Azərbaycan-GUAM əməkdaşlığı
bütün sahələri əhatə edir
Gələn il ölkəmiz bu qurumun daha bir tədbirinə ev sahibliyi edəcək
Bir neçə gün öncə Ukraynanın paytaxtı Kiyevdə, GUAM Katibliyində kibertəhlükəsizlik üzrə işçi qrupunun birinci iclası keçirilib. Bu barədə AzərTAc-a qurumun Ukrayna paytaxtındakı qərargahından məlumat verilib. Məlumatda deyilir ki, ikigünlük müşavirədə Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilatın - GUAM-ın üzvü olan bütün ölkələrin nümayəndələri iştirak ediblər.
Tərəflər kibercinayətkarlığa qarşı mübarizə ilə bağlı məsələlərin geniş spektrini, o cümlədən, milli qanunvericiliyi, operativ vəziyyəti müzakirə edib, habelə həmin sahədə informasiya mübadiləsi aparıblar. İşçi qrupunun növbəti iclası da 2015-ci ilin aprelində Ukrayna paytaxtında keçiriləcək.
Onu da qeyd etmək yerinə düşər ki, Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilatın - GUAM-ın fəaliyyətində və beynəlxalq əlaqələrinin inkişafında Azərbaycan Respublikasının da özünəməxsus rolu var. Daha doğrusu, Azərbaycan Respublikası təşkilatın üzvü kimi bu prosesdə fəal rol oynayır. Ümumiyyətlə isə, Azərbaycan Respublikası xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla qarşılıqlı və bərabərtərəfli əməkdaşlıq qurub. Bu əməkdaşlıq isə əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən xarici siyasət kursunun mühüm komponentini təşkil edir. Məhz bu siyasətin uğurla reallaşdırılması nəticəsində Azərbaycan Respublikası bir çox nüfuzlu beynəlxalq təşkilatların tamhüquqlu üzvlüyünə qəbul edilib və həmin qurumların kürsülərindən geniş istifadə edilərək ölkəmiz haqqında həqiqətlər dünya ictimaiyyətinə çatdırılıb. Belə beynəlxalq qurumlardan biri də Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat - GUAM-dır. Hazırda Azərbaycan Respublikası ilə Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat - GUAM arasındakı əlaqələr yüksələn xətlə inkişaf edir. Əksər ekspertlərin də vurğuladıqları kimi, bu da təbiidir. Belə ki, yuxarıda da vurğuladığımız kimi, balanslaşdırılmış xarici siyasət kursuna üstünlük verən Azərbaycan Respublikası müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində uğurlu münasibətlər yaradıb. Bu mənada respublikamızın yüksək səviyyəli əlaqələr formalaşdırdığı Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat - GUAM da beynəlxalq qurumlar içərisində özünəməxsus əhəmiyyətə malikdir. Hazırda Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanı birləşdirən bu təşkilatın əsası 1997-ci il oktyabrın 10-da Strasburqda Birgə Kommunikenin imzalanması ilə qoyulub. Həmin Kommunikedə dövlət başçıları suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, demokratiya, hüququn aliliyi və insan hüquqlarına hörmət prinsipləri əsasında Avropada sabitliyin və təhlükəsizliyin gücləndirilməsi məqsədilə dördtərəfli əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar. Qeyd edək ki, 1999-2005-ci illər ərzində Özbəkistan da bu təşkilata üzv olub. Təsadüfi deyil ki, bundan sonra təşkilatın formalaşdırılması və təsisatlaşdırılması istiqamətində bir-birinin ardınca mühüm addımlar atılıb.
Belə ki, 2001-ci il iyun ayının 7-də GUAM-ın ilk Zirvə toplantısı Yaltada təşkil olunub. Toplantıda dövlət başçıları tərəfindən imzalanan GUAM-ın “Yalta Xartiyası” iştirakçı dövlətlər arasında əməkdaşlığın məqsədlərini, prinsiplərini və istiqamətlərini müəyyənləşdirib. Bundan 4 il sonra təşkilatın Kişineuda baş tutan Zirvə toplantısı üzv dövlətlərin demokratik cəmiyyət, Avropaya inteqrasiya, iqtisadi inkişaf, regionda sabitlik və təhlükəsizlik məsələlərinə dair vahid mövqeyini ortaya qoyub. 2006-cı il 22-23 may tarixində gerçəkləşən Kiyev Zirvə toplantısı isə GUAM üçün daha bir əlamətdar hadisə olan təşkilatın Nizamnaməsinin qəbulu ilə yadda qalıb. Bildirmək yerinə düşər ki, bu təşkilatın əsas yaranma tarixi də, əslində, elə həmin dövrdən hesablanır. Nizamnaməyə görə, demokratik dəyərlərin bərqərar olması, davamlı inkişafın təminatı, beynəlxalq və regional təhlükəsizliyin gücləndirilməsi, Avroatlantik məkana inteqrasiya, üzv dövlətlərin iqtisadi, humanitar və sosial sahələrdə əməkdaşlığının genişləndirilməsi təşkilatın başlıca məqsədlərini təşkil edir. GUAM dövlət başçıları tərəfindən Kiyev Zirvə toplantısında qəbul olunan Bəyannamədə təşkilatın qarşısında dayanan əsas məqsəd və vəzifələr müəyyənləşdirilib. Təşkilatın qarşısında duran əsas vəzifələr sırasında demokratiyanın möhkəmləndirilməsi, əsas insan hüquqları və azadlıqlarının qorunması, dövlətlərin iqtisadi inkişafının, təhlükəsizliyinin və sabitliyin təmin olunması məqsədilə qarşılıqlı əlaqələrin gücləndirilməsini göstərmək olar. Təşkilatın adından da göründüyü kimi, üzv dövlətlər arasında iqtisadi əlaqələrin sıxlaşdırılması və qlobal iqtisadi proseslərdəki rolunun möhkəmləndirilməsi qurumun prioritetləri sırasındadır. Bu baxımdan, Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilata - GUAM-a üzv dövlətlərin beynəlxalq tranzit potensialından istifadə olunması, enerji təhlükəsizliyi sahəsində səylərin artırılması, iqtisadiyyat, ticarət və nəqliyyat sahəsində əməkdaşlığın dərinləşdirilməsi, həmçinin, Azad Ticarət Zonası haqqında üzv dövlətlər arasında imzalanan Sazişin həyata keçirilməsi və digər məsələlər Bəyannamədə də öz əksini tapıb. Bir daha vurğulamaq yerinə düşər ki, Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat - GUAM yarandığı vaxtdan Azərbaycan Respublikası bu qurumla və onun çərçivəsində üzv dövlətlərlə sıx əlaqələr qurub. Bu da səbəbsiz deyil. Məsələ burasındadır ki, sonradan üzv olduğu digər təşkilatlardan fərqli olaraq, Azərbaycan Respublikası Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilatın - GUAM-ın yaradılmasında bilavasitə iştirak edib. Həmin dövrdə gənc müstəqil dövlət olan Azərbaycan Respublikasının seçdiyi demokratik inkişaf yolunda inamla irəliləməsini, beynəlxalq mövqeyinin möhkəmlənməsini qarşıya prioritet məqsədlərdən biri kimi qoyan Ümummilli lider Heydər Əliyev belə bir təşkilatın yaradılmasını yüksək qiymətləndirərək onun gələcəyinə böyük ümidlər bəsləndiyini bildirmişdi.
Ümumiyyətlə, Ümummilli liderimiz Heydər Əliyevin Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilatın - GUAM-ın yaradılması və inkişaf etdirilməsində əvəzsiz xidmətləri olub. Ümummilli liderimiz təşkilatın tarixində olduqca əhəmiyyətli hesab edilən 24 aprel 1999-cu il tarixli Vaşinqton Zirvə görüşündə, 2001 və 2002-ci illər Yaltada keçirilən Zirvə toplantılarında şəxsən iştirak edib. 1999-cu il aprelin 24-də keçirilən Vaşinqton Zirvə görüşündən sonra Ulu öndər Heydər Əliyev kütləvi informasiya vasitələrinin nümayəndələri qarşısındakı çıxışı zamanı təşkilatın beynəlxalq siyasi, iqtisadi əhəmiyyətini vurğulayaraq əlavə edib: “...Biz təşkilatımızın keçən vaxt ərzindəki fəaliyyətini müzakirə etdik və təsdiq etdik ki, ötən müddət təşkilatın zəruriliyini və həyat qabiliyyətinə malik olduğunu göstərmişdir. Təşkilat hər şeydən öncə coğrafi prinsipə əsaslanır, ona daxil olan ölkələrin iqtisadi əməkdaşlığı və daha çox Trans-Qafqaz magistralı vasitəsilə əməkdaşlığı məqsədlərinə xidmət edir”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də ölkəmizlə Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat - GUAM arasındakı əlaqələri daim diqqət mərkəzində saxlayır. Belə ki, dövlət başçısı təşkilatın Zirvə görüşlərində yaxından iştirak etməklə bərabər, üzv dövlətlərlə təşkilat çərçivəsində hərtərəfli əlaqələrin inkişafı yönündə addımlar atır.
Bildirmək yerinə düşər ki, Azərbaycan Respublikası bu vaxta qədər Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilata - GUAM-a üç dəfə sədrlik edib.
Azərbaycan Respublikasının təşkilata son sədrliyi dövründə əsas prioriteti Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat - GUAM məkanında münaqişələrin həlli, hüquq-mühafizə sahəsində əməkdaşlıq, beynəlxalq təşkilatlar çərçivəsində işbirliyi, GUAM çərçivəsində parlamentlərarası əməkdaşlığın inkişafı olub. Onu da xatırladaq ki, Azərbaycan Respublikasının Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilata - GUAM-a sədrliyi ilə bağlı qərar 2011-ci il dekabrın 7-də GUAM Xarici İşlər Nazirləri Şurasının Vilnüsdə keçirilən toplantısında qəbul olunub. Azərbaycanı sözügedən iclasda xarici işlər naziri Elmar Məmmədyarov təmsil edib. Görüşdə Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze, Moldovanın xarici siyasət idarəsinin rəhbəri Yurie Lyanke, Ukraynanın Litvadakı səfiri Valeri Jovtenko, Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilatın - GUAM-ın baş katibi Valeri Çeçelaşvili iştirak ediblər.
Beləliklə, Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilatın - GUAM-ın baş katibi Valeri Çeçelaşvilinin də bəyan etdiyi kimi, Azərbaycan Respublikasının qurumdakı növbəti sədrliyi dövrü də uğurlu keçib. Baş katib deyib ki, Azərbaycan Respublikasının sədrliyi dövründə mühüm işlər görülüb. Onun sözlərinə görə, mühüm işlərdən biri 2012-ci il dekabrın əvvəlində Dublində keçirilən GUAM Xarici İşlər Nazirləri Şurasının iclası olub. “Azərbaycanın sədrliyinin son uğuru isə dekabrın 18-də Nyu-Yorkda GUAM və BMT arasında əməkdaşlıq üzrə qətnamənin konsensus yolu ilə qəbul olunmasıdır ki, bu da təşkilatın beynəlxalq münasibətlər sistemindəki nüfuzunu möhkəmləndirir”, - deyə Çeçelaşvili əlavə edib. Əksər müşahidəçilərin qeyd etdikləri kimi, Azərbaycan Respublikasının bundan əvvəl Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilata - GUAM-a sədrlik etdiyi dövr də təşkilatın inkişafı baxımından mühüm bir mərhələni təşkil edib. Xatırladaq ki, Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilata - GUAM-da Azərbaycan Respublikasının ilk sədrliyi 19 iyul 2007-ci ildə Bakı Zirvə toplantısından başlayaraq 1 iyul 2008-ci il Batumi Zirvə toplantısınadək davam edib.
“GUAM: qitələri birləşdirərək” şüarı altında keçirilən Bakı Zirvə toplantısı təşkilatın inkişafının uzunmüddətli prioritetlərini müəyyən edərək onun institusional cəhətdən möhkəmlənərək tərəfdaş ölkələrlə “GUAM+” formatında əməkdaşlığının üstünlüklərini nümayiş etdirib. Azərbaycan Respublikasının sədrlik proqramında əksini tapmış sözügedən strateji istiqamətlər təşkilatın 2007-2008-ci illər üçün fəaliyyət istiqamətlərinin əsasını təşkil edib. Azərbaycan Respublikasının sədrliyi üzv dövlətlərin və Katibliyin əlaqələndirilmiş səyləri nəticəsində GUAM-ın beynəlxalq mövqeyinin möhkəmlənməsi və təşkilatın keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyması ilə yadda qalıb.
Eyni zamanda, Bakıdakı Zirvə toplantısının əsas ideyasını təşkil edən regionda ümumi inteqrasiya və təhlükəsizlik məkanının yaradılması ideyası Azərbaycanın sədrliyinin başlıca vəzifəsi idi. Bu ideyadan irəli gələrək sədrlik edən ölkənin diqqəti GUAM-ın regional əhəmiyyətinin möhkəmləndirilməsinə və ona beynəlxalq dəstəyin gücləndirilməsinə, üzv dövlətlərin ümumi maraqlarının konsolidasiyasına və təşkilat daxilində əməkdaşlıq sisteminin inkişaf etdirilməsinə yönəldildi. Azərbaycanın təşkilata sədrliyini əlamətdar edən daha bir hal isə Bakı Zirvə toplantısında GUAM Dövlət Başçıları Şurası tərəfindən təşkilat çərçivəsində sahələr üzrə əsas əməkdaşlıq istiqamətlərini müəyyənləşdirən GUAM-ın Sahəvi Əməkdaşlığının İnkişafı Strategiyasının qəbul edilməsi oldu. Qeyd edək ki, Azərbaycan Respublikasının təşkilata birillik sədrliyi kifayət qədər aktiv keçib. Bunun bariz nümunəsi kimi, Bakı Zirvə toplantısından sonra 27 sentyabr 2007-ci il tarixində Nyu-Yorkda keçirilən GUAM Xarici İşlər Nazirləri Şurasının iclasını, GUAM-ABŞ və GUAM-Polşa görüşlərini, 10 oktyabr 2007-ci il tarixli “GUAM+” formatında Vilnüsdə təşkilatın onilliyinə həsr olunmuş Zirvə toplantısını, 30 oktyabr 2007-ci il tarixli Vaşinqtonda baş tutan GUAM-ABŞ görüşünü, 29 noyabr tarixli Madriddə keçirilən GUAM Xarici İşlər Nazirləri Şurasının növbəti iclasını, 29-30 may 2008-ci il tarixində Bakıda keçirilən “GUAM-ın inkişaf strategiyası” beynəlxalq konfransını və digər tədbirləri göstərmək olar.
Azərbaycan Respublikası Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilatın - GUAM-ın bütün, o cümlədən, təşkilatın nəqliyyat-enerji layihələrində fəal iştirak edir. Qeyd etdiyimiz kimi, Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat - GUAM çərçivəsində həyata keçirilən layihələr içərisində dövlətlər arasında ticarət münasibətlərinin inkişafına təkan vermək məqsədilə Azad Ticarət Zonasının yaradılması ən sərfəli layihə hesab olunur. Bu layihə təşkilata daxil olan ölkələr arasında ticarət əlaqələrinin genişləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Azad iqtisadi zonaların isə tam şəkildə fəaliyyət göstərməsi Dünya Ticarət Təşkilatının irəli sürdüyü təkliflərə uyğun olmaqla liberal vergi-gömrük rejiminin yaradılmasına imkan verəcək. Bu isə Avroatlantik məkana inteqrasiya, iqtisadi islahatlar, iqtisadi potensialın güclənməsi, insanların həyat səviyyəsinin yüksəldilməsi kimi əsas məqsədlərə çatmağa xidmət edəcək. Digər tərəfdən, Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat - GUAM-a üzv ölkələr arasında yaradılacaq azad ticarət mühiti qeyri-qanuni ticarətin qarşısını almaqda xeyli faydalı olacaq.
Son illər görülən tədbirlər nəticəsində Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilata - GUAM-a üzv ölkələr arasında ticarət dövriyyəsinin həcmi dəfələrlə artıb. 2008-ci ildə Bakıda keçirilən “GUAM-ın inkişaf strategiyası” adlı beynəlxalq konfrans çərçivəsində təşkilata üzv ölkələrin bank assosiasiyalarının Koordinasiya Şurasının yaradılmasına dair saziş imzalanıb. Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın bank assosiasiyalarının prezidentləri tərəfindən imzalanan saziş əsasında Şuranın yaradılmasında əsas məqsəd ödəmə-hesablama alətləri və valyuta-kredit münasibətlərindən daha səmərəli istifadə yolu ilə GUAM ölkələri təsərrüfat subyektlərinin ticari-iqtisadi, elmi-texniki və investisiya əməkdaşlığının inkişafından ibarətdir. Qeyd edək ki, Şuranın fəaliyyəti, əsasən, yüksək keyfiyyətli bank xidmətlərinin genişləndirilməsinə, GUAM iqtisadi məkanında mal, xidmət və kapital dövriyyəsinin formalaşdırılmasına yönəldilir.
Azərbaycan Respublikası Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilata - GUAM-a üzv olan ölkələr arasında enerji dəhlizinin yaradılması istiqamətində gedən proseslərdə də olduqca aktivdir. Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu çoxşaxəli və uğurlu enerji siyasəti, eləcə də, Azərbaycan Respublikasının bütün tərəfdaşları ilə azad bazar iqtisadiyyatı prinsipləri əsasında qurduğu münasibətlər təşkilatın dünya iqtisadiyyatındakı yerinin möhkəmlənməsinə müsbət təsir göstərib. Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilatın-GUAM-ın nəqliyyat dəhlizi hesabına Azərbaycanda hasil olunan neftin bir hissəsi Gürcüstan ərazisindən keçməklə Ukraynaya çatdırılıb. Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat - GUAM daxilindəki enerji dəhlizinin daha bir komponenti isə sıxılmış və maye halına salınmış qazın nəqli ilə bağlıdır. Göründüyü kimi, enerji sahəsində Azərbaycan - GUAM əlaqələri təşkilata üzv ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasında vacib rol oynayır. Bununla da Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilatın - GUAM-ın Avropa ilə Asiya arasında tranzit enerji dəhlizi kimi strateji rolu əhəmiyyətli dərəcədə möhkəmlənib.
Vurğulandığı kimi, Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat - GUAM dövlətlərin ərazi bütövlüyünün pozulması, həmçinin, təcavüzkarlıq hallarını pisləyərək terrorçuluq, ekstremizm, aqressiv separatçılıq, işğal və bunlarla bağlı digər mənfi hallara qarşı mübarizə sahəsində əməkdaşlığa böyük önəm verir. GUAM-ın Parlament Assambleyasının (PA) Moldovanın paytaxtında keçirilən VII iclasında da bu kimi hallara qarşı mübarizənin vacibliyi bəyan edilib. GUAM-la yanaşı, Baltik Assambleyasının üzvü olan ölkələrin, Polşa Respublikası Seyminin parlament nümayəndə heyətlərinin rəhbərləri və üzvlərinin, QDİƏT PA, TürkPA və Vışeqrad Qrupunun təmsilçilərinin də iştirak etdikləri iclasın yekunlarına görə, GUAM PA-nın rəsmi məlumatına əsasən, habelə GUAM PA, Baltik Assambleyası və Polşa Respublikasının parlament nümayəndə heyəti arasında Birgə bəyanat qəbul edilib. Rəsmi məlumatda vurğulanır ki, GUAM-ın üzvü olan ölkələrin həmrəyliyinin möhkəmlənməsi, onların ümumi mənafeləri prinsipial və ardıcıl surətdə qorumağa hazır olması, habelə beynəlxalq məkanda bir-birini dəstəkləməsi birinci dərəcəli məsələdir. GUAM PA qurumun məkanındakı münaqişələrin həllini tapmamasından son dərəcə narahat olduğunu təsdiq edərək, dövlətlərin başqa bir dövlətin daxili işlərinə qarışmamaq üzrə öhdəliklərini xatırladıb.
GUAM PA əmin olduğunu bildirib ki, GUAM məkanında münaqişələrin həlli BMT-nin üzvü olan ölkələrin suverenliyinin, ərazi bütövlüyünün və beynəlxalq səviyyədə tanınan sərhədlərinin pozulmazlığı əsasında və kənardan neqativ təsir olmadan həll edilməlidir. Sənəddə vurğulanır ki, dövlətin ərazisi ələ keçirilmə və ya zor ilə təhdidin, yaxud müvafiq beynəlxalq hüquq normalarını pozaraq onun tətbiqinin nəticəsi olan hərbi işğal obyekti ola bilməz. Hərbi əməliyyatlar, yaxud hər hansı təzyiq nəticəsində ələ keçirilən heç bir ərazi heç bir halda qanuni sayıla bilməz.
Yeri gəlmişkən, sözügedən məsələ dekabrın əvvəllərində İsveçrənin Bazel şəhərində də müzakirə olunub. Məlumat üçün bildirək ki, Bazel şəhərində ATƏT iştirakçısı olan dövlətlərin Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 21-ci iclası çərçivəsində GUAM üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının 24-cü iclası keçirilib. İclasda ölkəmizi Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri Elmar Məmmədyarov təmsil edib.
XİNŞ hazırda GUAM-da sədrlik edən Moldovanın “GUAM məkanında uzanan münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişaf üçün doğurduğu nəticələr” (“Protracted conflicts in the GUAM area and their implications for international peace, security and development”) adlı qətnamənin layihəsinin irəlilədilməsi üzrə aparılmış iş barədə təqdim etdiyi informasiyanı nəzərə alıb. Tərəflər GUAM məkanındakı münaqişə zonalarında son hadisələrlə əlaqədar fikir mübadiləsi aparıb, bu ölkələrin suverenliyinə və onların beynəlxalq miqyasda tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə qarşı yönəlmiş hərəkətləri pisləyiblər.
Sonda onu qeyd edək ki, dekabrın 17-18-də Ukraynanın Odessa şəhərində Demokratiya və İqtisadi İnkişaf uğrunda Təşkilatın - GUAM-ın (DİİT-GUAM) ticarətə və daşınmaya dəstək layihəsinin (TDDL) icrası üzrə rəhbər komitənin 21-ci iclası keçirilib. Qurumun Kiyevdəki qərargahından AzərTAc-a bildiriblər ki, iclasda quruma üzv ölkələrin, habelə Katibliyinin nümayəndələri iştirak ediblər. Tərəflər TDDL-in rəhbər komitəsinin 21-ci iclasının gündəliyini təsdiq edib, DİİT-GUAM-ın iştirakçısı olan ölkələrin ticarətə və nəqliyyata dəstək layihəsinin icrasının gedişatı, “GUAM-ın üzvü olan ölkələrin gömrük administrasiyaları arasında GUAM ölkələrinin dövlət sərhədlərindən keçən mallar və nəqliyyat vasitələri haqqında ilkin informasiya mübadiləsinin təşkili barədə Protokol”un mətni, habelə “GUAM-ın üzvü olan ölkələrin administrasiyaları arasında mallara və nəqliyyat vasitələrinə gömrük nəzarətinin ayrı-ayrı nəticələrinin qarşılıqlı surətdə qəbul edilməsi haqqında Protokol” layihəsi ilə bağlı məsələləri nəzərdən keçiriblər.
İclas iştirakçıları Dünya Gömrük Təşkilatının metodologiyası üzrə “Time Release Study” layihəsinin milli səviyyədə tətbiqi haqqında Azərbaycan tərəfinin informasiyasını dinləyiblər. TDDL-in rəhbər komitəsinin növbəti iclası 2015-ci ilin birinci yarısında Azərbaycanda keçiriləcək.
Mübariz ABDULLAYEV
Yeni Azərbaycan.- 2014.- 27 dekabr.- S.7.