Azərbaycan-Pakistan əlaqələri
2014-cü ildə də
sürətlə inkişaf
edir
Bu əlaqələr ölkəmizin dünyada artan siyasi nüfuzunun və humanitar sahələrdəki fəaliyyətinin bariz göstəricisidir
Bildiyimiz kimi, xarici siyasi, iqtisadi, humanitar əlaqələri durmadan genişlənən Azərbaycan Respublikasının uğurlu əməkdaşlıq münasibətlərinə malik olduğu ölkələrdən biri də Pakistan İslam Respublikasıdır. Son illərdə daha da sıxlaşan iki ölkə əlaqələri 2014-cü ildə də fəal əməkdaşlıq şəraitində davam etdirilir.
Belə ki, bu günlərdə Pakistanın Xayber Paxtunxva əyalətinin Peşavər şəhərində fəaliyyət göstərən Xayber Göz Fondunun klinikasında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın dəstəyi ilə inşa edilmiş kişi və qadınlar üçün gözləmə otaqlarının açılış mərasimi keçirilib.
AzərTAc-ın yaydığı məlumata görə, mərasimdə Xayber Göz Fondunun idarə heyətinin sədri Hacı Məhəmməd Həlim Xan, Pakistan Senatının yayım və informasiya komitəsinin sədri, İslam dövlətləri ticarət və sənaye palatasının vitse-prezidenti senator Hacı Qulam Əli, Xayber Paxtunxva əyaləti parlamentinin deputatları, ziyalılar, ictimai-siyasi xadimlər, media nümayəndələri iştirak ediblər.
Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanda və xarici ölkələrdə həyata keçirdiyi uğurlu layihələr barədə ətraflı məlumat verib. Bildirilib ki, Heydər Əliyev Fondu tərəfindən Pakistanda həyata keçirilən silsilə humanitar yardımlar proqramı çərçivəsində Xayber Paxtunxva əyalətində Hepatit B virusuna qarşı peyvənd kampaniyası, açıq ürək əməliyyatları aparılıb, əyalətin klinikalarında serebral iflicin müayinəsi, Pakistan-Əfqanıstan sərhədi boyu pulsuz qanköçürmə təşkil edilib, göz klinikasının tikintisinə maddi yardım göstərilib. Həmçinin, 2012-2013-cü illərdə Qurban bayramında və Ramazan ayında əyalətin müxtəlif bölgələrində humanitar layihələr icra olunub.
Tədbirdə çıxış edən Xayber Göz Fondunun idarə heyətinin sədri Hacı Məhəmməd Həlim Can Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya göstərdiyi diqqət və qayğıya görə dərin minnətdarlığını bildirib. Qeyd olunub ki, əyalətin imkansız adamlarına göstərilən bu diqqət Mehriban Əliyevanın humanistliyinin, İslam dəyərlərinə sadiqliyin, həmçinin, xalqlarımız arasında məhəbbətin göstəricisidir. Bildirilib ki, müasir avadanlıqla təchiz olunmuş klinikada Pakistanın aparıcı oftalmoloqları çalışır və burada minlərlə imkansız insana pulsuz tibbi xidmət göstərilir.
Pakistan Senatının yayım və informasiya komitəsinin sədri, İslam dövlətlərinin ticarət və sənaye palatasının vitse-prezidenti senator Hacı Qulam Əli Pakistan-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayıb. Bakıya iki dəfə səfər etdiyini diqqətə çatdıran senator Azərbaycan xalqının Pakistan xalqına səmimi qardaşlıq münasibətinin əyani şahidi olduğunu bildirib, Prezident İlham Əliyevlə görüşdən aldığı xoş təəssüratlardan danışıb.
Senator Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələri yüksək qiymətləndirərək deyib ki, Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanda həyata keçirilən layihələr iki qardaş xalq arasındakı münasibətləri daha da möhkəmləndirib, pakistanlıların yaddaşında silinməz iz buraxıb.
Sonra səfir fonda 33 adda dərman preparatları hədiyyə edib və maddi yardım göstərib.
Həmçinin, Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov Peşavər şəhərinə səfəri zamanı Pakistanın Xayber Paxtunxva əyalətinin qubernatoru Şövkatullah Xan ilə görüşüb.
Görüşdə səfir Azərbaycan ilə Pakistan arasında dostluq və qardaşlıq münasibətlərindən danışıb. D.Şikarov Pakistanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycana verdiyi dəstəyə görə minnətdarlıq edib.
Söhbət zamanı səfir Azərbaycanda gedən yenidənqurma işləri, iqtisadi islahatlar, bu istiqamətdə əldə edilmiş uğurlar haqqında məlumat verib, iki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib. Diplomat iqtisadi əlaqələrin daha da inkişafı üçün birbaşa uçuşların bərpa edilməsinin, iş adamları arasında əlaqələr yaradılmasının, Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyasının fəaliyyətinin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Şövkatullah Xan əyalətdə yaşayan xalqların azərbaycanlılarla oxşar mədəniyyət və adət-ənənələrə malik olduqlarını qeyd edib, Pakistan ilə Azərbaycan arasında siyasi, iqtisadi, mədəni əlaqələrin dərinləşdirilməsinin önəmindən danışıb.
Qubernator Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Pakistanın hər zaman Azərbaycanı dəstəklədiyini deyib, rəsmi Bakının da Kəşmir məsələsində Pakistanın mövqeyini dəstəklədiyinə görə minnətdarlığını bildirib.
Ş.Xan əyalətdə həyata keçirilən investisiya layihələri haqqında məlumat verib, Azərbaycan iş adamlarını həmin layihələrdə iştiraka dəvət edib. Xayber Paxtunxvada zəngin kömür, xrom, mis, mərmər yataqlarının olduğunu bildirən qubernator bu təbii sərvətləri Azərbaycan tərəfi ilə birgə istehsal etməyə hazır olduqlarını deyib.
Qubernator, həmçinin, 2005-ci ildə əyalətdə baş vermiş zəlzələ zamanı azərbaycanlı xilasedicilərin və həkimlərin fəaliyyətini yüksək qiymətləndirib, bunun qardaşlıq rəmzi olduğunu vurğulayıb, yardıma görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq edib.
Ş.Xan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Xayber Paxtunxva əyalətinin müxtəlif bölgələrində həyata keçirilən humanitar və sosial layihələrin xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. O, əmin olduğunu bildirib ki, bu kimi layihələrin həyata keçirilməsi iki xalq arasında dostluq və qardaşlıq münasibətlərini daha da möhkəmləndirəcək.
Həqiqətən də, görülən işlər Azərbaycan-Pakistan əlaqələrinin daha çox inkişafına, hər iki ölkə xalqlarının bu əlaqələrdən daha çox faydalanmasına münbit şərait yaradır.
Bu məqamda qeyd etmək yerinə düşər ki, Azərbaycan ilə Pakistan İslam Respublikası arasında yüksək səviyyəli strateji müttəfiqlik mövcuddur. Pakistan İslam Respublikası Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. İki dövlət arasındakı diplomatik əlaqələrin tarixi 1992-ci ilin iyunundan başlayır. 1993-cü il martın 12-də Pakistan İslam Respublikasının Bakıda və 1997-ci il avqustun 24-də Azərbaycan Respublikasının İslamabadda səfirlikləri açılıb. 1993-cü ilin iyununda Ümummilli liderimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişi Azərbaycan ilə Pakistan İslam Respublikası arasındakı dostluq əlaqələrinin strateji müttəfiqlik müstəvisində beynəlxalq və regional təşkilatlar çərçivəsində uğurla inkişaf etməsinə təkan verdi. Belə ki, Pakistan İslam Respublikası hər zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair atılan addımlarda Azərbaycan tərəfinin mövqeyini birmənalı şəkildə dəstəkləyir və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır. Rəsmi İslamabadın Ermənistanın Azərbaycana qarşı təcavüzünə münasibətdə israrlı mövqeyinin bariz nümunəsi kimi, 1993-cü ildə BMT TŞ-də Pakistan İslam Respublikasının sədrliyi ilə işğalçı Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması ilə bağlı 822 saylı Qətnamə qəbul edilib. Eyni zamanda, qeyd etmək lazımdır ki, məhz bu səbəbdən Pakistan İslam Respublikası bu günədək işğalçı Ermənistanla diplomatik münasibətlər yaratmayıb.
Ulu öndər Heydər Əliyevin dəvəti ilə 1995-ci il oktyabrın 9-11-də Pakistan İslam Respublikasının keçmiş prezidenti Sərdar Faruq Əhməd Xan Leqari Azərbaycana ilk rəsmi səfərini edib. Bu səfər iki dövlət başçısı arasında mövcud olan xüsusi dostluq münasibətləri ruhunda yüksək səviyyədə, qarşılıqlı anlaşma şəraitində keçib və dövlətlərarası münasibətlərin ən yüksək səviyyədə inkişafında xüsusi əhəmiyyət daşıyıb. Xüsusi olaraq qeyd etmək lazımdır ki, hər iki ölkə başçıları bir neçə dəfə qarşılıqlı səfərlər ediblər. 1996-cı ilin aprelində Pakistan İslam Respublikası Prezidentinin dəvəti ilə Ulu öndər Heydər Əliyevin Pakistana, 2004-cü ildə Pakistan İslam Respublikasının keçmiş Prezidenti Pərviz Müşərrəfin Azərbaycan Respublikasına, 2005-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Pakistana səfərləri bunun əyani göstəricisidir. Səfərlər zamanı əməkdaşlığın müxtəlif sahələri ətrafında danışıqlar və fikir mübadilələri aparılıb, müvafiq istiqamətlər üzrə ikitərəfli sənədlər imzalanıb.
Bu baxımdan, 2005-ci ilin aprelində Azərbaycan Prezidenti İlham Əliyevin Pakistana səfəri xüsusi olaraq qeyd edilməlidir. Dövlətlərarası münasibətlərin yüksək səviyyədə inkişafında yeni mərhələnin başlanğıcı sayılan bu səfər zamanı dövlət başçılarının görüşündə Azərbaycan ilə Pakistan arasındakı münasibətlərin strateji tərəfdaş qismində inkişafından razılıq ifadə edilib. Pakistan tərəfi Azərbaycanla birgə imzalanmış ikitərəfli sənədlərin bütün sahələrdə əməkdaşlığın inkişafında əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, Pakistan və Azərbaycan əsas problemlərə eyni mövqedən yanaşır. Məhz Kəşmir problemi barədə Azərbaycanın açıq mövqeyi və Ermənistanın Azərbaycana təcavüzünün Pakistan tərəfindən daim pislənməsi xüsusi olaraq vurğulanıb. Bildirilib ki, rəsmi İslamabad Ermənistanın Azərbaycana hərbi təcavüzünü qətiyyətlə pisləyir və öz mövqeyinə hər zaman sadiq qalacaq. Digər tərəfdən, Pakistan Azərbaycanın ərazi bütövlüyünün təmin olunması tələbini hər zaman dəstəkləyəcəyini vəd edib.
Azərbaycan Prezidenti İlham Əliyev də Öz növbəsində ölkələr arasındakı münasibətlərin daimi xarakter daşıdığını söyləyib. Dövlət başçısı xüsusi vurğulayıb ki, Ermənistanın Azərbaycana təcavüzü məsələsi BMT-nin Təhlükəsizlik Şurasında müzakirə edilərkən Pakistanın birmənalı şəkildə ədalətli mövqe tutaraq Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, Ermənistanın hərbi təcavüzünün pislənilməsi barədə verdiyi bəyanatlar və Azərbaycanın haqq işini müdafiə etməsi ölkəmizdə yüksək qiymətləndirilir. Ölkə başçısı həm də bildirib ki, Azərbaycan tərəfi Kəşmir problemi ilə bağlı beynəlxalq müzakirələrdə həmişə Pakistanın mövqeyini müdafiə edib və bundan sonra da edəcək.
Azərbaycan ilə Pakistan arasındakı münasibətlərdə hərbi sənayenin inkişafı ilə bağlı məsələ xüsusi yer tutur. 2002-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Pakistan İslam Respublikası Müdafiə Nazirliyi arasında “Müdafiə və hərbi sahələrdə ikitərəfli əməkdaşlıq haqqında” protokol və Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında “Müdafiə və hərbi sahədə əməkdaşlıq haqqında” saziş imzalanıb. Bu protokol və sazişdən irəli gələn məsələlərin həyata keçirilməsi və iki ölkə arasında bu sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından Pakistan İslam Respublikasının Birləşmiş Qərargahlar Komitəsinin rəisi M.Ə.Xanın 2004-cü ilin avqust ayında Azərbaycana səfəri mühüm əhəmiyyət kəsb edib. 2004-cü ilin oktyabr ayında Pakistan İslam Respublikasının Azərbaycan Respublikasının “Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində vəziyyətə dair” qaldırdığı məsələnin BMT Baş Assambleyasının 59-cu sessiyasının gündəliyinə salınmasının lehinə səs verməsi beynəlxalq birliyin bu məsələnin ədalətli həlli naminə dəstəyinə ümidvar olan Azərbaycan Respublikası üçün böyük əhəmiyyət kəsb edib.
Qeyd etdiyimiz kimi, iki ölkənin rəsmiləri arasında keçirilən görüşlər münasibətlərin inkişafına mühüm töhfələr verib. 2006-cı il 5-7 may tarixlərində İqtisadi Əməkdaşlıq Təşkilatının IX Zirvə Toplantısında iştirak etmək məqsədilə Pakistan İslam Respublikasının Baş naziri Şövkət Əziz Azərbaycana səfər edib. 2006-cı il mayın 3-də Pakistanın xarici işlər naziri X.M.Kasuri İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısı ilə əlaqədar Bakıda səfərdə olub. 2008-ci ildə Pakistan Senatının Xarici əlaqələr üzrə daimi komitəsinin nümayəndə heyəti Azərbaycana səfər edib. 2008-ci ilin sentyabrında Bakıda keçirilmiş İƏT üzv dövlətlərinin Kənd Təsərrüfatı nazirlərinin IV toplantısında Pakistan İslam Respublikasının nümayəndə heyəti iştirak edib. 2008-ci ilin oktyabrında isə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndə heyəti Pakistana səfər edib. Səfər zamanı Azərbaycan-Pakistan ikitərəfli İşçi Qrupu Forumunun da ilk iclası keçirilib. 2008-ci ilin noyabrında isə Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi nümayəndə heyəti Pakistanın Kəraçi şəhərində təşkil olunmuş V Beynəlxalq Müdafiə sərgisi və seminarında (İDEAS-2008) iştirak edib. Pakistanın Müdafiə Məhsulları İxracının Təşviqi Təşkilatı, Pakistan Ticarət İnkişafı Agentliyi və “E-Commerce Gateway Pakistan” təşkilatının birgə keçirdiyi sərgidə 60 ölkədən 256 şirkət iştirak edib. Səfər çərçivəsində iki ölkənin hərbi-sənaye kompleksləri arasında əməkdaşlıq sahələrini müəyyən etmək məqsədilə ekspert qrupu yaradılıb. 2009-cu ilin may ayında isə Pakistanın müdafiə sənayesi naziri Abdul Qəyyum Xan Catoyun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib. Səfər zamanı Prezident İlham Əliyev nazir A.Q.X.Catoyu qəbul edib. 2009-cu ilin avqustunda isə Pakistan Hərbi Dəniz Qüvvələri Komandanı admiral Noman Bəşir Azərbaycana səfərə gəlib. 2009-cu ilin oktyabrında isə Pakistan Silahlı Qüvvələrinin Qərargah rəisləri komitəsinin sədri general Tariq Məcidin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilən general T.Məcid ölkələrimiz arasında müsbət əlaqələrin inkişafında maraqlı olduqlarını bildirib. 2010-cu ilin martında Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndə heyəti Pakistan İslam Respublikasında səfərdə olub. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Elektron Optik Cihazlar zavodu, Pakistan silah-sursat kompleksi, Taksila Ağır Sənaye zavodu, Kamra Aviasiya Kompleksi, AERO şirkəti və Milli Radio Teleqraf Korporasiyasının fəaliyyəti və məhsulları ilə tanış olublar. 2010-cu ilin aprelində ölkəmizdə səfərdə olan Pakistanın keçmiş müdafiə katibi Səyid Əthar Əlinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilib. Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev əməkdaşlığımızın və tərəfdaşlıq əlaqələrimizin səviyyəsinin razılıq doğurduğunu bildirib. Ölkəsinin Azərbaycan ilə əlaqələrinin uğurla inkişaf etdiyini bildirən Pakistanın müdafiə katibi Səyid Əthar Əli ölkələrimizin beynəlxalq forumlarda bir-birinin mövqelərini daim dəstəkləmələrinin önəmini qeyd edib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinin Azərbaycan üçün ən ümdə məsələ olduğunu vurğulayan qonaq məhz bununla bağlı Pakistanın Ermənistanı tanımadığını bildirib.
İki ölkə arasında iqtisadi əməkdaşlıq da yüksək səviyyədə inkişaf etməkdədir. İqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi məqsədilə yaradılmış Hökumətlərarası Birgə Komissiyanın indiyədək dörd iclası keçirilib.
Bir sözlə, qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə çatıb və bundan sonra da ölkələr arasında formalaşan mehriban dostluq və sıx əməkdaşlıq əlaqələrinin daha yüksək zirvəyə çatması üçün geniş imkanlar və böyük potensial mövcuddur. İki ölkə arasında humanitar sahədə əlaqələr daha yüksək səviyyədə inkişaf edib. Pakistan hökuməti tərəfindən Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranmış vəziyyətlə əlaqədar dəfələrlə qaçqın və köçkünlərimizə humanitar yardımlar göstərilib. İndiyədək Pakistan İslam Respublikası Azərbaycan qaçqınlarına və məcburi köçkünlərə kömək məqsədilə geyim əşyaları və dərmandan ibarət 25 tondan artıq humanitar yardım göstərib. 2005-ci ildə Pakistan İslam Respublikasında baş vermiş dəhşətli zəlzələ nəticəsində zərərçəkmiş insanlara yardım etmək məqsədilə, Azərbaycan Hökuməti tərəfindən Pakistan İslam Respublikasına əlavə olaraq bir milyon ABŞ dolları yardım edilib. Daha öncə isə 500 min ABŞ dolları və zəruri ləvazimatlarla dolu təyyarə fəlakət zonasına göndərilmişdi.
Bundan başqa, Pakistan İslam Respublikası Xocalı faciəsini soyqırımı kimi tanıyıb. Ötən ilin fevralında Pakistan Senatı Azərbaycanın Xocalı şəhərində baş vermiş hadisələrin soyqırımı kimi tanınması ilə bağlı qətnamə qəbul edib. Sənəddə göstərilir ki, Senat Azərbaycan ərazilərinin ermənilər tərəfindən işğalını və 1992-ci ilin fevralında erməni silahlı birləşmələri tərəfindən törədilən soyqırımı pisləyir. Senat bir daha Azərbaycan ərazilərinin toxunulmazlığını təsdiqləyir və onun beynəlxalq çərçivədə qəbul olunmuş sərhədlərini tanıyır. Senat habelə, beynəlxalq ictimaiyyətdən Ermənistanı BMT TŞ-nin Dağlıq Qarabağ üzrə qəbul etdiyi qətnamələri yerinə yetirməyə çağırmağı xahiş edir, eləcə də, Xocalıdakı faciəli hadisələrin günahkarlarının məsuliyyətə cəlb edilməsinə çağırmağı tələb edir. Vurğulamaq lazımdır ki, Azərbaycan-Pakistan münasibətləri dost ölkədə də yüksək səviyyədə təbliğ olunur. Məsələn, ötən ilin iyununda Pakistanın nüfuzlu ingilisdilli “Pakistan Observer” qəzetində “Azərbaycan Pakistanda humanitar fəaliyyətini genişləndirir” sərlövhəli məqalə dərc edilib. Məqalədə Azərbaycanın Pakistanda həyata keçirtdiyi humanitar layihələrin genişləndirildiyi bildirilib. Vurğulanıb ki, layihələr səhiyyə, təhsil və digər sahələri əhatə edir. Yazıda Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarovun senatorlar Hacı Qulam və Hacı Adilin dəvəti ilə Dünya Qan Donoru Günü ilə bağlı keçirilən tədbirdə iştirak etmək üçün Hayber Paxtunxva əyalətinin Peşavar şəhərinə səfər etdiyi qeyd edilib. Bildirilib ki, “Hər bir donor qəhrəmandır” devizi altında keçirilən tədbirin məqsədi ictimaiyyətin diqqətini könüllü donorların fədakarlıqlarına cəlb etmək olub. Məqalənin müəllifi yazır ki, qan xəstəliklərindən əziyyət çəkən xəstələrin müalicəsi ilə məşğul olan Həmzə Xeyriyyə Fondunda çıxış edən D.Şikarov qurumun gördüyü işləri yüksək qiymətləndirib. Diplomat Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın adından Həmzə Fondunun təsisçisi İcaz Əli Xana xüsusi qanköçürmə və kiçik laboratoriya ilə təchiz olunmuş “Suzuki” markalı təcili tibbi yardım avtomobili və iki min ədəd qanköçürmə paketini təqdim edib. Məqalədə qeyd edilib ki, D.Şikarov Peşavaraya səfəri çərçivəsində Xayber Göz Fondunda olub, bu təşkilatın nəzdində fəaliyyət göstərən göz klinikasının yeni korpusunun təməlqoyma mərasimində iştirak edib. Səfir Heydər Əliyev Fondu adından Xayber Göz Fonduna maddi yardım təqdim edib.
Yazıda qeyd olunub ki, mərasimdə iştirak edən senator Hacı Qulam Əli və Xayber Göz Fondunun sədri Malik Məhəmməd Əli Mehriban xanım Əliyevaya göstərdiyi yardıma görə minnətdarlığını bildirib, bu yardım nəticəsində bir çox imkansız insanların şəfa tapacaqları vurğulanıb.
Beləliklə, göründüyü kimi, iki ölkə arasında münasibətlər yüksək səviyyədə inkişaf edir. Bu əlaqələr Azərbaycanın dünyada artan siyasi nüfuzunun və humanitar sahələrdəki fəaliyyətinin bariz göstəricisidir.
Hülya MƏMMƏDLİ
Yeni Azərbaycan.-2014.- 1 fevral.- S.8.