Prezident İlham Əliyevin iqtisadi
inkişaf strategiyası milli
inkişafımızın əsasıdır
Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini - icra katibi Əli Əhmədov
- Əli müəllim, öncə cari il ərzində Azərbaycanın dinamik sosial-iqtisadi inkişafı ilə bağlı fikirlərinizi öyrənmək istərdik. Bəlli olduğu kimi, səmərəli iqtisadi strategiya və həyata keçirilən institusional islahatlar nəticəsində 2014-cü ildə də Azərbaycanın dünya iqtisadiyyatında mövqeyi daha da gücləndi, ölkəmizin beynəlxalq iqtisadi nüfuzu əhəmiyyətli dərəcədə artdı. Bütövlükdə, başa vurduğumuz ilin sosial-iqtisadi yekunları nəyi ifadə edir?
- Azərbaycan Respublikasının dinamik iqtisadi inkişafı bütün sahələrdə böyük nailiyyətlərin əldə edilməsini şərtləndirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasəti sayəsində, demək olar ki, 11 il ərzində Azərbaycan, sözün həqiqi mənasında, əzəmətli inkişaf mərhələsi keçmişdir. Bu illər ərzində Azərbaycan iqtisadiyyatının sürətli inkişafı ÜDM-nin üçqat artımında ifadə olunub, yoxsulluq səviyyəsi təxminən 10 dəfə aşağı salınıb, bir milyondan çox yeni iş yerləri açlıb. Məhz bu uğurlu siyasətin və əldə edilmiş nailiyyətlərin fonunda cari il ərzində də Azərbaycanın inkişafı davam edib. Sosial-iqtisadi sahələrdə əldə edilən nailiyyətlər - iqtisadiyyatın inkişafı hər şeydən əvvəl sosial rifahın daha da yaxşılaşmasında ifadə olunub. Azərbaycanın sosial dövlət mahiyyətindən irəli gələrək əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlərin davam etdirilməsinin sosial-iqtisadi inkişaf nöqteyi-nəzərindən əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Bütövlükdə, Azərbaycanın sürətli iqtisadi inkişafı ölkəmizin iqtisadi modelinin bir çox əhəmiyyətli parametrlərini müəyyənləşdirir. Bu parametrlər içərisində Azərbaycan iqtisadiyyatının dayanıqlılığı, rəqabət qabiliyyətinin yüksəlməsi və bu meyara görə Azərbaycanın dünyada əhəmiyyətli yer tutması ilə səciyyələndirilə bilər.
Beləliklə, cari il ərzində həyata keçirilən tədbirlər, institusional islahatlar və qazanılmış uğurlar Azərbaycan dövlətinin qüdrətinin artmasında ifadə olunub. Azərbaycan iqtisadi inkişafına, sosial-siyasi sabitliyə, beynəlxalq müstəvidə əldə etdiyi nüfuzuna və mövqeyinə görə güclü, qüdrətli və əzəmətli bir dövlət kimi çıxış etməkdədir. Bu da öz növbəsində Azərbaycanın beynəlxalq müstəvidə rolunu və əhəmiyyətini artırıb.
Bütün bunların məntiqi nəticəsi kimi əldə edilən uğurlar milli qürur hissini daha da artırıb. Azərbaycanda yeni bir cəmiyyət formalaşmaqdadır. Bu cəmiyyət müasirliyi, daxili birliyi, sabitliyi və gələcəyə inamlı baxışları ilə fərqlənir.
- Azərbaycanın dinamik inkişafının fonunda ayrı-ayrı sahələrdə, o cümlədən səhiyyə sektorunda fundamental islahatlar həyata keçirilir. Ümumilikdə, bu sahədə yeni sistemə, yəni səhiyyənin maliyyələşməsinin yeni mexanizmi olan icbari tibbi siğortaya keçidin əhəmiyyəti və nəticələri barədə nə düşünürsünüz?
- Əvvəla onu qeyd etmək istəyirəm ki, dövlət tərəfindən müəyyən olunmuş prioritetlər sırasında səhiyyənin inkişafı xüsusi yer tutur. Bu sahədə islahatlar aparılır, yeniliklər tətbiq edilir. Bu, fasiləsiz prosesdir və həmişə davam edəcək. Ümumiyyətlə, səhiyyə elə bir sahədir ki, orada islahatlar daimidir. Səhiyyə sahəsində həyata keçirilən islahatlar bütövlükdə Prezident İlham Əliyevin modernləşmə və yeniləşmə siyasətinin tərkib hissəsi kimi qəbul edilir. İnsanlar səhiyyə islahatlarının daha ardıcıl surətdə davam etdiriləcəyinə və müsbət nəticələr verəcəyinə səmimi şəkildə inanırlar.
Digər tərəfdən, Azərbaycanda bütün sahələrdə ciddi islahatlar həyata keçirilir, yaşayış standartları dəyişir və bu kontekstdə səhiyyə xidmətinin keyfiyyətinə də tələbat təbii olaraq yüksəlir. Məlumat üçün qeyd edim ki, icbari tibbi sığorta sisteminə keçirilməsinin zəruriliyi “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda təsbit olunmuşdur. Ötən müddət ərzində yeni sistemin tətbiq edilməsi ilə əlaqədar bir çox ciddi islahatlar həyata keçirilmişdir. Hər şeydən əvvəl, səhiyyə infrastrukturunun köklü surətdə yeniləşdirilməsini qeyd etmək yerinə düşər. Bu gün Azərbaycanda onlarla ən yüksək standartlara cavab verən müalicə müəssisələri inşa edilib, müasir tibbi avadanlıqlarla təchiz edilib. Regionlarda müasir diaqnostika mərkəzlərinin yaradılması, hesab edirəm, ölkəmizdə sosial siyasətin mahiyyətini əks etdirən bariz nümunədir. Bütövlükdə, dövlət tərəfindən həyata keçirilən islahatlar, görülən işlər səhiyyə sahəsində yeni sistemə keçidin etibarlı əsasını yaradır.
Mahiyyət etibarilə icbari tibbi sığortaya keçid səhiyyə sahəsində ən mühüm islahatdır. Bununla səhiyyədə təkcə maliyyələşmənin deyil, həm də idarəetmənin yeni metodu tətbiq edilməyə başlanacaq. Konkret fəaliyyətə gəldikdə isə qeyd etməyi vacib bilirəm ki, icbari tibbi sığortaya keçilməsi ilə əlaqədar intensiv dəyərləndirmələr aparılır, ayrı-ayrı ölkələrin təcrübəsi öyrənilir, zəruri normativ sənədlərin hazırlanması üzərində iş gedir. Dünya Bankının nümayəndələri ilə birgə layihələr qarşıya qoyulan vəzifəyə çatmaqda bizə zəruri kömək göstərir. Hesab edirəm ki, Azərbaycan səhiyyəsi icbari tibbi sığorta sisteminin tətbiqinə çox yaxınlaşıb və yaxın zamanlarda biz bunun şahidi olacağımıza ümid edə bilərik. Ancaq icbari tibbi sığortaya keçidin və xüsusilə də yeni sistemin tam fəaliyyətə başlamasının asan olacağını, qısa vaxtda hər şeyin dəyişəcəyini düşünmək düzgün olmazdı. Qarşıda çox ciddi islahatların dayandığını dərk etməliyik.
Onu da qeyd edim ki, icbari tibbi sığortaya keçid hər şeydən əvvəl, indi bizdə mövcud olan səhiyyə xidmətinin, necə deyərlər, fəlsəfəsini dəyişəcək. Əhaliyə səhiyyə xidmətinin təşkili, onun lazımi səviyyədə maliyyələşdirilməsi hər bir müasir dövlətin başlıca vəzifəsidir. Əhaliyə keyfiyyətli səhiyyə xidmətinin təmin edilməsi Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin təməl prinsiplərindəndir. Söhbət xidmətin keyfiyyətinin daha da artırılmasından, ayrılan dövlət vəsaitlərinin daha ünvanlı və səmərəli xərclənməsinin təmin edilməsindən gedir. İcbari tibbi sığorta burada ən əlverişli vasitə kimi nəzərdən keçirilir.
- Azərbaycanın inkişafının başlıca strateji əsaslarından birini də ölkəmizdəki ictimai-siyasi sabitlik və təhlükəsizlik mühiti təşkil edir. Bu baxımdan, cari ildə ölkəmizdəki ictimai-siyasi vəziyyəti və prosesləri necə dəyərləndirirsiniz?
- Hər bir ölkənin ictimai-siyasi vəziyyətini müəyyənləşdirən əsas amil onun iqtisadi durumudur. Qeyd etdiyim kimi, Azərbaycan iqtisadi cəhətdən sürətlə inkişaf edir və 2014-cü ildə də ölkəmizin iqtisadi inkişafı yüksək tempini saxlayıbdır. Beləliklə də, Azərbaycan iqtisadiyyatının yüksəlişi, iqtisadiyyatın inkişafı ilə əlaqədar cəmiyyətin digər sahələrində baş verən müsbət dəyişikliklər ölkənin bütövlükdə ictimai-siyasi və mənəvi-psixoloji durumunu müəyyənləşdirir. Əgər ümumi xarakteristika verməli olsaq, bütövlükdə, ölkəmizdəki ictimai-siyasi sabitliyi ayrıca vurğulamaq lazım gələcəkdir. Bu da ondan ibarətdir ki, Azərbaycanın iqtisadi durumu, iqtisadi durumunun formalaşdırdığı sosial vəziyyət ölkə vətəndaşlarının mütləq əksəriyyətini öz hökumətindən, dövlətindən məmnun salacaq gerçəkliyi formalaşdırıbdır. İnsanlar hökumətdən, hakimiyyətdən razıdırlar, bu da ictimai-siyasi sabitliyin əsasını təşkil edir. Digər tərəfdən, mən ölkəmizin bütövlükdə ictimai-siyasi durumunu Azərbaycan dövlətinin siyasi qüdrətinin artması, nüfuzunun yüksəlməsi ilə izah etmək istərdim. Bu da ondan ibarətdir ki, cəmi müstəqilliyinin 23-ci ildönümünü bir neçə ay bundan öncə qeyd etmiş Azərbaycan artıq qüdrətli dövlətə çevrilibdir. Bu həm də beynəlxalq aləmdə öz təsdiqini tapır. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü və sədrliyi, həmçinin Avropa Şurasının Nazirlər Komitəsinə rəhbərliyi uğurla başa vurub. Hesab edirəm ki, bunlar 23 illik müstəqillik tarixinə malik olan Azərbaycan dövləti üçün kifayət qədər əhəmiyyətili beynəlxalq nailiyyətlərdir. Bu, Azərbaycanın beynəlxalq aləmdə güclü, qüdrətli, eyni zamanda, beynəlxalq münasibətlər sistemində fəal iştirak edən bir dövlətə çevrildiyini təsdiq edir. Eyni zamanda hesab edirəm ki, Azərbaycan, xüsusilə də Bakı şəhəri artıq dünyanın mədəni mərkəzlərindən birinə çevrilib ki, bu da bütövlükdə ölkə vətəndaşlarıının milli iftixar hissini formalaşdıran gerçəklik kimi ictimai-siyasi və mənəvi-psixoloji duruma müsbət təsir edən reallıqdır.
Beləliklə, müasir Azərbaycanın ən mühüm gerçəkliyi iqtisadi yüksəliş üzərində formalaşan möhkəm ictimai-siyasi sabitlikdir. Başa vurduğumuz ilin hadisələri və reallıqları da bunu təsdiq edir.
- Yeni Azərbaycan Partiyası hazırda Azərbaycanda siyasi sistemin lokomotiv, avanqard siyasi qüvvəsi kimi çıxış edir və öz sıralarında cəmiyyətin bütün təbəqələrinin nümayəndələrini birləşdirir. Bütövlükdə, partiyanın yüksək nüfuzunun və ciddi sosial dəstəyinin fonunda cari ildəki fəaliyyətini necə qiymətləndirirsiniz?
- Öncə onu qeyd etmək istəyirəm ki, Azərbaycanın siyasi sisteminin dinamik inkişafında Yeni Azərbaycan Partiyasının xüsusi və əhəmiyyətli rolu olmuşdur. Bu, öz növbəsində, Yeni Azərbaycan Partiyasının mövqeyinin möhkəmlənməsinə, ictimai rolu və əhəmiyyətinin artmasına səbəb olub. YAP-ın sıralarında hazırda 640 mindən çox Azərbaycan vətəndaşı birləşib. Qeyd etmək istəyirəm ki, Azərbaycanın siyasi tarixində heç bir siyasi təşkilat öz sıralarında bu qədər insanı birləşdirməyib.
Yeni Azərbaycan Partiyasının sıralarında 640 mindən çox insanın birləşməsi hər şeydən öncə Azərbaycan vətəndaşlarının Heydər Əliyev ideyalarına və Prezident İlham Əliyevin siyasətinə inamından qaynaqlanır. Bu inam Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurlu nəticələrinin fonunda daha da güclənməkdədir. Bunu Yeni Azərbaycan Partiyasının sıralarına daxil olan üzvlərin sayının artım dinamikası da aşkar surətdə göstərir. YAP-ın bir özəlliyi də odur ki, partiya öz sıralarında Azərbaycan cəmiyyətinin ən fəal üzvlərini, ictimai-siyasi proseslərdə yaxından iştirak etmək istəyən və edən gəncləri, qadınları, həmçinin ziyalı və intellektual şəxsləri birləşdirir. Beləliklə, partiyanın sıralarında cəmiyyətin bütün zümrələrinin nümayəndələri birləşiblər.
Cari ildə də partiyamızın fəaliyyəti olduqca səmərəli olmuşdur. YAP-ın sıraları kəmiyyət və keyfiyyət etibarilə genişlənmiş, partiyamızın sosial-siyasi nüfuzu daha da artmışdır. Həmçinin, YAP beynəlxalq əlaqələrini uğurla davam etdirmiş, Asiyada fəaliyyət göstərən nüfuzlu siyasi təşkilatlarla geniş və səmərəli, çoxşaxəli əməkdaşlığını gücləndirmişdir.
Bütövlükdə, YAP müəyyən olunmuş vəzifələrin öhdəsindən uğurla gəlir. İstər seçkilərin keçirilməsi, istər partiyanın nüfuzunun gücləndirilməsi, həyata keçirilən siyasətin insanlar tərəfindən daha yaxşı qəbul olunması və təşviq edilməsi istiqamətində YAP bütün vəzifələrini ardıcıl şəkildə uğurla yerinə yetirir.
- Əli müəllim, bəs cari ildəki bələdiyyə seçkiləri kontekstində Yeni Azərbaycan Partiyasının fəaliyyətini necə xarakterizə edə bilərsiniz?
- Seçki kampaniyası ərəfəsində Yeni Azərbaycan Partiyası bələdiyyə seçkiləri ilə bağlı ciddi hazırlıq işləri gördü. Xüsusilə də təbliğat-təşviqat mərhələsində rifah və quruculuq naminə bələdiyyə seçkilərinə qatılan partiyamızın namizədləri – səlahiyyətli şəxslər seçicilərlə görüşdə platformaları elan edərək qarşıda duran vəzifələri onların diqqətinə çatdırdılar.
Artıq bələdiyyə seçkiləri başa çatıb. İnanıram ki, səsvermənin nəticələri partiyamız üçün uğurlu olacaq. Yeni Azərbaycan Partiyası yenə də bələdiyyələrdə layiqincə təmsil oluna biləcək və növbəti beş ildə partiyanı təmsil edən nümayəndələr Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən bələdiyyələrin işində yaxından iştirak edəcəklər. Onu da diqqətinizə çatdırım ki, bələdiyyə seçkilərində namizədlərin irəli sürülməsi kontekstində gənclər və qadınlara üstünlük verildi. Bu, ölkəmizdə həyata keçirilən gənclər siyasəti və gender siyasətinin bariz nümunəsi, davamı kimi səciyyələndirilə bilər. Azərbaycan gəncləri və qadınları öz potensiallarına uyğun olaraq bələdiyyələrdə təmsil olunmağa layiqdirlər. Konkret olaraq YAP-ın üzvü olan qadınların və gənclərin say etibarilə və vətəndaş fəallığı baxımından bələdiyyələrdə daha çox sayda təmsil olunmağa imkanları var.
Həqiqətən, YAP-ın sıralarında təkcə say etibarilə çoxlu gənclər birləşməyib, eyni zamanda, kifayət qədər yüksək intellekt sahibi olan, vətənpərvərliyi ilə seçilən, yüksək biliklər mənimsəmiş gənclər cəmləşib ki, bugünkü və daha çox gələcək Azərbaycan haqqında daha aydın təsəvvürlərimizin formalaşmasına imkan verir. YAP-ın gəncləri Azərbaycanın ictimai-siyasi həyatında yüksək fəallıq nümayiş etdirirlər. Bunun ən bariz ifadələrindən biri ötən ilin oktyabr ayında ölkəmizdə keçirilən prezident seçkilərində gənclərin seçki kampaniyasında fəal iştirak etməsidir. Ölkə gənclərinin seçki kampaniyasına qoşulmasında, Prezidentin dəstəklənməsində, səsvermədə fəal iştirak etməsində partiyamızın gənclərinin apardığı təşviqat kampaniyası əhəmiyyətli rol oynayıb. YAP-ın gəncləri, sözün həqiqi mənasında, özündə böyük siyasi və mənəvi gücü, gənclik enerjisini birləşdirir və bu gün Azərbaycanın gələcəyinə inamla baxmaq üçün çox etibarlı əsaslar yaradır. Qeyd etmək istəyirəm ki, Azərbaycan gəncləri onlara gənclik gününü bəxş etmiş Ulu öndər Heydər Əliyevin ideyalarını heç zaman unutmurlar, əksinə, fəaliyyətlərində bütünlüklə bu ideyalara istinad edirlər. Çünki bu ideyalar onların formalaşmasına bilavasitə köməklik göstərib. Məhz bu inamdan irəli gələrək Yeni Azərbaycan Partiyası bələdiyyə seçkilərində gənclərə böyük etimad göstərdi.
- Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində öz mövqeyini davamlı surətdə möhkəmləndirməsi ölkəmizlə tərəfdaşlıq və əməkdaşlıq münasibətlərinə malik olan ölkələrdə pozitiv təəssürat yaratsa da, bəzi dairələrdə narahatlıq hissi meydana gətirir. Xüsusilə də anti-Azərbaycan dairələrin təsirinə məruz qalan mərkəzlər, həmçinin beynəlxalq təşkilatlar ölkəmizə qarşı ikili standartlara söykənən subyektiv mövqeyə yol verirlər. Bu məsələyə münasibətiniz necədir?
- Azərbaycan özünün sürətli inkişafı, sahib olduğu zəngin təbii resursları və əlverişli geopolitik mövqeyi ilə regional miqyasda və beynəlxalq müstəvidə diqqəti cəlb edən dövlətə çevrilib. Bütün bunlar Azərbaycana olan marağı artırıb. Beləliklə, ayrı-ayrı dövlətlər Azərbaycan vasitəsilə ölkəmizin yerləşdiyi bölgədə öz maraqlarını həyata keçirmək üçün müəyyən cəhdlər edirlər. Bu, əvvəllər də olubdur, bu gün də müşahidə olunur, şübhəsiz, gələcəkdə də baş verəcəkdir. Bu, ümumiyyətlə, dünya praktikasında rast gəlinən bir gerçəklikdir. Amma qəribə məqamlar ondan ibarətdir ki, bu gün ayrı-ayrı dövlətlərin Azərbaycana yönəlik bu yanaşmaları bir az daha intensivləşib. Bu intensivləşmənin kökündə dayanan əsas reallıq ondan ibarətdir ki, Azərbaycan regionun lider dövlətinə, ən qüdrəli ölkəsinə çevrilibdir. Bu gün cənubi Qafqaz iqtisadiyyatının əhəmiyyətli bir hissəsi Azərbaycana mənsubdur. Və Azərbaycan iqtisadiyyatının sürətli inkişafı belə bir fikir söyləməyə imkan verir ki, yaxın zamanlarda bütövlükdə cənubi Qafqazın iqtisadiyyatı dedikdə əsas etibarilə Azərbaycan iqtisadiyyatı başa düşüləcək. Digər tərəfdən, Azərbaycanın demoqrafik inkişafı da, əhalisinin sürətlə artması da ölkəmizin regionda rolunu və əhəmiyyətini ciddi şəkildə artırıbdır. Digər tərəfdən, ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqelərinin möhkəmlənməsi Azərbaycanın həm regional, həm də regiondankənar proseslərdə rolunu artırıb və mövqeyini möhkəmləndiribdir. Bu isə öz növbəsində Azərbaycana olan marağı daha da gücləndiribdir. Beləliklə, qeyd etdiyim kimi, müxtəlif vasitələrdən istifadə edərək Azərbaycan vasitəsilə bölgəmizlə bağlı maraqların reallaşdırılması istəkləri güclənir.
Xüsusilə də, bu sırada ayrı-ayrı beynəlxalq təşkilatların və böyük dövlətlərin ikili standartlar siyasətini müşahidə edirik. Bu, həm Azərbaycandakı daxili siyasi proseslərə müdaxilə edərək qərəzli, subyektiv münasibət göstərməkdə, həm də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətsiz mövqe tutmaqda özünü göstərir.
Əlbəttə, bu cür cəhdlərlə nə Azərbaycanın müsbət imicinə kölgə salmaq, nə də ölkəmizdəki ictimai-siyasi sabitlik və təhlükəsizliyə təsir etmək olar. Azərbaycandakı ictimai-siyasi sabitlik o dərəcədə möhkəm dayaqlar üzərində qərar tutubdur ki, hansısa qərəzli qüvvələr, anti-Azərbaycan dairələri buna təsir edə bilməz. Ölkəmizdə mövcud olmuş bu sabitliyin ən möhkəm qarantı və təminatçısı isə Azərbaycan vətəndaşları və onların sabitliyə, əmin-amanlığa olan inam və sədaqətidir.
- Yeri gəlmişkən, Azərbaycan siyasi palitrasının autsayderinə çevrilmiş radikal müxalifət və ölkəmizdəki “beşinci kolon”un nümayəndələri də dağıdıcı – anti-milli fəaliyyətini, anti-Azərbaycan dairələri ilə işbirliyini davam etdirir...
- Qeyd etdiyim kimi, Azərbaycanın dinamik inkişafı, beynəlxalq mövqeyinin mütəmadi olaraq güclənməsi anti-Azərbaycan dairələrdə narahatlıq yaradır və həmin qüvvələr dövlətimizə qarşı müxtəlif vasitələrlə yanaşı, ölkə daxilindəki ünsürlərdən də istifadə edirlər. Bu sırada radikal müxalifət, “beşinci kolon” kimi səciyyələndirilən təşkilatlar və “hüquq müdafiəçiləri” fərqlənirlər. Onlar faktiki və konkret olaraq siyasi alət kimi çıxış edirlər və məqsəd Azərbaycana müxtəlif məsələlər ətrafında təzyiqlər etmək, hətta bəzi hallarda ölkə daxilində xaos mühiti yaratmaqdır.
Əlbəttə, bütün bu neqativ cəhdlərin heç bir nəticəsi olmayacaq, çünki Azərbaycan dövləti ictimai-siyasi sabitlik və təhlükəsizliyi etibarlı şəkildə təmin edib, ölkəmizdə xalq-iqtidar birliyi mövcuddur. Azərbaycan xalqı radikal müxalifəti qəbul etmir, “beşinci kolon”un dağıdıcı fəaliyyətini narazılıqla qarşılayır. Azərbaycan ictimaiyyətinin bu zamana qədər radikal müxalifətə göstərdiyi münasibət dediklərimizin bariz nümunəsi və sübutu qismində çıxış edir. Bu münasibətin qarşılığında həmin qüvvələr özlərinə tənqidi münasibət bəsləmək və düzgün nəticələr çıxarmaq əvəzinə daha radikal mövqe tuturlar. Və radikal addımlar üçün onlara təklif olunan əsas və yeganə məkan bir sıra xarici ölkələrin mətbuat səhifələri olur. Bununla da radikal müxalifət anti-Azərbaycançı qərəzli xarici dairələrin ölkəmizə qarşı həyata keçirdiyi qarayaxma kampaniyasında ucuz vasitəyə çevrilmiş olurlar. Beləliklə, onlar Azərbaycanda ictimai-siyasi situasiyaya az da olsa, təsir etmək gücündə olmadıqlarını özləri də dərk edirlər, amma düzgün addım atmaq, doğru yol seçmək əvəzinə tamamilə daha böyük günahlara gətirib çıxaran səhflər etmiş olurlar.
Bütün bunların nəticəsidir ki, son zamanlar radikal müxalifət partiyalarının sıralarından kütləvi istefalar qeydə alınır. Əslində, bu partiyaların sıralarında olmuş adamların kütləvi istefaları Azərbaycan vətəndaşlarının bu partiyaların ölkədəki sabitliyi pozmaq istiqamətində fəaliyyətinə cavabıdır. Bu partiyalar dərk etməlidirlər ki, Azərbaycan xalqı onların bütün səylərinə nəinki biganəlik göstərir, əksinə, kəskin şəkildə öz etirazını bildirir. Azərbaycandakı ictimai-siyasi sabitliyi hər bir Azərbaycan vətəndaşı yüksək qiymətləndirir. Çünki ölkəmizin əldə etdiyi nailiyyətlər Ümummilli lider Heydər Əliyevin böyük səyləri nəticəsində qərarlaşmış ictimai-siyasi sabitliyin üzərində möhkəmlənib. Azərbaycan vətəndaşları ayrı - ayrı şəxslərin öz maraqları naminə ölkəmizdəki sabitliyi pozmaq səylərini rədd edir. Güman edirəm ki, bundan sonra da bu münasibəti göstərəcəkdir.
Bütövlükdə, radikal müxalifət öz mövqeyini və ideologiyasını kəskin surətdə dəyişməyə məhkumdur. Onlar bu reallığı dərk etməsələr, səhv mövqelərini davam etdirməkdə israrlı olsalar, Azərbaycan cəmiyyətinin onlara münasibəti daha da kəskinləşəcək. Azərbaycanda radikalllığa, aqressivliyə yer yoxdur.
- Əli müəllim, 2015-ci ildə ölkəmiz üçün gözləntiləriniz nədir?
- Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasəti sayəsində ötən müddət ərzində əldə edilmiş nailiyyətlər gələcəyə optimist baxmağa imkan verir. Bu baxımdan, 2015-ci ilin də Azərbaycanın inkişafı nöqteyi-nəzərindən kifayət qədər uğurlu, səmərəli və məhsuldar olacağını düşünürəm. Əlbəttə, ayrı-ayrı sahələrdə həyata keçirilən islahatlar davam etdiriləcək, bunun fonunda iqtisadi, siyasi, mədəniyyət, idman müstəvisində ardıcıl uğurlar əldə ediləcək. Ümumiyyətlə, 2015-ci il Azərbaycan üçün bir neçə istiqamətdə əlamətdar olacaq.
Gələn il ölkəmizdə parlament seçkiləri keçiriləcək. Hesab edirəm ki, əsaslı ictimai-siyasi sabitliyin və dinamik iqtisadi inkişafın fonunda Azərbaycan xalqının alternativsiz seçimi olan Yeni Azərbaycan Partiyası növbəti dəfə möhtəşəm qələbə qazanacaq. Bu seçkilər Azərbaycanın demokratik inkişaf tarixinin növbəti səhifəsi olacaq.
Bununla yanaşı, 2015-ci ildə Azərbaycanda I Avropa Olimpiya Oyunları baş tutacaq. Qeyd edim ki, I Avropa Olimpiya Oyunlarının Azərbaycanda - Bakı şəhərində keçirilməsi haqqında qərarın qəbul edilməsi tarixi önəm kəsb edir. Bu, ilk növbədə, Avropa Olimpiya Oyunları tarixinə düşəcək, çünki bu oyunlar ilk dəfə keçiriləcək və bu, yeni bir tarixin başlanğıcıdır. Belə bir qərarın qəbul olunması həm də Avropa idman ictimaiyyətinin Azərbaycana etimadından xəbər verir. Əgər Azərbaycanda ilk Avropa Olimpiya Oyunlarının keçirilməsi üçün lazım olan idman infrastrukturu olmasa idi, ölkəmizin bu məsuliyyətli vəzifəni öz üzərinə götürmək imkanları yetərincə dəyərləndirilməsə idi, Avropa Olimpiya Komitəsi belə bir qərar qəbul etməzdi. Həmçinin, Azərbaycanın maliyyə imkanları da böyük və mötəbər tədbirlərin ən yüksək səviyyədə təşkilinə imkan verir. 2015-ci ildə keçirilməsi planlaşdırılan Avropa Olimpiya Oyunları Azərbaycanın özünü dünyada bir daha tanıtması və təbliğ etməsi baxımından yeni bir şansdır. Bu oyunlar münasibətilə çoxlu sayda idmançılar, jurnalistlər, idman həvəskarları Bakıya gələcəklər, onlar Azərbaycanla daha yaxından tanış olacaqlar, paytaxtımızın gözəlliklərini görəcəklər, müasir cəmiyyətimizin şahidi olacaqlar, eyni zamanda, bütün dünya bu oyunları televiziya vasitəsilə yayımlamaqla, əslində, Azərbaycanı təbliğ etmiş olacaq. İnanıram ki, Bakıda keçiriləcək Avropa Olimpiya Oyunları çox yüksək səviyyədə təşkil ediləcək və həmin dövrədək, yəqin ki, paytaxtımızda çox böyük yeniliklərin şahidi olacağıq.
2015-ci ildə Azərbaycanın dinamik inkişafının davam edəcəyinə inandığımı ifadə etmək istəyirəm. Regionların sosial-iqtisadi inkişafı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, ayrı-ayrı sahələrin tərəqqisi, ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətlərinin miqyasının genişləndirilməsi və digər istiqamətlərdə həyata keçiriləcək tədbirlər inkişafın və nailiyyətlərin əsası kimi çıxış edəcək. Neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, şaxələndirmə siyasətinin davam etdirilməsi və qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirilməsi, bütövlükdə, Azərbaycanın inkişafına mühüm töhfələr verəcək, inkişaf strategiyası uğurla yerinə yetiriləcək. Doğrudur, müəyyən layihələrdə gecikmələr ola bilər, lakin mən görülən tədbirlər sayəsində inkişaf siyasətinin davamlı olacağına optimistcəsinə yanaşıram.
Mən 2015-ci ilin Azərbaycan
üçün uğurlu
olacağına dərindən inanıram. Bu
fikri söyləməyə əsas yaradan Prezident İlham Əliyevin iqtisadi
siyasətinin obyektiv reallıqlara söykənməsi,
səmərəli idarəçilik təcrübəsi, siyasi iradəsidir.
Yeni Azərbaycan.-2014.- 31 dekabr.- S.3.