Uğurlarımızın təməlində
düşünülmüş və məqsədyönlü
siyasət dayanır
“Aztelekom” İstehsalat Birliyinin baş direktoru Məhəmməd Məmmədov www.yap.org.az saytına müsahibə verib:
- Məhəmməd müəllim, 2014-cü ili başa vurmaqdayıq. Müstəqillik dövründən bu günədək ölkəmizin keçdiyi inkişaf yolunu necə dəyərləndirərdiz?
- Azərbaycanın davamlı inkişaf konsepsiyası Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycana rəhbərliyinin hər iki dövrünə nəzər salsaq, görərik ki, Azərbaycanı qüdrətli, zəngin dövlətə çevirmək, xalqın rifahını daha da yaxşılaşdırmaq Ulu öndər Heydər Əliyevin ən böyük arzusu, amalı olub. Müasirləşən, modernləşən Azərbaycan iqtisadi qüdrəti ilə seçildiyi kimi, innovativ texnologiyalardan istifadə imkanları ilə də fərqlənməli idi. Müstəqil dövlətin qarşısında duran mühüm vəzifələrdən biri də qlobal informasiya məkanında Azərbaycanın layiqli yer tutması və inteqrasiyası idi. Ölkəmizdə bir çox sahələr kimi, informasiya-kommunikasiya texnologiyaları sektorunun da formalaşması və inkişafı Ümummilli liderin adı ilə bağlıdır. O, hələ ötən əsrin 70-ci illərində bu sahəyə diqqət yetirmiş və İKT sektorunun bugünkü inkişafının təməlini qoymuşdur. İkinci dəfə hakimiyyətə qayıtdıqdan sonra ölkəmiz haqqında dünyaya dolğun məlumatların çatdırılmasına diqqətlə yanaşan Ulu öndər bu istiqamətdə də miqyasa gəlməyəcək işlər gördü. Məhz dahi şəxsiyyətin Sərəncamı ilə təsdiqlənən “İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə Milli Strategiya” qarşıya qoyulan məqsədlərə çatmaq üçün geniş imkanlar açdı. İqtisadi tərəqqi hər bir sahənin inkişafına stimul oldu. Ulu öndərin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisi dövlət siyasətinin əsasında dayanır. Onun əsasını qoyduğu inkişaf strategiyası ölkəmizin gələcək tərəqqisində etibarlı təminat olaraq Azərbaycanın dinamik inkişafında öz təsdiqini tapdı. “Azərbaycanı daha qüdrətli, zəngin dövlətə çevirmək üçün Heydər Əliyev siyasəti davam etdirilməlidir”, - söyləyən möhtərəm Prezidentimiz İlham Əliyev son 10 ildə atdığı addımları ilə bu vədinə sadiqliyini təsdiqlədi. Bu gün Azərbaycan beynəlxalq aləmdə iqtisadi möcüzələr ölkəsi kimi tanınır və nüfuz qazanır. Ölkə Prezidentinin qeyd etdiyi kimi, 2003-cü ildən bu günə kimi Azərbaycanın əldə etdiyi uğurlar Heydər Əliyev siyasətinin təntənəsidir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin səyi ilə qısa müddət ərzində Azərbaycan dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasına çıxmış, keçid iqtisadiyyatını arxada qoymağa nail olmuşdur. Bu gün qeyri-neft sektorunun uğurlu inkişafı neft siyasətinin məntiqi davamıdır. Möhtərəm Prezidentimiz İlham Əliyev iqtisadiyyatın şaxələndirilməsini prioritet məsələ kimi önə çəkir. Təkcə cari ilin ötən dövründə əldə olunan sosial-iqtisadi göstəricilərə diqqət yetirmək kifayətdir ki, Azərbaycanın bugünkü iqtisadi inkişafı barədə aydın təsəvvür yaransın.
- Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan uğurla inkişaf edir. Bu gün ölkədə müxtəlif sahələrdə yüksəlişin şahidi oluruq. Bu sahələrdən biri də yeni texnologiyaların tətbiqidir. Azərbaycanda yeni texnologiyaların tətbiqi hansı nailiyyətlər vəd edir?
- Bu gün ölkənin davamlı və dayanıqlı inkişafının təmin edilməsi, intellektual potensialının gücləndirilməsi, biznes mühitinin təkmilləşməsi və inkişafı, yoxsulluq və işsizliyin azaldılması, cəmiyyətdə şəffaflığın və demokratiyanın inkişaf etdirilməsi üçün yeni texnologiyaların tətbiqi əsasdır. Bu gerçəklik dövlət başçısı İlham Əliyevin 2 aprel 2014-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”da da öz əksini tapıb. Məlum olduğu kimi, qarşıdakı on il üçün əsas hədəflərdən biri Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görməkdir. Möhtərəm Prezidentimiz İlham Əliyevin Fərmanı ilə təsdiqlənən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında əsas hədəflər və onlara çatmaq yolları qeyd olunub. Növbəti on ildə İKT sektorunun həcminin 4-4,5 dəfə genişləndirilməsi, İKT-nin iqtisadi potensialının gücləndirilməsi, cəmiyyətin İKT ehtiyaclarının ödənilməsi də əsas tələb kimi irəli sürülüb. Bunlara nail olmaq üçün konsepsiyada innovativ, rəqabətqabiliyyətli və ixracyönümlü İKT potensialının formalaşdırılması, ölkənin regional informasiya xidmətləri mərkəzinə çevrilməsi, kosmik sənayenin inkişaf etdirilməsi və peyk texnologiyalarının geniş tətbiqi, cəmiyyətin İKT biliklərinin, bacarıqlarının və hazırlığının yüksəldilməsi, “elektron hökumət”in inkişaf etdirilməsi, İKT istifadəçilərinin informasiya təhlükəsizliyinin təmin edilməsi və s. kimi amillərin vacibliyi vurğulanır.
Danılmaz faktdır ki, cəmiyyətin inkişafı informasiya texnologiyalarının, konkret olaraq internetin imkanlarına əsaslanır. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin prioritet elan olunması, 2013-cü ilin “İKT ili” elan edilməsi bu sahənin inkişafının dövlət siyasətinin əsasında dayandığını təsdiqləyir. “İKT ili”ndə Azərbaycanın ilk süni peyki “Azerspase-1”in orbitə çıxarılması da ölkəmizin iqtisadi inkişafına əsaslanan addımlardandır. “Bu, doğrudan da, tarixi bir gündür, böyük nailiyyətdir, dövlətimizin böyük qələbəsidir. Bu hadisə onu göstərir ki, müstəqil Azərbaycan dövləti sürətlə, hərtərəfli inkişaf edir və biz artıq kosmik klubun üzvüyük”, - söyləyən dövlət başçısı İlham Əliyev bu uğurların birbaşa iqtisadi göstəricilərlə əlaqəli olduğunu diqqətə çatdıraraq tövsiyələrini inamla ifadə edir: “Biz gələcəkdə də yeni peyklərin orbitə çıxarılması istiqamətində fəal işləyirik və buna nail olacağıq. 2015-ci, 2016-cı illərdə əlavə iki peyk orbitə buraxılacaq və artıq Azərbaycanda kosmik sənayenin inkişafı üçün çox gözəl imkanlar yaranacaqdır. İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı bizim uğurlu gələcəyimizi müəyyən edəcək, təmin edəcəkdir”.
Müasir dövrümüzün başlıca tələbi olan İKT bilik, zəka, intellektin inkişafı ilə yanaşı, eyni zamanda, biznes sahəsidir. Ölkəmizdə bu sahənin inkişafı ilə bağlı bir-birindən əhəmiyyətli addımlar atılır. Məqsəd, qeyd etdiyimiz kimi, Azərbaycanı daha da gücləndirmək, müasir dövlətə çevirməkdir. Dövlət başçısı İlham Əliyevin Sərəncamı əsasında İnformasiya Texnologiyaları Universitetinin yaradılması da yüksək inkişafa xidmət edən addımlardandır. Yüksək ixtisaslı mütəxəssislərin və elmi kadrların hazırlanması, görülən işlərə elmi dəstək verilməsi prioritet məsələlərdəndir. Göründüyü kimi, uğurlarımızın təməlində düşünülmüş və məqsədyönlü siyasət dayanır.
- Məhəmməd müəllim, ötən dövr ərzində “Aztelekom” İB nə kimi uğurlara imza atıb?
- Son illərdə regionların sosial-iqtisadi inkişafına xüsusi diqqətin yetirilməsi regionlarda lazımi infrastrukturun formalaşmasını zəruri edir. İnfrastrukturun əsasını isə rabitə, informasiya texnologiyaları təşkil edir. Bu sahənin inkişafında “Aztelekom” İB-nin xüsusi payı var və infrastrukturun təşkilində Birliyin rolu danılmazdır. Ümumiyyətlə, “Aztelekom” İB-nin əsas məqsədi ölkədə əhaliyə yüksək səviyyədə xidmət göstərməkdir. Təkcə bir faktı qeyd edim ki, son bir ildə Birliyin xidmət ərazisinə daxil olan rayon telekommunikasiya qovşaqlarında kənd elektron ATS-lərin birləşdirici xətlərinin fiber-optik kabellə əvəzlənməsi ilə bağlı mühüm layihələr reallaşdırılıb. Bu layihələrin nəticəsidir ki, ilin əvvəlindən 700 km-dən artıq fiber-optik kabel xətləri çəkilərək istismara verilib, bu isə 100-dən artıq kənd ATS-nin şəbəkəyə optik bağlantısı deməkdir və informasiya telekommunikasiya sahəsinin ən yeni nailiyyətlərindən istifadə etmək imkanı yaradır. Cari il “Aztelekom.Net” şəbəkəsində ümumi tutumu 35 mindən artıq olan genişzolaqlı avadanlıqlar quraşdırılaraq istifadəyə verilib. Bu isə regionlarda genişzolaqlı xidmətlərdən istifadə imkanlarının artırılması deməkdir. Şəbəkənin genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər davam etdirilir. “Aztelekom” İstehsalat Birliyinin əhatə dairəsində olan bütün yaşayış məntəqələri telefonlaşdırılmışdır. Bununla yanaşı, biz şəbəkəni daha da genişlədiririk və tələbat olan yerlərdə yeni ATS-lər quraşdırırıq. Fərəhli bir haldır ki, ölkəmiz MDB regionunda ilk dəfə bütün yaşayış məntəqələri telefonlaşdırılmış və sabit telefon şəbəkəsi tam elektronlaşdırılmış ölkədir.
Bu gün prioritet sahələrdən biri də qaçqın və məcburi köçkünlərin məskunlaşdığı yeni salınmış yaşayış məntəqələrində ATS-lərin quraşdırılmasıdır. Bu sahədə də aparılan işlər ardıcıl olaraq davam etdirilir. Cari ilin əvvəlindən qaçqın və məcburi köçkünlərin məskunlaşdığı yeni salınmış yaşayış məntəqələrində 20-dən çox yeni ATS quraşdırılaraq, şəbəkəyə bağlanıb. Yeni nəsil avadanlıqların tətbiqi istiqamətində mütəmadi olaraq, tədbirlər davam etdirilir. Artıq NGN şəbəkəsinin böyük şəhərlərlə yanaşı, kəndlərdə də qurulmasına başlanılıb. Təsadüfi deyil ki, Hacıqabul rayonunun 1, Göygölün 2, Şəmkirin 3 yaşayış məntəqəsində bu texnologiyanın tətbiq olunduğu stansiyalar fəaliyyət göstərir.
Birliyin rayon telekommunikasiya qovşaqlarının xidmət ərazilərində genişzolaqlı internet xidmətləri istifadəçilərinin sayı artmaqdadır. Hazırda bu say 230 mini keçib. Genişzolaqlı internet xidmətləri istifadəçilərinin sayı 2014-cü ilin əvvəli ilə müqayisədə 41400 istifadəçi və ya 22,5% artıb. 230 minə çatıb. Artım “Aztelekom.net” şəbəkəsində 32600 istifadəçi və ya 31,2% təşkil edib, istifadəçilərin sayı 137 minə çatıb. Hazırda hər 100 ailədən 19,5-i, hər 100 abunəçidən 32,8-i genişzolaqlı xidmətlərin istifadəçisidir.
- Qarşıdan gələn 2015-ci ildə “Aztelekom” İB daha hansı layihələri həyata keçirməyi nəzərdə tutur?
- 10 rayon telekommunikasiya qovşağının xidmət ərazisində reallaşdırılması nəzərdə tutulan “Multimedia xidmətlərinin inkişafı” layihəsi işlənib hazırlanıb və təqdimatı keçirilib. Layihədə 10 telekommunikasiya qovşağının xidmət ərazisində EATS-lərin tutumlarının artırılması, NGN texnologiyası əsasında yeni avadanlıqların alınıb quraşdırılması, optik kabellərin çəkilməsi, xətt şəbəkəsinin tikintisi, eləcə də bütün RTKQ-lərin xidmət ərazilərində genişzolaqlı avadanlıqların tutumunun artırılması nəzərdə tutulub. Layihə əhəmiyyəti nəzərə alınaraq maliyyələşdirilməsi üçün kredit təşkilatlarına təqdim edilib. Layihənin maliyyələşdirilməsi barədə müvafiq qərar qəbul edilmişdir. Layihə çərçivəsində Sumqayıt və Gəncə şəhərlərində, Abşeron, Zaqatala, Şəmkir, Xaçmaz, Göygöl, Ağdam, Bərdə, Tərtər rayonlarında 45000 nömrə, qeyd olunan rayonlarla yanaşı, digər 47 şəhər və rayonda 100000 port tutumunun quraşdırılması və istismara verilməsi nəzərdə tutulur. Qeyd olunan kommutasiya avadanlıqlarının istismara və abunəçilərin istifadəsinə verilməsi üçün layihəyə əsasən 254 000 metr FO kabeli çəkiləcək və montaj olunacaq, 35 000 cüt abunəçi xətti, 63 000 metr kabel-kanalizasiya qurğuları tikiləcəkdir.
Yeni Azərbaycan.- 2014.- 18 dekabr.- S.6.