“Biz vətənimiz və
millətimizlə fəxr etməyi Ulu
öndərimizdən öyrəndik”
Məlahət Abbasova: Dünyanın hansı nöqtəsində yaşasaq da, Vətən dediyimiz torpağın bağrından qopmuş daş olduğumuzu unutmamalıyıq
Onu hamımız sevirik. İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” teletamaşasının ən gənc aktrisası pak sevgisi ilə xalqının ürəyini fəth etmişdi. Sonra səhnədə müxtəlif obrazlar yaratdı amma həmişə Nargilə kimi sevildi. Sənət həyatına qədəm qoyandan az sonra ailə qurdu və İstanbula köçdü. Məlahət Abbasova ilk illərdən dizi və filmlərdə yer aldı. “Dəri pencək”, “Lüks həyat”, “İstanbulun gözləri xumar”, “Çalıquşu”, “Pəmbə konağın gəlinləri” teatr tamaşaları ilə türk tamaşaçısı tərəfindən tanındı. “Sarıpınar 1914”, “Min bir gecə”, “Köpək Hacı”, “Əsla unutma”, “Hayatın içindən yaralı”, “Eskici Baba”, “Ayrı dünyalar”, “Yalan”, “Hüzn çiçəyi”, “Super baba”, “Sürəyya” kimi ekran əsərləri ilə bu dəfə daha böyük və tələbkar auditoriya qarşısında özünü təsdiq etdi. O ürkək, məsum qızcığaz mübariz, qəzəbli, dönməz qadınlarla əvəzləndi. Qısacası, Məlahət Abbasovanın sənət yolu uğurlarla xeyli zəngindir. Bu günlərdə Prezident İlham Əliyevin Sərəncamı ilə “Əməkdar incəsənat xadimi” adını almasını isə tanınmış sənətçimiz böyük xoşbəxtlik kimi qiymətləndirir.
Məlahət Abbasovanın bugünkü reportajları məhz bu fəxri ada layiq görülməsi münasibəti ilə təbriklərlə başlasa da, biz bir az fərqli davrandıq. Təbriki ən sona saxladıq.
- Uzun illərin çalışmalarından sonra Elçin Əfəndiyevin “Mahmud və Məryəm” filminin Azərbaycan və Türkiyə kinematoqrafları tərəfindən müştərək çəkilməsinə nail oldunuz. İki dövlətin kino sahəsində böyük bir ilkə imza atıldı. Bu ekran əsəri Azərbaycan tarixindən, özəlliklə də bir millətin qan yaddaşına hələ də dadsız bir olay kimi hopmuş Çaldıran savaşına fərqli yanaşma ilə diqqəti cəlb etdi. Sizcə, Azərbaycan və Türkiyə mediası bu böyük hadisəyə lazımi qədər diqqət göstərdimi?
- “Mahmud və Məryəm”
filmi ilk ortaq filmdir. Elçinin əsəri əsasında
hazırlanmışdı. Mən baş məsləhətçi
idim. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi üzərinə düşən hər şeyi elədi. Filmə sonuna qədər dəstək oldu. Türkiyə Mədəniyyət Nazirliyi də əlindən gələni
etdi. Medianın diqqəti məsələsi
isə belədir ki, bu reklamı
qurmaq lazım idi.
- “Yaxşı Cazibə”
serialı faktiki olaraq, Azərbaycanı sevdirən bir layihə oldu. Amma sizə
tənqidlər ünvanlandı.
Bu, həm sevgidən,
həm ərkdən, həm də sizi çox güclü görməkdən
qaynaqlanırdı.
- “Yaxşı Cazibə”
gözəl bir yumoristik novellaydı. Bunun adı
burada sitkomdur. Amma nədənsə orada baş verən hadisələri bizim xalqımız çox ciddiyə aldı. Hələ sizin gördüyünüz
Cazibə xarakteri mənim tərəfimdən
yumşaldılmışdı. Sonuncu bölümdə yazılan
səhnələr, heyif
ki, tamamilə aktrisayla bağlı yaranan bir problemdən
qaynaqlandı. Azərbaycanı heç düşünmədən
yazılan bir bölüm idi. Bildiyimə görə, ssenari müəllifi də, rejissor da Azərbaycan
xalqından üzr istədilər.
- Türkiyədəki soydaşlarımız
sizi millətini sevən bir şəxs kimi dəyərləndirir. Bu yazını yazarkən mənə ən çox xoş gələn qızınızın
da sizin kimi Abbasova soyadını
daşıması oldu.
- Əslində, evlənərkən
soyadım dəyişdi. Soyadım
Kalyoncudur. Amma ailə qurduğumda
Türkiyə vətəndaşlığını
qəbul etməmişdim.
Ona görə o vaxtkı pasportumdakı soyadımı
istifadə edirəm.
Həm də Abbasova soyadı xoşuma gəlir. Teatrda ştata girməyim
üçün Türkiyə
Cümhuriyyətinin vətəndaşı
olmalıydım. Olduqdan sonra
soyadım Kalyoncudur.
Amma sənətçi soyadımdan
indiyə qədər
istifadə edirəm.
Qızım Sude isə,
təbii ki, anasına və ikinci Vətəni Azərbaycana sevgidən bu soyadı götürüb.
- Qızınızı da ekranda görürük.
- İki övladım
var. Oğlum Uğur və qızım Sude. Oğlum kinooperatorluqda oxuyur.
Sude mənim yolumla getmək istəyir. Bir çox serial və filmlərdə baş rolda çəkilir.
Mən aktrisa olmağını istəmirəm. Amma çox
istəyirsə də,
mane olmaram.
- Prezident İlham Əliyevin Sərəncamı
ilə Əməkdar incəsənət xadimi fəxri adına
layiq görüldünüz.
Sevincinizə şərik olmaqla
yanaşı, ürək
sözlərinizi də
dinləmək istərdik.
- Cənab Prezidentimizə
çox təşəkkür
edirəm və dövlət başçısının
qarşıdan gələn
ad gününü təbrik
edirəm. Bu gün
teatrımızda hamı
məni təbrik etdi. Çox qürur duydum.
Mən burada bu yerlərə
gəlmək üçün
çox əziyyət
çəkdim. Bütün yaradıcılığım,
demək olar ki, Azərbaycanla bağlıdır. Və teatrımızda
tək azərbaycanlı
qadın sənətçi
mənəm. Bu fəxri ad bunu göstərdi ki, mən tək deyiləm. Vətənimdən uzaqlarda olsam
da, dövlətim mənim arxamdadır və mənə dəstəkdir.
Eyni zamanda, sənətin və sənətkarının yanında
olan Prezidentimizlə qürur duyuram.
İnsanın ən böyük xoşbəxtliyi bir ölkəsinin, dövlətinin
mövcudluğudur. Dövlətinin yanında olması, ona dəyər verməsi isə daha böyük bir xoşbəxtlikdir.
Üstəlik bu dəyər
doğrudan da layiq olan insanlara
verilirsə daha böyük xoşbəxtlikdir.
Dostum, soydaşım,
uzun illərdir balaban sənətini dünyada tanıdan Əlixan Səmədovun Əməkdar artist fəxri
adına layiq görülməsi, mənə verilən Əməkdar incəsənət
xadimi ruhumu qanadlandırdı. Biz vətənimiz və millətimizlə fəxr etməyi Ulu öndərimiz Heydər Əliyevdən öyrəndik.
Vətənimizi sevməyi və
onun üçün çalışmağı tarixi
keçmişimizdən əxz
etdik. Dünyanın harasında oluruqsa
olaq, Azərbaycanın
bağrından qopmuş
bir daşıq və ən böyük amalımız
Vətən adlı qalanın divarına hörülməkdir.
Kəbutər HAQVERDİ
Yeni Azərbaycan.- 2014.- 23 dekabr.-
S.8.