Azərbaycan dövlətinin
gəncliyə diqqət və qayğısı
davamlıdır
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov www.yap.org.az saytına müsahibə verib
- Seymur müəllim, bildiyimiz kimi, hər il 2 fevral tarixi Azərbaycanda Gənclər Günü kimi qeyd olunur. Ümumiyyətlə, ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinin əhəmiyyəti haqqında fikirlərinizi bilmək istərdik...
- 2 fevral - Gənclər Günü Azərbaycan gəncliyinin həyatında xüsusi yer tutur. Bu gün Ümummilli liderimiz Heydər Əliyevin gənclərə olan diqqət və qayğısının nümunəsi olaraq təqvimə düşüb. Ümumiyyətlə, Azərbaycanda dövlət gənclər siyasəti Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu fikrimi konkret faktlarla əsaslandırmaq istəyirəm. Bildiyiniz kimi, 1994-cü ildə dövlət gənclər siyasətini həyata keçirmək və müxtəlif gənclər təşkilatları arasında mərkəzləşmiş kordinasiyanı təmin etmək məqsədilə, Gənclər və İdman Nazirliyi yaradıldı,1996-cı il fevralın 2-də Ulu öndər Heydər Əliyevin iştirakı ilə Ümumrespublika Gənclərinin I Forumu keçirildi. Bu forum Azərbaycanda gənclər hərəkatının vüsət almasına təkan verdi.1997-ci il fevralın 1-də Ulu öndər Azərbaycanda Dövlət quruculuğu sahəsində gənclərin müstəsna rolunu və gənclərin birinci forumunun keçirilməsini nəzərə alaraq fevralın 2-nin Gənclər günü elan edilməsi haqqında, 1999-cu il iyulun 29-da isə Dövlət gənclər siyasəti haqqında fərmanlar imzaladı.
Ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu dövlət gənclər siyasəti bu gün Onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilərək mahiyyət və keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Dövlət başçısı gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə, 2005-2009-cu illəri əhatə edən Azərbaycan gəncliyi Dövlət Proqramını təsdiq edib. Cənab Prezidentin gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması mühüm yer tutur. Ölkə başçısının ardıcıl səyləri sayəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə çevrilib. Respublikamızda beynəlxalq standartlara cavab verən idman komplekslərinin tikintisi bu gün geniş vüsət alıb. Bakıda Dünya və Avropa birinciliklərinin keçirilməsi ölkəmizin idman şöhrətindən, müxtəlif yarışlarda qazanılan çoxsaylı mükafatlar isə gənclərə qayğıdan, onlar üçün yaradılmış gözəl şəraitdən xəbər verir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2007-ci ilin Gənclər ili elan edilməsi, 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının təsdiq edilməsi, Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı haqqında Sərəncamın imzalanması Azərbaycanda gəncliyə diqqət və qayğının davamlı bir siyasət olduğunu tam aydınlığı ilə ortaya qoydu.
- Qeyd etdiniz ki, gənclərimiz dövlət qayğısı ilə əhatə olunub. Bəs onlar yaradılmış şəraitdən istifadə edərək öz potensiallarını tam şəkildə ortaya qoya bilirlərmi? Yəni, gənclər bu şəraitdən nə dərəcədə səmərəli istifadə edirlər?
- Bu, bir aksiomadır ki, gənclər hər bir ölkənin gələcəyidir. Dövr inkişaf etdikcə gənclərin təfəkküründə də yeniliklər baş verir, yeni təkliflər meydana çıxır. Biz bunu normal qarşılamalıyıq. Təbii ki, burada dövlətçiliklə bağlı dəyişməz xətt də mövcuddur. Dövlət özü də gənclərin diqqət mərkəzində olmasında, onlara öz potensialından səmərəli istifadə etmək üçün yüksək şərait yaradılmasında maraqlı olmalıdır. Hesab edirəm ki, Azərbaycanda gənclərə belə bir münasibət var. Dövlətimizin başçısı bu amili Öz çıxışlarında da hər zaman vurğulayır. Dövlət hər bir vətəndaşının, o cümlədən, gənclərin yaxşı həyat sürməsi üçün fəaliyyət göstərən bir mexanizmdir. Ölkəmizdə bu mexanizm çox yüksək səviyyədə fəaliyyət göstərir. Heç kim diqqətdən kənarda qalmır. Gənclərimiz də maksimum bu imkanlardan yararlanmalıdır və yararlanırlar da.
- Azərbaycan gəncliyinin böyük bir hissəsi Yeni Azərbaycan Partiyasının sıralarında birləşib. Gənclərin öz siyasi talelərini bu partiya ilə bağlamalarını, onların bu istək və arzularını şərtləndirən amillər hansılardır?
- Yeni Azərbaycan Partiyası ölkəmizin ən güclü, avanqard siyasi təşkilatıdır. Partiyamız Heydər Əliyev yolu ilə irəliləyərək, çox böyük və şərəfli yol keçibdir. İnamla deyə bilərik ki, cəmiyyətin aparıcı siyasi qüvvəsi kimi Yeni Azərbaycan Partiyası xalqımızın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə özünün layiqli töhfəsini verib və bu yolu əzmkarlıqla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ləyaqətlə xalqa xidmət göstərir.
Partiyamız yarandığı vaxtdan xalqımıza xidmət onun başlıca amalı olub. Ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi prinsiplərə söykənən Yeni Azərbaycan Partiyası ölkəmizin ən qabaqcıl nümayəndələrini öz sıralarında birləşdirərək, müstəqil Azərbaycan dövlətinin inkişafı yolunda geniş, çoxşaxəli fəaliyyət göstərib.
Özündə yüksək intellektual potensialı birləşdirən Yeni Azərbaycan Partiyası sıralarında gənclər böyük üstünlük təşkil edir və partiya sıralarına yeni qoşulanların mütləq əksəriyyəti də gənclərdən ibarətdir. Ümumiyyətlə, Ulu öndər Heydər Əliyevin ideyalarına sadiq qalan YAP hər zaman fəaliyyətində gənclərə geniş imkanların yaradılmasına, onlarda milli şüurun, vətənpərvərlik ruhunun formalaşdırılmasına xüsusi diqqət yetirib. Beləliklə, partiyamız gənclərin inkişafı üçün bütün imkanları yaradıb və gənclərlə sıx işləməyi başlıca hədəflərindən biri hesab edir. Məhz bu səbəbdəndir ki, ölkəmizin intellektual gəncliyi öz siyasi talelərini YAP-la bağlayır. Partiyamız gənclərimizə qayğı göstərməklə yanaşı, gənclərdən gələn təklifləri, layihələri diqqətlə qarşılayır və lazımi dəstəyini verir. Bu səbəbdəndir ki, Azərbaycan gəncliyi YAP-ın ətrafında mütəşəkkil şəkildə birləşib.
- Rəhbərlik etdiyiniz YAP Gənclər Birliyini ölkədəki digər gənclər təşkilatlarından fərqləndirən əsas cəhətlər nədən ibarətdir?
- Hazırda Cənubi Qafqazın ən böyük siyasi partiyası olan və dünyada olan bir çox siyasi partiyalarla sıx münasibət quran Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi də ölkəmizdə və regionda ən böyük gənclər təşkilatıdır.
Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin il ərzində keçirdiyi layihələr, tədbirlər, konfranslar gənclərin böyük marağına səbəb olur. Bunun nəticəsində Yeni Azərbaycan Partiyası Gənclər Birliyinın sıralarına yüzlərlə yeni üzvlər qəbul edilir. Ötən il ərzində də Gənclər Birliyinin sıraları həm kəmiyyət, həm də keyfiyyətcə daha da zənginləşib. 2013-cü ilin dekabr ayına olan statistikaya əsasən, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvlərinin sayı 247654 nəfər olub.
Ötən il ərzində Gənclər Birliyi sıralarına 17789 nəfər yeni üzv qəbul edilib. Onların da 9528 nəfərini xanımlar təşkil edir. Hazırda gənclər ümumi partiya üzvlərinin təqribən 40 faizini təşkil edir. YAP Gənclər Birliyi üzvlərinin böyük əksəriyyəti ali təhsillidir, gənclərdən 176 nəfəri fəlsəfə doktoru, 6 nəfəri isə elmlər doktoru kimi fəaliyyət göstərir. Bundan əlavə, üzvlər sırasında idman ustaları, Dünya, Avropa, Respublika və 5 nəfər Olimpiya çempionu da vardır. Hər zaman olduğu kimi, bu gün də Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri partiyanın Sədri, ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləyir və bu siyasəti ölkə ictimaiyyəti, o cümlədən, gənclər arasında təbliğ edir.
- Ötən il YAP Gənclər Birliyinin əsas fəaliyyət istiqamətləri nədən ibarət olub?
- Hər il olduğu kimi, 2013-cü ildə də Yeni Azərbaycan Partiyası Gənclər Birliyi öz fəaliyyətini partiya rəhbərliyinin tövsiyə və tapşırıqlarına uyğun şəkildə quraraq bir çox uğurlu tədbirlərin təşkilatçısı, həmçinin aktiv iştirakçısı oldu. Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən ictimai, sosial, mədəni, siyasi xarakterli layihələrdə uğurla təmsil olunan YAP gəncləri dövlətin daxili və xarici siyasətinin gənclər arasında təbliği, gənclərin qarşılaşdıqları problemlərin həllinə həssas münasibət, onların məşğulluğunun, asudə vaxtlarının səmərəli təşkili və ümumilikdə, dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində üzərinə düşən missiyanı layiqincə yerinə yetirməyə çalışıb.
Ölkəmizə böyük uğur və qalibiyyətlər qazandıran Prezident cənab İlham Əliyevin dövlətçiliyimizin möhkəmlənməsi, beynəlxalq aləmdə nüfuzunun artması, xalqımızın sosial rifahının yüksəldilməsi istiqamətində gördüyü işlər Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin də fəaliyyəti üçün əsas istiqamətlər olub.
Ötən illərlə müqayisədə 2013-cü ildə YAP Gənclər Birliyinin fəaliyyəti xüsusilə fərqlənib, buna əsas səbəb isə ölkəmizdə keçirilən prezident seçkiləri olub. Belə ki, YAP gəncləri seçkinin bütün mərhələlərində aktiv iştirak edərək Azərbaycan xalqının namizədi olan cənab İlham Əliyevin seçki platformasının ölkə əhalisi arasında yayılmasında, seçici aktivliyinin təmin olunmasında, gənclərin seçkidə təkcə seçici kimi deyil, həm də müşahidəçi, məşvərətçi, təbliğatçı və məntəqə, dairə seçki komissiyalarında üzv kimi də iştirakını təmin edib.
- YAP Gənclər Birliyi hər zaman maraqlı layihələrlə çıxış edir. Bu layihələr gənclər tərəfindən necə qarşılanır?
- Biz hər zaman cəmiyyətin tələbinə, gənclərin maraqlarına uyğun olan layihələr həyata keçiririk. Başlıca vəzifələrimizdən biri dövlət siyasətinin əsas tərkib hissəsi olan ermənilərin xalqımıza qarşı törətdikləri cinayətlərin ifşası, Dağlıq Qarabağ münaqişəsi kontekstində Azərbaycanın haqq səsinin dünyaya çatdırılması işini davamlı şəkildə həyata keçirmək olub. Eyni zamanda, YAP Gənclər Birliyi hər il 20 Yanvar faciəsi, Xocalı soyqırımı ilə bağlı tədbirlər reallaşdırır. Xocalı soyqrımı ilə əlaqədər bu cinayəti özündə əks etdirən elektron vərəqələr müxtəlif dövlətlərin rəsmilərinə, parlamentarilərə, beynəlxalq təşkilatlara elektron poçtlar vasitəsi ilə göndərilir.
Bütün bunlarla yanaşı, YAP Gənclər Birliyi gənclərin maarifləndirilməsi, dünyagörüşünün artırılması, vətənpərvər ruhda tərbiyə olunması, həmçinin, asudə vaxtlarının səmərəli keçirilməsi üçün də müxtəlif layihələr reallaşdırır. YAP Gənclər Birliyinin Ofisində davamlı olaraq rus, ingilis dili, həmçinin, kompyuter kursları təşkil olunub. Ötən il ərzində bu kurslarda 500 nəfərə yaxın gənc iştirak edib. Gənclər üçün maraqlı olan Universal gənclik layihəsi davam etdirilib, layihə çərçivəsində Kulturologiya elminin əsas anlayışları, Milli şüur və intellektual cəmiyyət - milli gücü təmin edən vasitə kimi, Regional və qlobal siyasətdə Azərbaycanın yeri: mövcud və gələcək zaman baxımından, Bədən dili, İqtisadi diplomatiya və regionların iqtisadi inkişafı, Sevgi və Sağlamlıq, Milli Qurtuluş günü Gənclərin gözü ilə, Yol hərəkəti qaydaları - sürücü məsuliyyəti və mədəniyyəti və digər mövzularda seminarlar təşkil olunub, gənclərimizin YAP Sədrinin müavini, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə ilə görüşü keçirilib.
Həmçinin, YAP Gənclər Birliyinin Ofisində Gənc biznesmen olmaq istəyirəm, Biznes planın yazılması, Java texnologiyaları, Sağlam Ailə, İdeyanı bizimlə paylaş, Natiqlik, Marketinq, Könüllülük, YOUTH İN BUSİNESS, Sosial Şəbəkədən düzgün istifadə, Biz Azərbaycanlıyıq!, Doğma Qarabağım, Silinən tarix, İctimai fəallığın artırılması Ekoturizm - təbiətə qayğı və istirahət, Uğura gedən yol - 10 qızıl qayda və digər layihələr icra edilib. Gənclərin dövlətin ictimai-siyasi həyatında rolu mövzusunda silsilə tədbirlər keçirilib. Bütün bunlardan başqa, YAP Gənclər Birliyinin Ofisində gənclərin diqqətini daha çox cəlb edən tarixi və milli vətənpərvərlik ruhunda filmlər nümayiş etdirilib. Bundan əlavə, gənclərin Qobustan Tarixi Memarlıq Qoruğuna, Qala qoruğuna, Azərbaycan İncəsənət Muzeyinə, Milli Tarix Muzeyinə, Atəşgah məbədi Dövlət Tarix-Memarlıq Qoruğuna, Dövlət Bayrağı Meydanı Muzey Kompleksinə ziyarəti təşkil olunub.
Yeni Azərbaycan Partiyasının təşkil etdiyi Yay və Qış məktəbləri də iştirakçı gənclərin bilik və bacarıqlarının artırılması, daha geniş dünyagörüşünün formalaşdırılması, onların Vətənə, millətə sədaqət və xidmət ruhunda tərbiyə olunmasında böyük əhəmiyyətə və dəyərə malikdir. Savadlı, intellektli, bacarıqlı, mənəviyyatlı gənclik isə müasir Azərbaycanın sabahının etibarlı təminatçısıdır. YAP Gənclər Birliyi sosial və xeyriyyəçilik layihələrini də ardıcıl olaraq davam etdirir. Gənclərimiz sosial şəbəkələrdə də çox fəaldırlar və bu yöndə işlərini daha da gücləndirməkdədirlər.
- Seymur müəllim, partiyamızın gənclərinin beynəlxalq əlaqələrini necə qiymətləndirmək olar? Bu istiqamətdə daha hansı addımların atılması nəzərdə tutulur?
- Bu gün Yeni Azərbaycan Partiyasının üzvü olan gənclər dövlətin onlar üçün yaratdığı imkanlardan səmərəli istifadə edirlər. Həm də öz partiya üzvlüyü məsuliyyətini dərindən dərk edərək partiyanın apardığı işə yaxından dəstək olurlar. YAP Gənclər Birliyi müxtəlif beynəlxalq qurumlarla fəal əməkdaşlıq edir. Bu siyasət bundan sonra da davam edəcək. Biz ənənəvi olaraq, Avropa Xalqları Partiyasının gənclər təşkilatları ilə müxtəlif platformalarda əməkdaşlığımızı davam etdiririk.
Məlumat üçün bildirim ki, YAP Gənclər Birliyinin 2013-cü il ərzində beynəlxalq əlaqələri daha da genişlənib. YAP Gənclər Birliyinin Ofisində Foreign Policy Club təsis olunub. YAP Gənclər Birliyinin sədr müavini Ramin Məmmədovun iştirakı ilə Avropa Xalqlar Partiyasının üzvləri, Avropa Demokrat Tələbələri və YEPP təşkilatı ilə gələcək əməkdaşlıq barəsində fikir mübadiləsi aparılıb. İlin sonunda isə Avropa Xalqlar Partiyasının gənclər təşkilatı olan Avropa Demokrat Tələbələri təşkilatının Afinada keçirilən Şura iclasında YAP Gənclər Birliyi də təmsil olunub. YAP Gənclər Birliyi DEMYC təşkilatının İdarə heyətinin iclasında iştirak edərək ölkəmiz və təşkilatımız haqqında təqdimat edib. Bundan əlavə, ötən il Bakıda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) Gənclər Qolunun ikinci toplantısı keçirilib. Toplantıya 18 ölkədən 50 nəfərə yaxın qonaq qatılıb, tədbirdə mühüm qərarlar qəbul olunub.
İkitərəfli münasibətlərə gəlincə, YAP Gənclər Birliyi olaraq bir sıra dövlətlərin siyasi partiyaları ilə fəal əməkdaşlıq edirik. Ötən ildən etibarən, Azərbaycanın strateji tərəfdaşlarından biri olan İsrailin gəncləri ilə münasibətlər qurulub. İsrailin İsrail Beitenu partiyasının dəvəti ilə YAP Gənclər Birliyi nümayəndələri İsraildə səfərdə olub, görüşlərdə İsrail və Azərbaycan arasında olan mövcud strateji əlaqələr, mübadilə proqramları və partiyalararası əlaqələr barədə fikir mübadiləsi aparılıb.
Bütün bunlardan əlavə, ötən il Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının dəvəti ilə YAP Gənclər Birliyinin üzvləri Türkiyədə keçirilən Gənclik festivalında təmsil olunub, bir sıra görüşlər keçirib. Eyni zamanda, AK Partiyanın Gənclik Qolunun nümayəndələrinin Azərbaycana səfəri təşkil olunub, onların dövlət və hökumət, həmçinin, partiya rəhbərliyi ilə görüşləri keçirilib.
Ümumiyyətlə, Azərbaycan gəncliyi sadəcə, üzv olduğu təşkilatlarda deyil, eyni zamanda dövlətlərarası münasibətlərin inkişafına da töhfələr vermək imkanındadır. Bu istiqamətdə də YAP Gənclər Birliyi kifayət qədər aktiv rol oynayır. Hesab edirəm ki, bu baxımdan, 2014-cü il YAP Gənclər Birliyi üçün beynəlxalq əlaqələr nöqteyi-nəzərindən də kifayət qədər məhsuldar bir il olacaq.
Yeni Azərbaycan.-2014.- 1 fevral.- S.5.