Təsəllimiz budur ki...

 

Peşəkar qadın jurnalistlərin sırasından bir nəfər də azaldı. Bakı Dövlət Universitetini (o zamankı Azərbaycan Dövlət Universitetini) bitirən ilk jurnalist qızlar dəstəsindən olan, 40 il də “Azərbaycan müəllimi” qəzetində çalışan, qabaqcıl maarif xadimi, Əməkdar mədəniyyət işçisi Tükəzban Əsədova dünyasını dəyişdi.

Hər bir itki ağırdır. Ələlxüsus da sənin doğman, əzizin, yaxından tanıdığın, birlikdə təhsil aldığın, işlədiyin insan bu dünyadan köç edəndə... Tükəzban Əsədova ilə yoldaşı, həmkar olmuşuq. Neçə illər “Azərbaycan müəllimi” qəzetində çiyin-çiyinə çalışmışıq. Azərbaycan təhsilinin və elminin inkişafı, Azərbaycan müəllimlərinin gərgin əməyinin işıqlandırılması, böyüməkdə olan nəslin layiqli insan və vətəndaş kimi yetişməsi yolunda birgə addımlamışıq. Mən Tükəzban xanımı bu sənət yollarında tanımışdım.

1970-ci illərin sonunda biz universiteti bitirib jurnalist diplomu ilə redaksiyalara gələndə Tükəzban Əsədova artıq respublikanın pedaqoji, elmi ictimaiyyətinə, “Azərbaycan müəllimi” qəzetinin çoxsaylı oxucularına yaxşı tanış olan bir yazar idi.

Mən də “Azərbaycan müəllimi”nə elə o vaxt gəlmişdim - 70-ci illərin sonunda. Tükəzban xanımla xeyli yaş fərqimiz var idi. Amma davranışındakı sadəlik, mehribanlıq elə ab-hava yaradırdı ki, onun yaşına, həyat təcrübəsinə görə bizdən böyük olmasından sıxılmırdıq. Bütün bunlarla yanaşı, Tükəzban Əsədova işinə, özünə tələbkarlıqla yanaşan, redaksiyadan, redaktordan aldığı hər tapşırığa görə məsuliyyət hissi keçirən və onu layiqincə yerinə yetirməyə çalışan bir jurnalist idi. O, bizə hər xırda işə belə ciddi yanaşmaq nümunəsi göstərirdi.

İllər keçdikcə mən Tükəzban xanımı daha yaxından tanıdım. Ara-sıra həyatına aid dilindən eşitdiyim hadisələr, hərdən “vərəqlədiyi xatirə dəftəri” onun keçdiyi ömür yolu barədə çox söz deyirdi.

Tükəzban Əsədovanın şəxsi həyatı haqqında ilk bildiklərimdən biri bu oldu ki, o, şair Sərdar Əsədin ömür-gün yoldaşıdır. O zaman, biz birlikdə işləməyə başlayanda Sərdar müəllim artıq bir neçə il idi həyatdan köçmüşdü. Tükəzban xanım ailənin yadigarı olan üç övladını tək böyüdürdü.

Bir tərəfdən, ağır itkinin sağalmayan göynərtisi, ağrısı, digər tərəfdən, üç uşağı oxutmaq, yedizdirmək, geyindirmək... Kimdeyir desin, amma çörəyini qələmlə qazanan bir qadın üçün bu, çox ağır yük idi. Tükəzban xanımı övladları ilə bağlı ən çox düşündürən başqa bir məsələ də var idi. Gecə-gündüz çalışırdı ki, uşaqları heç bir yad təsirə uymasınlar, başlarını aşağı salıb təhsilləri ilə məşğul olsunlar, təmiz insan, layiqli vətəndaş kimi böyüsünlər. Bütün bu hissləri o, ümumiyyətlə, gənc nəslin nümayəndələrinin hamısına bəsləyirdi. Təsadüfi deyil ki, yaşadığı ana hissləri, uşaqlara bəslədiyi münasibət “Azərbaycan müəllimi” qəzetinin şöbə müdiri olaraq onun yazılarında da öz əksini tapırdı.

Çox keşməkeşli həyat yolu keçmişdi Tükəzban Əsədova. Necə deyərlər, həyatın hər üzünü görmüşdü. Ömründə sevinci, fərəhi, səadəti də az olmamışdı, çox təəssüf ki, kədəri də...

1930-cu ildə Bakı şəhərində dünyaya göz açmışdı. Uşaqlığı çətin dövrə düşmüşdü. Kollektivləşmə, “qolçomaqlar”ın bir sinif kimi ləğv edilməsi, 37-ci və sonrakı illərin repressiyaları o nəslin heç bir nümayəndəsinin həyatından yan keçməmişdi. Tükəzbangilin də varlı-hallı, mülk, karvansara, dükan sahibi olan atası çərxi-fələyin hökmü ilə fəhləlik etmək məcburiyyətində qalmışdı. Çünki ailəsini dolandırmalı idi, uşaqlarına korluq vermək istəmirdi. Tükəzban xanım atasını kövrəkliklə xatırlayanda üzünü belə görmədiyi iki əmisi barədə də danışırdı. Atasının iki qardaşını erməni vandalları 1918-ci ilin qanlı olayları zamanı vəhşicəsinə öldürmüşdülər.

O, həmin illəri belə xatırlayırdı:

- 1938-ci ildə anam məni məktəbə yazdırdı. Bakıdakı 176 nömrəli məktəbdə oxuyurdum. 1941-ci ilin yazında üçüncü sinfi bitirdim. Lakin növbəti dərs ilində mənə məktəbə getmək qismət olmadı. Çünki 1941-ci il iyunun 22-də müharibə başlamışdı. Kişilər, cavan oğlanlar bəzən heç çağırışı gözləmədən cəbhəyə yola düşürdülər. Qadınlar, qızlar, yeniyetmə oğlanlar müəssisələrdə, kənd yerlərində isə tarlalarda kişiləri əvəz edirdilər. Ölkə çox böyük iqtisadi və canlı qüvvə bahasına qalib gəldi.

Tükəzban xanım 1945-ci ilin 9 may gününü həyatının ən xoş anlarından biri kimi xatırlayırdı. Söyləyirdi ki, həmin gün Bakının qocadan tutmuş uşağadək bütün sakinləri Dənizkənarı parka axışmışdı. Bir-birini tanımayan insanlar öpüşüb-görüşür, hamıya gözaydınlığı verirdilər. Birdən toplardan yaylım atəşi açıldı, ətrafa qəribə işıq saçıldı. Onda yaman qorxmuşdum. Lakin atam məni sakitləşdirib bütün bunların Qələbə münasibəti ilə olduğunu dedi. Həmin gün 30 yaylım atəşi açıldı.

Nəhayət, 1950-ci ildə Tükəzban Bakıdakı Qızlar Məktəbini bitirir. Sənədlərini Azərbaycan Dövlət Universitetinə verir. Jurnalistika fakültəsinə qəbul edilir. 1954-cü ildə isə artıq ali təhsilli jurnalist kimi “Azərbaycan müəllimi” qəzetində əmək fəaliyyətinə başlayır.

O zaman redaksiya cəmi iki otaqda yerləşirmiş. Amma kollektiv çox sanballı insanlardan, istedadlı yazarlardan ibarət olduğundan burada həmişə mehribanlıq, işçilərin bir-birinə yaxşı münasibəti hökm sürürmüş. Tükəzban xanım o illəri də, o insanları da minnətdarlıqla, məmnunluqla xatırlayırdı.

1956-cı ildə Tükəzban xanım öz qələm yoldaşı Sərdar Əsədlə ailə həyatı qurmuşdu. O vaxt həyat yoldaşı “Ədəbiyyat və incəsənət” qəzetində işləyirmiş. İlk vaxtlar kirayədə yaşayıblar. Sərdar müəllim SSRİ Yazıçılar İttifaqının üzvü olduğundan ailəsinin vəziyyəti nəzərə alınaraq ona birotaqlı mənzil veriblər. 1965-ci ildə isə ailə ona verilən təzə üçotaqlı mənzillə sevindi. Elə bil hər yoluna düşmüşdü. Ər-arvad hər ikisi işləyir, üç övlad - oğlanları Qoşqar və Yaşarı, qızları Naziləni xoşbəxt böyüdürdülər.

Lakin 1975-ci ilin iyun ayında ailəyə bədbəxtlik üz verdi, Sərdar müəllim dünyasını dəyişdi. İtki nə qədər ağır olsa da, dediyimiz kimi, Tükəzban xanımı sındıra bilməmişdi. O, əvvəlki qayda ilə sevimli işi ilə məşğul olurdu. “Azərbaycan müəllimi”ndə çalışır, qəzetin uğurla çıxmasına öz töhfəsini verir və uşaqlarını böyüdürdü. Deyirdi ki, həyat yoldaşını itirdikdən sonra ağbirçək anası öz müdrikliyi, öyüd-nəsihəti və əməli köməyi ilə ona ən birinci dəstəkçi olub.

40 il respublikanın aparıcı, sayılıb-seçilən mətbu orqanlarından olan “Azərbaycan müəllimi” qəzetində çalışan bu jurnalist xanımın əməyini dövlət yüksək qiymətləndirib. Əvvəlcə qabaqcıl maarif xadimi adına, 1977-ci ildə “SSRİ-nin maarif əlaçısı” döş nişanına layiq görülüb.

Tükəzban Əsədova 1984-cü ildən SSRİ Jurnalistlər İttifaqının üzvü idi. Mətbuatda çoxillik və səmərəli fəaliyyətinə görə 1985-ci il mayın 15-də respublika Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Azərbaycanın Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdü. 1986-cı il aprelin 30-da isə “Əmək veteranı” medalı ilə təltif olunmuşdu.

Mətbuatdan, sevimli qəzetindən ayrılmaq Tükəzban xanım üçün çətin idi. Amma hər yaşın bir diktəsi, hər zamanın bir hökmü var... Bu da son ayrılıq...

İstər-istəməz Tükəzban xanımın bir neçə il əvvəl 8 Mart bayramında “Azərbaycan” qəzetində dərc olunmuş məqaləsindəki sözləri xatırlayıram: “Azərbaycan qadını həmişə mərdliyi, ailəcanlı olması, sədaqəti ilə seçilib, fərqlənib, başqalarına nümunə olub. Bütün qadınlarımıza xoşbəxt analıq, mehriban ailə arzulayıram. Vətənimiz gözəldir, əmin-amanlıqdır. Zəngin həyat yaşamaq üçün hər cür şərait var. Gənc qızlarımıza tövsiyəm budur ki, səbirli olsunlar, həyatın çətinliklərindən qorxmasınlar. Qurduqları ailənin qədrini bilsinlər”.

Tükəzban Əsədovanın özü məhz belə xanımlardan idi. Həyatı boyu sevinc və kədər onunla qoşa addımlamışdı. Lakin Tükəzban xanım nikbinliyini əldən verməmiş, həyatın işıqlı tərəfini tutaraq irəliyə doğru getmişdi. Xalqından, oxucularından güc alıb, gözəl balalarından fərəh duyub yaşayırdı bu xanım. Nəvələri onun üçün bir dünyalıq sevinc idi. Onlardan birinə babası Sərdarın adını vermişdi...

84 yaşında da yaşamaq həvəsi tükənməmişdi. Deyirdi ki, məni yaşadan, qocalmağa, gücdən-taqətdən düşməyə qoymayan övladlarımın, nəvələrimin istədiyim kimi yaxşı insan olması, həyatda özlərinə yer tutması və təbii ki, mənə bəslədikləri münasibətdir.

Bizim isə çıxardığımız nəticə budur ki, Tükəzban xanımın zəhməti hədər getməmişdi, deməli, əbəs yaşamamışdı bu dünyada. Ona görə məzarda da rahat uyuyacaq. Elə bizlərə - onu yaxından tanıyanlara, sevənlərə, hörmət bəsləyənlərə təsəlli olan da budur.

 

İ.ƏLİYEVA,

Əməkdar jurnalist

 Yeni Azərbaycan.- 2014.- 27 dekabr.- S.7.