Hər şey Azərbaycanımız və mədəniyyətimiz üçün...

 

Əlixan Səmədov: Ən böyük sevinciqüruru Vətənin, xalqın verdiyi dəyər yaşada bilir

 

Xəbər verdiyimiz kimi, dekabrın 18-də Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə bir qrup mədəniyyət xadimi müxtəlif fəxri adlara layiq görülüb. Dövlət başçısının sözügedən Sərəncamı ilə məşhur balaban ustası Əlixan Səmədov da Əməkdar artist fəxri adını alıb. Ə.Səmədovla müsahibəmizdə Azərbaycan mədəniyyətinin təbliği istiqamətində görülən işlər, balaban alətinin tarixi keçmişi və digər məsələlərə toxunduq.

- Əlixan müəllim, bu gün ermənilər Azərbaycanın qədim musiqi aləti balabana da sahiblənmək üçün absurd iddialar irəli sürüblər. Bir vaxtlar Habil Əliyevin onların kamançaya iddialarını alt-üst etdiyi kimi, sizinbalaban iddialarının qarşısını kəsməyə gücünüz yetəcəkmi?

- Mən düşünmürəm ki, burada isbat etmək üçün nəsə əlavə fakta, dəlilə ehtiyac olsun. Biz saz deyirik və həmən balaban göz önünə gəlir, çünki bu iki musiqi aləti bərabər ifa olunub. Bu, sizə balabanın milliyyəti və tarixi barədə yetərincə məlumat verir. Sadəcə, hər millət öz dəyərinə məntiqlə, boşluq buraxmadan sahib çıxmalıdır. Bu gün dünyadakı qloballaşma prosesində hər millət öz mədəniyyətinin qədimiliyi ilə qiymətləndirilir. Bu baxımdan tanıtım, təbliğat çox önəmlidir. Mənə gəlincə, sadəcə, öz vətəndaşlıq borcumu yerinə yetirirəm və əlimdən gəldiyi qədər balabanı dünya miqyasında təbliğ etməyə çalışıram. Bir sənətkar kimi balaban mənim həyatımın qayəsidir və özümü onsuz təsəvvür edə bilmirəm.

- Fiziki deyil, fitri gücün önəm daşıdığı bu döyüşdə heç ermənilərlə qarşılaşdığınız olub mu?

- İnanırsınız ki, ermənilər mənim konsertlərimə gəlirlər.

- Ümid edirik ki, mübahisələriniz düşmür. Axı onlar harda danışmaq, harda susmaq, harda yaltaqlıq etmək, harda qəddar davranmağın ustasıdırlar. Neytral bir ortamda çox anlayışlı, əllərinə fürsət düşəndə qəddar, həqiqəti gözlərinə soxanda isə lal olurlar.

- Mən təkcə ermənilərə yox, hər kəsə sözümü balanbanla deyirəm. Bu döyüşdürsə, həm də fitrət döyüşüdürsə şükür olsun Yaradanıma ki, bu gücü mənə verib. Öz sənətim, lütf edilmiş bu qabiliyyətlə düşmənlərimlə döyüşdə qalib, dostlar qarşısında alnı açığam.

- Bu gün Türkiyədə fəaliyyət göstərən, müəllimlik edən xeyli sənətkarımız var. Bizim musiqiyə maraq daha da artmaqdadır. Niyə burda bir mədəniyyət mərkəzimiz, musiqi məktəbi və ya konservatoriya səviyyəsində ocağımız yoxdur?

- Təəssüf ki, haqlısınız. 22 ildən çoxdur ki, Türkiyədə yaşayıb, mədəniyyətimizi təmsil edirəm. Hər universitetdə demək olar ki, ən az 1-2 azərbaycanlı professorumuz var. Ayrıca rəssamlarımız, musiqiçilərimiz s. da burada yaşayıb fəaliyyət göstərirlər. Hamısı da Türkiyədə Azərbaycanımızı layiqincə təmsil edirlər. Mədəniyyət Mərkəzinə gəlincə isə, bu bizim adamlarına düşür. Yetər ki, bizlərə bir mərkəz açsınlar, gerisini bizim öhdəmizə buraxsınlar. İnanıram ki, hamı canla-başla çalışar inanın təkcə Türkiyədə yox, bütün Şərqdə möhtəşəm bir mədəniyyət ocağı yaradarıq ki, dövlətimiz bu işdən ancaq xeyir görər. İnanıram ki, Azərbaycan ruhunu itirməyən, bir adamı hər halda bir gün tapılacaq.

- XXI əsri mədəniyyətlərin yürüş erası adlandırırlar. Haqlıdırlar da, silahların işləyə bilmədiyi nöqtələrə - qəlblərə duyğulara musiqi hakim kəsilir. Bu mənada xalqımız dünyanın qəlbini fəth edəcək musiqiyə malikdir.

- Azərbaycan əhalisinin sayının az olmasına baxmayaraq, musiqimiz dünyanın bir çox ölkələrində sevilir, dinlənilir insanları ecazkarlığı ilə heyran qoyur. Heydər Əliyev Fondunun hər il dünyanın bir çox ölkələrində mədəniyyət günləri adı altında keçirdiyi layihələrin bəzilərində iştirak etmişəm. Fransa, İtalya digər ölkələrdə konsertdən sonra səhnə arxasında yaxınlaşıb bizlərlə söhbət etmək istəyən o qədər xalqların nümayəndələri olur ki, bir daha azərbaycanlı olmağımla qürur duyuram. Silahlara gəlincə, hər kəsin öz silahı var. Mənim silahım balabandır. Söhbət silahdan açılmışkən, elə uşaqlıqdan hər zaman arzum olub ki, silahlara xərclənən pul, mədəniyyətə xərclənsə, dünyada heç bir ölkə müharibə istəməz, ya da savaşmaz. İnşallah bir gün dünyada bütün savaşları mədəniyyət qazanar.

- Sizin Azərbaycan mədəniyyəti qarşısındakı xidmətləriniz dövlətimiz tərəfindən qiymətləndirilib bu günlərdə siz Prezident İlham Əliyevin Sərəncamı ilə Əməkdar artisti fəxri adına layiq görüldünüz...

- Prezidentimizin məni Azərbaycanın Əməkdar artisti adına layiq görməsi mənə çox böyük sevinc bəxş etdi. Bilirsiniz niyə? Çünki sənətkara ən böyük sevinci qüruru Vətənin, xalqın verdiyi dəyər yaşada bilir. Əlbəttə, bir azərbaycanlı olaraq, mən, sadəcə öz işimi, yəni mədəniyyətimizi təmsil edirəm. İşimi sevirəm. Dünyanın bir çox şəhərlərində tanıdığım insanlar zəng vurub dəyəndə ki, bu dəqiqə filan ölkədəyəm sənin musiqini dinləyirəm, inanın ki, onun sevinci məni ondan daha çox sevindirir. Fəxri ada layiq görüldüyüm xəbərini ailə dostum, Azərbaycanın Əməkdar incəsənət xadimi, aktrisamız Məlahət Abbasova, zəng edərək, sevincdən ağlayaraq verdi. Çox sevinmişdim, sevincimin həddi-hüdudu yox idi. Elə bir az sonra Şəkidən Regional TV-dən Həyat xanım zəng etdi. O qədər sevincliydi ki, onun sevincini pozmaq istəmədim, sanki xəbərim yoxmuş kimi davrandım məndən bir muştuluq qazansın istədim. Bunu da burdan ilk dəfə sizin vasitənizlə bildirmək istədim. Həyat xanımın sevincinə mən sevinc qatmaq istədim elə oldu. beləliklə, telefonum 2-3 gün susmadı. Bütün dostlarıma, balaban sevərlərə bir daha təşəkkür edirəm ki, məni hər zamankı kimi bu sevincli günümdə yalnız buraxmadılar. Az öncə TRT- çəkilişdən gəldim adımın önünə Azərbaycan Dövlət Sənətçisi, balaban ustadı Əlixan Səmədov yazısını görəndə inanın ki, çox duyğulandım. Hər şey Azərbaycanımız və mədəniyyətimiz üçün...

 

K.HAQVERDİYEVA,

Yeni  Azərbaycan.-2014.- 31 dekabr.- S.15.