Azərbaycan alimlərinin I qurultayı
keçirilib
Dekabrın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının əsas binasında Azərbaycan alimlərinin I qurultayı keçirilib.
Qurultay Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Təhsil, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri tərəfindən birgə təşkil olunub.
AzərTAc xəbər verir ki, qurultayda dövlət qurumlarının nümayəndələri, tanınmış alim və mütəxəssisləri, həmçinin dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı alimlər iştirak ediblər.
İnternet üzərindən canlı yayımlanan tədbirdə çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə ilk dəfə keçirilən bu qurultayın müasir dünyanın qlobal çağırışlarının, Azərbaycanın sosial-iqtisadi və mədəni-mənəvi inkişafının, ölkə elmində gedən proseslərin məntiqi nəticəsi olduğunu bildirib. Qeyd edilib ki, Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu müstəqil Azərbaycan Onun ideyalarının və siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin böyük uğurla həyata keçirdiyi siyasətin nəticəsində inkişafın keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub. Təqdirəlayiq haldır ki, Azərbaycanın milli sərvəti olan elmi potensialın qorunması, inkişaf etdirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir.
Akademik vurğulayıb ki, hazırda elmi potensialın milli tərəqqi naminə maksimum dərəcədə səmərəli istifadə olunması Azərbaycan dövlətinin və cəmiyyətinin qarşısında duran əsas vəzifələrdən biridir.
Qurultayda Azərbaycan Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə Prezident İlham Əliyevin tədbir iştirakçılarına təbrik məktubunu oxuyub.
Sonra akademik Akif Əlizadə “Müasir dünyanın çağırışları və Azərbaycan elminin prioritetləri” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi bildirib ki, elmin inkişaf tarixi bütün uğurlarımızın və nailiyyətlərimizin şəxsiyyət fenomeni ilə bağlı olduğunu göstərir. Milli birliyin, Azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşməyimizin əsasında da bir çox elmi faktorlar dayanır. Xalqımızın tarixini, qədim ənənələrini, zəngin mədəni irsini qoruyub saxlamağa, onların gələcək nəsillərə çatdırılmasına nail olmaq üçün humanitar elmlərin bütün spektrləri geniş vüsət almalıdır. Ölkəmizin təbii sərvətləri öyrənilmədən, elmə əsaslanan yeni texnologiyalar tətbiq olunmadan nə ekoloji təhlükəsizlik baxımından kənd təsərrüfatı inkişaf edə bilər, nə də bütövlükdə dövrün ekoloji çağırışlarına adekvat cavab verilə bilər.
Akademik A.Əlizadə deyib: “İnsan kapitalına daxil olan bütün faktorlar, o cümlədən əhalinin sağlamlığı yeni texnologiyalardan və elmi yanaşmalardan asılıdır. Hamımıza yaxşı bəllidir ki, həm orta, həm də ali təhsil möhkəm elmi bazaya söykənmədən, elmlə həmahəng inkişaf etmədən səmərəli fəaliyyət göstərə bilməz.
Bu gün ən böyük problem elmin qocalması və yüksək ixtisaslı gənc kadrların azlığıdır. Bizə lazım olan mütəxəssisi hələ orta məktəbdə itiririk, çünki gənclərin böyük qismi peşə seçimi problemi ilə rastlaşanda, öz gələcəyini elmlə və elmi fəaliyyətlə bağlamaq haqqında düşünmür. Hamımıza yaxşı məlum olan bu və ya digər problemlərin həlli üçün səylərimizi birləşdirməli, ümumi strategiyanın və fəaliyyət proqramının formalaşmasına nail olmalıyıq”.
Məruzəçi daha sonra qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə fundamental elm sistemində başlanılmış islahatlar Onun siyasi kursunun davamçısı Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun surətdə inkişaf etdirilir, “neft kapitalının insan kapitalına çevrilməsi” istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Milli sərvətimizin tükənməz hissəsi olan elmi potensialın qorunması, inkişaf etdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
Prezident İlham Əliyevin elmin inkişafı ilə bağlı qəbul etdiyi çoxsaylı qərarlar sırasında “2009-2015-ci illərdə Azərbaycan Respublikasında elmin inkişafı üzrə Milli Strategiya”, “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası qəbul olunub, intellektual inkişaf modeli əsaslandırılıb və biliklər cəmiyyətinin qurulması ölkəmizin strateji inkişaf xətti kimi bəyan edilib.
Bu qərarlar ölkədə digər sahələrlə yanaşı, Azərbaycan elmi qarşısında da mühüm vəzifələr qoyub. Alimlərimiz öz qüvvələrini həmin vəzifələrin icrasına səfərbər edərək “Azərbaycan Milli Elmlər Akademiyası-2020” İnkişaf Konsepsiyasını işləyib hazırlayıblar. Konsepsiyada ölkənin elmi-texniki, innovativ inkişafının müasir, fəal sisteminin, eləcə də vətəndaş cəmiyyətinin və mədəniyyətin vacib amili olan sosial-iqtisadi dəyişikliklərin elmi əsaslarının yaradılması nəzərdə tutulur.
A.Əlizadə buna misal olaraq Azərbaycanda neft elmi, neft kimyası, nanotexnologiyalar və başqa sahələrdə elmlərin inkişaf proqramının hazırlanmasını göstərib. Vurğulayıb ki, müasir dünyada həyatın maddi əsasını müəyyən edən energetika, mexanika, informatika bu sahələrdə elmi tədqiqatların hərtərəfli dəstəklənməsinin zəruriliyini diktə edir.
XXI əsrdə cəmiyyət bioloji və tibb elmlərinin inkişafında daha çox maraqlıdır. Odur ki, alimlər canlı maddənin təbiəti və xüsusiyyətləri haqqındakı fundamental bilikləri genişləndirməli, tibb elminin, biotəbabətin, genetikanın, aqrar sahənin, həmçinin ekoloji təhlükəsizliyi və təbiətdən istifadənin inkişafını təmin etməyə nail olmalıdırlar.
“Elm və təhsilin inteqrasiyasının bəzi məsələləri haqqında” mövzusunda məruzəsində təhsil naziri Mikayıl Cabbarov bildirib ki, bu gün qarşıda duran ən mühüm məsələ elm və təhsilin inteqrasiyasına nail olmaq, onların qarşılıqlı əlaqəsini gücləndirməkdir. Həmçinin ali təhsil müəssisələrində aparılan elmi tədqiqatların prioritetlərinin müəyyənləşdirilməsinin də vacib olduğunu vurğulayan nazir bu istiqamətdə zəruri tədbirlərin həyata keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib.
M.Cabbarov deyib ki, ümumtəhsil məktəblərində kurrikulum proqramlarının hazırlanmasında elmi yanaşmalardan geniş istifadə olunacaq, həmçinin ali təhsil müəssisələrində elmi tədqiqatların genişləndirilməsi üçün maliyyə resurslarının müəyyənləşdirilməsi ilə bağlı tədbirlər həyata keçiriləcək. Hazırda ali təhsil müəssisələrindəki elmi fəaliyyəti əlaqələndirən müvafiq şuranın yaradılmasına və dünya səviyyəli elmi araşdırmaların çərçivə standartlarını müəyyənləşdirməyə ehtiyac duyulur.
İnnovativ inkişaf və müasir baxışlara dair məruzə ilə çıxış edən rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasov vurğulayıb ki, qurultayda müzakirə olunan məsələlər, irəli sürülən yeni ideyalar, qəbul edilən qərarlar elm və texnikanın, bütövlükdə iqtisadiyyatın gələcək inkişafı üçün çox önəmlidir. Azərbaycan alimləri ölkə iqtisadiyyatının müxtəlif sektorlarında birbaşa tətbiq oluna biləcək bir çox elmi nailiyyətlər əldə ediblər.
Akademik Əli Abbasov bildirib ki, qlobal rəqabət şəraitində respublikanın insan potensialının davamlı şəkildə yüksəldilməsi, gənc, yaradıcı, intellektual insanların istedadından maksimum istifadə edilməsi innovasiyalı inkişafın təmin olunması baxımından son dərəcə zəruridir. İKT, nanotexnologiyalar, kosmik, mikroelektronika, nüvə, biotexnologiyalar və digər elmi tutumlu sahələr üzrə kadr hazırlığı prioritet istiqamətlər hesab olunur.
Elmin inkişafı, onun səmərəliliyinin artırılması bir çox faktorlardan asılıdır. Bunun üçün maddi-texniki və informasiya bazası gücləndirilməli, gənc alim və mütəxəssislərə dəstək verilməli, onların xaricidə tanınmış elmi məktəblərdə təcrübə keçməsi, birgə tədqiqatların aparılması və intellektual mülkiyyətin qorunması da əsas şərtlərdəndir.
Nazir qeyd edib ki, qurultay elmin inkişafı ilə bağlı məsələlərin müzakirəsi, yeni fikirlərin ortaya çıxması üçün yaxşı bir platformadır.
Tədbirdə məşhur azərbaycanlı alim, ABŞ-ın Kaliforniya Berkli Universitetinin professoru Lütfi Zadənin, Avstraliya Federativ Universitetinin professoru Adil Bağırovun videomüraciətləri dinlənilib. Eyni zamanda, dünyanın nüfuzlu alimlərinin və xarici ölkələrdə fəaliyyət göstərən azərbaycanlı alimlərin qurultaya ünvanladıqları təbriklər səsləndirilib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, akademiklər Vasim Məmmədəliyev, Tofiq Hacıyev, İsmayıl İbrahimov, Fuad Əliyev, Ramiz Məmmədov Azərbaycan alimlərinin I qurultayı və onun əhəmiyyəti, elmin inkişafı və digər prioritet istiqamətlər barədə danışıblar. Qeyd olunub ki, Azərbaycanın akademik, təhsil, biznes və vətəndaş cəmiyyəti sektorlarında çalışan alim və tədqiqatçılar, o cümlədən xarici ölkələrdə yaşayan azərbaycanlı alimlər arasında qarşılıqlı münasibətləri inkişaf etdirmək və ümummilli əhəmiyyətə malik elmi problemlərin müzakirəsində ictimai konsensusa nail olmaq baxımından, eləcə də elmin bütün sahələri üzrə həmrəyliyin, qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaradılmasında qurultay böyük əhəmiyyətə malikdir.
Sonra Azərbaycan alimlərinin I qurultayının Bəyannaməsi qəbul olunub. Bəyannamədə son illər respublikanın müxtəlif sosial sferalarında İKT-nin geniş tətbiq olunduğu, informasiya cəmiyyətinin formalaşdığı qeyd edilir. Bu sahədə işlərin daha da inkişaf etdirilməsi üçün elm və təhsil şəbəkə infrastrukturlarının genişləndirilməsi, elmi informasiya resurslarının yaradılması, beynəlxalq elmi mühitə inteqrasiya və başqa istiqamətlərdə elmi tədqiqatların həyata keçirilməsinin zəruriliyi vurğulanır. Ümummilli lider Heydər Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyası haqqında” Fərmanı imzaladığı günün - mayın 15-nin respublikada “Elm günü” kimi qeyd edilməsi ilə bağlı müvafiq dövlət orqanları qarşısında vəsatət qaldırılması məqsədəmüvafiq hesab olunur. Sənəddə elmin populyarlaşdırılması, elmi qurumların ictimaiyyətlə münasibətlərinin qurulması və digər aktual məsələlər də irəli sürülür.
Sonda qurultayın Azərbaycan Prezidenti İlham Əliyevə Müraciəti oxunub.
Yeni Azərbaycan.-
2014.- 20 dekabr.- S.3.