Türkdilli dövlətləri ortaq tarix, mədəniyyət və dəyərlər birləşdirir

 

TÜRKPA-nın İqtisadiyyat, ticarət və maliyyə məsələləri üzrə komissiyasının üçüncü toplantısı keçirilib

 

Dünən Milli Məclisində Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) İqtisadiyyat, ticarət maliyyə məsələləri üzrə komissiyasının üçüncü toplantısı keçirilib. Toplantını giriş sözü ilə açan iqtisadiyyat, ticarət və maliyyə məsələləri üzrə komissiyanın sədr müavini Sevinc Hüseynova Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının, ikitərəfli və çoxtərəfli əməkdaşlıq üzrə qurumların türkdilli ölkələr arasında davamlı inkişaf edən əlaqələrə töhfə verdiyini deyib. S.Hüseynova bildirib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 2013-cü il avqustun 16-da Qəbələdə keçirilmiş III Zirvə toplantısında qəbul olunmuş qərarlar əsasında “İqtisadi əməkdaşlıq sahəsində nəqliyyat kommunikasiyalarının roluna dair məruzə layihəsi hazırlanıb. Həmin layihə toplantı iştirakçılarının müzakirəsinə təqdim olunub.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov iclasda çıxış edərək bildirib ki, iqtisadi əməkdaşlıq sahəsində nəqliyyat kommunikasiyalarının rolu mövzusunun müzakirəyə çıxarılması çox vacibdir. Bu ilin sonu, gələn ilin əvvəlində Bakı-Tbilisi-Qars dəmiryolunun fəaliyyətə başlayacağını bildirən Z.Əsgərov vurğulayıb ki, bu, təkcə nəqliyyat layihəsi deyil, həm də dövlətlərimiz arasında mövcud tarixi əlaqələrin daha da intensivləşməsinə kömək edən mühüm layihədir. Bu dəmiryolunun istifadəyə verilməsi çox böyük bir coğrafiyanı birləşdirəcək. Birinci vitse-spiker bildirib ki, türkdilli dövlətləri birləşdirən ortaq tarix, mədəniyyət, dəyərlər vardır. Bunlardan istifadə etməklə siyasi, iqtisadi, ticari və digər sahələrdə də birgə əməkdaşlıq çox vacibdir. Azərbaycanın enerji resurslarının Türkiyə vasitəsilə Avropaya daşınması, eyni zamanda, orta Asiyadan enerji resurslarının ölkəmizin ərazisi ilə Avropaya çatdırılması deməyə əsas verir ki, bu gün dünya lokomativinin çox böyük bir hissəsi məhz Türk dünyasının payına düşür. Bütün bunlardan səmərəli istifadə olunmalıdır.

Z.Əsgərov təəssüflə qeyd edib ki, ötən əsrin əvvəllərində Azərbaycanın böyük bir hissəsi olan Zəngəzurun qəsdən Ermənistana verilməsi ölkəmizin coğrafi baxımdan Türk dünyası ilə əlaqəsini kəsdi: “Bütün bunlara baxmayaraq, bizi yalnız coğrafiya deyil, ortaq dəyərlər daha çox birləşdirir. Əminəm ki, bu dəyərlər bizə bütün coğrafi baryerləri aşmağa kömək edəcəkdir”.

TÜRKPA-nın baş katibi Jandos Asanov çıxış edərək deyib ki, Türkdilli Ölkələrin Parlament Assambleyası Türk dünyasının müxtəlif sahələrdə inkişaf edən əməkdaşlığının parlamentlə ölçüsüdür. O vurğulayıb ki, bu gün müzakirəyə çıxarılan məsələ ölkələrimiz arasında nəqliyyat sektorunun inkişafı nöqteyi-nəzərindən çox əhəmiyyət daşıyır. Dövlətlərimizin başçıları ötən il keçirilmiş Zirvə toplantısında bu məsələyə xüsusi önəm veriblər.

Daha sonra iclasın gündəliyi təsdiqlənib. Qırğızıstan nümayəndə heyətinin üzvü Adbırakhman Mamataliyevİqtisadi əməkdaşlıq sahəsində nəqliyyat kommunikasiyalarının rolumövzusunda məruzəni təqdim edib. Müzakirələr zamanı çıxış edən Qazaxıstan və Türkiyə nümayəndə heyətlərinin üzvləri Sarsenbay Yensegenov, Mahmud Mücahid Fındıklı, Milli Məclisin komitə sədri Nizami Cəfərov bildiriblər ki, müzakirə edilən məsələ ölkələrimiz arasında yalnız iqtisadi sahədə deyil, digər sahələrdə də əlaqələrin inkişafına təkan verəcək. Bildirilib ki, nəqliyyat problemlərinin həlli ticarət, gömrük, turizm sektorunu da inkişaf etdirəcək.

TÜRKPA baş katibinin müavini Qismət Gözəlov qurumun fəaliyyət istiqamətləri və həyata keçirilən layihələr barədə məlumat verib.

Sonra komissiyanın sədr müavini Sevinc Hüseynovaİqtisadi əməkdaşlıq sahəsində nəqliyyat kommunikasiyalarının roluna dair tövsiyə qərarının layihəsini təqdim edib. Komissiyanın növbəti toplantısının müzakirə mövzusunun alternativ enerji mənbələrinin inkişafı olması və dördüncü iclasın bu ilin ikinci yarısında Qazaxıstanda keçirilməsi qərara alınıb.

Sonda məruzə TÜRKPA-nın plenar iclasına tövsiyə olunub.

 

Nardar BAYRAMLI

Yeni  Azərbaycan.-2014.- 12 fevral.- S.3.