Azərbaycanda din, etiqad azadlığı yüksək səviyyədə təmin edilir

 

Prezident İlham Əliyev: Mən tam əminəm ki, gün gələcək biz Şuşa məscidini, Ağdam məscidini və hazırda Azərbaycanın erməni vəhşiləri tərəfindən dağıdılmış bütün digər məscidlərini bərpa edəcəyik, orada birlikdə namaz qılacağıq

 

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət sayəsində dinamik sosial-iqtisadi inkişafa nail olan Azərbaycanı fərqləndirən əsas cəhətlərdən biri ölkəmizdə dövlət tərəfindən xalqımızın əsrlərdən bəri yaşatdığı milli-mənəvi-dini dəyərlərin qorunub saxlanılmasına daha da zənginləşdirilməsinə böyük önəmin verilməsidir. Bu günlərdə Prezident İlham Əliyevin iştirakı ilə Bakının Binəqədi rayonunda 12 min kvadratmetr sahədə inşa olunan möhtəşəm Heydər məscidinin istifadəyə verilməsi isə respublikamızda dövlət-din münasibətlərinin çox yüksək səviyyədə qurulmasının daha bir ifadəsidir.

Məlumat üçün bildirək ki, yeni istifadəyə verilən Heydər məscidi öz əzəməti və gözəlliyi ilə seçilir. Məscidin zəngin ornamentlərlə bəzədilən fasadı Şirvan-Abşeron memarlıq üslubunda xüsusi daşlarla üzlənib. Burada 95 metr hündürlüyündə 4 minarə inşa olunub. Ümumi sahəsi 4200 kvadratmetr olan məscidin daxilində də xüsusi bəzək elementlərindən istifadə olunub, günbəzin kənarlarına “Quran” ayələri yazılıb. 55 metr hündürlüyündə olan baş günbəz, o cümlədən, hündürlüyü 35 metr olan ikinci günbəz məscidin daxilinə xüsusi gözəllik verir.

Ölkəmizdə dövlət vəsaiti hesabına belə bir möhtəşəm məscidin inşa olunması bir çox cəhətdən əlamətdardır və açılış mərasimindəki çıxışında Prezident İlham Əliyev yeni məscidin istifadəyə verilməsini tarixi hadisə kimi dəyərləndirərək vurğulayıb:Bu, doğrudan da, tarixi hadisədir. Çünki bu, Azərbaycanın gücünü, inkişaf dinamikasını, bizim öz milli, dini ənənələrimizə nə qədər sadiq olduğumuzu göstərir”.

Azərbaycanda ən böyük məscidə Ulu öndər Heydər Əliyevin adının verilməsi zamanında milli-mənəvi-dini dəyərlərimizin qorunmasında və zənginləşməsində əvəzsiz rol oynamış Ümummilli liderin əziz xatirəsinə xalqımızın dərin ehtiramının ifadəsidir

Belə ki, Ulu öndərin rəhbərliyi altında respublikamız hələ sovet dövründə - ötən əsrin 70-80-ci illərində böyük inkişaf yolu keçib. Xalqına möhkəm tellərlə bağlı olandaim respublikamızın gələcəyini düşünən Ümummilli liderin səyi nəticəsində o illərdə yaradılan böyük iqtisadikadr potensialı bu gün müstəqil Azərbaycanın uğurlu inkişafında mühüm rol oynayır.

Bu məqamda onu da qeyd etmək yerinə düşər ki, Ulu öndərin təşəbbüsü ilə hələ sovet dövründə Naxçıvanda, Naxçıvanın Ali Məclisinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi təsdiqlənib. Eyni zamanda, Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi rəhbərliyinə qayıdışı respublikada vətəndaş qarşıdurmasına son qoydu, müstəqilliyimizin əbədiyaşarlığını təmin etdi. Hazırda müstəqil Azərbaycan bütün istiqamətlər üzrə Ulu öndərin müəyyənləşdirdiyi tərəqqi yolu ilə inamla irəliləyir.

Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə həmçinin xalqın milli-mənəvi-dini dəyərlərinin qorunub saxlanılmasına və daha da zənginləşdirilməsinə böyük həssaslıqla yanaşırdı. Onun parlaq fəaliyyəti, əməllərində təcəssüm etdirdiyi azərbaycançılıq fəlsəfəsi xalqımızın milli kimliyini qoruyub saxlamasında müstəsna rol oynayıb. Təsadüfi deyil ki, məhz Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə Bakıda və bölgələrdə 500-dən artıq məscid tikilib, yüzlərlə məscid isə yüksək səviyyədə təmir olunaraq inanclı insanların istifadəsinə verilib. Prezident İlham Əliyev yuxarıda haqqında bəhs olunan çıxışında Ulu öndərin müqəddəs dinimizə həmişə yüksək dəyər verdiyini bir daha xatırladaraq bildirib: “Ulu öndər müqəddəs Kəbənin içində namaz qılmışdır. Mən xoşbəxtəm ki, bu xoşbəxtlik mənə də nəsib olmuşdur”.

Bütün bunlar Ümummilli liderimizin həyatı boyu müqəddəs dinimizə sıx bağlı olduğunu təsdiqləyir. Azərbaycanda ən böyük məscidə Ulu öndər Heydər Əliyevin adının verilməsi də zamanında milli-mənəvi-dini dəyərlərimizin qorunmasında və zənginləşməsində əvəzsiz rol oynamış Ümummilli liderin əziz xatirəsinə xalqımızın dərin ehtiramının ifadəsidir. Prezident İlham Əliyev məscidin açılışı mərasimindəki çıxışında vurğuladığı kimi: “Bu məscid Ulu öndər Heydər Əliyevin adını daşıyır. Bu da təbiidir. Heydər Əliyev dahi şəxsiyyətdir. Azərbaycan xalqına bütün dövrlərdə ləyaqətlə xidmət etmişdir”.

Azərbaycan bütün azadlıqların, o cümlədən də din azadlığının yüksək səviyyədə təmin olunduğu tolerant ölkədir

Bəli, bu gün ölkəmizdə bütün azadlıqlar - mətbuat, söz, sərbəst toplaşmaq, o cümlədən, vicdan azadlığı təmin edilib. Prezident İlham Əliyevin Heydər məscidinin açılışında söylədiyi dərin məzmunlu nitqində vurğuladığı kimi: “Azərbaycanda bütün dini azadlıqlar tam şəkildə təmin edilir. Bu da hesab edirəm ki, bizim ümumi inkişafımızda çox böyük əhəmiyyətə malik olan bir sahədir. Din, etiqad azadlığı Azərbaycanda tam şəkildə təmin edilir”.

Yeri gəlmişkən, Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə qurulduğunu aşağıdakı faktlar da təsdiqləyir. Belə ki, son 11 il ərzində respublikamızda 250-yə yaxın məscid tikilıb və yaxud təmir edilib. Xalqımız üçün çox böyük dəyər kəsb edən Bibiheybət, Təzəpir, Əjdərbəy, 743-cü ildə tikilmiş Şamaxı məscidi yüksək səviyyədə təmir-bərpa işləri aparıldıqdan sonra inanclı insanların istifadəsinə verilib. Hazırda İmamzadə dini, tarixi, mədəni mərkəzində də belə təmir-bərpa işləri həyata keçirilir. Bir sözlə, ölkəmizdə dövlət tərəfindən cəmiyyətin istəyi nəzərə alınaraq dini abidələrin bərpasına, həmçinin yeni məscidlərin inşasına böyük diqqət göstərilir. Yuxarıda da qeyd etdiyimiz kimi, yeni istifadəyə verilən Heydər məscidi də dövlət vəsaiti hesabına inşa olunub.

Başqa bir önəmli cəhət isə ondan ibarətdir ki, hazırda dünya miqyasında multikultural dəyərlərin ciddi təhdidlərlə üzləşdiyi indiki dövrdə Azərbaycan özünü bütün mədəniyyətlərə və dinlərə tolerant ölkə kimi təsdiqləyir. Azərbaycan öz üstünlüyünü ölkənin çoxmədəniyyətli və çoxkonfessiyalı olmasında görür. Respublikamızda İslam dininə aid tarixi-dini abidələrin bərpasına dövlət vəsaiti ayrıldığı kimi, digər dinlərlə bağlı abidələrə də eyni yanaşma tətbiq olunur. Məsələn, ölkəmizdə dövlət həmçinin rus pravoslav, katolik, alban kilsələrinin tikintisinə və bərpasına da öz dəstəyini göstərib. Prezident İlham Əliyev Heydər məscidinin açılışında söylədiyi nitqində ölkəmizin bu üstünlüyünə bir daha diqqət çəkib: “Azərbaycanda bütün xalqların, bütün konfessiyaların, dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar və yaşayacaqlar. Heç vaxt ölkəmizdə dini zəmində heç bir qarşıdurma olmamışdır və olmayacaqdır”.

Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan eyni zamanda, beynəlxalq aləmdə dinlərarası dialoqun möhkəmləndirilməsinə öz dəyərli töhfələrini vermək əzmi nümayiş etdirir. Təsadüfi deyil ki, son illərdə ölkəmiz dünyanın multikulturalizm mərkəzlərindən birinə çevrilib. Ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, humanitar və mədəniyyətlərarası dialoq forumları, dünya dinlərinin liderlərinin zirvə görüşləri - bütün bunlar Azərbaycan reallığıdır. Prezident İlham Əliyevin aşağıdakı sözləri də xalqımızın, dövlətimizin bütün dünyada sülhün, əmin-amanlığın təmin olunması ilə bağlı xoş niyyətini bir daha təcəssüm etdirir: “Biz çalışırıq bu tədbirlərin keçirilməsi ilə ümumi işimizə töhfəmizi verək ki, dünyada da dini, milli zəmində heç vaxt anlaşılmazlıq, qarşıdurma olmasın”.

Vaxt gələcək işğal altındakı məscidlər də bərpa ediləcək

Məlumdur ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın yüzlərlə tarixi-mədəni-dini abidəsi düşmən əlinə keçib. Erməni vandalları zor gücünə zəbt etdikləri ərazilərdəki abidələrimizi vəhşicəsinə dağıdıblar. Ancaq Azərbaycan xalqı heç vaxt ölkəmizin ərazi bütövlüyünün pozulması faktı ilə barışmayacaq.

Azərbaycan xalqının ölkənin ərazi bütövlüyünün təmin olunacağına inamı reallığa əsaslanır. Bu gün güclü ordu, gündən-günə möhkəmlənən iqtisadiyyatımız, eləcə də, ölkənin beynəlxalq mövqeləri Azərbaycanın öz ərazi bütövlüyünü təmin etmək istiqamətindəki səylərini reallaşdırmağa imkan verir. Respublikanın ərazi bütövlüyünün təmin olunması Azərbaycanın tələbi və haqqıdır. Prezident İlham Əliyev Heydər məscidinin açılışında söylədiyi nitqində bu məqama da toxunaraq azərbaycanlıların tarixi torpaqlarında - İrəvan xanlığında, Göyçə, Zəngəzur mahallarında yaşayacaqlarına inamını ifadə edərək bildirib: “Mən tam əminəm ki, gün gələcək biz Şuşa məscidini, Ağdam məscidini və hazırda Azərbaycanın erməni vəhşiləri tərəfindən dağıdılmış bütün digər məscidlərini bərpa edəcəyik, orada birlikdə namaz qılacağıq. Biz ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik”.

 

Mübariz ABDULLAYEV

Yeni  Azərbaycan.-2014.- 31 dekabr.- S.2.