Azərbaycan - İtaliya əlaqələri
möhkəm təməllər üzərində inkişaf
edir
İtaliyanın “Linkiesta” onlayn jurnalında TAP layihəsi ilə bağlı məqalə yerləşdirilib
İtaliyanın “Linkiesta” onlayn jurnalında Azərbaycan təbii qazını Avropaya nəql edəcək TAP layihəsi ilə bağlı məqalə yerləşdirilib. Yazıda “Cənub qaz dəhlizi” layihəsinin strateji önəmi barədə məlumat verilir. Vurğulanır ki, enerji təchizatının şaxələndirilməsi baxımından Avropa üçün mühüm əhəmiyyət kəsb edən layihənin reallaşdırılması uzun illərdir müzakirə olunurdu. Nəhayət ötən ilin sonunda Azərbaycan qazını Avropaya daşıyacaq boru kəməri layihəsi - TAP seçilərək, “Şahdəniz-2” üzrə yekun investisiya qərarı imzalanıb. Layihənin payçı şirkətləri, texniki göstəriciləri, qazın nəqli marşrutu ilə bağlı məlumatların yer aldığı məqalədə qeyd olunur ki, TAP Xəzər dənizinin təbii qaz ehtiyatlarının Avropa bazarına çıxarılması istiqamətində önəmli addımdır.
Müəllif TAP layihəsinin İtaliya üçün əhəmiyyətinə də toxunub. Bildirilib ki, layihənin reallaşdırılması nəticəsində İtaliya enerji infrastrukturunu şaxələndirmək imkanı qazanacaq.
Yazıda Azərbaycanda həyata keçirilən neft strategiyası yüksək qiymətləndirilir. Qeyd olunur ki, 1990-cı illərin ortalarından etibarən Azərbaycan hökuməti enerji sektorunu xarici investorlar üçün açıq elan edib. Bu da iqtisadi inkişafa müsbət təsirini göstərməkdədir.
Məqalədə, həmçinin, birgə həyata keçirilən layihələrin türkdilli dövlətlər arasında münasibətlərin güclənməsinə töhfə verdiyi qeyd olunur. Bu baxımdan Trans-Anadolu təbii qaz boru xətti layihəsinin önəmi xüsusi vurğulanır.
Bununla yanaşı, bu günlərdə Bakıda İtaliya və Azərbaycan şirkətləri arasında ikitərəfli görüş keçirilib. Tədbirdə İtaliya iqtisadiyyatının müxtəlif sektorlarına aid 13 şirkət iştirak edib.
Tədbirin açılışında
İtaliyanın ölkəmizdəki səfiri Cianpolo Kutillio
vurğulayıb ki, belə təşəbbüslər iki
ölkə arasında mövcud olan iqtisadi, mədəni və
digər münasibətlərin inkişafına kömək
edir: “Biz istəyirik ki, İtaliya və Azərbaycan şirkətləri
əməkdaşlıq qursunlar və gələcəkdə
bu əlaqələri dərinləşdirsinlər. Bu görüş çox vacibdir, biz
çalışdıq ki, mümkün qədər çox
İtaliya şirkətləri burda toplaşsın.
Çünki İtaliya öz sənaye keyfiyyətinə
görə tanınır. Ötən il İtaliyadan Azərbaycana
ixrac 500 min avroya bərabər olub və bu, çox
böyük bir göstəricidir. Bu gün biz mebel, ev
və interyer üçün olan mallardan
danışacağıq. Bizim bu sahədə təkliflərimiz
genişdir və Azərbaycan hazırda bu sahədə
imkanlarını genişləndirmək istəyir”.
Qeyd etmək yerinə düşər ki, İtaliya və
Azərbaycan arasında sıx dərin dostluq telləri,
geniş əməkdaşlıq münasibətləri və
strateji əhəmiyyət daşıyan möhkəm
siyasi-iqtisadi tərəfdaşlıq mövcuddur. Respublikamızın
dövlət müstəqilliyini bərpa etməsindən sonra
Avropa ölkələri içərisində ən yüksək
səviyyədə iqtisadi əməkdaşlığı və
siyasi münasibətləri gücləndirən ilk dövlətlərdən
biri məhz İtaliya olub. Rəsmi Roma
ötən əsrin əvvəllərindən başlayaraq Azərbaycanla
qarşılıqlı maraqlara söykənən birgə əlaqələrin
qurulması üçün ciddi təşəbbüsləri
ilə diqqəti cəlb edib. Birgə əməkdaşlığa
dair mühüm razılaşmaların əldə olunması
tərəflər arasında qarşılıqlı
münasibətlərin güclənməsinə əlverişli
zəmin yaradıb. “Əsrin müqaviləsi”nin imzalanması və Azərbaycanın neft
ehtiyatlarının işlənməsində İtaliya
şirkətlərinin təmsil olunması ölkələr
arasında iqtisadi-siyasi əlaqələrin yeni mərhələdə
inkişafına dərin əsaslar yaradıb.
Enerji sahəsində əməkdaşlıqla
yanaşı, siyasi, iqtisadi, sosial, humantiar, elmi-mədəni, təhsil,
səhiyyə, turizm və digər bölmələrdə
intensiv əlaqələrin inkişafı İtaliya-Azərbaycan
münasibətlərində yeni dinamika yaradıb. Qeyd olunan sahələrdə
əlaqələr hər il yüksəlməyə
başlayıb. Bir neçə il əvvəl
ölkələr arasında yaradılmış hökumətlərarası
komissiyanın intensiv fəaliyyəti bu iki dövlətin
siyasi-iqtisadi münasibətlərinə yeni dinamizm elementlərinin
əlavə edilməsinə səbəb olub. Son
illərdə möhkəm təməllər üzərində
dərinləşən Azərbaycan-İtaliya əlaqələri
ikitərəfli münasibətlər çərçivəsindən
kənara çıxaraq Avropa regionunu əhatə edən
böyük əməkdaşlıq fazasına qədəm
qoyub. Hər iki dövlət Trans-Avropa
enerji şəbəkəsinin formalaşmasında həlledici
rola malik olmaqla strateji əhəmiyyət kəsb etməyə
başlayıb.
Qeyd etdiyimiz kimi, İtaliya ilə Azərbaycan arasında
iqtisadi münasibətlərin əsas prioriteti neft və qaz
sahəsində əməkdaşlıqla bağlıdır. Bakı-Tbilisi-Ceyhan
kəməri ilə nəql olunan neftin əsas
alıcılarından biri İtaliyadır. Hazırda Avropa bazarlarına nəql olunan neft resurslarının
böyük bir hissəsi məhz İtaliya limanları vasitəsilə
Aİ ölkələrinə çatdırılır.
Bu dövlət ölkəmizə məxsus
neftin 40 faizini öz ərazisi ilə Avropaya tranzit edir. İtaliya Avropa İttifaqında yüksək
nüfuza malik dövlət kimi regionda Azərbaycanla sıx
enerji əməkdaşlığının möhkəmlənməsinə
töhfə verməsi ilə diqqəti cəlb edir. Rəsmi Roma öz enerji siyasətini həyata
keçirərkən Azərbaycanla uzunmüddətli və
davamlı xarakterə malik strateji layihələri prioritet kimi
qəbul edir.
İtaliya respublikamızın regionda strateji mövqeyinin
möhkəmlənməsi və Avropanın enerji təhlükəsizliyinin
təmin olunmasında aparıcı dövlətə
çevrilməsini nəzərə alaraq təmasları daha
da intensivləşdirmək niyyətindədir. Rəsmi Roma
son illər regionda baş verən prosesləri nəzərə
alaraq özünün enerji və karbohidrogen ehtiyatları ilə
təmin olunmasında Azərbaycandan daha etibarlı tərəfdaş
olmayacağını yaxşı anlayır. Eyni zamanda, İtaliya enerji siyasətini daha da dərinləşdirmək
və respublikamızın perspektiv nəql imkanlarından
yararlanmaq üçün yeni sazişlərin
imzalanmasını təklif edir. Bu ölkə
neftlə bərabər, qaz resurslarının da əsas
alıcısı olmaq niyyətindədir. Xatırladaq
ki, hələ 2007-ci ilin dekabr ayında Azərbaycanla
İtaliya arasında qaz sektorunda əməkdaşlığa
dair protokol imzalanıb.
Bu tendensiya
İtaliya ilə Azərbaycan arasında iqtisadi təmasları
dərinləşdirməklə yanaşı, məhz
respublikamızın enerji strategiyası nəticəsində
bu ölkənin da regionda tranzit dövlətə çevrilməsinə
səbəb ola bilər. Yəni,
İtaliya təkcə Azərbaycan qazının
alıcısı deyil, həm də yanacağın digər
Avropa dövlətlərinə ixracı üçün
tranzit ölkə rolunu oynamış olacaq. Azərbaycan qazının Avstriya, Bolqarıstan,
Macarıstana ixracı həm də bu ölkənin ərazisindəki
marşrutlarla çatdırılacaq. Bu
strateji addım, bundan başqa, respublikamızın Avropa
regionunda çoxvektorlu enerji sistemləri yaratmaq
gücünü ortaya qoymuş olur. Bakı-Tbilisi-Ərzurum
qaz kəməri bu gün Avropanın bir çox dövlətlərini
yanacaqla təmin edə biləcək ən rentabelli və
geostrateji baxımdan cəlbedici tranzit dəhlizidir.
Azərbaycanla İtaliya arasında iqtisadi əməkdaşlıq
enerji resursları ilə kifayətlənmir. Hər iki tərəf
neftdən kənar sahələrlə bağlı bir sıra
layihələri müzakirə edib. İndiyədək
keçirilən Azərbaycan-İtaliya biznes-forumlarında
müzakirə olunan əsas məsələlər neft və
qaz sahəsində əməkdaşlıqdan başqa,
qeyri-neft sektorunda əməkdaşlığı da nəzərdə
tutur. İtaliya hökumətinin Azərbaycanla
hazırda müzakirə etdiyi əsas elementlər ölkələr
arasında siyasi-iqtisadi əlaqələrin dərinləşməsinə
və Avropa İttifaqına sıx inteqrasiyanın daha da
möhkəmlənməsinə impuls verməkdən ibarətdir.
Tərəflər iqtisadiyyatın bir çox
sahələri üzrə geniş əməkdaşlıq əlaqələrini
gücləndirmək niyyətindədirlər.
Qeyd edək ki, hazırda hər iki ölkə çox
sıx ticari-iqtisadi əməkdaşlığa malikdir. Tərəflər
arasında yüksək iqtisadi-ticari münasibətlərin əsasını
neft və qaz faktoru təşkil etsə də, ölkələr
qeyri-neft sektoru üzrə əməkdaşlığın
mühüm bölmələrinə də diqqət yönəldiblər.
Hər iki ölkənin iqtisadi potensialı, əlverişli
investisiya mühiti, zəngin təbii resursları imkan verir ki,
iqtisadiyyatın bir çox sahələri üzrə layihələrin
icrasına başlansın. Hər iki
ölkə hesab edir ki, ikitərəfli münasibətlərin
inkişaf etməsi və keyfiyyətcə yeni mərhələyə
qalxması məqsədi ilə qarşılıqlı səylərin
artırılması vacibdir.
Yeri gəlmişkən,
2010-cu ildə Bakıda keçirilən biznes-forumda hər iki
ölkənin dövlət rəsmiləri, kənd təsərrüfatı,
qida sənayesi, loqistika, inşaat, tikinti, xidmət, nəqliyyat,
enerji və s. sahələri təmsil edən 60-dan çox
şirkətin nümayəndəsi iştirak edib və tədbirdə
işgüzar əlaqələrin genişləndirilməsi
imkanları müzakirə olunub. İşgüzar
görüşlərlə davam etdirilən tədbirin yekunu
olaraq İtaliyanın İqtisadi İnkişaf Nazirliyi ilə
Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi arasında əməkdaşlığa
dair sənəd imzalanıb. Sənəddə ölkələr
arasında ticarətin inkişafı, iqtisadiyyatın müxtəlif
sahələri üzrə birgə müəssisələrin
yaradılması, Azərbaycanda İxracın və
İnvestisiyaların Təşviqi Fondu və İtaliyanın
Xarici Ticarət Əlaqələri üzrə Milli Təşkilatı,
eləcə də, sahibkarlar arasında əlaqələrin
genişləndirilməsi, qarşılıqlı
investisiyaların cəlb edilməsi və s. sahələrdə
əməkdaşlığın inkişafı nəzərdə
tutulub. Ötən müddət ərzində
italyanların Azərbaycanda daha bir neçə şirkəti
fəaliyyətə başlayıb. Ümumiyyətlə,
italyanlar respublikamızda kənd təsərrüfatı, qida
sənayesi, turizm, yeyinti sənayesi, xidmət, məişət
avadanlıqları, geyim, mebel və digər sahələr
üzrə fəaliyyət göstərirlər.
İtaliya
Ticarət Komissiyası (ICE) Azərbaycanda italyan iş
adamlarının yeni biznes layihələrini həyata
keçirmək, öz ölkəsinin şirkətlərinin
fəallığını artırmaq üçün
mühüm təkliflər paketi ilə çıxış
edir. Öz növbəsində, Azərbaycanda İxracın və
İnvestisiyaların Təşviqi Fondu və Azərbaycan
Sahibkarlar (İşəgötürənlər) Təşkilatları
Milli Konfederasiyası iş adamlarını qeyri-neft sektorunun
inkişafı ilə bağlı perspektiv layihələrə
cəlb etmək istiqamətində fəal iş aparır.
2011-ci
ilin iyun ayında Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev İtaliya Respublikasının Prezidenti
Ciorcio Napolitanonun dəvəti ilə İtaliyanın birləşdirilməsinin
150 illiyinə və Respublika Gününə həsr
edilmiş bayram mərasimində iştirak etmək
üçün İtaliyaya səfər edib. Qeyd
edək ki, bayram mərasimində iştirak etmək
üçün paytaxt Romaya 80-dən çox ölkənin
nümayəndə heyəti gəlib. Ölkələrin
əksəriyyəti dövlət və hökumət
başçıları səviyyəsində təmsil olunub.
Azərbaycan Prezidenti İlham Əliyev
İtaliya Prezidenti Ciorcio Napolitanonun adından verilmiş ziyafətdə
iştirak edib.
Yeni
Azərbaycan.-2014.- 5 fevral.- S.8.