Əmək pensiyalarının sığorta hissəsi artırıldı

 

                                                  Əmək pensiyalarının sığorta hissəsinin artırılması prosesi pensiyaçıların 95 faizinə şamil olunub

 

Hazırda Azərbaycan regionun dinamik inkişaf edən ölkəsidir. Aparılan uğurlu, məqsədyönlü siyasət nəticəsində ildən-ilə daha yüksək inkişaf göstəriciləri nümayiş etdirən iqtisadiyyatın formalaşdırılması ölkədə işgüzar fəallığın daha da yüksəldilməsinə, yoxsulluğun azaldılmasına əlverişli şərait yaradıb, əhalinin etibarlı sosial müdafiəsini, maddi-rifah halının əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını təmin edib. 2013-cü ilin yekunlarından da göründüyü kimi, Azərbaycanda makroiqtisadi sabitliyin qorunub saxlanılması, qeyri-neft sektorunun və regionların inkişafının sürətlənməsi, valyuta ehtiyatlarının səmərəli idarə edilməsi və milli valyutanın sabitliyinin təmin olunması, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, özəl bölmənin inkişafı üçün azad rəqabət və münbit investisiya mühitinin yaradılması əhalinin sosial rifahının daha da yaxşılaşmasına zəmin yaradıb. Başqa sözlə, 2013-cü il üzrə makroiqtisadi göstəricilərin artan dinamikası əhalinin rifah halının daha da yaxşılaşdırılmasına səbəb olub. Məsələn, ötən ildə 57 milyard manat olan ümumi daxili məhsulun (ÜDM) adambaşına düşən ümumi həcmi 4,4 faiz artaraq 6 min 132 manata (təxminən 8 min ABŞ dollarına) çatıb. 2012-ci illə müqayisədə işləyənlərin orta aylıq əməkhaqqı 6,2 faiz artaraq 423 manat olub. Ötən müddət ərzində inflyasiya 2,4 faiz təşkil edib və əhalinin pul gəlirlərinin artımından xeyli aşağı olub. Qeyd edək ki, ötən 10 ildə ölkəmizdə orta aylıq əməkhaqqının artım dinamikası illik inflyasiya həddini bir neçə dəfə üstələyib. Nəticədə əhalinin real gəlirlərinin artması üçün zəmin yaranıb. Müqayisə üçün bildirək ki, 2005-ci ildə Azərbaycanda əhalinin payına düşən gəlirlər cəmi 8 milyard manata yaxın olub. 2007-ci ildə isə bu rəqəm ciddi şəkildə artaraq 14 milyard manat, 2008-ci ildə 21 milyard manata yaxın, qlobal iqtisadi böhranın hökm sürdüyü 2009-2010-cu illərdə isə müvafiq olaraq 22,6 və 25,6 milyard manat olub. Artım eyni templə 2011-ci ildə də davam edib və bu rəqəm 30 milyard manatı ötüb. 2012-ci ilin sonunda illik inflyasiya cəmi 1,3 faiz təşkil edərək orta aylıq əməkhaqqının artım faizindən dəfələrlə aşağı olub. Ölkəmizdə hər nəfərə düşən gəlirlər isə həmin il 3,9 faiz artaraq istehlak qiymətlərinin bahalaşmasını 3,1 faiz bəndi üstələyib. Başqa sözlə, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, güclü iqtisadiyyat əlbəttə ki, sosial məsələlərin həllinə də kömək göstərir: “Azərbaycan bu sahədə də ardıcıl siyasət aparır. Mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Ona görə, güclü sosial siyasət bizim əsas istiqamətimizdir. 2013-cü ildə maaşlar, pensiyalar qaldırılmışdır, sovet vaxtlarından qalmış əmanətlər tam olaraq əhaliyə kompensasiya şəklində verilmişdir. Digər sosial proqramlar uğurla icra edilir. Əminəm ki, sosial sahədə siyasətimiz növbəti illərdə davam etdiriləcəkdir. Bunu deməyə əsas verən bizim güclü iqtisadi potensialımızdır”.

Əmək pensiyalarının baza hissəsi artırılıb

Onu da qeyd edək ki, gündən-günə müasirləşən, daha qüdrətli, zəngin dövlətə çevrilən Azərbaycanın hər bir vətəndaşı bu gün dövlətin himayəsindədir. Yəni, həyata keçirilən düşünülmüş iqtisadi siyasət sayəsində respublikada təmin olunan makroiqtisadi sabitlik, maliyyə resurslarının və büdcə gəlirlərinin artması müsbət mənada hər bir vətəndaşın həyatına siraət edib. Dövlətin həyata keçirdiyi sosialyönümlü tədbirlərin əsas istiqamətlərindən birini də tənha və ahıl insanlara hərtərəfli diqqət və qayğının göstərilməsi təşkil edir. Prezident İlham Əliyevin ahıl insanlara, aztəminatlı ailələrə göstərdiyi diqqət və qayğının nəticəsidir ki, ölkədə pensiya islahatları uğurla davam edir. Pensiya təminatına dair yeni qanunvericilik bazası işlənib hazırlanıb. Hazırda ölkəmizdə sığorta-pensiya sistemi beynəlxalq təcrübə nəzərə alınmaqla işlənib hazırlanmış 3 qanunla - “Sosial sığorta haqqında”, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında”, “Əmək pensiyaları haqqında” qanunlarla tənzimlənir. Yeni sistem bütün vətəndaşlar üçün pensiya təminatında bərabər şərtlərin yaradılmasına və qazanılmış pensiya hüquqlarının reallaşdırılmasına təminat verir.

Həmçinin, pensiya islahatları çərçivəsində ölkədə sığorta-pensiya sisteminin inkişafına dair 2009-2015-ci illəri əhatə edən Dövlət Proqramı qəbul edilib. Bu proqram ölkədə yoxsulluğun azaldılması və davamlı inkişafa dair müəyyən olunmuş strateji məqsəd, hədəf və göstəricilər nəzərə alınmaqla sığorta-pensiya sistemində həyata keçirilən islahatların növbəti mərhələsini müəyyənləşdirib. Bununla da sosial ədalət prinsipinə əsaslanan, təkmilləşdirilmiş pensiya sistemi yaradılıb.

Xatırladaq ki, 2003-cü ilin əvvəlində Azərbaycanda orta aylıq pensiyanın məbləği 20 manat idi. Uğurlu pensiya islahatları nəticəsində indiyə qədər Prezident tərəfindən yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması ilə bağlı 7, sığorta hissəsinin artırılması ilə bağlı 6 Sərəncam verilib. 2006-cı ildə yeni sistem fəaliyyətə başladığı vaxtdan 2013-cü ilə qədər əmək pensiyalarının minimum məbləği 3,4 dəfə, orta aylıq məbləği isə 5,2 dəfə artıb. 2003-cü ilə nisbətdə orta əmək pensiyalarının məbləğində 8 dəfəyədək artım baş verib. Eyni zamanda, son illərdə əlilliyə görə əmək pensiyalarının orta aylıq məbləği 9,6 dəfə, sosial müavinətlərin məbləği isə 3,7 dəfə artırılıb.

Ötən il ərzində də əhalinin sosial müdafiəsi sahəsində mühüm tədbirlər həyata keçirilib, onların təminatının yaxşılaşdırılması üçün pensiya və müavinətlərin həcmi artırılıb. Belə ki, 2013-cü il avqustun 27-də də Prezident İlham Əliyev əmək pensiyalarının baza hissəsinin artırılması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2013-cü il sentyabrın 1-dən 100 manat müəyyən edilib. Sərəncama əsasən, pensiyanın baza hissəsini tam alanların (onların sayı 1 milyon 90 min nəfərdir) pensiya artımı 15 manat təşkil edir. Yeni müvafiq Sərəncama əsasən bəzi kateqoriyaya aid pensiyaçılarda isə artım daha çox olub. Belə ki, pensiyanın baza hissəsini 120 faiz həcmində alan (I qrup gözdən əlillər istisna olmaqla) 15 min 580 nəfərin pensiyaları 19 manat 50 qəpik, pensiyanın baza hissəsini 200 faiz həcmində alan 7763 nəfərin pensiyaları isə 31 manat 50 qəpik artıb. Milli qəhrəmanların ailə üzvlərinin pensiyasının baza hissəsi isə 30 manat artırılaraq 200 manata, şəhid ailəsi üzvlərinin pensiyasının baza hissəsi isə 27 manat 75 qəpik artırılaraq 185 manata çatdırılıb. Döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmətdə olmuş hərbi qulluqçuların pensiyasının baza hissəsinin artımı 16 manat 50 qəpik təşkil edib. Böyük Vətən müharibəsi iştirakçılarının pensiyasının baza hissəsi isə, 28 manat 50 qəpik artıb (I qrup əlillərdə 37 manat 50 qəpik, II qrup əlillərdə 31 manat 50 qəpik, III qrup əlillərdə isə 28 manat 50 qəpik).

Əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilib

Bu gün Azərbaycanda təyin olunan əmək pensiyaları iki hissədən ibarətdir. Birinci hissəsi baza, ikinci hissəsi isə sığorta hissəsidir. 2006-cı ildən etibarən ölkəmizdə yeni, beynəlxalq təcrübədə özünü doğrultmuş üçpilləli struktura əsaslanan əmək pensiyaları sistemi fəaliyyətdədir. Artıq əldə olunmuş ilkin təcrübə yeni sistemin yüksək sosial səmərəliliyini göstərir və bu sistemin fəaliyyəti dövründə əmək pensiyalarının istər minimal məbləği, istərsə də orta aylıq məbləği əhəmiyyətli şəkildə artıb. Belə ki, əvvəlki sistemdə pensiyalara artımların müxtəlif dövrlərə uyğun fərqli indeksləşdirmə metodları əsasında və müxtəlif vaxtlarda aparılması həmin tədbirdən kənarda qalan bu və ya digər pensiyaçılar kateqoriyasının haqlı narazılığı ilə nəticələnirdi. 2006-cı il yanvarın 1-dən tətbiq edilən sığorta-pensiya sistemi əmək pensiyalarının baza hissəsinin istehlak qiymətləri indeksi nəzərə alınmaqla bütün pensiyaçılar üzrə bərabər məbləğdə, artırılması, sığorta hissəsinin isə indeksləşdirilməsini nəzərdə tutur ki, bu da bazar iqtisadiyyatı mühitində vətəndaşların pensiya təminatı hüququnun etibarlı müdafiəsini ifadə edir. Bununla da ölkəmizdə ilk dəfə olaraq istehlak qiymətləri indeksinin illik səviyyəsinə, yəni inflyasiyaya uyğun indeksləşdirmə aparılmağa başlanıb. Başqa sözlə desək, bu pensiya islahatları nəticəsində Azərbaycan bazar iqtisadiyyatı istiqamətində inkişaf edən bir dövlət kimi müasir dünya təcrübəsində müşahidə olunan pensiya ödənişi sisteminə keçib. Yeni sistemin başlıca mahiyyəti ondan ibarətdir ki, hər bir əmək fəaliyyəti ilə məşğul olan vətəndaş öz işlədiyi dövrdə həm də öz pensiya kapitalını formalaşdırır.

Prezident İlham Əliyevin vətəndaşların əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi barədə sərəncamlarına əsasən, müvafiq şəxslərin əmək pensiyalarının sığorta hissəsinə 2007-ci il yanvarın 1-dən istehlak qiymətləri indeksinin 2006-cı il üzrə səviyyəsinə uyğun 8,3 faizlik, 2008-ci il yanvarın 1-dən istehlak qiymətləri indeksinin 2007-ci il üzrə səviyyəsinə uyğun 16,7 faizlik, 2009-cu il yanvarın 1-dən istehlak qiymətləri indeksinin 2008-ci il üzrə səviyyəsinə uyğun 20,8 faizlik, 2010-cu il yanvarın 1-dən istehlak qiymətləri indeksinin 2009-cu il üzrə səviyyəsinə uyğun 1,5 faizlik artım tətbiq edilib.

Yeri gəlmişkən, cari il fevralın 3-də Prezident İlham Əliyev əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Dövlət Sosial Müdafiə Fonduna tapşırılıb ki, 2013-cü il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq 2014-cü ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etsin, fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin.

İndeksləşdirmə həyata keçirilərkən əvvəlki ilin inflyasiya göstəriciləri nəzərə alınır. Qeyd edək ki, 2013-cü ildə Azərbaycan dövlətinin həyata keçirdiyi düşünülmüş iqtisadi siyasət nəticəsində inflyasiyanın aşağı səviyyədə saxlanılması təmin olunub. Bununla belə, istehlak qiymətlərinin 2,4 faizlik indeksi qeydə alınıb. Vətəndaşın pensiyasının sığorta hissəsinin həcmi də ötən ilin inflyasiya indeksinə uyğun olaraq artacaq. Bununla yanaşı, sığortaolunanlar üzrə ödənən və onların fərdi hesablarında qeydə alınan pensiya kapitallarının da indeksləşdirilməsi aparılacaq. Əmək pensiyalarının sığorta hissəsinin artırılması prosesi pensiyaçıların 95 faizinə şamil olunub. Dövlət qulluqçusu, xüsusi rütbəli şəxs və hərbi qulluqçular kimi pensiya alan şəxslər bu artımdan kənarda qalacaqlar. Çünki bu şəxslərin pensiyaları xüsusi qaydalara əsasən, əməkhaqqı əsasında hesablanır. Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi üçün hər ay təqribən 1,8 milyon manat, il ərzində isə 21,6 milyon manat əlavə vəsait tələb olunacaq və bu vəsaitlər DSMF-nin büdcəsində öz əksini tapıb.

 

SEVİNC

 Yeni  Azərbaycan.-2014.- 5 fevral.- S.2.