Azərbaycan-İspaniya əməkdaşlığı
məmnunluq doğurur
Tərəflər arasındakı münasibətlər qarşılıqlı-faydalı səciyyə daşıyır və perspektiv üçün optimist proqnozlar ifadə etməyə imkan verir
Çoxşaxəli və praqmatik xarici siyasət kursu həyata keçirən Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində qarşılıqlı-faydalı əməkdaşlıq əlaqələrinə malik olduğu ölkələrdən biri də İspaniya Krallığıdır. Hazırda ölkələr arasında bir çox sahəni ehtiva edən çoxşaxəli münasibətlər mövcuddur. Bundan başqa, hər iki dövlət beynəlxalq müstəvidə bir-birinə dəstək verməkdədirlər.
Məlumat üçün qeyd edək ki, İspaniya Krallığı Azərbaycan Respublikasının müstəqilliyini 31 dekabr 1991-ci ildə tanıyıb. Ölkələr arasında diplomatik münasibətlər isə 11 fevral 1992-ci ildə qurulub. 11 mart 2005-ci ildə Azərbaycan Respublikasının (AR) İspaniya Krallığında səfirliyinin təsis olunmasına dair qanun qəbul edilib. 2005-ci ilin noyabr ayından Azərbaycanın İspaniyada səfirliyi fəaliyyət göstərməyə başlayıb. İspaniyanın Xarici İşlər üzrə Dövlət katibi G.B.Secadesin 10 iyul 2012-ci il tarixində Bakıya etdiyi rəsmi səfər zamanı İspaniyanın Baş naziri Mariano Raxoy tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanlanmış xüsusi müraciət məktubu təqdim edilib. Həmin ilin 13 iyul tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən İspaniyanın Baş naziri Mariano Raxoya cavab məktubu göndərilib. Bununla yanaşı, 16 iyun 2011-ci il tarixində “Azərbaycan Respublikası və İspaniya Krallığı arasında diplomatik pasportlara malik vətəndaşlar üçün qısa müddətli viza rejiminin ləğv edilməsi haqqında Saziş” imzalanıb və 1 sentyabr 2012-ci il tarixində qüvvəyə minib.
Qeyd etmək lazımdır ki, iki ölkə arasındakı iqtisadi əlaqələr son bir neçə ildə intensiv xarakter almağa başlayıb. Bu müddət ərzində iki ölkə arasında dövlət və özəl qurumların, yerli şirkətlərin nümayəndələri, potensial sərmayəçiləri arasında müxtəlif səviyyələrdə işçi təmaslar qurulub, işgüzar səfərlərin sayı nəzərə çarpacaq səviyyədə artıb.
Ölkələr arasında qarşılıqlı-faydalı münasibətləri möhkəmləndirən fundamental faktorlardan biri də tərəflər arasındakı sıx təmaslar və bunun fonunda əməkdaşlığın müxtəlif sahələrində mütəmadi inkişaf dinamikasının qeydə alınmasıdır. Yeri gəlmişkən, fevralın 6-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İspaniya parlamentinin üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb. Görüşdə Azərbaycan ilə İspaniya arasında siyasi, iqtisadi, mədəni, kənd təsərrüfatı, idman, təhsil, ispan dilinin tədrisi və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb. Elmar Məmmədyarov Azərbaycanın İspaniya ilə ikitərəfli əlaqələrin inkişafına önəm verdiyini və bu xüsusda yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivləşdirilməsinin əhəmiyyətini vurğulayıb, parlamentlərarası əlaqələrin vacibliyini qeyd edib. Nazir Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair mövqeyi haqqında İspaniya nümayəndə heyətini ətraflı məlumatlandırıb, Ermənistanın beynəlxalq ictimaiyyət qarşısında götürdüyü öhdəliklərə rəğmən beynəlxalq təşkilatların sənədlərini, xüsusilə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini yerinə yetirmədiyini bildirib.
İspaniya parlamentinin nümayəndə heyətinin rəhbəri Xose Maria Çikiyo Ermənistanın Azərbaycana qarşı təcavüzü, Xocalı soyqırımı və doğma yurdlarından qovulmuş azərbaycanlı qaçqın və məcburi köçkünlərin problemləri haqqında məlumatlı olduqlarını bildirib. O, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş dörd qətnamənin Ermənistan tərəfindən yerinə yetirilməməsinin məyusluq doğurduğunu vurğulayıb, Azərbaycanın mövqeyinin haqq-ədalətə əsaslandığını söyləyib.
Bundan başqa, həmin gün İspaniya-Azərbaycan dostluq qrupunun üzvləri Milli Məclisdə Azərbaycan-İspaniya parlamentlərarası işçi qrupunun nümayəndələri ilə görüşüblər. Görüşdə Azərbaycan və İspaniya parlamentləri arasında əlaqələrin inkişafı ilə bağlı müzakirələr aparılıb. İşçi qrupunun rəhbəri Fəzail Ağamalı deyib ki, Azərbaycan hər zaman İspaniya ilə əlaqələrin möhkəmləndirilməsinə maraq göstərir. Bildirilib ki, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan parlamentinin əsas məqsədlərindən biri də xarici ölkə qanunverici orqanları ilə əlaqələr qurmaq və möhkəmləndirmək olub. Artıq bu sahədə böyük işlər görülüb. Həmçinin, vurğulanıb ki, Azərbaycan və İspaniya parlamentləri arasında əlaqələr möhkəm təməl üzərində qurulub.
F.Ağamalı qonaqlara Azərbaycanın son illər əldə etdiyi uğurlar, eləcə də, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı barədə məlumat verib. Qeyd edilib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində bir milyondan çox dinc insan yurd-yuvasından didərgin düşüb.
İspaniyalı deputatların diqqətinə çatdırılıb ki, Azərbaycan dünyanın sürətlə inkişaf edən ölkələrindən biridir. Ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır.
İspaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Xose Maria Çikiyo hər iki ölkənin qanunverici orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsinin yüksək qiymətləndirildiyini bildirib, İspaniyanın bütün sahələrdə Azərbaycan ilə əməkdaşlıq etməyə önəm verdiyini vurğulayıb. O, əməkdaşlığın genişləndirilməsi üçün belə səfərlərin və görüşlərin mütəmadi olacağına ümidvarlığını bildirib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlı olduqlarını deyən qonaq problemin həllində Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcəklərini söyləyib.
Fevralın 7-də isə Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov ölkəmizdə səfərdə olan İspaniya parlamentinin üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb. Görüşdə Əli Həsənov Azərbaycan-İspaniya münasibətlərinin inkişafından danışıb. Bildirilib ki, İspaniya Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdəndir. Azərbaycan və İspaniya beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir.
Baş nazirin müavini Azərbaycanın İspaniya ilə ikitərəfli əməkdaşlığın inkişafına önəm verdiyini vurğulayıb, parlamentlərarası əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edib.
Azərbaycanın əldə etdiyi nailiyyətlərdən danışan Əli Həsənov diqqətə çatdırıb ki, dünyanın heç bir ölkəsində son on il ərzində iqtisadi göstəricilər ölkəmizdəki qədər olmayıb. Əldə olunmuş uğurlar yalnız enerji sektorunu əhatə etmir. Azərbaycanda qeyri-neft sahəsi də sürətlə inkişaf edir.
Qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun fəsadları haqqında ətraflı məlumat verən Əli Həsənov deyib ki, son 200 il ərzində Cənubi Qafqaz regionunda gedən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlılar bir neçə dəfə öz əzəli yurdlarından zorla köçürülməyə, etnik təmizləmə və deportasiya siyasətinə məruz qalıblar.
Komitə sədri diqqətə çatdırıb ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal olunub, bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkünə çevrilib.
Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ən başlıca problemi olduğunu deyən Əli Həsənov qeyd edib ki, münaqişəni həll etmək üçün hərtərəfli hüquqi baza var. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən problemin tezliklə sülh yolu ilə həlli, işğal olunmuş ərazilərin qeyd-şərtsiz və dərhal boşaldılması, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması haqqında dörd qətnamə qəbul edilib. Ermənistanın təcavüzkar siyasəti Avropa Şurası, NATO, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələrdə də pislənilmişdir. Ancaq ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə 20 ildən artıqdır ki, davam edən danışıqlar Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən heç bir nəticə vermir.
Qeyd edilib ki, Azərbaycan Hökuməti əhalinin həssas təbəqəsi olan qaçqın və məcburi köçkünlərin ehtiyaclarını ödəmək üçün həm hüquqi, həm də sosial-iqtisadi sahədə böyük işlər görür. İndiyədək 180 min qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb.
İspaniya parlamentinin nümayəndə heyətinin rəhbəri Xose Maria Çikiyo Ermənistanın Azərbaycana qarşı təcavüzü və doğma yurdlarından qovulmuş azərbaycanlı qaçqın və məcburi köçkünlərin problemlərindən xəbərdar olduqlarını söyləyib. O, Ermənistanın BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələri yerinə yetirməməsinin təəssüf doğurduğunu vurğulayıb, Azərbaycanın ədalətli mövqeyini dəstəkləyəcəklərini söyləyib.
2012-ci ilin noyabrında Azərbaycandan bir qrup nümayəndə heyətinin İspaniyaya səfər etdiyini xatırladan qonaq vurğulayıb ki, həmin səfər çərçivəsində keçirilmiş görüşlərdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafı müzakirə olunub.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonda qonaqlara “Qaçqın və məcburi köçkünlərə Prezident qayğısı” kitabı, ispan dilində hazırlanmış, Ermənistanda azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə siyasətini və Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının işğalının ağır nəticələrini əks etdirən buklet və disklər təqdim edilib.
Bundan başqa, Azərbaycanda səfərdə olan İspaniya parlamenti üzvlərindən ibarət nümayəndə heyəti fevralın 8-də Milli Məclisdə mətbuat konfransı keçirib. Nümayəndə heyətinin rəhbəri Xose Maria Çikiyo Azərbaycanda olduqları 3 gün ərzində ölkə barədə çox maraqlı məlumatlar əldə etdiklərini, ikitərəfli əlaqələrin inkişaf perspektivlərinin müzakirə olunduğu bir sıra səmərəli görüşlər keçirdiklərini söyləyib. Azərbaycanın İspaniyaya dost münasibəti bəslədiyinin şahidi olduqlarını vurğulayan deputat əlavə edib ki, regionun lider dövləti ilə belə yüksək səviyyəli münasibətlər rəsmi Madrid üçün çox vacibdir.
Xose Maria Çikiyo bildirib ki, Azərbaycana səfərin əsas məqsədi ölkələrimiz arasında əlaqələri möhkəmləndirmək, bütün sahələr üzrə dialoq qurmaqdır. O deyib: “İspaniya hökuməti Azərbaycanın tutduğu siyasi yolu dəstəkləyir. Biz istərdik ki, sürətlə inkişaf edən Azərbaycan ilə bütün sahələrdə əməkdaşlıq edək. Əminəm ki, bundan sonra görüşlərimiz çox olacaqdır”.
İspaniyalı deputat təkcə parlamentlərarası əlaqələrin deyil, infrastruktur, mədəniyyət, turizm, idman və digər sahələrdə ikitərəfli əməkdaşlığın önəmini vurğulayıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan qonaq bildirib ki, BMT kimi nüfuzlu bir beynəlxalq təşkilatın bu problemin həlli ilə bağlı qəbul etdiyi dörd qətnamənin sadəcə kağız üzərində qalması təəssüf doğurur. İspaniya bu məsələdə Azərbaycanın haqlı mövqeyini birmənalı şəkildə dəstəkləyir.
Xose Maria Çikiyo səfər zamanı beynəlxalq təşkilatlarda və bir sıra ölkələrdə Dağlıq Qarabağ münaqişəsi və Xocalı faciəsi ilə bağlı qəbul olunmuş sənədlər əldə etdiklərini və həmin sənədlərlə tanış olacaqlarını bildirib. İspaniyalı deputat deyib: “Biz ölkəmizə qayıdan kimi parlamentdə Azərbaycanın işğal olunmuş torpaqları, Xocalı soyqırımı ilə bağlı eyni sənədlərin qəbul edilməsi üçün işə başlayacağıq”.
Beləliklə, səsləndirilən fikirlərdən də aydın olur ki, Azərbaycan-İspaniya münasibətləri qarşılıqlı-faydalı səciyyə daşıyır və perspektiv üçün optimist proqnozlar ifadə etməyə imkan verir.
Nurlan QƏLƏNDƏRLİ
Yeni Azərbaycan.-2014.- 11 fevral.- S.8.