avstriyanın Ştiriya federal əyalətində səfərdə olub. Səfər zamanı Azərbaycan nümayəndə heyəti Avstriya Milli Şurasının vitse-spikeri Karlhaynts Kopf, Ştiriya əyalət parlamentinin sədri Frants Mayçen, Avstriya-Azərbaycan Ticarət Palatasının sədri Qerald Qerstbauermüavini Qünter Dörflinqer ilə görüşlər keçirib. Görüşlərdə Azərbaycan ilə Avstriya arasında mədəni və iqtisadi sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edildiyi kimi, Azərbaycan ilə Avstriya arasında sıx əlaqələr mövcuddur. Xatırladaq ki, Avstriya Azərbaycanın müstəqilliyini 1992-ci ildə tanıyıb. 1995-ci ilin sentyabrında Azərbaycanın Avstriyada səfirliyi açılıb. Avstriyanın Bakıdakı səfirliyi isə 23 iyun 2010-cu ildən etibarən fəaliyyət göstərir. Yeri gəlmişkən, Azərbaycanla Avstriyanın çoxşaxəli qarşılıqlı-faydalı əməkdaşlığını uğurlu edən başlıca strateji əsaslardan biri məhz hər iki ölkənin beynəlxalq müstəvidə bir-birinə dəstək olmasıdır.

Dövlət rəhbərlərinin qarşılıqlı səfərləri də münasibətlərin inkişafına xüsusi təkan verib. Belə ki, 2000-ci ilin iyul ayında Ümummilli lider Heydər Əliyev bu ölkədə səfərdə olub. 2011-ci ilin oktyabrında isə Avstriya Prezidenti Haynts Fişer Azərbaycana rəsmi səfər edib.

2013-cü il mayın 12-14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avstriyaya səfəri iki dövlət arasında münasibətlərin inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. Səfər çərçivəsində dövlətimizin başçısı bir sıra görüşlər keçirib. Görüşlərdə ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunub, iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirilib.

Görüşlər çərçivəsində aparılan müzakirələrdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi xüsusilə diqqət mərkəzində olub. Avstriya Prezidenti Haynts Fişer bildirib ki, ölkə başçıları tərəfindən imzalanmış Bəyannamədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq sülh yolu ilə həllinin vacibliyi qeyd edilir. O, uzun illərdir həllini tapmayan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmiz üçün qəbul ediləcək həlli variantına nail olunacağına əminliyini bildirib.

Prezident İlham Əliyev isə vurğulayıb ki, münaqişə beynəlxalq hüququn normaları, beynəlxalq təşkilatların qərarları və qətnamələri əsasında həll olunmalıdır: “Onların arasında mən erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini xüsusilə qeyd etmək istəyirəm. Əfsuslar olsun ki, 20 ildir bu qətnamələr yerinə yetirilmir, işğal davam edir. Bir milyondan artıq azərbaycanlı qaçqın məcburi köçkün vəziyyətinə düşmüş, etnik təmizləmə siyasətinə soyqırımına məruz qalmışdır. Əfsuslar olsun ki, ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin prezidentlərinin status-kvonun qəbulolunmazlığı barədə verdikləri bəyanatlara Ermənistanda məhəl qoymurlar. Status-kvonun dəyişilməsi Azərbaycan ərazilərinin işğaldan azad edilməsinin başlanğıcı deməkdir. Fikrimcə, bu, qədər tez baş verərsə, danışıqlar prosesi daha sürətlə gedər danışıqlar prosesində müşahidə olunan mühit mənfidən müsbətə doğru dəyişə bilər. Azərbaycan ərazilərinin dərhal işğaldan azad edilməsinin başlanması bizim gözlədiyimiz məsələdir. Ümidvarıq ki, beynəlxalq ictimaiyyət bu istiqamətdə daha fəal rol oynayacaqdır”.

Səfər zamanı iki ölkə arasında iqtisadi əməkdaşlıq məsələləri geniş müzakirə olunub. Avstriyanın iqtisadi sahədə tanınmış şirkətlərinin rəhbərləri dövlətimizin başçısı ilə görüşlərdə Azərbaycanda gedən iqtisadi inkişaf proseslərini yüksək qiymətləndirərək Azərbaycan ilə Avstriya arasında yüksək texnologiyalar, infrastruktur, kənd təsərrüfatı, əczaçılıq, turizm, informasiya-kommunikasiya texnologiyaları digər sahələrdə əməkdaşlığın genişləndirilməsi yeni sahələrin müəyyənləşdirilməsində maraqlı olduqlarını bildiriblər. Avstriyanın dövlət başçısı deyib ki, əməkdaşlığımız üçün bir çox vasitələr mövcuddur.

Prezident İlham Əliyev ölkələrin iqtisadi sahədə əməkdaşlığının çox yaxşı nəticələrinin olduğunu vurğulayıb. Ticarət dövriyyəsinin artdığını deyən dövlət başçısı qeyd edib ki, hazırda bir çox Avstriya şirkətləri Azərbaycanda mühüm layihələri həyata keçirən podratçı qismində fəaliyyət göstərir: “Bu layihələr turizm infrastrukturuna, incəsənətə, memarlığa aiddir. Avstriya şirkətlərinin Azərbaycanda əla nüfuzu vardır. Onlar Azərbaycanın hazırda həyata keçirdiyi bir çox infrastruktur layihələrində bizə yardım edirlər”.

Dövlətimizin başçısı, həmçinin, deyib ki, Azərbaycan şirkətləri üçün sərmayə baxımından Avstriya çox cəlbedici ölkədir: “Dünyada ən şəffaf neft fondlarından olan Azərbaycan Dövlət Neft Fondu Avropada və ümidvarıq ki, Avstriyada sərmayə imkanlarını axtarır və sərmayə layihələrinə başlayır”.

Sözügedən səfər çərçivəsində ötən il mayın 13-də isə Vyanada Avstriya-Azərbaycan biznes forumu keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və Avstriya Prezidenti Haynts Fişer biznes forumunda iştirak ediblər. Forumda çıxış edən Avstriya İqtisadi Palatasının sədri Kristof Laytl deyib ki, qarşılıqlı əməkdaşlıq ruhlandırıcı tempdə inkişaf edir. O, Azərbaycanın inkişafını yüksək qiymətləndirib: “Əvvəlcə, cənab Prezident, Sizi ölkənizin son onillikdə əldə etdiyi uğurlar münasibətilə təbrik edirəm. Bu məqamda, atanızın ölkəmizə səfərini xatırlayırıq. 10 il öncə O, burada olmuşdur. O, buranı ziyarət etdi. Nümayəndə heyətinizin bəzi üzvləri Onunla gəlmişdilər. Ata Əliyevin səfərinin fotoları həmin anları bizə bir daha xatırladır.

Hesab edirəm ki, ölkənizdə bu siyasətin davam etdirilməsi biz avstriyalılar üçünmühüm məsələdir. Çünki bu siyasət qarşılıqlı etimadinam yaradır. İqtisadi qərarlar etimadinama əsaslanır. Bu gün ölkənizdə müzakirə etdiyimiz və müzakirə edəcəyimiz bir çox layihələr mövcuddur. Ümid edirəm ki, çoxsaylı təmaslar qurulacaq və reallaşacaqdır”.

Xatırladaq ki, ötən ilin noyabr ayının 19-da da Azərbaycan Prezidenti İlham Əliyev Avstriyada səfərdə olub. Həmin gün Vyanada, “HofburqPrezident Sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avstriya Respublikasının Prezidenti Haynts Fişer ilə görüşüb. Görüşdə Azərbaycan ilə Avstriya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub. Əlaqələrimizin möhkəmləndirilməsi, iqtisadi əməkdaşlığın gücləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb, münasibətlərin bundan sonra da genişləndirilməsinə əminlik bildirilib. Söhbət zamanı ikitərəfli münasibətlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bu il aprelin 1-də isə Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Avstriya Milli Şurasının nümayəndə heyəti ilə görüş keçirib. Görüşdə Oqtay Əsədov qədim tarixə malik olan Azərbaycan-Avstriya münasibətlərinin inkişafının məmnunluq doğurduğunu söyləyib. Əlaqələrimizin inkişafında hər iki ölkənin prezidentlərinin rolunu xüsusi vurğulayan Oqtay Əsədov deyib ki, yüksək səviyyəli qarşılıqlı səfərlər və görüşlər zamanı aparılan danışıqlar, imzalanmış sənədlər hərtərəfli əməkdaşlığın genişlənməsi üçün möhkəm hüquqi baza yaradıb.

Avstriya Milli Şurasının II prezidenti Karlheinz Kopf səfər zamanı nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirib. O qeyd edib ki, xalqlarımız arasında əlaqələrin qədim tarixi vardır və münasibətlərimizin bu günbütün sahələrdə inkişaf etməsi çox sevindiricidir.

Qonaq Azərbaycanın qısa müddətdə bu qədər nailiyyət qazanmasını yüksək qiymətləndirib və Avropaya inteqrasiya istiqamətində ölkəmizə daim dəstək göstərməyə hazır olduqlarını söyləyib. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bu il noyabrın 3-də isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avstriya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli keçmiş səfiri Silvia Mayer Kaybiçi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Görüşdə Azərbaycan ilə Avstriya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edilib, yüksək səviyyəli görüşlərin və qarşılıqlı səfərlərin əlaqələrimizin genişləndirilməsi baxımından önəmi vurğulanıb. İqtisadi əməkdaşlığın razılıq doğurduğu bildirilərək, Azərbaycanda iqtisadiyyatın bir sıra sahələrində Avstriya şirkətlərinin səmərəli fəaliyyət göstərdiyi vurğulanıb, əlaqələrimizin bundan sonra daha da genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu qeyd edilib.

 

Pərviz SADAYOĞLU

Yeni Azərbaycan.- 2014.- 18 dekabr.- S.8.