Azərbaycan kosmik ölkələr klubundakı yerini möhkəmləndirir

 

Prezident İlham Əliyev: ...Hər bir şəhərdə informasiya-kommunikasiya texnologiyalarının inkişafı böyük məna daşıyır

 

Bu günlərdə Azərbaycanın ilk “Azerspace-1” telekommunikasiya peykinin orbitə buraxılmasının bir ili tamam olub. Xatırladaq ki, Azərbaycanın ilk telekommunikasiya peyki 2013-cü il fevralın 8-də Fransız Qvianası Kosmik Mərkəzinin Kuru kosmodromundan orbitə buraxılıb.

“Azerspace-1” peyki ən azı 15 illik istismar müddətində Avropa, Şimali Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri və Yaxın Şərq regionuna yüksək keyfiyyətli yayım və telekommunikasiya xidmətləri göstərmək gücünə malikdir. Peyk ötən ilin iyul ayından kommersiya fəaliyyətinə başlayıb. “Azerspace-1” peyki üzərindən 60-dan çox yerlixarici teleradio kanalının yayımı, eləcə də, digər müştərilər üçün müxtəlif rabitə kanallarının və platformalarının təşkili həyata keçirilir. Peykin fəaliyyətinin ilk altı ayı ərzində təxminən, 10 milyon ABŞ dolları məbləğində gəlir əldə edilibbu vəsait “Azərkosmos” ASC tərəfindən kredit borclarının ödənilməsinə yönəldilib. “Azerspace-1” peyki Azərbaycanda yerləşən Əsas və Ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzlərindən yerli mütəxəssislər tərəfindən uğurla idarə olunur.

KOSMİK FƏZAYA DOĞRU YÜKSƏLİŞ

Qeyd edək ki, Azərbaycanın ilk peykinin orbitə çıxarılması ilə bağlı işlərə Prezident İlham Əliyevin 2008-ci il 4 noyabr tarixli “Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” Sərəncamına müvafiq olaraq start verilib. Dövlət başçısının 17 avqust 2009-cu il tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı” Azərbaycanın beynəlxalq kosmik klubun üzvünə çevrilməsi, ölkədə peyk texnologiyalarının yayılması və tətbiqi üçün geniş imkanlar açıb. Telekommunikasiya peykinin orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsini təmin etmək üçün isə ölkə Prezidentinin 3 may 2010-cu il tarixli Sərəncamı ilə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti təsis edilib.

Bunun ardınca, işlərin sistemli və məqsədyönlü şəkildə davam etdirilməsi sayəsində ilk telekommunikasiya peykinin orbitə çıxarılması uğurla baş tutub. Xatırladaq ki, bu münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrikində Prezident İlham Əliyev ölkəmizin artıq kosmik klubun üzvünə çevrildiyini söyləmişdi: “Bu hadisə onu göstərir ki, müstəqil Azərbaycan dövləti sürətlə, hərtərəfli inkişaf edirbiz artıq kosmik klubun üzvüyük”.

Kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması, ilk növbədə, informasiya mübadiləsinin xarici ölkələrdən asılılığının aradan qaldırılmasında və informasiya təhlükəsizliyinin təmin edilməsində həlledici rol oynayır. Bu, eyni zamanda, ölkədə yeni iqtisadi sahələrin, həmçinin, bu sahələr üzrə insan ehtiyatlarının və intellektual potensialın inkişaf etdirilməsi, tam təchizatlı maddi-texniki bazanın yaradılması, elm tutumlu yeni layihələrin həyata keçirilməsi və nəticə etibarilə innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması istiqamətində aparılan işlər arasında strateji əhəmiyyəti ilə seçilir.

Qeyd edək ki, kosmik ölkələr klubuna daxil olmaq orbitə süni peyk çıxarmaqla yanaşı, kosmosdan digər kosmik dövlətlərlə birlikdə və ya ayrı-ayrılıqda müxtəlif məqsədlərlə istifadənin hüquqipraktiki sferalarda uzlaşdırılması deməkdir. Bu məqsədlə, Azərbaycan hələ 12 yanvar 2012-ci il tarixində BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinin (COPUOS) üzvlüyünə qəbul edilib. Hazırda 74 ölkənin üzv olduğu COPUOS BMT-nin Baş Assambleyasının 1472 saylı qətnaməsi ilə 1959-cu ildə təsis edilib, Komitənin nəzdində Hüquq Alt Komitəsi və Elmi-Texniki Alt Komitə fəaliyyət göstərir. 2013-cü ildə isə Azərbaycanın BMT-nin kosmik sahə üzrə əsas beynəlxalq hüquqi sənədi hesab olunanAy və digər səma cisimləri də daxil olmaqla, kosmik fəzanın tədqiqi və istifadəsi üzrə dövlətlərin fəaliyyət prinsipləri haqqında” müqaviləyə qoşulması barədə qanun layihəsi Milli Məclis tərəfindən qəbul edilib və ölkə Prezidenti tərəfindən təsdiqlənib. Beynəlxalq kosmik hüquq sahəsində əsas normativ-hüquqi sənədlərdən ən başlıcası hesab olunan bu müqavilə 1967-ci ildə imzalanıb və beynəlxalq kosmik hüququn inkişafı üçün əsas çərçivə hesab olunur. Hazırda 100-dən çox ölkənin üzv olduğu bu müqaviləyə Azərbaycanın da qoşulması ölkəmizin kosmik sənaye üzrə beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, iqtisadielmi cəhətdən beynəlxalq kosmik məkana inteqrasiyanın sürətləndirilməsi, habelə ölkəkosmik sahə üzrə intellektual potensialın və maddi-texniki bazanın yaradılmasına xidmət etməklə yanaşı, “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nda əks olunmuş məqsədlərin reallaşdırılması və peyk layihələrinin həyata keçirilməsi işinə də böyük töhfə verəcəkdir.

İKT-nin İNKİŞAFINDA YENİ MƏRHƏLƏ

Heç şübhəsiz, ilk telekommunikasiya peykinin orbitə çıxarılması və fəaliyyəti ilə Azərbaycan dünyada ən sürətlə inkişaf edən ölkələrdən biri olmasını təsdiq edir. Azərbaycanın sürətli inkişafı, ölkənin beynəlxalq miqyasda öz sözünü deməyi bacarması, dünyada nüfuzunun artması, tərəfdaşlarının çoxalması respublikamızın xarici əməkdaşlıq əlaqələri əsasında İKT sahəsində tez bir zamanda ən qabaqcıl ölkələrin sırasına çıxmasına imkan verəcək. Müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının inkişafı etibarlı gələcək deməkdir. Bu sahə həm gəlirliliyinə, həm də uzunmüddətli perspektivlərinə görə ən vacib sferalardan biridir.

İnformasiya-kommunikasiya texnologiyalarının ölkə iqtisadiyyatında neftdən sonra ikinci prioritet sahə elan olunduğu, bu sahənin iqtisadiyyatda xüsusi çəkisinin yüksələn xətlə inkişaf etdiyibu mənada peyk rabitəsinin xüsusi əhəmiyyət kəsb etdiyi nəzərə alınmaqla, yaxın illərdə həyata keçirilməsi nəzərdə tutulan peyk layihələrinin ölkənin uzunmüddətli inkişaf strategiyasına yönəldiyini əminliklə demək olar.

Bildiyimiz kimi, dövlət başçısı tərəfindən “İnformasiya-kommunikasiya texnologiyaları ilielan olunan 2013-cü il bu baxımdan uğurlu olub. İlk telekommunikasiya peykimizin orbitə buraxılmasından sonra İnformasiya Texnologiyaları Universitetinin yaradılması haqqında Sərəncamın imzalanması bu istiqamətdə işlərin sürətlə və hərtərəfli qaydada aparıldığını göstərir.

Prezident İlham Əliyevin Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan konfransdakı çıxışından da göründüyü kimi, kosmik sənayenin inkişafı İKT-yə mühüm töhfədir: “Biz bu gün kosmik dövlətlər sırasındayıq. İnternet istifadəçilərinin sayı 70 faizdən çoxdur, sürətlə artır. Ona görə, hər bir şəhərdə informasiya-kommunikasiya texnologiyalarının inkişafı böyük məna daşıyır”.

Yeri gəlmişkən İKT sahəsində görülən işlərin müsbət nəticəsi beynəlxalq təşkilatların hesabatlarında da əksini tapır. Dünya İqtisadi ForumununThe Global Information Technology Report 2013” hesabatında ölkəmiz “Şəbəkələşmə hazırlığı indeksi”nə görə əvvəlki mövqeyindən 5 pillə irəliləyərək dünyanın 144 ölkəsi arasında 56-cı yerə yüksəlib. Həmçinin, Azərbaycan internet istifadəçilərinin say göstəricisinə görə MDB və Orta Asiya ölkələri arasında növbəti dəfə öz liderliyini qoruyub. Hesabata əsasən, ölkəmiz 144 ölkə arasında “İKT-yə dəstəkdə hökumətin uğurları” indeksi üzrə 8-ci, “Hökumətin gələcək baxışlarında İKT-nin əhəmiyyətliliyi” indeksi üzrə 9-cu, internetin əlçatanlığı göstəricisinə görə isə 20-ci yerdə qərarlaşıb.

Beləliklə, İKT sahəsində görülən işlər və qazanılan nailiyyətlər onu deməyə əsas verir ki, Azərbaycan qeyri-neft sahələrinin inkişafı istiqamətində siyasətini uğurla həyata keçirir. Bu isə ölkənin müasirləşmə xətti əsasında etibarlı inkişafını təmin edir.

İKİNCİ TELEKOMMUNİKASİYA PEYKİNİN ORBİTƏ ÇIXARILMASINA HAZIRLIQ GEDİR

Qeyd edək ki, Azərbaycan qarşıdakı illərdə daha iki süni peykini fəzaya buraxmaq yönündə aparır. Belə ki, 2016-cı ildə fəzaya buraxılması planlaşdırılan Yer səthinin məsafədən müşahidəsi peykinin layihə sənədləri üzrə hazırlıq işləri başa çatmaqdadır. Müşahidə peykinin ən yeni texnoloji göstəricilər əsasında hazırlanması nəzərdə tutulub.

Ölkənin ikinci telekommunikasiya peykinin isə 2017-ci ildə orbitə çıxarılması planlaşdırılır. 2013-cü ilin avqust ayında ABŞ-ın Ticarət və İnkişaf Agentliyi (USTDA) ilə “Azərkosmos” ASC arasında bağlanmış qrant müqaviləsinə əsasən Azərbaycanın ikinci telekommunikasiya peykinin layihəsi üzrə texniki-iqtisadi əsaslandırmanın hazırlanması məqsədilə “Azərkosmos” ASC-yə yarım milyon dollardan artıq məbləğdə qrant ayrılıb. Bu qrant “Azerspace-2” telekommunikasiya peykinin alınması, maliyyələşdirilməsi, buraxılması və istismarı ilə bağlı iqtisadi, texniki və maliyyə məsələlərinin müəyyənləşdirilməsinə imkan verəcək. İkinci telekommunikasiya peyki ilə əlaqədar texniki-iqtisadi əsaslandırmanı hazırlayacaq ABŞ şirkəti ilə müqavilənin yaxın vaxtlarda bağlanması planlaşdırılır. Həmin qrant müqaviləsi üzrə işlərin isə 2014-cü ilin ortalarında başa çatması gözlənilir.

Xatırladaq ki, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bu günlərdə mətbuata açıqlamasında “Azerspace-2” telekommunikasiya peykinin orbitə buraxılması ilə bağlı qapalı tender elan olunduğunu bildirib: “Bu tenderin qapalı olmasına baxmayaraq, dünyanın 10 aparıcı şirkətinə təkliflər göndərilib. Hesab edirəm ki, tender bir neçə ay ərzində bitəcək”.

Nazir əlavə edib ki, qalib olan şirkətlə müqavilənin avqust ayında imzalanması və peykin 30 ay müddətinə orbitə buraxılması gözlənilir.

Beləliklə, nəzərdə tutulan layihələrin reallaşacağı təqdirdə, Azərbaycan kosmik fəzadakı fəaliyyətini xeyli genişləndirəcək.

 

Hülya MƏMMƏDLİ

Yeni  Azərbaycan.-2014.- 11 fevral.- S.2.