Yaponiya geosiyasi əhəmiyyətə malik, dinamik inkişaf edən Azərbaycanla əməkdaşlığa
böyük önəm verir
Səfir Tsuguo Takahaş: Ölkələrimiz arasında əməkdaşlığın daha da dərinləşməsi üçün böyük potensial imkanlar var
“Yeni Azərbaycan” qəzeti 2014-cü ildən bir çox yeni layihələrlə oxucuların görüşünə gəlir. Belə layihələrdən biri də “Bizim qonaq” rubrikasıdır. Layihə çərçivəsində respublikamızda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri təmsil etdikləri ölkələrlə Azərbaycan arasındakı ikitərəfli əlaqələrin hazırkı durumu, həmçinin, perspektiv planlar barədə öz fikirlərini oxucularla bölüşürlər. Bu qəbildən ilk müsahibimiz Yaponiyanın Azərbaycandakı səfiri Tsuguo Takahaşidir.
- Cənab səfir, Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk Asiya dövlətlərindən biri də Yaponiya olub. Ötən müddət ərzində ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdəki mövcud əlaqələrin səviyyəsini necə qiymətləndirirsiniz?
- Öncə onu qeyd edim ki, Yaponiya ilə Azərbaycan arasında dinamik inkişaf edən ikitərəfli münasibətlər mövcuddur. Yaponiya Azərbaycan Respublikasının müstəqilliyini 28 dekabr 1991-ci ildə tanıyıb. Ölkələrmiz arasında diplomatik münasibətlər isə 7 sentyabr 1992-ci ildə qurulub. 21 yanvar 2000-ci ildə Azərbaycanda Yaponiyanın səfirliyi, 12 oktyabr 2005-ci ildə isə Azərbaycan Respublikasının Yaponiyada səfirliyi fəaliyyətə başlayıb. Diplomatik əlaqələrin qurulmasından sonra hər iki ölkədə səfirliklərin belə gec fəaliyyətə başlamasına baxmayaraq, bu müddət ərzində bir sıra yüksək səviyyəli rəsmi səfərlər baş tutub. Burada ilk növbədə, 24-28 fevral 1998-ci ildə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin, 7-10 mart 2006-cı ildə cənab Prezident İlham Əliyevin Yaponiyaya rəsmi səfərlərini qeyd etmək istəyirəm. Həmin səfərlər çərçivəsində keçirilən görüşlər, imzalanan sənədlər ölkələrimiz arasında münasibətlərin inkişafına mühüm töhfələr verdi. Bundan əlavə, Azərbaycanın Baş naziri Artur Rasizadə, baş nazirin müavini Abid Şərifov, xarici işlər nazirləri Vilayət Quliyev və Elmar Məmmədyarov bir neçə dəfə Yaponiyada rəsmi səfərdə olublar. Eyni zamanda, 1999-cu ildən başlayaraq Yaponiyanın xarici işlər naziri Masahiko Koumura, Yaponiya Parlamentinin Müşavirlər Palatasının vitse-prezidenti Şoci Motuka,Yaponiya-Azərbaycan Parlamentlərarası Dostluq Liqasının sədri Akira Amari, Liqanın üzvü, Yaponiya Nümayəndələr Palatasının üzvü Daişiro Yamagiva və başqa rəsmi şəxslər Azərbaycanda səfərdə olublar. Belə yüksək səviyyəli səfərlər ölkələrimiz arasında münasibətlərin əyani sübutudur. Həmçinin, qeyd etmək istərdim ki, Yaponiya ilə Azərbaycan arasında İqtisadi Əməkdaşlıq üzrə Dövlət Komissiyası mövcuddur. 1999-cu ildən indiyədək birgə komissiyanın qarşılıqlı olaraq Tokioda və Bakıda 7 iclası keçirilib. Fevralın sonunda komissiyanın növbəti iclası keçiriləcək və tədbirdə iştirak etmək üçün baş nazirin müavini Abid Şərifovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Tokioya səfər edəcək. Bütün bunları qeyd etməklə bildirmək istəyirəm ki, Azərbaycanla Yaponiya arasında təkcə siyasi əlaqələr deyil, iqtisadi əlaqələr də yüksək səviyyədə qurulub. Yaponiya şirkətləri Azərbaycanda bir neçə enerji layihələrində iştirak edirlər. Bundan əlavə, son illərdə yapon iş adamlarının Azərbaycanın qeyri-neft sektoruna da marağı artıb. Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, ikitərəfli münasibətlərimiz yalnız yuxarıda sadalanan sahələrdə əməkdaşlıqla məhdudlaşmır, mədəni və humanitar sahələrdə də davam edir. Sevindirici haldır ki, Azərbaycanda yapon dili üzrə mütəxəssislərin sayı getdikcə artır. Onlardan bir neçəsi bu gün səfirlikdə bizimlə çalışır. Yeri gəlmişkən, qeyd edim ki, ötən il Azərbaycanın İsmayıllı rayonu ilə Yaponiyanın İto şəhəri arasında mədəni əməkdaşlığa dair memorandum imzalanıb. Bu saziş ölkələrimiz arasında ikitərəfli əlaqələrdə yeni üfüqlər açır. Bir sözlə, hesab edirəm ki, ölkələrimiz arasında əməkdaşlığın daha da dərinləşməsi üçün böyük potensial imkanlar var və biz də, diplomatik nümayəndəlik olaraq, öz fəaliyyətimizlə bu imkanlardan maksimum istifadə olunmasına çalışırıq.
- Azərbaycanda diplomatik fəaliyyətə başlamanız ötən ilin sonlarına təsadüf etsə də amma yenə də maraqlıdır, sizcə 2013-cü il ölkələrarası əlaqələrdə hansı əlamətdar hadisələrlə yadda qaldı?
- Doğrudur, diplomatik fəaliyyətimə ötən ilin noyabrında başlamışam. Noyabrın 23-də Yaponiya hökuməti adından etimadnaməmi Prezident İlham Əliyevə təqdim edərkən, çox səmimi görüşümüz oldu. Baxmayaraq ki, ölkəyə ilin sonuna yaxın gəldim, amma hesab edirəm ki, 2013-cü il Yaponiya-Azərbaycan əlaqələrində mühüm bir il oldu. Əvvəla, az öncə qeyd etdiyim kimi, İsmayıllı rayonu ilə Yaponiyanın İto şəhəri arasında dostluq və mədəni sahədə təcrübə mübadiləsinə dair müqavilə imzalandı ki, bu, ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha da inkişafına mühüm töhfələr verəcək. Bundan əlavə, xatırladım ki, dekabrın əvvəlində Bakıda keçirilən UNESCO-nun Qeyri-Maddi-Mədəni İrsin (QMMİ) Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyası bizim üçün çox əlamətdar bir hadisə ilə yadda qaldı. Belə ki, 116 ölkədən gəlmiş nümayəndələrin iştirak etdiyi tədbirdə Yaponiyanın milli mətbəxinin UNESCO-nun QMMİ siyahısına daxil edilməsinə dair qərar qəbul edildi. Bildiyimə görə, yapon mətbəxi Bakıda da məşhurdur və bu, bizi çox sevindirir. Bundan əlavə, ötən ilin sonunda rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun Yaponiyaya rəsmi səfərini qeyd etmək istərdim. Dekabr ayında gerçəkləşən səfər çərçivəsində Azərbaycanla Yaponiya arasında əməkdaşlığın perspektivləri barədə mühüm müzakirlər aparıldı. Hesab edirəm ki, qarşıdakı illərdə biz bu əməkdaşlığın real nəticələrini görə biləcəyik. Həmçinin, ötən ilin avqust ayında, Yaponiyanın müdafiə nazirinin müavini Masahisa Sato Azərbaycanda səfərdə olub. Səfər çərçivəsində Azərbaycanla Yaponiya arasında müdafiə sahəsində əməkdaşlığa dair məhsuldar müzakirələr aparılıb. 2013-cü il həm də, mədəniyyət sahəsində əməkdaşlıqla da yaddaqalan oldu. Belə ki, oktyabr ayında Bakıda yapon ənənəvi musiqi alətlər ansamblının konserti baş tutdu. Sevindirici haldır ki, yapon musiqisi də artıq Azərbaycanda öz populyarlığını qazanmaqdadır.
- Cənab səfir, bəs qədəm qoyduğumuz 2014-cü il ikitərəfli əlaqələrdə hansı hadisələr, rəsmi səfərlərlə yadda qalacaq?
- Qeyd edim ki, Yaponiyanın Baş naziri Şinzo Abenin rəhbərlik etdiyi hökumət strateji geopolitik əhəmiyyətə malik, dinamik inkişaf edən, enerji daşıyıcılarının şaxələndirmə yolu ilə dünya bazarlarına çıxarılmasına üstünlük verən Azərbaycanla əməkdaşlığın gücləndirilməsinə böyük önəm verir. İl yeni başladığından bu haqda dəqiq proqnoz vermək bir qədər çətindir. Amma düşünürəm ki, cari ildə, eləcə də qarşıdakı illərdə dost Azərbaycana Yaponiyadan yüksək səviyyəli səfərlər hələ çox olacaqdır.
- Siyasi əlaqələrimizin yüksək səviyyədə olduğunu qeyd etdiniz. Bəs iki ölkə arasında ticarət əlaqələrinin hazırkı səviyyəsi sizi qane edirmi?
- Ticarət əlaqələrinin inkişafında kommunikasiyaların rolu əvəzsizdir. Amma əfsuslar olsun ki, ölkələrimiz bir-birindən kifayət qədər uzaq məsafədə yerləşir və bu da ticarət əlaqələrinin inkişafına öz mənfi təsirini göstərir. Bununla belə, iki ölkə arasında ticarət əlaqələri ilbəil artır. 2012-ci ilin nəticələrinə görə, ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 172 milyon ABŞ dolları təşkil edib. Ötən ilin statistikasını hələ tam şəkildə əldə edə bilməmişik.
Qeyd etdiyim kimi, Yapon-Azərbaycan iqtisadi əlaqələrinin əsasını enerji sektorunda əməkdaşlıq təşkil edir. Yaponiya Azərbaycandan neft məhsulları idxal edir. Azərbaycana isə avtomobillər, texniki avadanlıqlar, elektronika, sənayesi məhsulları ixrac olunur. Bununla belə, yapon şirkətləri Azərbaycanda neft-kimya, neft-qaz emalı, enerji təchizatı, səhiyyə, yüksək texnologiyalar və kosmik sənaye sahələrində əməkdaşlığa da böyük maraq göstərirlər. Əlavə olaraq qeyd edim ki, yapon maliyyə institutları, hətta irihəcmli layihələrə kredit ayırmağa da hazır olduqlarını bəyan edirlər. Doğrudur, Azərbaycan hökuməti son illər ölkədə qeyri-neft sektorunun inkişafına böyük diqqət ayırır. Hesab edirəm ki, fevralın 26-da Tokioda öz işinə başlayacaq Yaponiya-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Dövlət Komissiyasının iclasında bütün bu məsələlər tərəflər arasında əsas müzakirə mövzusu olacaq.
- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Yaponiyanın rəsmi mövqeyi oxucularımız üçün də maraqlı olardı.
- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Yaponiya hökumətinin mövqeyi ondan ibarətdir ki, münaqişə sülh yolu ilə, beynəlxalq hüquq normalarına uyğun olaraq öz həllini tapmalıdır. Bu baxımdan Yaponiya ATƏT-in Minsk qrupunun vasitəçilik missiyasını dəstəkləyir. Mən, Azərbaycanda fəaliyyət göstərən bir diplomat olaraq, yaxşı başa düşürəm ki, münaqişənin həllinin uzanması ölkədə qaçqın və məcburi köçkünlərlə bağlı müəyyən çətinliklər yaradır. Digər tərəfdən isə, Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması nəinki Azərbaycan, bütövlükdə Cənubi Qafqaz regionunun inkişafı üçün bir maneədir. Odur ki, səmimi-qəlbdən bu münaqişənin tezliklə həll olunmasını arzulayıram.
- Cənab səfir, ölkəmizin beynəlxalq nüfuzu ildən-ilə artmaqdadır. Bir diplomat olaraq, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrliyini necə qiymətləndirərdiniz? Ümumiyyətlə, son illərdə ölkəmizdəki sürətli inkişafı, tərəqqini necə dəyərləndirirsiniz?
- Azərbaycanın beynəlxalq nüfuzunun artması dost yapon xalqının da sevindirir. Hesab edirəm ki, Azərbaycanın iki il müddətinə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, iki dəfə quruma sədrlik etməsi ölkəniz üçün mühüm əhəmiyyət daşıyır və Azərbaycan ona həvalə olunan bu beynəlxalq missiyanın öhdəsindən layiqincə gəldi. Ötən il ərzində BMT TŞ-də mühüm qərarlar qəbul olundu, beynəlxalq sülhün təmin olunmasına dair prezidentlər səviyyəsində bəyannamə qəbul edildi, eyni zamanda, Yaponiyanın da maraqlarına xidmət edən müxtəlif mövzular ətrafında debatlar təşkil olundu. Ümid edirəm ki, Azərbaycanın BMT TŞ-nin qeyri-daimi üzvü kimi fəaliyyəti dövründə qazanmış olduğu təcrübə beynəlxalq məsələlərin həllində, o cümlədən BMT-də islahatların aparılması, eləcə də beynəlxalq təşkilatlarda Yaponiya ilə Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsi və daha da genişləndirilməsində mühüm rol oynayacaq.
Hesab edirəm ki, Azərbaycanın beynəlxalq statusunun getdikcə daha da yüksəlməsi yalnız Avropa ölkələrini enerjidaşıyıcılarla təmin etməsinə görə deyil, eyni zamanda, BMT TŞ-də ona həvalə olunan vəzifəni layiqincə yerinə yetirməsi, mühüm beynəlxalq əhəmiyyətli tədbirlərə uğurla ev sahibliyi etməsinin nəticəsidir.
Yeri gəlmişkən, qeyd edim ki, Azərbaycan mənim üçün ayrıca rəğbət bəslədiyim bir ölkədir. Çünki Azərbaycanda səfirliyimizin açılmasında mənim də xidmətlərim olub. O zaman Yaponiyada XİN-də çalışırdım. Odur ki, ölkənizə hörmətim böyükdür. Hələ diplomat kimi fəaliyyətə başlamazdan əvvəl bir neçə dəfə Bakıya gəlmişdim. İlk səfərim, hətta Sovet dövrünə təsadüf etmişdi. Sonuncu dəfə isə Bakıda nümayəndə heyətinin tərkibində 6 il əvvəl olmuşam. Bakı şəhəri, ümumiyyətlə isə Azərbaycan inanılmaz dərəcədə inkişaf edib. Paytaxt Bakı dünyanın ən gözəl, yaraşıqlı şəhərlərindən birinə çevrilib. Bütün bunlara, sözsüz ki, Azərbaycan rəhbərliyinin yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində nail olunub. Bu ölkədə fəaliyyət göstərən bir diplomat olaraq, ürəkdən inanıram ki, Azərbaycan bundan sonra da dünyada sülhün və təhlükəsizliyin qorunmasına, beynəlxalq cəmiyyətin inkişafına öz töhfələrini vermiş olacaq.
Səlim Loğmanoğlu
Yeni Azərbaycan.-2014.- 8 fevral.- S.6.