Azərbaycan dövləti
gənclərin inkişafı
üçün bütün
imkanları yaradıb
YAP Gənclər Birliyi
2 fevral - Gənclər
Günü münasibətilə
tədbir keçirib
Fevralın 1-də Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşkilatçılığı ilə 2 fevral - Gənclər Günü münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan YAP Gənclər Birliyinin sədri Seymur Orucov rəhbərlik etdiyi təşkilatın ötənilki fəaliyyəti haqqında geniş məlumat verib. S.Orucov bildirib ki, on minlərlə gənci öz ətrafında birləşdirən YAP Gənclər Birliyi müasir Azərbaycanımızın qurucusu olan Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsini, milli siyasət strategiyasını dəstəkləyib və hər an dövlətin gənclər arasında əsas dayağı olmağa çalışıb. “2013-cü ildə keçirilmiş prezident seçkiləri Azərbaycanın ictimai-siyasi həyatında əlamətdar tarixi hadisə kimi yadda qalıb. YAP Gənclər Birliyi bu siyasi kampaniyada fəal iştirak edərək ölkəmizin dinamik inkişafını təmin edən Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mahiyyəti haqqında əhali arasında geniş təbliğat işi aparıb”, - deyən S.Orucov əlavə edib ki, bu gün Azərbaycan gəncliyi dövlət tərəfindən böyük diqqət və qayğı ilə əhatə olunub. Onların təhsili, asudə vaxtlarını səmərəli keçirməsi, dövlət idarəçiliyinə cəlb edilməsi ölkə Prezidentinin siyasətinin prioritet istiqamətini təşkil edir.
Sonra tədbir iştirakçıları YAP Gənclər Birliyinin 2013-cü ildəki fəaliyyətini əks etdirən video- çarxa baxıblar.
Mərasimdə çıxış edən Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bayram münasibətilə gəncləri təbrik edib. Əli Əhmədov bildirib ki, tədbirdə nümayiş olunan kadrlar YAP gənclərinin 2013-cü ildəki fəaliyyəti haqda təsəvvürlər yaradır. Onun fikrincə, qısa olsa da bu film gənclərin nə qədər yüksək fəallıq nümayiş etdirdiyini ifadə edir: “Həqiqətən, YAP-ın sıralarında təkcə say etibarilə çoxlu gənclər birləşməyib, eyni zamanda, kifayət qədər yüksək intellekt sahibi olan, vətənpərvərliyi ilə seçilən, yüksək biliklər mənimsəmiş gənclər cəmləşib ki, bugünkü və daha çox gələcək Azərbaycan haqqında daha aydın təsəvvürlərimizin formalaşmasına təkan verir. YAP-ın gəncləri Azərbaycanın ictimai-siyasi həyatında yüksək fəallıq nümayiş etdirirlər. Bunun ən bariz ifadələrindən biri ötən ilin oktyabr ayında ölkəmizdə keçirilən prezident seçkilərində gənclərin seçki kampaniyasında fəal iştirak etməsidir. Ölkə gənclərinin seçki kampaniyasına qoşulmasında, Prezidentin dəstəklənməsində, səsvermədə fəal iştirak etməsində partiyamızın gənclərinin apardığı təşviqat kampaniyası əhəmiyyətli rol oynayıb. YAP-ın gəncləri sözün həqiqi mənasında özündə böyük siyasi gücü, mənəvi gücü, gənclik enerjisini birləşdirir və bu gün Azərbaycanın gələcəyinə inamla baxmaq üçün çox etibarlı əsaslar yaradır. Qeyd etmək istəyirəm ki, Azərbaycan gəncləri onlara gənclik gününü bəxş etmiş Ulu öndər Heydər Əliyevin ideyalarını heç zaman unutmurlar, əksinə fəaliyyətlərində bütünlüklə bu ideyalara istinad edirlər. Çünki bu ideyalar onların formalaşmasına bilavasitə köməklik göstərib”.
Əli Əhmədov qeyd edib ki, Ulu öndər Heydər Əliyevin gənclər siyasəti Azərbaycanın mövcud olan imkanlarından istifadə edərək gənclərimizin daha yüksək formalaşmasına, bu günün və gələcəyin layiqli vətəndaşı kimi yetişməsinə səfərbər edilməsindən ibarət olub. YAP Sədrinin müavini məmnunluq hissi ilə deyib ki, Gənclər Gününün təsis olunmasından bu günə qədər keçən illər ərzində Azərbaycanda müasir gəncliyin inkişafı üçün böyük işlər görülüb. “Təbii ki, bu işlərin əsasını Heydər Əliyev ideyaları təşkil edir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin də əsasında dayanan bu ideyalar gənclər üçün daha geniş imkanların yaradılmasından ibarətdir. Azərbaycanın inkişafı və artan imkanları gənclərlə bağlı siyasətimizin daha əhatəli şəkildə həyata keçirilməsi üçün əlavə imkanlar yaradır. Bu gün ölkəmizdə layiqli gənclik formalaşıb. Azərbaycan gəncliyi yüksək biliklərə yiyələnməklə, müasir dünyagörüşünə sahib olmaqla, eyni zamanda, azərbaycançılıq ideyalarına yiyələnməklə ölkəmizin layiqli vətəndaşları kimi yetişirlər. Biz Azərbaycanın gələcəyini bu gün formalaşan, gələcəyə ümidlə baxan və özünü gələcəyə hazırlayan gənclərdə görürük. Təbii ki, hər bir xalqın gələcəyi gənclərlə bağlıdır. Bu mənada biz də Azərbaycanın gələcəyini Ümummilli lider Heydər Əliyev tövsiyələrinə istinad edərək bugünkü ölkə gəncləri ilə bağlayırıq. Həqiqətən, bütün parametrləri ilə Azərbaycanın gələcəyinin layiqli təmsilçiləri olmağa qadir olan gənclik formalaşıb” - deyən Əli Əhmədovun sözlərinə görə, bu gənclərin əhəmiyyətli bir hissəsi YAP-ın Gənclər Birliyində toplaşıblar.
Baş nazirin müavini qeyd edib ki, Prezidentimizin gənclərlə bağlı siyasətinin mərkəzində dayanan əsas ideya gəncləri layiqli vətəndaş, vətənpərvər insanlar kimi yetişdirməkdən ibarətdir. Onun fikrincə, layiqli vətəndaş, vətənpərvər insan sadəcə olaraq sözdə Azərbaycanı sevən gənclər olmamalı, eyni zamanda, Azərbaycanın inkişafı üçün özünün potensialını qoymağı bacaran insan olmalıdır: “Prezident İlham Əliyev ölkə gəncliyinin bu parametrlər üzrə formalaşıb inkişaf etməsi üçün bütün imkanlardan səmərəli şəkildə istifadə edir. Təhsil infrastrukturunun yaxşılaşdırılmasından tutmuş, təhsilin keyfiyyətinin yüksəldilməsinə qədər həyata keçirilən bütün işlər, islahatlar məhz bu məqsədin reallaşmasına xidmət edir. Eyni zamanda, gənclərimizin ölkəmizdən kənarda, müasir dünya səviyyəsində olan universitetlərdə təhsil almaları üçün geniş Dövlət Proqramının həyata keçirilməsi də bilavasitə Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşmaqdadır. Bu gün çoxlu sayda gənclərimiz yüksək reytinqli dünya universitetlərində təhsil alırlar. Onlar dünyanın inkişaf meyillərini, yüksək biliklərini Azərbaycana gətirirlər və bu biliklər əsasında ölkəmizin inkişafına əlavə təkanlar verəcək böyük qüvvədirlər. Həmin gənclərin böyük əksəriyyəti vətənə qayıdaraq ölkəmizin gələcəkdə daha yüksək inkişaf etməsinə təkan verəcəklər. Eyni zamanda, onlar xaricdə ölkəmizi layiqincə təmsil edirlər. Ola bilər ki, həmin gənclərin müəyyən hissəsi xaricdə qalsın. Amma burada da faciəvi bir şey yoxdur. Onlar o ölkələrdə yaşamaq seçimi etmiş olsalar, yenə də, Azərbaycanı təmsil etmiş olacaq, ölkəmiz haqda geniş təsəvvür yaradacaqlar”.
Gənclərin bu gün dövlət işlərinə də geniş şəkildə cəlb olunduğunu deyən Əli Əhmədov bildirib ki, dövlət idarəçiliyində çox məsul vəzifələrə irəli çəkilmiş gənclər var. O, belə gənclər arasında YAP üzvlərinin də olmasını sevindirici hal kimi dəyərləndirib. İcra katibinin fikrincə, bu ondan xəbər verir ki, gələcək Azərbaycanın formalaşmasında YAP gəncləri də yaxından iştirak edirlər: “Biz Azərbaycanın gələcəyinə baxarkən bu gün əldə etdiyimiz səviyyədən gələcəkdə daha yüksək səviyyədə dayanmağa layiq olan Azərbaycanın formalaşmasını arzu edirik. Bu arzu bu gün gəncliyimizin istək və arzuları ilə tamamilə uyğun gəlir. Bu uyğunluq Azərbaycanın bundan sonra da sürətli inkişafının çox fundamental əsaslarından birini təşkil edir. YAP elə bir siyasi təşkilatdır ki, gənclər burada gələcək Azərbaycanın formalaşmasında yaxından iştirak edirlər. Gənclərimiz milli dəyərlərimizə, adət-ənənələrimizə sədaqəti ilə həmişə seçilirlər. Əgər dünya dəyişirsə, dəyərlər dəyişirsə, təbii ki, Azərbaycanın dəyərləri də müsbət mənada inkişaf edir. Həm milli, həm dünyəvi, həm də inkişaf edən dəyərləri mənimsəyən ən əhəmiyyətli sosial qrup gənclikdir. Amma milli dəyərlərimiz heç zaman unudulmamalıdır, azərbaycançılıq ideyaları öndə olmalıdır. Bu gün əgər ölmək uğrunda haqq qazandırıla biləcək bir iş varsa, bu da Qarabağ uğrunda mübarizədən ibarət olmalıdır. Hər bir vətəndaş, o cümlədən, gənclər bunu aydın dərk etməlidir. Torpaqlarımızın işğal edilməsinə baxmayaraq, Azərbaycan Prezidenti sülhsevər siyasət həyata keçirir. Bizim müqəddəs vəzifəmiz torpaqlarımızı işğaldan azad etməkdən ibarətdir. Prezidentimizin həyata keçirdiyi siyasət bu istiqamətə köklənib. Buna görə də, Azərbaycan gənclərinin içərisində hansısa ölkəyə canını qurban verməyə gedənlərin hərəkətlərinə haqq qazandırmaq mümkün deyil. Kimlərinsə Qarabağın azadlığı uğrunda mübarizədən savayı, başqa məqsədlər naminə özlərini fəda etməsi, ayrı-ayrı ölkələrdəki qarşıdurmalarda iştirak etməsi, o cümlədən Suriyadakı döyüşlərdə iştirak etməsi Azərbaycan gənclərinin mütləq əksəriyyəti tərəfindən müsbət qiymətləndirilmir. Azərbaycanda gənclərin vətən uğrunda fədakarlıq göstərməsi üçün hər cür şərait yaradılıb. Gənclər bu imkanlardan istifadə etməlidirlər”.
Gənclərə öz fəaliyyətlərində uğurlar arzulayan Əli Əhmədov deyib ki, partiyada təmsil olunan gəncələr həmişə düzgün mövqedən çıxış edərək milli maraqların qorunmasına xidmət ediblər.
Milli Məclisin sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova gəncləri təbrik edərək YAP-ın yarandığı dövrü xatırladıb. B.Muradova bildirib ki, müstəqilliyimizin ilk illərində Azərbaycan gəncliyi müxtəlif siyasi qrupların hakimiyyət uğrunda apardıqları mübarizədə bir alətə çevrilmişdilər. Lakin Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra gənclərlə iş dövlət siyasətinin aparıcı istiqamətinə çevrilib. Onun sözlərinə görə, həmin dövrdə məhz gənclər irəlidə gedərək Ümummilli liderin fikirlərini ictimaiyyətə çatdırıb, Azərbaycanda siyasi sabitliyin bərpa olunması üçün Heydər Əliyevin ətrafında birləşiblər: “Bu gün isə vəziyyət başqadır. Gənclər internetdən istifadə edərək fəaliyyət dairələrini genişləndirir, xarici dövlətlərə səfər edir, biliklərini artırırlar. Dövlətimiz bütün bu işlərdə onlara yaxından köməklik göstərir. Bu gün Heydər Əliyev ideyaları ilə müstəqil həyata qədəm qoyan gənclər Prezident İlham Əliyevin ətrfında sıx birləşərək dövlətçiliyin inkişafına xidmət edirlər. Təsadüfi deyildir ki, gənclərin savadlı, geniş dünyagörüşünə malik olmaları üçün dövlət tərəfindən hər cür şərait yaradılır. Dövlətin qayğısından faydalanan gənclər yüksək səviyyədə təhsil alaraq dünyada gedən prosesləri dərindən bilməli, vətənpərvər vətəndaş olmalıdır ki, gələcəkdə Azərbaycanı daha da inkişaf etdirib irəliyə apara bilsinlər. Uzaqgörən siyasət aparan Azərbaycan Prezidenti İlham Əliyev gənclərinin xarici ölkələrdə təhsil olmalarını ona görə təmin edir ki, bu gün qazanılan uğurlar qorunub saxlanılsın və ölkəmiz daim dinamik şəkildə inkişaf etsin”.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev təmsi etdiyi qurum adından gəncləri təbrik edib, onlara müvəffəqiyyətlər arzulayaraq deyib ki, bu gün bütün sahələrdə olduğu kimi, gənclərlə iş sahəsində də Azərbaycan böyük uğurlara imza atıb. Onun sözlərinə görə, artıq gənclərimiz dünyanın böyük idman arenalarında çıxış edərək Azərbaycanın bayrağını yüksəldir, ölkəmizi beynəlxalq aləmə tanıtdırırlar: “Azərbaycanın sürətli iqtisadi inkişafı şəraitində və ölkəmizin beynəlxalq nüfuzunun gücləndiyi dövrdə cəmiyyətdə gənclərin rolu artmaqdadır”.
İ.Babayev bildirib ki, Azərbaycan əhalisinin böyük bir hissəsinin gənclərdən ibarət olması gənclər siyasətini prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirir. “Bu istiqamətdə bir sıra dövlət proqramları həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” qəbul edilib. İndiyədək yüzlərlə gənc bu proqramdan yararlanıb. Azərbaycan gəncliyi ölkəmizi xaricdə layiqincə təmsil edir. Xaricdə təhsil alan hər bir gəncimiz əsl mütəxəssis olmalı, qazandığı bilikləri Azərbaycanın inkişafı naminə istifadə etməlidir”, - deyə nazir müavini vurğulayıb. İ.Babayev YAP Gənclər Birliyinin fəaliyyətini də yüksək qiymətləndirərək təşkilatın daim maraqlı layihələrlə çıxış etdiyini vurğulayıb.
Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov da çıxış edərək nəzərə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2007-ci ildə hazırlanmış proqrama əsasən gənclərin dünyanın ən qabaqcıl universitetlərinə göndərilərək təhsillərini davam etdirmələri prosesi uğurla davam etdirilir. Onun sözlərinə görə, hazırda 2 min 625 tələbə müxtəlif dövlətlərin 500-dən çox universitetində təhsil alırlar. Azərbaycanda hər il yeni məktəblər tikilərək istifadəyə verilir: “Bütün bunlar onu deməyə əsas verir ki, gələcəkdə Azərbaycanın idarəçiliyi etibarlı əllərdə olacaq. Azərbaycanın təhsil strategiyasının əsasında Qərb təhsil modellərinə yiyələnmək dayanır. Bu gün bizim təhsil sistemimiz yüksək səviyyədə inkişaf edib və ölkəmiz bir çox beynəlxalq olimpiadalarda yüksək yer tutub”.
C.Bayramov bildirib ki, Azərbaycan gəncləri ölkənin təhsil siyasətinə öz töhfələrini verirlər. Onun sözlərinə görə, Azərbaycan təhsil sisteminin əsas məqsədi ölkənin gələcəyi üçün yüksəkixtisaslı, milli-mənəvi dəyərlərimizə sadiq olan, peşəkar kadrlar yetişdirməkdir. “Ölkə rəhbərliyi də bu işdə müstəsna addımlar atır. Hazırda Azərbaycanın təhsil sistemi dünyanın bir çox ölkələrində yüksək təhsil sistemi kimi özünü təsdiq edib. Bu işdə isə Azərbaycan gəncləri yaxından iştirak edir”, - deyə nazir müavini vurğulayıb.
Daha sonra YAP Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva və Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatının sədri Gülsel Səfərova çıxış edərək gənclərlə bağlı həyata keçirilən layihələrdən və dövlətin gənclər siyasətinin uğurlarından danışıblar.
Sonda YAP Gənclər Birliyi ilə fəal əməkdaşlıq edən KİV nümayəndələrinə və fəal gənclərə fəxri fərmanlar, mükafatlar təqdim olunub.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.-2014.- 4 fevral.- S.3.