Azərbaycan gəncləri dövlətin hərtərəfli qayğısı ilə əhatə olunublar

 

Əli Əhmədov: Azərbaycanda gənclərin təhsil alması, inkişafı, işlə təmin olunması, müasir dünyaya inteqrasiya etməsi, bütövlükdə, müasir biliklərə yiyələnməsi və müasir dəyərlərə malik olan vətəndaş kimi tərbiyə alıb böyüməsi istiqamətində böyük işlər görülüb

Azərbaycan dinamik iqtisadi inkişaf tempinə və möhkəm ictimai-siyasi sabitliyə malik olan modern dövlətdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin fonunda milli inkişafın Azərbaycan modelinin formalaşdırılması və səmərəli iqtisadi siyasət sayəsində hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların mütəmadi qaydada həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti, hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması və digər bu kimi tədbirlər Azərbaycanın sürətli inkişafını təmin etməklə yanaşı, perspektiv tərəqqinin əsaslarını formalaşdırır. Şübhəsiz, bütün bunlar ölkəmizdə həyata keçirilən mütərəqqi gənclər siyasətinin də səmərəliliyini artırır. Bu isə Azərbaycanın milli gücünün daha da artmasını şərtləndirən mühüm faktor kimi dəyərləndirilə bilər.

Gənclərin inkişafı və səmərəli fəaliyyəti dövlətin diqqət mərkəzindədir

Ümumiyyətlə, ölkəmizdə həyata keçirilən gənclər siyasətinin fonunda gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını təmin etmək məqsədi ilə dövlət tərəfindən ictimai-siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şəraitin və təminatların yaradılması istiqamətində əhəmiyyətli tədbirlər görülür. Bu baxımdan qeyd etmək olar ki, dövlətimizin gənclər siyasəti strateji əhəmiyyət daşıyır və bu siyasətin fonunda gənclərin fiziki, əqli və mənəvi inkişafına şərait yaratmaq, onların imkan və bacarıqlarının reallaşdırılmasına kömək etmək gənclər siyasəti sahəsində qanunvericilik aktlarının, Dövlət proqramlarının hazırlanması və həyata keçirilməsinə nail olmaq xüsusi strateji məqsədlər hesab edilir. Onu da qeyd etmək lazımdır ki, gənclərin səmərəli fəaliyyəti və davamlı inkişafı üçün həyata keçirilən kompleks tədbirlər hazırda uğurla davam etdirilir. Məlumdur ki, Prezident İlham Əliyevin 2005-ci il avqustun 30-da imzaladığı “Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında” Sərəncamdan irəli gələrək gənclərin inkişafı istiqamətində çoxsaylı tədbirlər həyata keçirilibmühüm nəticələr əldə olunub. Bununla yanaşı, dövlətimizin başçısının Sərəncamı ilə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının qəbul edilməsi müasir Azərbaycan gəncliyinin dövrün tələbləri səviyyəsində hərtərəfli inkişafına möhkəm zəmin yaradıb. Həmçinin, 2012-ci ildə Prezident İlham Əliyev tərəfindən təsdiq edilən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında gənclərin potensialının yüksəldilməsi ayrıca nəzərdə tutulub. Təsadüfi deyil ki, gənclər konsepsiyanın hazırlanması prosesinə aktiv cəlb olunub, onların fikir və təklifləri yeni konsepsiyada nəzərə alınıb. Proqrama uyğun olaraq, Gənclər Fondunun yaradılması, gənclərin və gənclər təşkilatlarının bacarıq, təşəbbüs və yaradıcılıqlarının üzə çıxarılması və onların hökumət tərəfindən dəstəklənməsi, gənclər üçün Prezident Mükafatının təsis olunması, ölkə gənclərinin beynəlxalq arenada təmsilçiliyinin yüksəlməsi, respublikanın əksər rayon və şəhərlərində gənclərin istifadəsinə verilən Gənclər mərkəzlərinin və Gənclər evlərinin tikilməsi uğur və tərəqqinin bariz göstəriciləridir. Azərbaycanda gənclərə dövlət qayğısının ən bariz nümunələrindən biri də ölkə gənclərinə hökumət vəsaiti ilə xarici dövlətlərdə nüfuzlu ali məktəblərdə oxumaq imkan və şəraitinin yaradılmasıdır ki, bu gün bundan 10 minə yaxın gənc faydalanır. İkinci istiqamət olaraq, Azərbaycanda qeyri-hökumət gənclər təşkilatları vasitəsilə həyata keçirilən gənclər işidir ki, bu sahədə də 100-dən artıq qurum aktiv şəkildə öz fəaliyyətini davam etdirir. Bu gün Azərbaycan gənclər təşkilatları yalnız yerli və məhdud səviyyədə deyil, regional və beynəlxalq arenada mühüm layihələr həyata keçirir, ölkəmizin gənclər siyasətini layiqincə tanıdır.

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davaminkişaf etdirilməsinin nəticəsi kimi, ölkə gəncləri bütün sahələrdə aktiv fəaliyyət göstərməklə yanaşı, Azərbaycanı xaricdə layiqincə təmsil edirlər. Yeri gəlmişkən, Baş nazirin müavini, YAP-ın Sədr müavini - İcra katibi Əli Əhmədov Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin 2 fevral - Gənclər Günü ilə bağlı keçirdiyi tədbirdəki çıxışı zamanı bu məsələyə toxunaraq qeyd edib ki, Azərbaycanda gənclərin təhsil alması, inkişafı, işlə təmin olunması, müasir dünyaya inteqrasiya etməsi, bütövlükdə, müasir biliklərə yiyələnməsi və müasir dəyərlərə malik olan vətəndaş kimi tərbiyə alıb böyüməsi istiqamətində böyük işlər görülüb: “Bu işlər bu gün də görülməkdədir. Bu gün ləyaqətli, dəyərli Azərbaycan mentalitetini mənimsəmiş, bu dəyərlər əsasında fəaliyyət göstərməyə hazır olan, Azərbaycanın gələcəyini daha da inkişaf etdirmək zərurətini və məsuliyyətini dərk edən gənc nəsilin yetişdiyini qeyd edirik”.

YAP Gənclər Birliyinin səmərəli fəaliyyəti gənclər siyasətinə mühüm töhfə kimi...

Tərəddüdsüz qeyd etmək olar ki, dövlətin gənclər siyasəti, eyni zamanda, gənclərin ictimai-siyasi münasibətlər sistemində rasional təmsilçiliyini təmin edən fundamental mexanizmdir. Ümumiyyətlə, bu, gənclərin sosiallaşmasına, sosial norma və dəyərləri mənimsəmələrinə, eyni zamanda, onların dövlət idarəçiliyində səmərəli təmsil olunmasına, ümumilikdə, rasional münasibətlər sisteminin formalaşamasına strateji töhfələr bəxş edən faktordur. Bu gün Azərbaycan gəncləri strateji əhəmiyyət kəsb edən dövlət idarəçiliyində aktiv təmsil olunur, eyni zamanda, qanunverici, icraedici və məhkəmə orqanlarında, bir sözlə, dövlət qurumlarında gənclərin intellektual potensialından, kreativ ideyalarından, bilik, bacarıq və vərdişlərindən səmərəli istifadə edilir. Bu konteksdə YAP Gənclər Birliyinin səmərəli fəaliyyəti olduqca yüksək qiymətləndirilir. YAP Gənclər Birliyinin davamlı surətdə həyata keçirdiyi layihələr, tədbirlər, konfranslar gənclərin böyük intellektual potensialından səmərəli istifadə olunmasını şərtləndirir. Bunun nəticəsində gənclər Yeni Azərbaycan Partiyası Gənclər Birliyinə üz tuturlar. Təsadüfi deyil ki, ötən müddət ərzində YAP Gənclər Birliyinin sıraları kəmiyyət və keyfiyyət etibarilə daha da zənginləşib. Xüsusi olaraq qeyd etmək lazımdır ki, YAP Gənclər Birliyinin fəalları dövlətin apardığı uğurlu daxilixarici siyasətin təbliğində, eyni zamanda, dövlət gənclər siyasətinin həyata keçirilməsində aktiv iştirak etməkdədirlər. Həmçinin, səmərəli beynəlxalq əlaqələrə malik olan Gənclər Birliyi müxtəlif beynəlxalq qurumlarla fəal əməkdaşlıq edir. Bu məsələyə xüsusi olaraq toxunan YAP-ın Sədr müavini - İcra katibi Əli Əhmədov bildirib ki, Azərbaycanın dəyərli gənclərinin əhəmiyyətli hissəsi YAP Gənclər Birliyinin sıralarında yerləşib: “YAP-ın 600 mindən çox üzvünün təxminən 40 faizini gənclər təşkil edir. Onlar yüksək təhsil və biliklərə yiyələnmiş, Ulu öndərin siyasətinə sadiq olan gənclərdir. Biz inanırıq ki, bugünkü Azərbaycan gəncliyi ölkəmizin gələcək inkişafında öz məsuliyyətini dərk edir”.

Bu gün əgər uğrunda haqq qazandırıla biləcək bir ölüm varsa, o da Qarabağ uğrunda mübarizədən ibarət olmalıdır

Bütün bunlarla yanaşı, bəzən gənclərin yanlış istiqamətlərə yönləndirilməsi hallarına da rast gəlinir. Xüsusilə də, gənclərin siyasi manipulyasiyaya məruz qoyularaq gerçək dəyər, məqsəd və məsələlərdən uzaqlaşdırılmağa çalışılması müşahidə olunur. Məsələn, son hadisələrin fonunda bir sıra gənclərin Suriyada baş verən hadisələrə qoşulmaları pozitiv qiymətləndirilə bilməz. Əgər burada söhbət düşmən qüvvələrə qarşı mübarizədən gedirsə, ölkəmizin gəncləri yalnız Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını azad etmək uğrunda mübarizəyə qoşula bilərlər. YAP-ın Sədr müavini-İcra katibi Əli Əhmədov bu məsələyə toxunaraq bildirib ki, Azərbaycan gənclərinin Suriyada hər hansı ideyalar uğrunda mübarizəyə qoşulması müsbət hal deyil: “Bu gün əgər uğrunda haqq qazandırıla biləcək bir ölüm varsa, o da Qarabağ uğrunda mübarizədən ibarət olmalıdır. Hər bir vətəndaş, o cümlədən gənclər bunu aydın dərk etməlidirlər. Torpaqlarımızın işğal edilməsinə baxmayaraq, Azərbaycan Prezidenti sülhsevər siyasət həyata keçirir. Bizim müqəddəs vəzifəmiz torpaqlarımızı işğaldan azad etməkdən ibarətdir. Prezidentimizin həyata keçirdiyi siyasət bu istiqamətə köklənib. Buna görə də, Azərbaycan gənclərinin içərisində hansısa ölkəyə canını qurban verməyə gedənlərin hərəkətlərinə haqq qazandırmaq mümkün deyil. Kimlərinsə Qarabağın azadlığı uğrunda mübarizədən savayı, başqa məqsədlər naminə özlərini fəda etməsi, ayrı-ayrı ölkələrdəki qarşıdurmalarda iştirak etməsi, o cümlədən Suriyadakı döyüşlərdə iştirak etməsi Azərbaycan gənclərinin mütləq əksəriyyəti tərəfindən müsbət qiymətləndirilmir. Azərbaycanda gənclərin öz Vətəni uğrunda fədakarlıq göstərməsi üçün hər cür şərait yaradılıb. Gənclər bu imkanlardan istifadə etməlidir”.

 

Nurlan QƏLƏNDƏRLİ

Yeni  Azərbaycan.-2014.- 5 fevral.- S.4.