Daşkəsən rayonunda 2013-cü ilin yekunları uğurlu olub

 

Daşkəsən rayon İcra Hakimiyyəti başçısının 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib

Dünən Daşkəsən rayon İcra Hakimiyyəti başçısının 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Hesabat yığıncağından öncə ictimaiyyət nümayəndələrinin iştirakı ilə rayon Statistika İdarəsinin yeni müasir inzibati binasının açılışı olub. Daha sonra yığıncaq iştirakçıları Daşkəsən rayon İcra Hakimiyyəti başçısının hesabat yığıncağı keçirildiyi rayon mədəniyyət evinin foyesində quraşdırılmış rayonun sosial-iqtisadi inkişafını əks etdirən stendlərə baxıb və rayonda istehsal olunan məhsulların sərgisi ilə tanış olublar. Sərgidə müxtəlif sənaye və kənd təsərrüfatı məhsulları, təbii sərvətlər, dağ-mədən, faydalı qazıntı nümunələri nümayiş etdirilib.

Hesabat yığıncağında rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev məruzə ilə çıxış edərək deyib ki, 2013-cü il də əvvəlki illər kimi sosial-iqtisadi cəhətdən respublikamız üçün uğurlu olub. Onun sözlərinə görə, Ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu daxilixarici siyasət, həyata keçirilən tədbirlər nəticəsində 2013-cü ildə də Azərbaycan Respublikasında dinamik inkişaf davam edib, beynəlxalq aləmdə ölkəmizin nüfuzu daha da artıb, mövqeləri daha da möhkəmlənib.

Əhəd Abıyev hesabat məruzəsində vurğulayıb ki, respublikamızın digər rayonlarında olduğu kimi, Daşkəsən rayonunda da 2013-cü ildə bir çox nailiyyətlər əldə olunub: “2013-cü ildə Daşkəsən rayonunda iqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi əvvəlki ilə nisbətən 32,9 faiz artmışdır. 2013-cü ildə tikinti 25 milyon 461 min manat (əvvəlki ilə nisbətən 2,9 dəfə çox), kənd təsərrüfatı məhsulları 26 milyon 885 min manat (6,8 faiz çox), nəqliyyat üzrə 2 milyon 632 min manat (2,3 faiz çox), ticarət və ictimai iaşə xidmətləri üzrə 13 milyon 640 min manat (9,4 faiz çox), rabitə xidmətləri üzrə 198 min manat (20 faiz çox) olub. Hesabat ilində rayonda əhalinin sayı 248 nəfər artaraq 33 min 653 nəfər olmuşdur. Daşkəsən rayonunda 820 qaçqın ailəsi (3546 nəfər) və 346 məcburi köçkün ailəsi (1222 nəfər) yerləşir. Onlara bir qayda olaraq daim qayğı və diqqət göstərilir. 2013-cü ildə rayonda sənaye müəssisələrində çalışan bir işçiyə düşən orta aylıq nominal əmək haqqı 329 manat, dövlət sektorunda isə 342,4 manat təşkil etmişdir. 2013-cü ildə rayonun büdcəsinin icrası gəlirlər üzrə 99,3 faiz, xərclər üzrə 97,5 faiz yerinə yetirilmişdir”.

Daha sonra İcra Hakimiyyətinin başçısı diqqətə çatdırıb ki, 2013-cü il ərzində rayon ərazisində bir sıra tikinti, təmir-bərpa, yenidənqurma, abadlıq-quruculuq işləri görülüb və hazırda da həmin işlər davam etdirilməkdədir: Bir daha dərin minnətdarlıq hissi ilə bildirirəm ki, Daşkəsən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında 2 aprel 2012-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 3 min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Zağalı-Kollu-Çıraqlı avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Daşkəsən rayon İcra Hakimiyyətinə ilkin olaraq 3,0 (üç) milyon manat, “Daşkəsən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 9 yanvar 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılmışdır. 2013-cü hesabat ilində möhtərəm cənab Prezidentimizin tapşırığı ilə yol tikintisi üzrə əlavə vəsait ayrılması rayonumuzun inkişafına olan böyük diqqət və qayğının əyani təzahürüdür. Bütün daşkəsənlilər adından və şəxsən öz adımdan rayonumuza ardıcıl göstərilən diqqət və qayğıya görə ölkə rəhbərimiz möhtərəm Prezidentimiz cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm”.

Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin 10 yanvar 2014-cü il tarixli Sərəncamı ilə 2014-cü il “Sənaye ilielan edilib: Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı sayəsində inanırıq ki, Azərbaycanın təbii sərvətlərlə zəngin sənaye rayonu olan Daşkəsən 2014-cü ildə özünün ən sürətli inkişaf dövrünə qədəm qoyacaqdır. Azərbaycan Polad İstehsalı Kompleksinin yaradılması Daşkəsən Filizsaflaşdırma Kombinatının yeni fəaliyyətə başlaması böyük bir sənaye kompleksinin yaranması deməkdir. Rayonda bütün bu görülən işlər deməyə tam əsas verir ki, 2013-cü il bütün daşkəsənlilərin həyatında ən uğurlu il olmuşdur”.

2013-cü il ərzində rayonda bir sıra infrastruktur layihələrinin uğurla icra olunduğunu vurğulayan Ə.Abıyev deyib ki, Quşçu, Mollahəsənli, Muşavaq və Əmirvar-Əhmədli kəndlərində yeni məktəb binalarının tikintisi, Əmirvar kəndində 360 şagird yerlik məktəb binasının və 5 nömrəli şəhər uşaq bağçasının çox gözəl, müasir əsaslı təmir işləri başa çatdırılaraq istifadəyə verilməsi, Bayan kəndində müasir tipli yeni poçt binası, Yaponiya səfirliyinin qrantı hesabına rayonun Quşçu kəndinə yeni su xətti çəkilərək əhalinin istifadəsinə verilməsi, Daşkəsən şəhəri Ş.İ.Xətai, A.Abdullayev, İ.Qayıbov küçələrinə və 5 saylı şəhər uşaq bağçasının ətrafına, ərazidəki yollara asfalt örtüyü salınması, gənclər üçün yeni müasir tipli təlim və istirahət mərkəzinin tikintisi bunlara misaldır. O, həmçinin, deyib ki, hesabat dövründə Çovdar qızıl zavodunun tikintisi davam etdirilib, hazırda zavodda son tamamlanma işləri aparılır. 2013-cü ildə Quşçu qəsəbəsində 16 mənzilli yeni yaşayış binasının tikintisinə başlanılıb və hazırda tikinti işləri davam etdirilir. Bununla yanaşı, ötən il Daşkəsən rayonunda İcra Hakimiyyəti üçün yeni müasir tipli inzibati binanın tikintisinə başlanılıb, tezliklə son tamamlama işləri yerinə yetirilərək bu binanın açılışı olacaq.

“Azərbaycan Raepublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” layihəsində əvvəlki proqramlardan daha çox Daşkəsən rayonu üzrə 61 bənddən ibarət 223 tədbirin həyata keçirilməsi nəzərdə tutulub.

Daha sonra rayon İcra Hakimiyyətinin başçısı deyib ki, Prezident İlham Əliyevin son 10 il ərzində uğurlu siyasətinin nəticəsində, Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edib, əhalinin rifahı yüksəlib, xüsusilə, ölkəmizdəki sabitlik, sürətli inkişaf və beynəlxalq miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artıb, yeni-yeni nailiyyətlər, qələbələr qazanılıb. Ölkəmiz regionda lider dövlətə çevrilib: “2013-cü ilin ən böyük uğuru ölkəmizdə prezident seçkilərində Prezident İlham Əliyevin parlaq qələbəsi olmuşdur. Bu, bütün xalqımızın dövlətçiliyimizə olan inamının, sadiqliyinin qələbəsidir. 9 oktyabr 2013-cü il tarixdə keçirilən Prezident seçkilərində daşkəsənlilər xüsusi fəallıq göstərmiş, Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, müstəqil Azərbaycan Respublikasını işıqlı gələcəyə aparan cənab İlham Əliyevə inam və ehtiramlarını bir daha nümayiş etdirərək seçicilərin 87 faizi səs vermişdir”.

Hesabat yığıncağında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Rüfət Əliyev, millət vəkili Rövşən Rzayev çıxış ediblər. Yığıncaqda gündəlikdəki məsələ ilə əlaqədar qərar layihəsi və yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunub.

 

Yeni Azərbaycan.-2014.- 12 fevral.- S.5.