“Qaradağ rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər”

 

1993-cü ildə Ulu öndərimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəmizdə siyasi sabitliyin yaranması ilə yanaşı, iqtisadi inkişafın da əsasını qoydu. Məhz Ulu öndərimizin ölkəmizin inkişafı ilə bağlı həyata keçirdiyi siyasət, davamlı konsepsiya müasir, müstəqil və qüdrətli Azərbaycanın yaranmasına təkan verdi. Öz növbəsində, Ümummilli liderimizin siyasi kursunu uğurla davam və inkişaf etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dünya miqyasında daha çox tanıdılması, o cümlədən, vətəndaşlarımızın sosial rifah halının daha da yüksəldilməsi istiqamətində davamlı addımlar atılır. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycanın hər bir guşəsində abadlıq-quruculuq işləri aparılır və bu işlər isə təkcə paytaxt Bakı ilə məhdudlaşmır, regionlarımızı da əhatə edir.

Vurğulamaq lazımdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramları, həmçinin, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla icrası paytaxtımızda və onun rayonlarında sıçrayışlı inkişafı şərtləndirib. Hər zaman sənaye potensialı ilə ön sıralarda yer alan Bakının Qaradağ rayonu da bu inkişafa öz töhfəsini verir.

Məlumat üçün bildirək ki, Qaradağ rayonu inzibati ərazi vahidi kimi Puta-Şubanı mədəninin kəşfi ilə əlaqədar 1923-cü ildə yaradılb. Rayon 1956-1963-cü illərdə Qaradağ rayonu, 1963-1966-cı illərdə Əzizbəyov rayonu, 1966-cı ildən isə yenidən Qaradağ rayonu adlandırılıb. Hazırda Qaradağ rayonunun inzibati ərazi vahidliyinə 11 qəsəbə daxildir. Rayonun mərkəzi şəhərtipli Lökbatan qəsəbəsidir. Rayonun ikinci böyük şəhərtipli qəsəbəsi Sahil qəsəbəsidir. Qəsəbənin yaranma tarixi 1949-cu ildə Qaradağ Sement zavodunun tikintisi ilə bağlıdır. Puta qəsəbəsinin yaranma tarixi 1910-1920-ci illərə təsadüf edir, qəsəbənin salınması onun ərazisində zəngin neft yataqlarının olması və neft quyularında işləmək üçün bu əraziyə gələn insanların məskunlaşması ilə bağlıdır.

Rayonun ən böyük qəsəbələrindən sayılan Ümid qəsəbəsinin əsası qaçqın və məcburi köçkünlər üçün 1999-cu ildə tikilmiş 110 fərdi yaşayış evinin istifadəyə verilməsi ilə qoyulub və 2000-ci ildə qəsəbə inzibati ərazi vahidliyi kimi təşkil olunub.

Qaradağ rayonunun iqtisadi göstəriciləri ildən-ilə artır

Rayonun iqtisadi göstəriciləri olduqca yüksəkdir. Bunu statistik rəqəmlər də təsdiqləyir. Daha dəqiq desək, ölkəmizdə aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində Bakı şəhərinin ən böyük rayonu olan Qaradağ rayonunun da hərtərəfli inkişafı üçün böyük işlər görülür və bu işlər hazırda da uğurla davam etdirilir.

Belə ki, 2014-cü ilin doqquz ayının yekunlarına əsasən rayon üzrə sənaye məhsulunun ümumi həcmi 447 milyon manat, nəqliyyat sektorunda xidmətlərin həcmi 8,7 milyon manat olub. Sosial-iqtisadi sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına 403,7 milyon manat investisiyadan istifadə edilib. İstifadə olunmuş vəsaitin 312,3 milyon manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. İqtisadiyyatın aparıcı sahəsini təşkil edən neft və qaz sənayesi müəssisələrində 430 min ton xam neft və 653,3 milyon kub metr təbii qaz hasil olunub. Rayon üzrə 1,4 milyon ton sement, 97,2 min ton mişar daşı istehsal edilib. Hesabat dövründə rabitə xidmətlərinin həcmi 1,7 milyon manat təşkil edib. Pərakəndə əmtəə dövriyyəsi 1,4 milyard manat, əhaliyə göstərilən pullu xidmətlər isə 84,7 milyon manat olub. Ötən dövr ərzində rayonda orta aylıq əməkhaqqı 765 manat təşkil edib.

Bu ilin 9 ayı ərzində rayonda 1086 yeni iş yeri açılıb

2014-cü ilin doqquz ayı ərzində əhalinin məşğulluğunun artırılması və ehtiyacı olan işsiz vətəndaşların ixtisasına uyğun işlə təmin edilməsi istiqamətlərində rayon İcra Hakimiyyəti tərəfindən bir sıra məqsədyönlü işlər görülüb. Belə ki, Rayon Məşğulluq Mərkəzi ilə birgə əhalinin məşğulluğunu təmin etmək məqsədi ilə mütəmadi olaraq qəsəbələrdə səyyar əmək yarmarkaları keçirilib. Bundan əlavə, bp-Azərbaycan Şirkətinin təşkilatçılığı ilə Səngəçal qəsəbəsində həyata keçiriləcək yeni layihələrlə bağlı “Azfen”, “Tekfen” şirkətləri ilə birlikdə Sahil qəsəbəsində işə qəbulla əlaqədar mütəmadi tədbir keçirilir. Ələt qəsəbəsində Beynəlxalq Dəniz Limanının inşası uğurla davam etdirilir. Puta qəsəbəsində Metanol zavodunun tikintisi başa çatıb. Zavod nəinki respublikamızda, eləcə də Cənubi Qafqazda ən nəhəng özəl müəssisələrdən biri sayılır. Rayonun Səngəçal qəsəbəsi ərazisində Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin salınması üçün 1875 hektar yer ayrılıb (Ümumi sahəsi 3850 hektar). Bu kompleksdə təqribən 2000 nəfər işlə təmin olunacaq. Bu ərazidə yeni yaşayış massivləri salınacaq, parklar, hotellər, idman meydançaları, mədəni istirahət yerləri və digər yeni sosial obyektlər inşa ediləcək, əhalinin yaşayışı üçün yüksək səviyyəli müasir standartlara uyğun şərait yaradılacağı nəzərdə tutulur. Bütövlükdə bu ilin doqquz ayı ərzində rayonda 1086 yeni iş yeri açılıb.

Rayon ərazisində əhalinin rahat yaşamını təmin etmək əsas prioritetdir

Qaradağ rayonunda əhalinin və sosial obyektlərin enerji daşıyıcıları və kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması istiqamətlərində xeyli işlər görülüb. Belə ki, bu ilin doqquz ayı ərzində rayonun elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması üçün 6 ədəd yeni kompleks transformator məntəqəsi quraşdırılıb, 144 ədəd transformator məntəqəsində profilaktik təmir işləri aparılıb, 61,2 min metr müxtəlif diametrli kabel və hava xətləri çəkilib. Mövcud qaz təchizatının yaxşılaşdırılması, qaz təsərrüfatının təhlükəsiz istismarının təmin edilməsi məqsədi ilə müxtəlif diametrli 16,7 min p/metr mövcud qaz xətti yenisi ilə əvəz edilib. “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən bu istiqamətdə olan işlər davam etdirilməkdədir. İlin doqquz ayı ərzində əhali tərəfindən istehlak olunan elektrik enerjisinin dəyəri 104 faiz, təbii qazın dəyəri 101 faiz, su və kanalizasiya xidmətinin dəyəri 96,8 faiz, istilik enerjisinin dəyəri isə 104 faiz ödənilib. Ötən qış mövsümündə rayon üzrə 10 saylı istilik sahəsi tərəfindən 96 bina, 10 orta məktəb, 4 uşaq bağçası və 3 səhiyyə obyekti istiliklə təmin olunub. Bununla yanaşı, hesabat dövründə əhalinin içməli su təchizatının və kanalizasiya xidməti ilə təminatının normallaşdırılması üçün bir sıra işlər görülüb. Belə ki, ötən dövr ərzində Qaradağ Sukanal İdarəsi tərəfindən 45 min p/metr yeni su xətti çəkilib, 4 min p/metr müxtəlif diametrli su xətti dəyişdirilib. 2014-2016-cı illəri əhatə edən müvafiq Dövlət Proqramına əsasən bu istiqamətdə işlər davam etdirilir.

Qaradağda abadlıq-quruculuq işləri geniş vüsət alıb

Geniş əraziyə malik olan rayonda abadlıq-quruculuq işləri uğurla inkişaf etdirilməkdədir. Qəsəbələrarası və məhəllədaxili küçə və yollar yenidən qurulur. Müasir işıqlandırma sistemi quraşdırılır. Əhalinin mədəni istirahətini təmin etmək məqsədilə parklar, nümunəvi məhəllələr salınır. Qaradağ rayonunun şəhərin Qurd qapısı tərəfindən olan girəcəyi və Bakı-Astara (Qazax) magistral avtomobil yolunun rayonun inzibati ərazisindən keçən hissəsində 3 hektar ərazinin abadlaşdırılması işləri başa çatdırılıb və Qobustan qoruğuna gedən yol yaşıllıq zolaqlarının salınması üçün tam hazır vəziyyətə gətirilib. Ötən doqquz ay ərzində rayon ərazisində ümumilikdə 42 min 621 kv.metr ot və yaşıllıq sahələri salınıb, 10 mindən artıq gül, 12 mindən artıq müxtəlif növ ağac və bəzək kolları əkilib. Həmin ərazilərə 6 min 280 maşın və ya 163 min 280 kub.metr torpaq daşınaraq yayılıb. Salınmış yaşıllıq zolaqlarına və əkilmiş ağaclara aqrotexniki qulluğun təmin edilməsi üçün müasir suvarma sistemi qurulub.

Rayon ərazisində olan yollara və məhəllədaxili həyətlərə ötən doqquz ay ərzində 51 min kv.m. asfalt döşənib. İşlərin davamı olaraq Qobustan qəsəbəsində yerüstü keçid inşa edilib və əhalinin istifadəsinə verilib. Qaradağ rayonunda ekoloji sabitliyin qorunması, ətrafda olan göllərin qurudulması müvafiq Dövlət Proqramı əsasında həyata keçirilməkdədir.

Gənclərə dövlət qayğısı, təhsilin və səhiyyənin inkişafı yüksək səviyyədədir

Qaradağ rayonu ərazisində 2014-cü ilin doqquz ayı ərzində təhsil, səhiyyə, mədəniyyət sahələri üzrə də bir çox işlər görülüb. Belə ki, Dövlət Proqramına əsasən təhsil sahəsi üzrə 8 körpələr evi - uşaq bağçasında əsaslı təmir işləri başa çatıb, 2 uşaq bağçası üçün yeni bina və 2 məktəb üçün isə əlavə tədris korpusu tikilib. Eyni zamanda, 7 nömrəli Bakı Peşə məktəbi üçün yeni binanın tikintisi başa çatdırılıb. Qobustan qəsəbəsindəki körpələr evi-uşaq bağçasında əsaslı təmir işləri davam edir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə rayonun 3 qəsəbəsində yeni uşaq bağçasının tikintisinə başlanılıb.

“2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda Səhiyyə Nazirliyi tərəfindən 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının ərazisində uşaq poliklinikası üçün yeni binanın inşası nəzərdə tutulub. Bununla yanaşı, Qobustan qəsəbəsindəki 17 nömrəli Birləşmiş Şəhər Xəstəxanası və Lökbatan qəsəbəsindəki yeni müasir xəstəxana binalarının inşası başa çatdırılıb.

Bu il Müşfiqabad qəsəbəsindəki mədəniyyət evi əsaslı təmirdən sonra istifadəyə verilib. Eyni zamanda, Lökbatan qəsəbəsindəki 9 nömrəli musiqi məktəbi üçün yeni binanın inşası başa çatdırılıb, Qızıldaş mədəniyyət mərkəzinin tikintisi isə davam etdirilir.

Rayonda gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün də müvafiq infrastrukturlar hazırlanıb. Belə ki, Ələt, Puta və Səngəçal qəsəbələrində mini futbol meydançalarının və idman zallarının, Qobustan qəsəbəsində isə idman zalının tikintisi davam etdirilir, Sahil qəsəbəsində “Gənclər evi”nin tikintisi başa çatıb. Qaradağın bir çox qəsəbələrində idmanın kütləviliyinin təmin olunması üçün “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində həyata keçiriləcək Tədbirlər Planında rayon ərazisində idman meydançalarının yaradılması və atıcılıq tirinin inşa olunması nəzərdə tutulur.

Qaradağ rayon İcra Hakimiyyəti hər zaman rayon sakinləri ilə ünsiyyətə xüsusilə diqqət yetirir. Belə ki, 2014-cü ilin 9 ayında rayon İcra Hakimiyyəti başçısı tərəfindən 481 vətəndaş qəbul edilib, onlardan 303 nəfəri rayon İcra Hakimiyyətində, 178 nəfəri isə yerlərdə görüşlər zamanı səyyar qəbul ediliblər.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni tədris ili ərəfəsində rayonun imkansız, maddi durumu ağır olan ailələrinin orta ümumtəhsil məktəblərində təhsil alan 200 nəfərdən çox uşaqları yeni məktəbli formaları və 160 nəfər birinci sinif şagirdi məktəb ləvazimatları ilə təmin olunub.

Pərviz SADAYOĞLU,

Yeni Azərbaycan.- 2014.- 23 dekabr.- S.11.