Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir

 

Azərbaycanda 2 fevral Gənclər Günü kimi qeyd olunur. Bu, ölkə gəncliyinə olan diqqət və qayğının bariz nümunəsidir. Məlum olduğu kimi, Ulu öndər Heydər Əliyev Azərbaycanda dövlət gənclər siyasətinin müəllifidir. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi isə gəncliyin inkişafı üçün daha geniş imkanlar açıb.

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin layihələr üzrə koordinatoru Leyla Kərimova bildirib ki, cəmiyyətimizin avanqard qüvvəsi olan gənclərimiz bütün sahələrdə layiqli yer tutublar. Onun fikrincə, bütün bunların əsasında dövlətimizin gənclərə yaratdığı imkanlaronlara göstərilən diqqət dayanır: “Təsadüfi deyil ki, bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilirsiyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olub. Bu siyasətin banisi isə xalqımızın Ümummilli lideri Heydər Əliyevdir. Ulu öndər Heydər Əliyevin gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli-mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olub”.

Hazırda da bu missiyanın və ənənənin özünü qoruyub saxladığını deyən L.Kərimovanın sözlərinə görə, gənclərimiz nəinki ölkəmizdə, həmçinin, ölkə hüdudlarından kənarda da fəallıq göstərərək Azərbaycana qələbələr bəxş edirlər. “Əslində bu gün gənclər siyasətinin bir sıra istiqamətlərini göstərmək olar. Gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı, istedadlı gənclərə dövlət qayğısı, gənclərin sağlamlığının qorunması və fiziki inkişafı, gənclərin məşğulluğunun təmin edilməsi, gənc ailələrə dövlət yardımı və gənclər təşkilatlarına dövlət yardımı bu sıraya daxildir. Göstərilən bütün bu istiqamətlər məhz gənclərimizin cəmiyyətimizdə mühüm yer tutmalarına böyük bir dəstəkdir. Sadə bir misal göstərə bilərəm. Məsələn, cənab Prezidentimiz İlham Əliyevin imzaladığı “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı biz gənclərə olan inam və qayğının təzahürü idi. Eyni zamanda, Gənclər Fondunun, Gənclər Evinin yaradılması bütün bunların əyani sübutudur. Ən böyük addımlardan biri də cənab Prezidentimizin imzaladığı “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsini göstərmək olar. Bütün bunlar dövlət başçısının gənclərin yaxın dostu olmasının və onlara olan inamın, qayğının nəticəsidir. Belə bir deyim var: o gənclər xoşbəxtdirlər ki, dövlət onlara inanır və güvənir. Davamlı inkişafın əsas meyarı olan gənclərimiz bu amalla birləşməli və bu yolda həmrəy olmalıdırlar” - deyə, həmsöhbətimiz vurğulayıb.

Bir gənc olaraq ölkədə aparılan gənclər siyasətini çox yüksək qiymətləndirirəm. Gənc dövlət olmağımıza baxmayaraq, ölkəmizdə gənclərə çox böyük önəm verilirbu bizi çox sevindirir”. Bu fikirləri isə YAP Yasamal rayon təşkilatı Gənclər Birliyinin sədri Bəxtiyar Nəbiyev deyib. Son bir neçə ildə dövlət başçısı tərəfindən gənclər siyasəti ilə bağlı verilən sərəncamları xatırladan B.Nəbiyev söyləyib ki, bu sənədlər Azərbaycanda aparılan uğurlu gənclər siyasətinin bariz nümunəsidir:Prezident İlham Əliyev tərəfindən 5000-dən çox gəncin xaricdə təhsil alması ilə bağlı verilən Sərəncam təqdirəlayiqdir. Dövlət başçısının gənclərə göstərdiyi diqqət və qayğının digər göstəricisi istedadlı gənclər üçün təsis edilən mükafatdır. Bütün bu addımlar ölkə gənclərinə böyük stimul verir”.

B.Nəbiyev vurğulayıb ki, bu gün ölkəmizdə istedadlı, savadlı gənclərimiz çoxdur. Həmin gənclər istər ölkə, istərsə də beynəlxalq tribunalarda Azərbaycanı layiqli təmsil edirlər. Həmsöhbətimiz, həmçinin, bildirib ki, bu gün YAP-ın 620 mindən çox üzvü var və onların da 40 faizi gənclərdir: “Biz gənclər dövlət başçısının ətrafında sıx birləşmişik”.

Onun sözlərinə görə, ölkədə gənclərlə bağlı günün təsis edilməsi də gənclərə verilən önəmin sübutudur.

YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Kübra Əliyarlı isə bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 10 il müddətində həyata keçirilən təxirəsalınmaz və ardıcıl islahatların nəticəsi olaraq bütün sahələrdə dinamik inkişafa nail olunub. Onun fikrincə, məhz dövlət başçısının apardığı uğurlu siyasət nəticəsində ölkəmiz inkişaf göstəricilərinə görə, dünyada öz nüfuzunu və mövqelərini daha da möhkəmləndirib. Azərbaycan dövlətinin və xalqının inkişafına, vətəndaşlarımızın həyat səviyyəsinin artırılmasına xidmət edən bu uğurlu siyasət gənclər sektorundan da yan keçməyib. Belə ki, gənclərlə bağlı aparılan siyasət və müəyyən Dövlət proqramlarının qəbul olunması ilə bu sahədə xeyli irəliləyişə nail olunub. Sözsüz ki, bu uğurlar gənclərimizin növbəti uğurlu addımlarının qarantı və onlar üçün əsl stimuldur. Prezident İlham Əliyev dövlətçiliyimizin, müstəqilliyimizin, milli-mənəvi dəyərlərimizin daha da möhkəmləndirilməsi, onların təbliği, milli məqsədlərə xidmət, eləcə də, ölkəmizin daha da inkişafı və çiçəklənməsi yönündə gənclərə diqqət və qayğını mühüm amil kimi hər zaman önə çəkir. Cənab Prezident eyni zamanda, gələcəyimizin etibarlı təminatının peşəkar kadrların yetişdirilməsindən, gənclərin cəmiyyətin bütün sferalarında fəal iştirakından, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılı olduğunu hər zaman diqqətdə saxlayır. Bir sözlə, Azərbaycan gənclərinə xoş münasibət və yüksək qayğı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsasını təşkil edir. Sevindirici haldır ki, Prezident İlham Əliyevin gənclər siyasətinin çox vacib istiqamətləri və bu siyasətdən irəli gələrək gənclərin hərtərəfli inkişafı naminə görüləcək işlər müəyyən Dövlət proqramlarında öz əksini tapıb” - deyə, sədr müavini vurğulayıb.

K.Əliyarlı qeyd edib ki, bu baxımdan, Prezident İlham Əliyev tərəfindən imzalanan “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı əhəmiyyətlidir. O deyib ki, Dövlət Proqramının qəbulu ilə Azərbaycanda dövlət gənclər siyasətinin inkişafında yeni mərhələnin başlanğıcı qoyuldu. Belə ki, proqram çərçivəsində həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati, hüquqi şərait və təminatların yaradılmasını sürətləndirməklə yanaşı, onların ictimai-siyasi fəallığının artmasına da kömək edir. K.Əliyarlı sonda bildirib ki, məhz həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə, malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayırlar.

 

Nardar BAYRAMLI

Yeni  Azərbaycan.-2014.- 1 fevral.- S.4.