Naxçıvan Muxtar Respublikası dinamik inkişaf yolunda

 

Naxçıvanın muxtariyyat statusu ötən dövr ərzində bölgənin tarixi taleyində əhəmiyyətli rola malik olub, Azərbaycanın bu qədim ərazisində təhlükəsizliyin təmin olunması, dövlətçilik ənənələrinin və milli-mənəvi dəyərlərin qorunmasında mühüm amil kimi çıxış edib

Fevralın 9-da Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyi tamam olur. Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Azərbaycanın qədim bölgəsi Naxçıvan tarixən çətin sınaqlarla dolu mürəkkəb və eyni zamanda şərəfli bir yol qət etmişdir: “Çoxəsrlik dövlətçilik ənənələri olan bu diyar həmişə xalqımızın zəngin mədəni irsini layiqincə yaşatmış, yetirdiyi çox sayda görkəmli elm xadimləri, sənətkarları, tarixi şəxsiyyətləri ilə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında əvəzsiz rol oynamışdır.

Naxçıvan əhalisinin milli istiqlal ideyalarına bağlılıq nümayiş etdirərək dövlət müstəqilliyimizin bərpası, qorunub saxlanılması və möhkəmləndirilməsində müstəsna xidmətləri vardır. Bu gün yüksək potensiala malik muxtar respublika bütün dövlət proqramlarını, infrastruktur layihələrini böyük uğurla həyata keçirməsi sayəsində ölkədə dinamik inkişaf xəttinə uyğun, fasiləsiz aparılan irimiqyaslı quruculuq, abadlıq işlərinin fəal iştirakçısıdır. Naxçıvan hazırda mötəbər beynəlxalq tədbirlərin təşkil olunduğu məkana çevrilmişdir”.

Həmçinin Sərəncamda Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması nəzərdə tutulub.

Bundan başqa, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2013-cü il dekabrın 28-də keçirilmiş dördüncü çağırış səkkizinci sessiyasında Ali Məclisin sədri tərəfindən 2014-cü il Naxçıvanda “Muxtariyyət ili” elan olunub.

Ümumiyyətlə, hər bir xalqın tarixi onun dünyada özünəməxsus yer tutması üçün mövcud olan milli kimlik pasportudur. Tarixin müxtəlif dövrlərində müəyyən işğallara, istilalara, ayrı-ayrı xalqlar tərəfindən assimilyasiya olunma cəhdlərinə məruz qalmasına baxmayaraq, Azərbaycan xalqı sahib olduğu milli dəyərlərini daim ən yüksək səviyyədə mühafizə etməklə mənəvi-ideoloji baxımdan özünün milli həmrəyliyi və bütövlüyünü qoruyub saxlaya bilib. Müstəqillik əldə etdikdən sonra isə milli-mənəvi dəyərlərimizi sistematik formada konseptuallaşdıraraq mühafizə və təbliğ etmək vəzifəsi xalqımızın qarşısında başlıca məsələ kimi dayanırdı. Bunun üçün isə sistemləşdirilmiş dövlət dəstəyi və qayğısı lazım idi. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişi ilə bu missiyanın reallaşdırılması yönündə strategiya hazırlandı və onun sistemli şəkildə reallaşdırılması prosesi uğurla həyata keçirildi. Milli-mənəvi dəyərlərimizin daha geniş miqyasda təbliği, ölkəmizin iştirakçısı olduğu sivilizasiyalararası dialoqun formalaşdırılması və inkişaf etdirilməsi, Azərbaycandakı milli azlıqların-müxtəlif xalqların nümayəndələrinin milli həmrəylik şəraitində inteqrasiyaya cəlb olunması mövcud strategiyanın əsas komponentlərini təşkil edirdi.

Bu gün isə bəhs olunan siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə, qanunauyğunluqlarına və reallıqlarına müvafiq surətdə modernləşdirilmiş formada davam etdirilir. Hakimiyyətin həyata keçirdiyi iqtisadi, sosial, hüquqi və mədəni siyasətin səmərəli nəticələri bütövlükdə milli-mənəvi dəyərlərimizin də inkişafına, qorunmasına, təbliğinə xüsusi stimul və təkan verir. Xüsusilə də, uzaqgörənliklə müəyyənləşdirilmiş dərin iqtisadi strategiyanın uğurla reallaşdırılmasının mənəvi-ideoloji sahənin inkişafına verdiyi töhfələr olduqca yüksək dəyərləndirilir. Yəni bu iki sahə bir-birinin inkişafını təmin edən və tamamlayan vahidin ayrılmaz hissələri kimi çıxış edir.

Söylədiyimiz inkişaf indikatorlarının daşıyıcısı kimi çıxış edən milli məkanlarımızdan biri də Naxçıvan Muxtar Respublikasıdır. Muxtar Respublika Azərbaycan hakimiyyətinin müstəsna diqqəti və qayğısı nəticəsində mütəmadi surətdə inkişaf etməkdədir. Eyni zamanda, bu gün Naxçıvan Muxtar Respublikasının (MR) timsalında ölkəmizdə milli-mənəvi dəyərləri mühafizə və inkişaf etdirməklə həyata keçirilən modernləşmə strategiyasının cizgiləri aydın müşahidə edilir. Maddi mədəniyyət nümunəsi olan tarixi abidələrin qorunması, milli sərvətlərimizə müvafiq yeni maddi mədəniyyət nümunələrinin yaradılaraq istifadəyə verilməsi, ölkə tarixinin əsaslı və hərtərəfli şəkildə öyrənilməsi kimi zəruri strateji tədbirlər milli mədəniyyət və mənəviyyatımızın inkişaf etdirilməsi işinə xüsusi töhfələr verməkdədir. Bu, bir həqiqətdir ki, Azərbaycan dövlətinin qayğısı nəticəsində milli kimliyimizin tərkib hissəsi olan milli dəyərlərimiz blokada şəraitində ən kəskin problemlərə sinə gərən Naxçıvan Muxtar Respublikasının timsalında da ən yüksək səviyyədə qorunur.

Ümumiyyətlə, ötən dövr ərzində muxtariyyətin möhkəm siyasi və hüquqi bazası da formalaşıb, Naxçıvan MR böyük bir inkişaf yolu keçib. Naxçıvanın Muxtar Respublika statusu bu bölgənin 90 illik tarixi taleyində, onun ərazi bütövlüyünün qorunub saxlanmasında və təhlükəsizliyinin təmin edilməsində çox mühüm rola malikdir. Ötən əsrin 90-cı illərində - erməni hücumlarının aramsız xarakter aldığı bir dövrdə, Azərbaycanın əsas ərazisi ilə əlaqələrin kəsildiyi şəraitdə Naxçıvanın muxtariyyət statusu çevik siyasi, iqtisadi və humanitar xarakterli addımların atılmasına, muxtariyyatin ərazisinə edilən qəsdlər barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılmasına, beləliklə də, Azərbaycanın tarixi ərazisinin qorunub saxlanmasına imkan yaradıb.

Qeyd edək ki, Naxçıvanın muxtariyyət statusu bu gün də Azərbaycandan ayrı düşən, blokada şəraitində yaşayan regionda dövlət hakimiyyət orqanlarının ahəngdar fəaliyyətini təşkil edən mühüm amildir. Daha da dəqiqləşdirsək, ötən dövr ərzində bu status bölgənin tarixi taleyində əhəmiyyətli rola malik olub, Azərbaycanın bu qədim ərazisində təhlükəsizliyin təmin olunması, dövlətçilik ənənələrinin və milli-mənəvi dəyərlərin qorunmasında mühüm amil kimi çıxış edib.

Bu gün isə Naxçıvan MR həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət sayəsində özünün dinamik inkişaf tempini davam etdirməkdədir. Məlumdur ki, Naxçıvan Muxtar Respublikasının müasir iqtisadiyyatı özünün çoxsahəli strukturu ilə Azərbaycanın digər regionlarının iqtisadiyyatından fərqlənir. Bu, Muxtar Respublikanın Azərbaycan Respublikasının əsas ərazisindən təcrid edilmiş coğrafi məkanda yerləşməsi və bununla əlaqədar yerli tələbatı müvafiq istehsal sahələri yaratmaqla daxili imkanlar hesabına təmin etmək zərurəti ilə bağlıdır. XX əsrin ikinci yarısından başlayaraq Muxtar Respublikada yeni istehsal sahələri yaradılıb, zəngin təbii ehtiyatlar aşkara çıxarılaraq istismara cəlb olunub, sənaye müasir texnika və texnologiya ilə təchiz edilib. Hazırda isə əhalinin maddi rifah halının daha da yaxşılaşdırılması, sosial müdafiə və təminat sisteminin gücləndirilməsi, sosialyönümlü iqtisadiyyatın inkişaf etdirilməsi, eyni zamanda, qarşıda duran bütün sosial proqramların və infrastruktur layihələrinin uğurla icra edilməsi, məşğulluq səviyyəsinin ardıcıl olaraq yüksəldilməsi, səhiyyə və təhsil sektorunda davamlı inkişaf göstəricilərinin qeydə alınması Muxtar Respublikanın tərəqqi yolunda olduğunu göstərir. Ümumilikdə, əldə edilən tərəqqini daha yaxından anlamaq üçün bir neçə sektorun inkişaf göstəricilərinə nəzər yetirmək gərəkdir.

İlk növbədə vurğulamaq gərəkdir ki, son illərdə Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafında əldə edilmiş müsbət nəticələrin səbəblərindən biri sənayeləşmə prosesidir. Yerli xammaldan səmərəli istifadəyə əsaslanan yeni sənaye müəssisələrinin fəaliyyətə başlaması və bu müəssisələrin sayının ildən-ilə artırılması ÜDM istehsalında da müsbət nəticələrin artan xətt üzrə dinamikasını təmin edib. 2013-cü ildə sənaye 29 faizlik payla ÜDM tərkibində ilk yerə sahib olub, bu sahədə istehsalın həcmi 2012-ci illə müqayisədə artaraq 863 milyon manata çatıb. Bunun da 93 faizə qədəri, yaxud 799 milyon manatdan çoxu özəl bölmənin payına düşür. Yeni sənaye müəssisələrinin yaradılmasında müasir texnologiyaların tətbiqi daxili tələbatı yüksək keyfiyyətli məhsullarla təchiz etməklə yanaşı, onların ixrac potensialını da artırıb. Bunun nəticəsidir ki, 2013-cü ildə 241 milyon manatlıq sənaye məhsulu ixrac edilib.

Ümumilikdə, hazırda Naxçıvan Muxtar Respublikası iqtisadi fəallıq üzrə öz statusunu aqrar bölgədən sənaye regionuna dəyişib. Artıq Muxtar Respublikada il ərzində istehsal olunan sənaye məhsulunun həcmi kənd təsərrüfatı məhsulunun həcmini üstələməkdədir.

Əminliklə söyləmək olar ki, Naxçıvan MR-də əlverişli investisiya mühitinin formalaşması, sənaye məhsulu istehsalına yönəlmiş kiçik və orta sahibkarlıq subyektlərinin dövlət qayğısı ilə hərtərəfli təmin olunması ölkəmizdə “Sənaye ili” elan edilmiş 2014-cü ildə bu sektorun inkişafına daha böyük töhfələr verəcək.

Muxtar Respublikanın dinamik inkişafından bəhs edərkən toxunulması lazım olan digər məsələ ərzaq təhlükəsizliyinin təmin olunmasıdır. Ümumiyyətlə, Naxçıvan MR-də bu məsələyə ciddi diqqət yetirilir və həyata keçirilən tədbirlər sayəsində mühüm nailiyyətlər qazanılıb. İlk növbədə, kənd təsərrüfatının inkişafı ilə bağlı əldə olunmuş müvəffəqiyyətlər istər ərzaq təhlükəsizliyinin təmin olunmasında, istərsə də emal müəssisələrinin xammalla təchizatında mühüm rol oynayır. Bu cəhətdən Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2008-ci il 17 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” mühüm əhəmiyyət daşıyır.

Bununla yanaşı, Naxçıvan Muxtar Respublikasında yol-nəqliyyat infrastrukturunun inkişafı da diqqət mərkəzində saxlanılır, nəqliyyat kompleksinin yenilənməsinə xüsusi önəm verilir, beynəlxalq standartlara uyğun yeni yollar salınır. Bu səbəbdəndir ki, Muxtar Respublikada magistral yolların böyük əksəriyyəti yenidən qurularaq istifadəyə verilib. Eyni zamanda, kənddaxili və kəndlərarası yolların da abadlaşdırılması istiqamətində davamlı işlər görülür. Ümumilikdə, 2013-cü ildə Muxtar Respublikada 164 kilometr uzunluğunda yol salınaraq və ya əsaslı təmir olunaraq istismara verilib. Quruculuq tədbirləri körpüləri də əhatə edib, 21 körpü tikilib, 12 körpü isə təmir olunub. Azərbaycan Prezidenti İlham Əliyevin 2013-cü il 5 mart tarixli Sərəncamı ilə Babək rayonunun 13 yaşayış məntəqəsini əhatə edən 25,6 kilometr uzunluğunda Hacıvar-Vayxır-Sirab yolunun tikintisinə 6 milyon 300 min manat vəsait ayrılıb. Bu vəsait hesabına yolun tikintisi başa çatdırılıb.

Həmçinin Muxtar Respublikanın mərkəzində olduğu kimi, rayonlarında, hətta ən ucqar kəndlərində belə nəqliyyat-kommunikasiya sisteminin bərpası, elektrik enerjisi, rabitə, qaz, su təminatı kimi sosial məsələlərin həlli, müasir informasiya texnologiyalarının tətbiqi mədəni-intellektual yüksəlişə əsaslı zəmin yaradıb. Bütövlükdə isə, Muxtar Respublikanın şəhər və rayonlarında mövcud olan iqtisadi potensialdan tam və səmərəli istifadə olunması, sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması və iqtisadiyyatın tarazlı inkişafının təmin edilməsi infrastruktur sahələrinin bərpası və genişləndirilməsinə, yeni istehsal və emal müəssisələrinin, təhsil, səhiyyə, idman, sağlamlıq, mədəniyyət obyektlərinin istifadəyə verilməsinə səbəb olub.

Göründüyü kimi, Azərbaycanın inkişaf və tərəqqisindən güc alan Naxçıvan Muxtar Respublikası ötən müddət ərzində uğurlu yol keçib. Bunun nəticəsi təkcə rəqəmlərdə yox, eyni zamanda, real həyatda, Naxçıvan MR-in şəhər və rayon mərkəzlərinin, kəndlərinin dəyişən simasında, tikilən infrastruktur obyektlərində, insanların firavanlığının, həyat şəraitinin yaxşılaşmasında görünür. Ötən dövr ərzində əldə edilən göstəricilərə nəzər yetirmək bunu deməyə əsas verir. Belə ki, 2013-cü ildə Ümumi Daxili Məhsulun həcmi 1995-ci ilə nisbətən 54 dəfə, sənaye məhsulunun həcmi 95 dəfə, əsas kapitala yönəldilən investisiyalar 340 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 9 dəfə, nəqliyyat sektorunda yük daşınması 24 dəfə, informasiya və rabitə xidmətlərinin həcmi 107 dəfə, pərakəndə əmtəə dövriyyəsi 30 dəfə, əhaliyə göstərilən pullu xidmətlər 47 dəfə, ixracın həcmi 201 dəfə, əhalinin gəlirləri isə 55 dəfə artıb.

Nəticə etibarilə, Naxçıvan Muxtar Respublikası dinamik inkişaf yolunda əmin addımlarla irəliləyir. Bir sözlə, Naxçıvan indi daha sürətlə inkişaf edir, müxtəlif sahələrdə qazanılan uğurlar və yeniliklərlə diqqəti cəlb edir.

 

Nurlan QƏLƏNDƏRLİ

 Yeni  Azərbaycan.-2014.- 8 fevral.- S.5.