“İnkişafın 10 ili: 2004-2014”

 

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə bu mövzuda konfrans keçirilib

Dünən Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “İnkişafın 10 ili: 2004-2014” mövzusunda konfrans keçirilib. Konfransda dövlət və hökumət nümayəndələri, YAP-ın İdarə Heyətinin və Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları, YAP fəalları iştirak ediblər.

Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov konfransın əlamətdar bir gündə keçirildiyini nəzərə çatdıraraq deyib ki, dekabrın 24-ü Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin doğum günüdür. O, bu əlamətdar gün münasibəti ilə Prezident İlham Əliyevi tədbir iştirakçıları və çoxminli YAP üzvləri adından təbrik edib, dövlət başçısına Azərbaycanın gələcək inkişafı uğrundakı işlərində yeni-yeni uğurlar arzulayıb. Əli Əhmədovun sözlərinə görə, hər bir Azərbaycan vətəndaşı məmnunluq hissi ilə dərk edir ki, Azərbaycanın son 10 ildə əzəmətli inkişafı birbaşa Prezident İlham Əliyevin adı və həyata keçirdiyi siyasətlə bağlıdır. YAP Sədrinin müavini bildirib ki, son 10 il Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılacaq bir dövr olub. Onun sözlərinə görə, bu dövrdə Azərbaycan dünyada bənzəri olmayan iqtisadi inkişafa nail olub, beynəlxalq arenada nəinki siyasi müstəqilliyini qoruyub saxlayıb və möhkəmləndirib, həmçinin, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzü seçilib: “Bütün bu nailiyyətlər Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin nəticəsidir. Bu uğurlu siyasətin əsasını isə Heydər Əliyevin ideyaları təşkil edir. Azərbaycan xalqı baş verən müsbət dəyişiklikləri birbaşa öz həyatında hiss edir. Daha yaxşı yaşamaq, həyat səviyyəsini yüksəltmək, yüksək səviyyəli təhsil almaq və bu kimi digər imkanlardan istifadə edən insanlar, bu imkanların Prezident tərəfindən yaradıldığını bilir və qiymətləndirirlər”.

Əli Əhmədov qeyd edib ki, Azərbaycanın bu inkişafını XXI əsrin ilk 10 ilinin iqtisadi möcüzəsi adlandırmaq olar. Bunun üçün ciddi əsasların olduğunu deyən YAP Sədrinin müavini bildirib ki, 10 il tarix baxımından qısa müddət olsa da, bu müddət ərzində Azərbaycan iqtisadiyyatı 3 dəfə artıb. “Dünya tarixində belə qısa müddətdə iqtisadiyyatında 3 dəfə artım müşahidə edilən ölkə olmayıb. Yalnız Azərbaycan qısa müddət ərzində iqtisadiyyatını 3 dəfə artırmaqla XXI əsrin birinci 10 illiyinin iqtisadi möcüzəsini müasir dünyamıza təqdim edib. Təbii ki, bu, inkişafımızın əsasında dayanan fundamental, ciddi amildir. Amma Azərbaycanın iqtisadiyyatı bu təməl üzərində daha geniş hüdudları özündə ehtiva edir. Bu illər ərzində Azərbaycanda həyat bütünlükdə dəyişib, insanların həyat səviyyəsinin artması ilə yanaşı, Azərbaycanın siması yeniləşib, ölkəmiz möhtəşəm yeniləşmə, müasirləşmə, modernləşmə dövrü yaşayıb” - deyə, Baş nazirin müavini vurğulayıb.

Əli Əhmədovun fikrincə, bu dəyişikliklər təkcə gözlə görünən reallıqlar deyil, həmçinin, insanların düşüncələrində baş verən dəyişiklikdir. O qeyd edib ki, bu gün Azərbaycan insanı həyata başqa nəzərlərlə baxan, özünə daha inamlı yanaşan, ölkəsinə daha dərindən bağlılığı ilə seçilən insanlardır. “Təbii ki, hər bir ölkənin inkişafı onun daxili potensialının güclənməsi ilə yanaşı, beynəlxalq aləmdə də hörmətinin, nüfuzunun artmasında ifadə olunur. Azərbaycanın möhtəşəm inkişafı, eyni dərəcədə beynəlxalq aləmdə nüfuzunun, rolunun və əhəmiyyətinin artmasında özünü göstərir. Buna təkcə bir nümunə göstərmək kifayətdir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi ölkəmizin beynəlxalq aləmdə nüfuzunun göstəricisidir. Azərbaycan, həmçinin, ciddi regional əhəmiyyətə malikdir və regionun iqtisadi mənzərəsinə ciddi təsir edən dövlət kimi öz adını müasir tariximizə yazıb. Bu gün Azərbaycanın iştirakı və təşəbbüsü ilə həyata keçirilən layihələr regionun iqtisadi mənzərəsinə yeni korrektələr edib. Azərbaycan sözün həqiqi mənasında ciddi regional faktora çevrilib. Bu məfhum təkcə Qafqazı əhatə etmir, xeyli geniş coğrafi məkanı özündə ehtiva edir. Beləliklə, son 10 il ərzində Heydər Əliyev siyasətinə söykənərək Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasət sözün həqiqi mənasında yeni Azərbaycanı, yeni bir cəmiyyəti gerçəkliyə çevirib. Yeni Azərbaycanın konsepsiyası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən yaradılıb. Bu konsepsiyanın gerçəkliyə çevrilməsi üçün Heydər Əliyev tərəfindən əzəmətli layihələr, islahatlar həyata keçirilib və bu istiqamətdə etibarlı baza yaradılıb. Təbii ki, bu etibarlı bazanın üzərində son 10 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan yeni bir dövlətə, məmləkətə, yeni bir cəmiyyətə çevrilib. Bunu duymaq, dərk etmək qürur hissi yaradır. Bugünkü Azərbaycan vətəndaşlarının milli iftixar mənbəyini təşkil edən çox əsaslı, fundamental amillərin içərisində ölkəmizin son 10 il ərzindəki möhtəşəm inkişafı da dayanır” - deyə, YAP Sədrinin müavini vurğulayıb.

Konfransda çıxış edən iqtisadiyyat və sənaye naziri, YAP Siyasi Şurasının üzvü Şahin Mustafayev bildirib ki, ötən müddət ərzində Heydər Əliyev siyasi kursunun Prezident İlham Əliyev tərəfindən böyük əzm və məharətlə düşünülmüş və məqsədyönlü şəkildə həyata keçirilməsi nəticəsində bu gün müstəqil Azərbaycan Respublikası demokratik və bəşəri dəyərlərin bərqərar olduğu məkan, dünya birliyinin layiqli üzvü, davamlı inkişaf edən, dayanıqlı iqtisadiyyata malik ölkədir. Onun sözlərinə görə, məhz cənab Prezidentin gündəlik çoxşaxəli fəaliyyətinin nəticəsidir ki, tarix baxımından o qədər də böyük olmayan son 10 il ərzində müstəqil Azərbaycan dövləti yeni inkişaf mərhələsinə qədəm qoyaraq bir çox zirvələri fəth edib, siyasi sabitliyin, xalqla dövlətin birliyinin daha da möhkəmlənməsinə nail olub, etibarlı tərəfdaş kimi dünyada yüksək nüfuza malik olan ölkəyə çevrilib. Nazir qeyd edib ki, siyasi və iqtisadi qüdrəti davamlı olaraq artan Azərbaycan bu gün regionun bütün siyasi və iqtisadi məsələlərinin həllində əvəzolunmaz iştirakçı, əsas söz sahibidir. Onun sözlərinə görə, əgər 2004-cü ildə Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 50 faizini təşkil edirdisə, bu gün ölkəmizin payı 78,6 faizə yüksəlib. “Əldə edilən bu uğurlar Prezident İlham Əliyevin müəllifi olduğu inkişaf modelinin müasir çağırışlara cavab verdiyini, davamlı yüksəlişə yol açdığını real faktlar əsasında nümayiş etdirir. Cənab Prezidentin sosial iqtisadi inkişaf strategiyasının ən səciyyəvi cəhətlərindən biri bu strategiyanın elmi əsaslara söykənməsi, hər bir sahənin inkişafı üçün konkret hədəf və məqsədlərin, onlara nail olunma yollarının dəqiq müəyyən edilməsidir. Təsadüfi deyil ki, son 10 il ərzində 174 dövlət proqramı təsdiq edilmiş, onlardan 104-ü tam icra olunmuş, digərləri icra olunmaqdadır” - deyə, nazir vurğulayıb.

Ş.Mustafayev bildirib ki, ölkənin iqtisadi inkişafının dayanıqlılığının təmin olunmasında, dünya iqtisadiyyatında cərəyan edən böhran meyillərinin mənfi təsirinin qarşısının alınmasında Prezident İlham Əliyevin elə ilk günlərdən bəyan etdiyi və uğurla həyata keçirdiyi iqtisadiyyatın şaxələndirilməsi siyasəti həlledici rola malik olub. Belə ki, əgər əvvəlki illərdə ÜDM-də qeyri-neft sektorunun xüsusi çəkisi 37 faiz təşkil edirdisə, bu gün artıq bu sektorun payı 59 faizə çatıb. Hazırda iqtisadiyyatın strukturundakı bu müsbət dinamika davam edir, sənaye, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, turizm və digər sahələr inkişaf edir. Nazirin sözlərinə görə, son 10 ildə müasir texnologiyalara əsaslanan yüzlərlə müəssisə fəaliyyətə başlayıb, qeyri-neft sənayesi 2,2 dəfə artıb, sənayenin ÜDM-də xüsusi çəkisi 48 faizə çatıb. Heç şübhəsiz ki, Prezident İlham Əliyev tərəfindən 2014-cü ilin “Sənaye ili” elan edilməsi, sənayenin inkişafı istiqamətində həyata keçirilən tədbirlər ölkəmizin regionun güclü sənaye mərkəzi kimi formalaşmasına təkan verəcək.

“Azərbaycanın davamlı inkişafının təmin edilməsində ölkə başçısının müəllifi olduğu regional inkişaf strategiyası müstəsna əhəmiyyətə malikdir. Bu gün, hətta ən ucqar yaşayış məntəqələrinin belə elektrik enerjisi, qaz, içməli su ilə təmin olunması ilə bağlı işlər görülür, rahat yollar, müasir sosial obyektlər istifadəyə verilir. Məsələn, 10 il ərzində 3000-ə yaxın məktəb, 500-dən artıq səhiyyə müəssisəsi, 700-dən artıq mədəniyyət obyekti tikilib, 40-dan artıq olimpiya idman kompleksi istismara verilib. Regionlarda sahibkarlığın inkişafı nəticəsində minlərlə müəssisə fəaliyyətə başlayıb, 1 milyondan artıq yeni iş yeri açılıb.

Son 10 il ərzində Azərbaycanın əldə etdiyi uğurlar beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilib. Belə ki, əsas agentliklər - “Fitch Ratings”, “Standart & Poor’s” və “Moody’s” hətta böhran illərində Azərbaycanın suveren reytinqini yüksəldərək investisiya reytinqi veriblər. “Dünya rəqabət qabiliyyətliliyi 2014-2015” hesabatında Azərbaycan 144 ölkə arasında 38-ci olmuşdur və artıq 6 ildir ki, MDB ölkələri arasında 1-cidir. Bununla yanaşı, Azərbaycan adambaşına düşən Ümumi Milli Gəlirin həcminə görə “aşağı orta gəlirli” ölkələr qrupundan “yuxarı orta gəlirli” ölkələr qrupuna, İnsan İnkişafı hesabatında “orta insan inkişafı” ölkələri qrupundan “yüksək insan inkişafı” qrupuna yüksəlib. Ancaq Azərbaycan əldə etdiyi nailiyyətlərlə kifayətlənmir. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında çox iddialı, ancaq eyni zamanda, real hədəflər müəyyənləşdirilib. Konsepsiyada qeyd olunmuş tədbirlərin icrası nəticəsində 2020-ci ilədək qeyri-neft sektorunun inkişafı hesabına ÜDM-in iki dəfə artırılması, adambaşına düşən Ümumi Milli Gəlir təsnifatında ölkəmizin “yuxarı orta gəlirli ölkələr”, BMT-nin İnsan İnkişafı təsnifatına əsasən “yüksək insan inkişafı” qrupunda üst sıralara yüksəlməsi nəzərdə tutulur. Bütün bunlar bir daha sübut edir ki, Prezident İlham Əliyev ümumbəşəri dəyərlərə əsaslanan özünəməxsus inkişaf kursu ilə, demokratikləşmə, davamlı və dayanıqlı iqtisadi inkişaf yolu ilə, dövlətçiliyin daha da möhkəmləndirilməsinə və əhalinin rifahının yüksəldilməsinə yönəldilmiş siyasəti ilə Azərbaycanı qarşıya qoyulmuş hədəfə - dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevirmək məqsədinə doğru inam və böyük uğurla aparır” - deyə nazir qeyd edib.

Konfransda çıxış edən energetika naziri Natiq Əliyev bildirib ki, Ümummilli lider Heydər Əliyev və Onun davamçısı, ölkə Prezidenti İlham Əliyev tərəfindən ayrı-ayrı sahələrdə ardıcıl olaraq iqtisadi islahat proqramları əsasında həyata keçirilən tədbirlər nəticəsində ictimai-siyasi və iqtisadi sabitlik əldə edilib, sürətli inkişaf meyilləri yaranıb. Onun sözlərinə görə, tarixi baxımdan qısa bir zamanda Prezident İlham Əliyevin müxtəlif sahələrdə həyata keçirdiyi demokratik prinsiplər üzərində qurulan köklü islahatlar nəticəsində ölkəmiz son onillikdə nəinki böyük inkişaf yolu keçib, eyni zamanda, qlobal maliyyə və iqtisadi böhranın ən yüksək həddə çatdığı illərdə iqtisadiyyatın stabilliyini saxlayıb, hətta böyük uğurlar və nailiyyətlər əldə edib.

Nazir deyib ki, Azərbaycanın tarixi boyu, xüsusilə bir əsrdən çoxdur ki, neft sənayesi ölkəmizin iqtisadiyyatının özəyi, onun əsas sahəsi sayılır. Azərbaycanda neft hasilatı uzun tarixə malik olsa da, neft sənayesi respublika iqtisadiyyatının inkişafında əvvəlki kimi yenə də mühüm rol oynayır. “Ölkəmizin neft və qaz sektorunda çox böyük uğurlar və nailiyyətlər qazanılıb. Son 10 il ərzində neft hasilatı 2003-cü ildə 15,38 mln. tondan 2013-cü ildə 43,5 mln. tona qədər çatıb. Bunun da 35 mln. tonu yeni neft strategiyasının uğurla həyata keçirilməsi nəticəsində xarici konsorsium tərəfindən və əksəriyyəti Azəri-Çıraq-Günəşli yatağından hasil edilib. Qaz hasilatı isə bu illərdə 5,51 mlrd. kubmetrdən 9,3 mlrd. kubmetrədək artıb, onun da 74,3 faizi “Şahdəniz” və Azəri-Çıraq-Günəşli yatağından hasil edilib” -deyə o qeyd edib.

N.Əliyev bildirib ki, son illərdə ölkənin enerji sisteminin gücü 40 faiz artıb, bu da il ərzində 22-24 milyard kilovatsaat elektrik enerjisinin istehsal edilməsinə imkan verir və respublikanın maksimum tələbatını 25-27 faiz üstələyir, ildə 2 milyard kilovatsaata qədər enerji ixracına şərait yaradır. Onun sözlərinə görə, respublikada adambaşına düşən elektrik enerjisinin miqdarı 2220 kilovatsaata çatdırılıb ki, bu da Avropanın inkişaf etmiş ölkələrinin göstəricisi səviyyəsindədir. “O da məlumdur ki, dünya iqtisadi sisteminə inteqrasiya edən, nəhəng investisiya layihələrinə imza atan Azərbaycan, həm də qlobal enerji bazarında mühüm iştirakçıya çevrilib. Prezident İlham Əliyevin məqsədyönlü, uzaq perspektivlərə hesablanmış siyasəti və strategiyası enerji sahəsində ölkə əhəmiyyətli qlobal layihələrin reallaşdırılmasına imkan verdi. Hazırda Azərbaycandan neft və neft məhsulları dünyanın 30-dək ölkəsinə ixrac edilir və bəzi Avropa dövlətlərinin enerji balansında Azərbaycan neftinin payının 25-30 faiz təşkil etməsi kifayət qədər yüksək göstərici kimi qiymətləndirilir. Bu, eyni zamanda, onu göstərir ki, Azərbaycanın mühüm regional və qlobal əhəmiyyətli faktora çevrilməsində ölkənin müstəqil enerji siyasətinin rolu böyükdür” - deyə nazir vurğulayıb.

N.Əliyev deyib ki, ölkəmizin müstəqillik dövründə qazandığı nailiyyətlər onu Xəzər-Qafqaz regionunda sürətlə inkişaf edən dünyanın neft mərkəzlərindən birinə çevirib. Onun sözlərinə görə, hazırda Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini vermək üçün Azərbaycan qazının dünya bazarına nəqlini nəzərdə tutan “Cənub” qaz dəhlizi çərçivəsində “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi, Cənubi Qafqaz boru kəmərinin (SCP) genişləndirilməsi, Trans-Anadolu boru kəməri (TANAP) və Trans-Adriatik boru kəməri (TAP) layihələrinin həyata keçirilməsi üzrə mühüm işlər görülür: “TANAP və TAP layihələri öz xüsusiyyətinə görə yeni marşrut olmaqla, həm də Avropaya qazı yeni mənbədən gətirəcək. Bu layihələrin reallaşması gələcəkdə nəinki Avropanın enerji təhlükəsizliyinə təminat olacaq, həm də mənbələrin diversifikasiyası nəticəsində Avropanın qaz bazarındakı qiymətlərdə rəqabət mühitinin yaranmasına münbit şərait yaradacaq. Eyni zamanda, TANAP layihəsi Trans-Xəzər qaz kəmərinin gerçəkləşməsi üçün də yeni imkanlar yaradacaq. Qazaxıstanın və Türkmənistanın gələcəkdə bu layihəyə qoşulacağı təqdirdə Azərbaycan öz infrastruktur və texniki imkanlarından istifadə etməklə, həm də Mərkəzi Asiya qazının Avropaya çatdırılmasında mühüm tranzit ölkəyə çevriləcək”.

Rabitə və yüksək texnologiyalar naziri, YAP Siyasi Şurasının üzvü Əli Abbasov çıxışında bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni bir inkişaf dövrünə qədəm qoyub. Ə.Abbasov xatırladıb ki, 2003-cü ilin dekabrında Cenevrədə keçirilən İnformasiya Cəmiyyəti Məsələləri üzrə Ümumdünya Sammitində Azərbaycan Prezidenti “Qara qızılı insan kapitalına çevirək” tezisini səsləndirdi. Onun fikrincə, ölkə başçısının rəhbərliyi ilə növbəti illərdə həyata keçirilən inkişaf siyasətində bu çağırış mühüm amilə çevrilib.

Ə.Abbasov qeyd edib ki, 2003-cü ilin fevralında Ümummilli lider Heydər Əliyev tərəfindən təsdiqlənən “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)” rabitə sahəsində 10 illik inkişafın əsasında dayanaraq, əsas xəritə yolunu təşkil edib. Onun sözlərinə görə, bu xəritə yolunun həyata keçirilməsində Prezident İlham Əliyevin misilsiz rolu var və bu strategiya birbaşa Onun rəhbərliyi altında həyata keçirilib. 10 ilin makroiqtisadi göstəricilərindən də söz açan rabitə və yüksək texnologiyalar naziri qeyd edib ki, 2004-2014-cü illər ərzində 2008-ci ilə qədər hər il İKT-nin inkişaf potensialı təxminən 30-35 faiz, 2008-2009-cu illərdən sonra isə 15-20 faiz olub: “Bu isə İKT sektorunun iqtisadi potensialının təxminən hər 3 ildə 3 dəfə genişlənməsi, eyni zamanda, bununla da ümumdünya orta göstəricisinin təxminən 2-2,5 dəfə üstələnməsi deməkdir”.

Digər göstəriciləri də xatırladan nazirin sözlərinə görə, MDB ölkələri arasında 2008-ci ildə ilk dəfə bütün yaşayış məntəqələrinin telefonlaşdırılması, həmçinin, 2010-cu ildə bütün telekommunikasiya sisteminin elektronlaşdırılması inkişafa bariz nümunədir.

Ə.Abbasov bildirib ki, 4G texnologiyasının tətbiqinə başlanması üzrə Azərbaycan Avropada 9, dünyada 37-ci ölkədir. Bu gün respublikamızın adı dünyada 3G texnologiyasının ölkə üzərində əhatə dərəcəsini 100 faiz təmin etmiş 20 ölkə sırasında sadalanır. Nazir deyib ki, ölkəmizdə İKT sektorunun sürətli inkişafı fonunda beynəlxalq təşkilatların hesabatlarında Azərbaycan öz mövqeyini daha da möhkəmləndirməkdədir: “Belə ki, Dünya İqtisadi Forumunun “Qlobal İnformasiya Texnologiyaları 2014” hesabatında Azərbaycan “Şəbəkələşmə Hazırlığı İndeksi”nə görə əvvəlki mövqeyindən 7 pillə irəliləyərək dünyanın 148 ölkəsi arasında 49-cu yerə yüksəlib. Həmçinin, ölkəmiz hər 100 nəfərə düşən internet istifadəçilərinin sayına görə 148 ölkə arasında 59-cu yeri tutmaqla MDB-də liderlik mövqeyini qoruyub saxlayır”.

10 ilin inkişaf göstəriciləri arasında kosmik sənayenin özünəməxsus yer tutduğunu da vurğulayan nazir 2013-cü ilin fevralında “Azerspace-1” telekommunikasiya peykinin orbitə çıxarıldığını, 2014-cü ilin 2 dekabrında isə Prezident İlham Əliyevin iştirakı ilə yeni adı “Azersky” olan “Spot 7” yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peykinin istifadəyə verildiyini bildirib. Hər iki peykin yüksək rentabelliliyə, 90 faizlik ixrac potensialına malik olduğunu da qeyd edən Ə.Abbasov deyib ki, peyklər göstərdikləri xidmətlərlə ölkəmizin təhlükəsizliyinə böyük töhfə verməkdədir. Növbəti illər üçün inkişaf məqsədlərinə də toxunan nazir gələcək hədəflərin “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasındakı çağırışlara əsaslandığını bildirib.

Konfransda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, Ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu müstəqil Azərbaycanın hərtərəfli inkişaf strategiyasının 2003-cü ildən etibarən Prezident İlham Əliyev tərəfindən qlobal proseslərə və müasir çağırışlara adekvat şəkildə, praqmatik yanaşmalar əsasında daha da təkmilləşdirilməsi, respublikanın ümumi inkişafında milli resurslardan istifadə imkanlarının daha səmərəli və elmi əsaslar üzərində səfərbər edilməsi, siyasi və iqtisadi idarəetmə metodlarının müasirləşdirilməsi ölkəmizi dünyada maraqla qarşılanan və bir çox ölkələr üçün örnəyə çevrilən milli inkişaf modelinə sahib edib. Onun sözlərinə görə, əldə olunan möhtəşəm uğurlar cənab Prezidentin ilk növbədə ölkədə sosial ədalət prinsiplərinin yüksək səviyyədə təminatına yönələn siyasi kursunun, müasir yanaşmalara əsaslanan mükəmməl islahatlar konsepsiyasının Cənubi Qafqaz məkanında iqtisadi qüdrətinə görə öndə olan Azərbaycanın perspektiv strateji hədəflərinə nail olması və inkişaf etmiş güclü dövlətlər sırasında yer alması üçün də alternativsiz olduğunu təsdiq edir: “Azərbaycan Prezidentinin qlobal iqtisadi böhranın doğurduğu ən çətin sınaqlardan uğurla çıxan sosial-iqtisadi inkişaf strategiyasının prioritet istiqamətlərindən biri vətəndaş firavanlığı amilinin və sosial dövlət prinsiplərinin ön planda saxlanılması, sosial siyasət kursunun ilbəil güclənməsi, ölkədə yoxsulluğun aradan qaldırılmasıdır. Cənab İlham Əliyev hələ 2003-cü ilin oktyabrında respublikamıza rəhbərliyə başlayarkən ölkədə yoxsulluğun aradan qaldırılacağını əsas məqsədlərindən biri kimi bəyan etmişdi və ötən dövrdə bu sahədə əldə olunan nailiyyətlər hazırda mötəbər beynəlxalq iqtisadi institutlar tərəfindən yüksək dəyərləndirilir. Bildiyiniz kimi, Azərbaycan 2000-ci ildə BMT-nin Minilliyin İnkişaf Məqsədlərinə qoşulmuş 147 ölkədən biridir. Bu sənəddən irəli gələn öhdəliklərdən biri də 2015-ci ilə qədər yoxsulluğun yarıyadək azaldılmasıdır. Ötən müddətdə ölkəmizdə iqtisadi inkişaf və yoxsulluğun azaldılması üzrə gerçəkləşdirilən dövlət proqramları, konkret sahələr, eləcə də regional inkişaf proqramları yoxsulluğun səviyyəsinin 2003-cü ildəki 49 faizdən 5 faizə, yəni qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağı enməsi ilə nəticələnib”.

Nazir deyib ki, hökumətin əsas diqqətinin sosial siyasətə yönəldilməsi hər bir insanın sosial rifahına zəmanət yaratmış olur. Onun sözlərinə görə, Prezident İlham Əliyev son 10 il ərzində formalaşdırdığı sosial-iqtisadi kompleks və idarəetmə forması ilə Azərbaycanın sosial baxımdan firavan dövlətlər qrupuna daxil olmasına imkan yaradıb: “Azərbaycan Prezidentinin sosial-iqtisadi inkişaf istiqamətində atdığı addımlar Onun 2003, 2008 və 2013-cü illərdəki seçki kampaniyaları dövründəki platformalarında tamamilə açıq şəkildə öz əksini tapmışdı. 2003-cü ildə cənab İlham Əliyev ilk dəfə prezident seçkilərinə gedən zaman əsas mövzu kimi 5 il ərzində ölkədə 600 min iş yeri açılacağını, regionların sosial-iqtisadi baxımdan sürətlə inkişaf edəcəyini və yoxsulluğun sürətlə azaldılacağını Öz platformasında əsas məsələlər kimi qoymuşdu”.

S.Müslümov deyib ki, bu məsələlər cəmiyyətdə konsolidasiya üçün birbaşa rol oynayan məsələlərdir: “2008-ci il seçkilərinin nəticələri cənab Prezidentin bu qoyduğu məqsədlərə necə nail olduğunu açıq şəkildə nümayiş etdirdi. 2008-ci ildə dövlət başçısı bu təməl əsasında Özünün yeni platformasında artıq modernləşmə və iqtisadiyyatın sürətli inkişafı, eləcə də bütün iqtisadi və sosial proqramların icrası və sosial rifahın sürətlə yaxşılaşdırılmasını əsas götürdü. 2008-2013-cü illər ərzində Azərbaycanın sürətli iqtisadi inkişafı artıq 2013-cü ildə cənab Prezidentə yeni platformasında Azərbaycanın dünyaya sosial dövlət kimi təqdim edilməsi məsələsini bəyan etməyə imkan verdi”.

S.Müslümov qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən ölkədə həyat səviyyəsinin yüksəldilməsi istiqamətində aparılan uğurlu siyasət sosial cəhətdən həssas əhali qruplarına dövlət qayğısının mütəmadi şəkildə artırılması, sosial təminat sisteminin daha geniş əhali kateqoriyalarına yönəldilməsi ilə müşayiət olunub: “Qeyd edim ki, son on ildə sosial müdafiə və sosial təminat xərcləri 8 dəfə artıb. Bu gün Azərbaycan kifayət qədər geniş əhali kateqoriyalarını əhatə edən sosial təminat sisteminə malik bir ölkə kimi seçilir və həssas əhali qruplarına münasibətdə Azərbaycan dövlətinin mövqeyi qlobal miqyasda ən humanist yanaşmalara əsaslanması ilə diqqəti cəlb edir”.

Konfransa yekun vuran YAP Sədrinin müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov tədbir iştirakçılarını qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib. 2015-ci ilin Azərbaycan üçün vacib il olacağını deyən Əli Əhmədov gələn il Bakı şəhərində ilk Avropa Oyunlarının keçiriləcəyini və bunun böyük tarixi hadisə olacağını vurğulayıb.

Nardar BAYRAMLI

Yeni Azərbaycan.- 2014.- 25 dekabr.- S.4-5.