Münxendə Azərbaycan-ATƏT
əməkdaşlığı müzakirə olunub
Ölkəmizin bu beynəlxalq qurumla əlaqələri bir
sıra sahələri əhatə edir
Xəbər verildiyi kimi, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Münxen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində ATƏT-in baş katibi Lamberto Zannier ilə görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, görüşdə ATƏT ilə Azərbaycan arasında əməkdaşlıq, qurumun Bakıda layihə əlaqələndirici ofisinin fəaliyyətinin təşkili məsələləri müzakirə edilib.
Elmar Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar barədə məlumat verib. Nazir Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının zəruriliyini vurğulayıb.
Bu məqamda qeyd etmək yerinə düşər ki, keçmiş Sovetlər Birliyinin dağılması və müstəqil dövlətlərin meydana gəlməsindən sonra Avropa qurumları Şərqə doğru genişlənmə yolunu tutublar. Bu baxımdan, Azərbaycan özünün strateji-coğrafi əhəmiyyətinə görə, əksər qurumların, o cümlədən ATƏM-in (1 yanvar 1995-ci ildən ATƏT) diqqətini cəlb edirdi. Respublikamız ATƏM-in üzvlüyünə 1992-ci ilin 30 yanvarında qəbul edilib. Qeyd etmək lazımdır ki, ATƏM Azərbaycanın daxil olduğu ilk Avropa təşkilatı olub.
Azərbaycandakı fəaliyyətini daha operativ şəkildə həyata keçirmək üçün ATƏT-in Daimi Şurası 16 noyabr 1999-cu ildə Bakıda qurumun ofisinin yaradılması haqqında qərar qəbul edib. 18 iyul 2000-ci ildə ATƏT-in Bakıdakı Ofisinin rəsmi açılışı baş tutub. ATƏT-in Daimi Şurasının qeyd edilən qərarından sonra 1999-cu il noyabrın 25-də imzalanmış Qarşılıqlı Anlaşma Memorandumu isə ATƏT və Azərbaycan arasında əməkdaşlığa yeni təkan verib. Sözsüz ki, ATƏM-in prinsiplərinə uyğun olaraq Azərbaycanın quruma daxil olduğu ilk günlərdən, daha doğrusu, 1992-ci ilin fevral ayından başlayaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzv olan dövlətlərin diqqət obyektinə çevrildi. Vəziyyəti araşdırmaq məqsədi ilə fevralın ortalarında ATƏM-in ilk xüsusi missiyası Azərbaycanda oldu. Fevralın 27-28-də ATƏM-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin (YVŞK) iclasında ilk dəfə olaraq Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı müzakirələr aparıldı, sərhədlərin dəyişdirilməməsi şərti ilə, münaqişənin sülh yolu ilə həllinə çağırış səsləndirildi.
1992-ci ilin mart ayının 24-də ATƏM-in Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) birinci əlavə görüşündə Dağlıq Qarabağda vəziyyət müzakirə olundu. Görüşdə ATƏM-in Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair Minsk konfransının çağırılması haqqında qərar qəbul edildi. Bundan sonra Azərbaycan 1992-ci il iyulun 8-10-da Helsinkidə keçirilən ATƏM-in Zirvə Toplantısında ilk dəfə olaraq iştirak edib, onun sənədlərini imzalayıb. 20 dekabr 1993-cü ildə Azərbaycan ATƏM-in Paris Xartiyasına qoşulub. 5-6 dekabr 1994-cü ildə ATƏM-in Budapeşt Zirvə Toplantısı keçirilib. Qeyd edək ki, Budapeşt sammitinin nəticəsinə əsasən ATƏM 1 yanvar 1995-ci ildən yeni Avropanın sivilizasiyalı birgəyaşayış qaydalarını müəyyənləşdirən, sülhün, demokratiyanın və insan hüquqlarının qorunmasını təmin edən, üzv ölkələrinin təhlükəsizliyini və qarşılıqlı-faydalı əməkdaşlıq prinsiplərini həyata keçirən, özünüidarə mexanizmləri olan Ümumavropa təşkilatına, yəni ATƏT-ə çevrildi. Azərbaycan-ATƏT əməkdaşlığı demokratiya, insan hüquqları, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli başda olmaqla bir neçə sahəni əhatə edir. Bunların içərisində, Dağlıq Qarabağ münaqişəsinin həllinə göstərilən birgə səylər Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir.
Məlum olduğu kimi, Azərbaycanın ATƏT-ə daxil olduğu dövrdə Ermənistan ölkəmizə qarşı hərbi təcavüzü, rayon və şəhərlərimizin işğalını davam etdirirdi. Belə bir dövrdə sözügedən təşkilata üzv olmaq informasiya blokadasında olan ölkənin üzləşdiyi gerçək vəziyyəti beynəlxalq birliyin diqqətinə çatdırmaq, həqiqətləri yaymaq baxımından əlverişli idi. Lakin həmin dövrdə Azərbaycanın xarici siyasət addımlarında yol verilən yanlışlıqlar, ölkənin mənfi imicinin formalaşması bu yöndə ciddi uğur əldə etməyə imkan vermirdi.
Budapeşt sammitinin keçirildiyi 1994-cü il həm qurumun strukturunda, həm də Azərbaycanla əlaqələrində mühüm dönüş ili oldu. Budapeşt sammitində ilk dəfə olaraq ATƏT çərçivəsində Avropa təhlükəsizlik tədbirlərində iştirak edə biləcək sülhməramlı qüvvələrin yaradılması və münaqişəli ərazilərə göndərilməsi qərara alındı. Bundan başqa Budapeştdə Minsk prosesi çərçivəsində həmsədrlik institutu təsis olundu. Dağlıq Qarabağ münaqişəsinə dair Budapeşt sammitinin işinin konkret yekunu olaraq “Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏT-in fəaliyyətinin intensivləşdirilməsi” adlı qətnamənin qəbulu qurumun proseslərə daha aktiv cəlb olunması baxımından əhəmiyyətli idi.
Budapeşt sammitinin nəticələrinə əsasən, 20 dekabr 1994-cü ildə Vyanada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT-in üzv ölkələrinin təyin etdiyi hərbi nümayəndələrdən ibarət olan Yüksək Səviyyəli Planlaşdırma Qrupu (YSPQ) təsis olundu.
Minsk prosesinin həmsədrlik institutu təsis olunarkən, ona əvvəl Finlandiya ilə Rusiya, sonra isə 1995-97-ci illər ərzində İsveç ilə Rusiya başçılıq ediblər. 28 avqust 1995-ci ildə ATƏT-in Fəaliyyətdə olan Sədrinin ATƏT-in Minsk Konfransının müzakirəsində olan münaqişə üzrə Şəxsi Nümayəndəsi vəzifəsi təsis olunub. 1 yanvar 1997-ci ildən bu vəzifəni səfir Anjey Kasprşik (Polşa) icra edir.
1996-cı il 2-3 dekabr tarixlərində keçirilən ATƏT-in Lissabon sammitində 54 iştirakçı dövlət tərəfindən Avropada XXI əsrdə ümumi və hərtərəfli təhlükəsizlik modeli haqqında Bəyannamə qəbul edilib. Bəyannamədə üzv ölkələrin təhlükəsizliyinə yönələn təhdidlər qeyd edilib və mövcud təhdidləri aradan qaldırmaq üçün birgə əməkdaşlığın vacibliyi xüsusi vurğulanıb.
Lissabon Zirvə görüşündə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair ATƏT-in iştirakçı dövlətləri tərəfindən (Ermənistandan başqa) bir sıra prinsiplərə razılıq verilib. Həmin prinsiplər Ermənistan Respublikasının və Azərbaycan Respublikasının ərazi bütövlüyü; Dağlıq Qarabağa Azərbaycanın tərkibində ən yüksək özünüidarəetmə statusunun verilməsi; Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinin təminatıdır.
1 yanvar 1997-ci ildən ATƏT-in Minsk prosesinə həmsədrlər qismində ABŞ, Rusiya və Fransa başçılıq edirlər. 1997-1998-ci illər ərzində Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair Minsk qrupunun həmsədrləri tərəfindən hazırlanan təklifləri müxtəlif səbəblərdən tərəflər qəbul etməyib. Bir tərəfdən, Azərbaycan ərazilərinin işğalını davam etdirən Ermənistan, digər tərəfdən, bölgədə qanunsuz fəaliyyət həyata keçirməkdə davam edir. ATƏT-in 2005 və 2010-cu illərdə Dağlıq Qarabağ ətrafında həyata keçirdiyi monitorinqlərin nəticələri də bunu təsdiq etmişdi. Belə ki, ATƏT-in Misk qrupunun həmsədrlərinin Azərbaycanın işğal altında olan ərazilərində ümumi vəziyyətin dəyərləndirilməsi məqsədilə 7-12 oktyabr 2010-cu il tarixlərində həyata keçirdiyi Sahə Qiymətləndirmə Missiyasının (SQM) apardığı müşahidələrin nəticələrini əks etdirən hesabatında Ermənistanın təcavüzkar siyasətini ortaya qoyan bir sıra mühüm faktlar yer almışdı. Müşahidə Ermənistanın işğal etdiyi ərazilərdə qeyri-qanuni fəaliyyəti, eləcə də qanunsuz məskunlaşma həyata keçirməsi, iqtisadi istismar və talanlar törətməsi ilə əlaqədar Azərbaycanın müraciəti əsasında Dağlıq Qarabağ ətrafındakı 7 rayon ərazisində aparılmışdı. Müşahidənin nəticələri zəbt olunmuş ərazilərdə Ermənistan tərəfindən məskunlaşdırma siyasətinin davam etdirildiyini, infrastruktur dəyişikliklərin və iqtisadi fəaliyyətin həyata keçirildiyini bir daha təsdiqləmişdi. Hesabatın xülasəsində də göstərilirdi ki, aparılan müşahidələrdə Dağlıq Qarabağ münaqişəsinin və indiyədək sülhün əldə edilməməsinin faciəli nəticələrini göstərən aşkar dəlillər müəyyən olunub. Həmçinin, konfliktdən öncə regionda mövcud olan şəhərlər və kəndlər demək olar ki, tamamilə talan edilib və büsbütün dağıntılar altındadır. Hesabatın mühüm cəhətlərindən biri isə bölgədə süni məskunlaşma faktının təsdiqlənməsi və bu barədə konkret rəqəmlərin göstərilməsidir. Məruzədə də bildirildiyi kimi, Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş 7 rayonda 14 min erməninin məskunlaşması qeydə alınıb. Müşahidələr zamanı aşkar olunub ki, Ermənistan hakimiyyəti son 5 il ərzində bölgədə infrastruktur dəyişikliklərini genişləndirib. Bu çərçivədə bir sıra kiçik qaz boru xətləri çəkilib, su-elektrik stansiyaları inşa olunub, içməli su təminatının artırılması üçün infrastruktur dəyişiklikləri həyata keçirilib. Bundan əlavə, bölgədə ciddi inzibati dəyişikliklərin həyata keçirilməsi, tarixi yer adlarının erməniləşdirilməsi də hesabatda əksini tapıb. Göründüyü kimi, ATƏT-in məruzəsində Ermənistanın işğal etdiyi ərazilərdə qanunsuz fəaliyyət göstərməsi bir daha təsdiqlənib və status-kvonun davam etdirilməsinin yolverilməzliyi ifadə olunub.
Bütün bunlara baxmayaraq, ATƏT-in münaqişənin həlli istiqamətində səyləri hələ ki, heç bir nəticə verməyib. Qurumun fəaliyyətini canlandırmaq məqsədilə 2013-cü il iyun ayının sonlarında Azərbaycandan olan millət vəkilləri ATƏT Parlament Assambleyasının İstanbulda keçirilən 22-ci illik toplantısında 11 üzv ölkədən ibarət Minsk qrupunun tam tərkibdə iclasının çağırılmasını təklif ediblər. Lakin Azərbaycan tərəfi hələ ki, ATƏT-in münaqişənin nizamlanması yönündə fəaliyyətini aktivləşdirəcəyinə, səmərəliliyin əldə olunması üçün ciddi addımların atılacağına ümid edir. 2013-cü ilin noyabrında Azərbaycan və Ermənistan prezidentlərinin Minsk qrupunun həmsədrlərinin də iştirakı ilə keçirilən Vyana görüşü danışıqların yenidən canlanmasına fürsət yaratdı. Həmsədr ölkələrin bu imkandan yararlanaraq münaqişənin həlli yönündə səyləri gücləndirməsi müsbət nəticələrə şərait yarada bilər. Münaqişənin həllinə töhfə verəcəyi təqdirdə Azərbaycan-ATƏT münasibətlərinin inkişafı daha da sürətlənəcək.
Nadir AZƏRİ
Yeni Azərbaycan.-2014.- 4 fevral.- S. 8.