Prezident İlham Əliyev: Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir

 

İLHAM ƏLİYEV VƏ MÜASİR ƏDƏBİ-BƏDİİ PROSES

Məlumdur ki, savadlı, intellektual insan - gənclik yetişdirməyin mühüm bir qolu təhsildən, tədrisdən keçirsə, mühüm bir qolu da ədəbi-bədii, mədəni mühitdən keçir və təlim-tədrisin özü də bundan istifadə edir. Bu mənada, ədəbiyyatın yolu gəncliyi maarifləndirməkdən, onlarda yüksək zövq yaratmaqdan ibarətdir. Heç şübhəsiz ki, bu məqamda təhsillə bərabər, ədəbi-bədii, mədəni sferanın üzərinə düşən vəzifəni vurğulamaq mütləqdir. Müasir qloballaşma dövründə mühitimizə, xüsusən gəncliyimizə ünvanlanmış olduqca zərərli, millilikdən, milli mentalımızdan uzaq gizli və latent proseslər gedir. Və bu ziyanlı təsirlərdən qorunmağın yeganə və mühüm, zirehli qalxanı ədəbi mühitdir, ədəbi prosesdir, bədii ədəbiyyatdır, bu mühiti, ədəbiyyatı yaradanlardır ki, bunlara isə dövlət səviyyəsində diqqət və qayğının olması vacib şərtlərdəndir...

Prezident İlham Əliyevin ziyalılarla, ədəbiyyat adamları ilə, şair və yazıçılarla, ümumiyyətlə, ədəbi-mədəni sahənin ictimai qüvvələri ilə hər bir görüşü, bu görüşlərdə etdiyi məruzələr, çıxışlar, apardığı söhbətlər bu müstəvidə tarixi əhəmiyyət kəsb etməklə yanaşı, həm də nüfuzlu və təsirli növbəti dərs hesab etmək olar. Prezident İlham Əliyevin bu çıxışları, irəli sürdüyü mülahizələr səmimi, inandırıcı üslubu ilə fərqlənir, cansız öyrətmə mexanizmlərindən uzaqdır. O, bu çıxışları ilə polemikalara, müzakirələrə yol açır, hər kəsə öz fikrini, daha doğrusu, qarşıya qoyulmuş problemin həlli yolunu tapmaq üçün mövqeyini bildirməyə şərait yaradır. Əslində görünür, elə bunun özü də azad, demokratik cəmiyyətin, sivil dövlətin əsas atributlarından biridir: ali vəzifə tutan şəxsiyyət, dövlət xadimi mövcud problemlərə toxunur və səmimi ziyalı narahatlığını açıq bildirir, ədəbi ictimaiyyətlə təbii, sərbəst dialoq aparır və ya belə bir sərbəstlik mühiti yaradır.

Hesab edirəm ki, tariximizə həssas yanaşmaq, bu günümüzü və gələcəyimizi tarixi köklərimizə bağlı şəkildə inkişaf etdirmək hər birimizin qarşısında duran ümdə məsələlərdəndir. Amma qloballaşan dünyada həm dünyəvi olmağı bacarmaq, həm də milli adət-ənənələrimizi itirməmək - bütün bunlar çağdaş zamanın qarşımıza çıxardığı əsas suallardandır. Elə möhtərəm Prezidentimizi də ziyalılarla, ədiblərlə hər bir görüşündə bu məsələlər, problemlər düşündürür, ədəbiyyatımızın bu yöndə, bu kontekstdə verəcəyi əhəmiyyətin mahiyyəti Onun maraq dairəsində olur.

Respublikamızın Prezidenti İlham Əliyevin müxtəlif məqamlarda, tədbirlərdə, müşavirələrdə ədəbiyyat adamları ilə olduqca dəyərli, səmərəli, tarixi əhəmiyyətli görüşləri olmuşdur. Biz burada, Prezidentimizin iki tarixi məqamda baş tutan görüşünün mahiyyəti üzərində dayanmaq istərdik.

Rəsmi xronikadan oxuyuruq: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 28-də Prezident sarayında “Xalq yazıçısı” və “Xalq şairi” fəxri adlarına layiq görülmüş bir qrup ədəbiyyat xadimi - Çingiz Abdullayev, Gülhüseyn Abdullayev (Hüseynoğlu), Nəriman Həsənzadə, Sabir Rüstəmxanlı və Zəlimxan Yaqubla görüşmüşdür”. (Bax: “Xalq qəzeti”, 29-06-2006;)

Bu görüşdə Prezident İlham Əliyev təltif edilmiş yazıçıların şəxsiyyətini və yaradıcılıqlarını yüksək qiymətləndirmiş, “Xalq yazıçısı”, “Xalq şairi” fəxri adlarının mənəvi əhəmiyyətindən söz açmış, dünya praktikasında bu fəxri adların yalnız Azərbaycan ədəbi-mədəni mühitində olmasının mahiyyətini müdrikliklə açıqlayaraq demişdir: “Keçən il sizə “Xalq yazıçısı”, “Xalq şairi” yüksək fəxri adları verdim. İstəyirəm bu gün nişanları sizə təqdim edim. Çoxdan istəyirdim ki, görüşək. Amma vaxt məhdudluğundan imkan olmurdu. Sizi şəxsən bir daha təbrik etmək istəyirəm. Siz uzun illərdir ki, ədəbiyyat sahəsində çox fəal işləyirsiniz. Demək olar ki, Azərbaycanın ən görkəmli şair və yazıçılarısınız. Mən də çox şadam ki, bu yüksək adları sizə təqdim edirəm.

Bilirsiniz ki, bəzi hallarda müxtəlif fikirlər olur, bu fəxri adlar olsun, ya olmasın. Əlbəttə, xalq məhəbbəti, xalq sevgisi hər şeydən üstündür və siz öz fəaliyyətinizlə, yaradıcılığınızla bunu sübut etmisiniz. Belə fikirlər var ki, bu adlara ehtiyac yoxdur. Amma mən hesab edirəm ki, bu, mütləq olmalıdır. Çünki görkəmli mədəniyyət xadimlərinə dövlət də öz tərəfindən münasibətini bildirməli, onların fəaliyyətini qiymətləndirməlidir. Ona görə mən hesab edirəm ki, bu ənənə yaşamalıdır və Azərbaycanın qabaqcıl mədəniyyət, incəsənət, ədəbiyyat xadimlərinin fəaliyyəti yüksək qiymətləndirilməlidir”.

Burada çox incə bir nüansa da diqqəti cəlb etmək istərdik, o da cənab Prezidentin: “Əlbəttə, xalq məhəbbəti, xalq sevgisi hər şeydən üstündür və siz öz fəaliyyətinizlə, yaradıcılığınızla bunu sübut etmisiniz” - deməsidir.

Deməli, azərbaycançılıq, milli dövlətçilik ideologiyasında ən mühüm amil, güc və qüdrət Xalqdır! Hamı - istər dövlət rəhbəri, istər məmurlar, istərsə də ziyalılar elə çalışmalı, elə işləməli, elə fəaliyyət göstərməlidir ki, xalq mənafeyinə, dövlətçilik mənafeyinə xələl gəlməsin! Belə olan təqdirdə, onların hər biri xalq məhəbbətini, xalq sevgisini qazana bilərlər!

Həmçinin, cənab Prezident bu sözləri ilə onu da vurğulayır ki, “xalq məhəbbətini, xalq sevgisini” qazanmaq bütün titullardan, fəxri adlardan üstündür və xalq sevgisi, xalq məhəbbətini qazananlar da, hər cür titullara, çinlərə, fəxri adlara, təltiflərə layiqdirlər, bir sözlə, dövlət də xalqındır və xalqın xidmətindədir!

Burada başqa bir incə məqam da var! Ədəbiyyat adamları - şairlər, yazıçılar, ədiblər xalqla dövlət arasında ən möhkəm bağların yaranmasında əvəzsiz xidmətlər göstərirlər, milli şüurun, dövlətçilik şüurunun formalaşmasında, ictima şüurun tənzimlənməsində ədəbiyyatın, mədəniyyətin mühüm rolu danılmazdır!

Cənab Prezident söhbətinin davamında bu mühüm ictimai-siyasi, ədəbi-bədii prosesə tarixi təkamül işığında baxaraq böyük filosof-siyasətçilərə, estetiklərə məxsus təfəkkürlə fikrini belə davam etdirir: “Biz artıq 15 ildir ki, müstəqil dövlət kimi yaşayırıq. Ondan əvvəl, əsrlər boyu Azərbaycan dövlət müstəqilliyindən məhrum olmuşdur. Bizim xalqımız müəyyən dövrlərdə müstəmləkə şəraitində, müəyyən dövrlərdə başqa formada başqa ölkələrin tərkibində yaşamışdır. Sual olunur, necə olub ki, bütün bunlara baxmayaraq, Azərbaycan öz xüsusiyyətlərini saxlamışdır? Azərbaycan xalqı assimilyasiyaya məruz qalmamış, öz tarixi keçmişini qoruyub saxlaya bilmişdir?

Mən hesab edirəm ki, müxtəlif amillər olubdur. Amma onların içərisində ana dili və ədəbiyyat ən başlıca amildir. Çünki bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir. Azərbaycanın keçmişində bütün dövrlərdə sənət adamları - şairlər, yazıçılar ictimai-siyasi həyatda da həmişə çox fəal olmuşlar. Bəlkə də başqa keçmiş Sovet respublikaları ilə müqayisə etsək görərik ki, məhz Azərbaycanda bu sahəyə həmişə böyük maraq olmuşdur. Deyə bilərəm ki, bizim yazıçılarımız, şairlərimiz Azərbaycanda ən populyar insanlardır. Keçmişdə də belə olub və bu gün də belə olmalıdır”.

Hörmətli İlham Əliyev cənabları böyük həssaslıqla və müdrik politoloqlara xas bir səriştə ilə indiki quruluşla mənəviyyat aləminin qarşılıqlı münasibət problemlərini təhlil edir, bazar iqtisadiyyatı siyasi strukturunda sənətin, sənət adamının, mənəviyyatın, milli ənənələrin, əxlaqın yerini müəyyənləşdirir, bunların ən qiymətli milli dəyərlər olduğunu bildirir və bu dəyərləri bəzən amansız olan, iqtisadi dəyərlər naminə güzəştə getməyən bazar münasibətlərindən qorumağın vacibliyini xüsusi olaraq nəzərə çatdırır: “Düzdür, bütün inkişaf etmiş ölkələr kimi, indi Azərbaycan da öz fəaliyyətini bazar iqtisadiyyatı prinsipi əsasında qurur. Əlbəttə, dünya praktikası artıq sübut edib ki, bu, ən mütərəqqi bir yanaşmadır. Ancaq bəzi hallarda əgər mənəviyyat itirsə, mənəvi dəyərlər o bazar iqtisadiyyatı içərisində əridilirsə, bu, cəmiyyətin normal yaşamasına böyük təhlükə yarada bilər.

Biz çalışmalıyıq ki, ölkəmizin uğurlu iqtisadi inkişafını şərtləndirən bütün amillərlə yanaşı, mütləq və mütləq mənəvi dəyərlər itməsin. Bizim ənənələrimiz, tarixi nailiyyətlərimiz saxlanılsın, qorunsun. Əlbəttə, ölkənin gücü, zənginliyi onun iqtisadi qüdrətindədir. Ancaq eyni zamanda, onun mənəvi gücündədir. Ona güc verən məhz mənəvi dəyərlərdir. Əlbəttə, bunda yazıçıların, şairlərin əvəzsiz rolu vardır.

Biz hamımız istəyirik ki, ölkəmiz daha da müasirləşsin, zənginləşsin, qüdrətlənsin və bütün amillər bunda mühüm rol oynamalıdır. Ona görə mən çalışıram ki, bu sahə də daim diqqətlə əhatə olunsun. İqtisadi nailiyyətlərlə yanaşı, bu sahədə də böyük irəliləyiş olsun. Cəmiyyət bunu tələb edir və Azərbaycanın hərtərəfli inkişafı bunu tələb edir. Çalışıram ki, öz fəaliyyətimdə bu prinsipləri eyni səviyyədə saxlayım və beləliklə, ölkəmizin normal, hərtərəfli inkişafına daha da sürətlə nail olaq”.

Azərbaycan Prezidenti İlham Əliyevin ziyalılarla bu cür əhəmiyyətli görüşlərindən biri də 2007-ci il fevralın 12-də Prezident sarayında baş tutub. İctimai həyatın müxtəlif təbəqələrinin nümayəndələrindən ibarət bu görüşdə Xalq şairi Qabil İmamverdiyevə “İstiqlal” ordeni, Mövlud Süleymanlıya isə “Xalq yazıçısı” fəxri adı verilib. Bu görüşdə də, cənab Prezident yazıçı və şairlərə, mədəniyyət xadimlərinə yüksək qiymət verərək deyib: “Biz xüsusilə, ziyalıları mükafatlandırmalıyıq, onlara dəstək verməliyik. Çünki əfsuslar olsun, bazar iqtisadiyyatı şəraitində bəzi hallarda bu sahə yaddan çıxır. Əgər biz ən inkişaf etmiş ölkələrin təcrübəsini götürsək, yaxud da orada olan vəziyyətə baxsaq görərik ki, həmin ölkələrdə ziyalı təbəqə dövlət tərəfindən heç bir qayğı görmür. Yəni, orada bütün münasibətlər bazar iqtisadiyyatı prinsipinə o qədər söykənib ki, artıq o cəmiyyət özü-özünü idarə edir. Biz isə hələlik bu səviyyəyə çatmamışıq. Ona görə dövlət tərəfindən mütləq və mütləq dəstək, qayğı olmalıdır.

Xüsusilə nəzərə alsaq ki, Azərbaycan cəmiyyətində həmişə ziyalılara böyük hörmət olubdur. Onların sözünə, əsərlərinə böyük maraq, tələbat olubdur. İndi bizim artan imkanlarımız məsələləri həll etməyə şərait yaradır.

...Bizim uğurlarımızın əsasında cəmiyyətin birliyi və müxtəlif sahələrdə çalışan insanların fəallığı dayanır. Bu fəallıq var. Bütövlükdə, mən görürəm ki, indi Azərbaycanda nikbinlik əhval-ruhiyyəsi var. İlk növbədə, ona görə ki, bu günə qədər görülən bütün işlər öz nəticələrini veribdir. İnsanlar da görürlər ki, Azərbaycanın nüfuzu artır. Təbii ki, hər bir vətəndaş, hər bir azərbaycanlı bundan qürur hissi keçirir. Böyük bir nailiyyət, tarixi nailiyyətdir ki, biz müstəqilik. Müstəqil ölkə kimi cəmi 15 ildir yaşayırıq. Bu 15 il ərzində Azərbaycan o qədər sürətlə inkişaf edib ki, dünyanın aparıcı ölkələri ilə artıq bərabər səviyyədə əməkdaşlıq edir”.

Cənab Prezidentin bu çıxışındakı bir məqama ədəbiyyat adamlarının diqqətini cəlb etmək istərdim. Bu çıxışda cənab Prezident müstəqil respublikamızda gedən quruculuq işlərindən və bu işlərin nəticəsində cəmiyyətdəki inam və nikbinlik ruhundan danışmış, bir növ, müasir cəmiyyətimizin mənəvi-psixoloji mənzərəsini yaratmışdır.

Müasir ədəbi prosesdə, ədəbi həyatda - nəsr və poeziyada müasir cəmiyyətimizin inam və nikbinlik notları üzərində köklənmiş mənəvi-psixoloji mənzərəsi doğru-dürüst öz əksini tapırmı? Təəssüf ki, yox! İndi poeziyada, nəsrdə əzab, ağrı, ətalət, kəsalət, ölüm, mistiklik daha aparıcı mövzulardandır! Prezident İlham Əliyev isə ədəbiyyatın yolunu açır, onu reallığa səsləyir, cəmiyyətin bütün ovqatının ədəbiyyatda mənzərəsini görmək istəyir və bu, haqlı tələb, haqlı istəkdir!

Əlbəttə ki, ədəbiyyat və mədəniyyət tariximizdə baş verən mühüm tarixi hadisələrdən biri də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ağstafada 2012-ci il 12 apreldə ziyalılarla görüşü olmuşdur. Prezident İlham Əliyev görüşdəki çıxışında demişdir: “...Bu gün bu görüşdə bölgə ziyalıları toplaşmışlar. Mən ziyalılarla tez-tez görüşürəm, həm bölgələrdə, həm Bakıda. Bu görüşlərin çox böyük mənası, çox böyük əhəmiyyəti vardır. Həm xarici, həm daxili siyasətlə, həm də sosial sahə ilə bağlı bütün məsələlər həll olunur. Ancaq dövlətimizin əsasları bizim milli, mənəvi dəyərlərdir. Mən bu barədə dəfələrlə fikirlərimi bildirmişəm, bir daha demək istəyirəm ki, bu, sadəcə gözəl sözlər deyil, həqiqətdir. Əgər biz dövlətçiliyimizi güclü milli dəyərlər üzərində qurmasaydıq, bugünkü inkişaf yarımçıq olardı, uzunmüddətli olmazdı.

Xüsusilə, indiki zəmanədə dünyada gedən proseslər, əlbəttə ki, dünyanın həm siyasi xəritəsini dəyişdirir, həm ölkələr arasındakı münasibətlər yeni müstəviyə keçir. Qloballaşma meyilləri güclənir. Qloballaşmanın həm müsbət, həm mənfi tərəfləri vardır ki, biz bu barədə açıq danışmalıyıq və hər halda mən fürsət olanda bu barədə öz fikirlərimi ifadə edirəm. Belə olan halda mütləq hər bir dövlət, hər bir xalq öz mənəvi dəyərlərinə daha da bağlı olmalıdır.

Bizim üstünlüyümüz ondan ibarətdir ki, çox gözəl ənənələrimiz, gözəl dəyərlərimiz vardır. Bunlar Azərbaycan dəyərləridir. Bizim dəyərlər ümumbəşəri dəyərlərin bir hissəsidir. Azərbaycan dəyərləri, deyə bilərəm ki, dünya üçün örnək ola bilər...”

Prezident İlham Əliyev bu tarixi çıxışında, müstəqilliyimizin 20 illik yubileyindən sonra ədəbiyyatın, ədəbi prosesin inkişaf perspektivini, onun ictimai prosesdəki vəzifələrini, bədii ədəbiyyatın, tarix elminin, həmçinin tarixi mövzuda yazılan əsərlərin ideya-estetik prinsiplərini, qloballaşma dövründə gənclərin milli mənəvi-əxlaqi tərbiyəsində hansı, nə kimi problemlərə diqqət kəsilməyin yollarını açıq-aydın, aşkar göstərmiş, ədəbi-bədii mühitin inkişaf strategiyasını müəyyənləşdirmişdir.

Bu çıxışdan çox böyük, mənalı nəticələr çıxarmaq və bu strategiyaya əsaslanaraq müasir ədəbi tənqidin, ədəbiyyatşünaslığın, ədəbi prosesin nəzəri-estetik əsaslarını yaratmaq lazımdır. Bəzən güman edildiyi kimi, ədəbiyyat təkcə bədii dəyərlər sistemindən ibarət deyil, ədəbiyyat həm də ictimai hadisədir! Ədəbiyyat ictimai məzmunu ilə estetik səciyyə daşıyır. Bu, aksiomdur ki, dövrünü özünə hopduran ədəbi proses, müasirliyi güclü olan əsərlər sonrakı epoxa üçün də xüsusi maraq kəsb edir!

Prezident İlham Əliyev ədəbiyyatın, bədii təfəkkürün və təmayülün ictimai həyatdakı rolunu, əhəmiyyətini böyük estetiklərə məxsus fəhmkarlıqla bildiyindən bu tarixi görüşündəki çıxışında demişdir:

“Tarixən Azərbaycan xalqının iradəsini sındırmaq istəyənlərin səyləri nə qədər çox olub. Amma buna baxmayaraq, biz milli mənliyimizi, dəyərlərimizi, ənənələrimizi saxlaya bilmişik. Bu gün əlbəttə ki, gənc nəsil və biz tarixə, keçmişə ədalətli mövqedən yanaşmalıyıq. Yəni, tarixi yenidən öyrənməliyik. Gənc nəsil bu tarixi bilməlidir, vətənpərvərlik ruhunda, milli ruhda tərbiyə almalıdır. Buna nail olmaq üçün, ilk növbədə, əsas vəzifə, əlbəttə ki, dövlətin, dövləti idarə edənlərin, eyni zamanda, ziyalıların üzərinə düşür.

Mən çox istərdim ki, bizim ziyalılar bundan sonra da əsərləri, fikirləri, baxışları ilə bu müsbət meyilləri daha da gücləndirsinlər. Azərbaycan cəmiyyətində ziyalılara bütün dövrlərdə böyük hörmət olub - ictimai-siyasi quruluşdan asılı olmayaraq, sovet dövründə də, ondan əvvəlki dövrdə də, müstəqillik dövründə də. Bu, çox müsbət bir haldır. Biz heç də hər bir cəmiyyətdə buna rast gələ bilmərik. Bu, bizim xüsusiyyətimizdir və biz bu ənənəni yaşatmalıyıq...

Dövlət tərəfindən ziyalılara olan qayğı, dəstək artır, son zamanlar özünü daha da çox büruzə verir. Sovet İttifaqı dağıldıqda və müstəqilliyin ilk illərində imkanlarımız da yox idi. Dövlətin imkanları da yox idi ki, ziyalılara daha da çox diqqət göstərsin. Ancaq indi imkanlar artdıqca, ilk növbədə, bu məsələyə diqqət göstərilir. Yüzlərlə ziyalımız Prezident təqaüdü alır, mükafatlandırılırlar. Müxtəlif tədbirlər keçirilir. Uzun fasilədən sonra kitabların nəşri bərpa edilib və bu gün daha geniş vüsət almalıdır.

Ziyalılar da öz növbəsində, əlbəttə, vətəndaşlıq mövqeyi ilə ümumi işimizə töhfəsini verməlidirlər, verirlər. Öz əsərləri, fikirləri ilə qarşıda duran məqsədlərimizə çatmaq üçün səylərini daha da artırmalıdırlar”.

Qeyd edək ki, bu görüşdə “Ağstafa” qəzetinin redaktor müavini Firdovsi Heydərli, Azərbaycan Yazıçılar Birliyi Qazax bölməsinin sədri Barat Vüsal, AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov, şairə Cığatel Qasımova, Qazax şəhər 2 nömrəli orta məktəbin müəllimi, “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi Samir Hüseynov, gənc şairə Şahinə Həsənzadə çıxışlar etmişlər.

Hörmətli Prezident isə Öz növbəsində hər bir çıxışçıya olduqca hörmətlə yanaşmış, onların fikirlərinə səmimi münasibətini bildirmişdir. Xüsusən, Səməd Vurğun yaradıcılığının və şəxsiyyətinin qiymətləndirilməsi, ona bir sıra yanlış, səhv münasibətlərin yersiz olması ilə (bu həm də sovet dövrü ədəbiyyatı klassiklərinə münasibətin dəqiqləşdirilməsi idi) bağlı məsələlərə aydınlıq gətirilməsi müasir dövr ədəbiyyatşünaslığı üçün böyük əhəmiyyət kəsb edən konsepsiyadır.

Burada mühüm olan cəhətlərdən biri də odur ki, ədəbiyyatın ən vacib problemlərindən, özü də müasir mərhələdə ağrılı problemlərindən biri olan ədəbi irs və varislik probleminə, ənənəyə münasibət probleminə aydınlıq gətirilib.

Sirr deyil ki, indi, müasir ədəbi prosesdə radikal düşüncəli gənclər peyda olublar ki, onlar total bir şəkildə klassikaya, xüsusən də sovet dövrü klassikasına qarşı aşkar barışmazlıq “müharibəsi” elan ediblər. Necə ki, keçən əsrin əvvəllərində, 20-30-cu illərdə bir “daloy”çuluq şüarı hökm sürürdü, indi də “postmodernizm” adı altında klassikaya hücümlar edilir, radikal gənc ədəbi qüvvələr inkarçılıq mövqeyi tuturlar.

Prezident İlham Əliyevin XX əsr Sovet dövrü ədəbiyyatımızın əvəzedilməz klassiki olan Səməd Vurğun barəsində fikirləri isə bu cəhətdən olduqca dəyərli və mənalıdır: “Bu gün Səməd Vurğun sevgisi Azərbaycan xalqının ürəyində yaşayır. Dahi şəxsiyyət, dahi insan idi. Çox gözəl insan idi. Əlbəttə, onun ölməz əsərləri əbədi yaşayacaqdır.

Bir məsələyə də toxunmaq istəyirəm. Bu gün biz gənc nəslin tərbiyə olunmasından söhbət açırıq. İnsanlarımız Səməd Vurğunun, bizim digər görkəmli ədiblərimizin, şairlərimizin əsərləri əsasında tərbiyə almalıdırlar. Yəni, Azərbaycan dilini onlardan öyrənməliyik. Biz buna da çox böyük diqqət göstərməliyik, xüsusilə ziyalılar.

...Ziyalılar öz sözünü deməlidirlər. Nəinki öz əsərləri, şeirləri ilə, həm də biz bir ziyalı kimi Azərbaycan dilini qorumalıyıq. Hesab edirəm ki, bu, dövlət işi olmalıdır. Belə də olacaqdır. Eyni zamanda, biz Azərbaycan dilinin nə qədər zəngin dil olduğunu həm bizim insanlara, həm bütün türk dünyasına, həm də bütün dünyaya göstərməliyik”.

Bütün bunların hamısı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Azərbaycan ədəbiyyatına, onun klassikasına, sənət adamlarına, şair və yazıçılara, ədiblərə sonsuz hörmətinin, məhəbbətinin ifadəsidir.

Beləliklə, sadalananlar bir daha təsdiq edir ki, Prezident İlham Əliyev müasir ədəbi prosesə, yeni dövr - müstəqillik dövrü Azərbaycan ədəbiyyatının qarşısına konstruktiv tələblər qoymuş, bədii ədəbiyyatın müasir gəncliyin milli köklər üzərində pərvəriş tapmasının əhəmiyyətini ədəbi, elmi ictimaiyyətin nəzərinə çatdıraraq, onu xalqımızın, dövlətimizin taleyüklü problemlərini əks etdirmək istəyi və tələbi ilə yeni-yeni perspektivlərə səsləmişdir...

 

Tərlan Novruzov,

Filologiya elmləri doktoru,

professor, Əməkdar müəllim

Yeni Azərbaycan.- 2014.- 23 dekabr.- S.7.