Azərbaycan və Rusiya arasında münasibətlər daha da genişlənir
Əlaqələrin yüksək səviyyədə inkişafı hər iki ölkənin maraqlarına xidmət edir
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev bu günlərdə Rusiyanın “BTB” Bankının prezidenti Andrey Kostini qəbul edib. Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında digər sahələrdə olduğu kimi, iqtisadi sahədə də əlaqələrin uğurla həyata keçirildiyi vurğulanıb, Azərbaycanın müvafiq qurumları ilə “VTB” Bankı arasında əməkdaşlığın bu əlaqələrin daha da genişləndirilməsi baxımından əhəmiyyəti qeyd olunub, bu sahədə perspektivlərlə bağlı fikir mübadiləsi aparılıb.
Bildiyimiz kimi, zəngin tarixi keçmişə söykənən Azərbaycan-Rusiya münasibətləri müasir dövrdə regional əhəmiyyət daşıyır. Azərbaycan-Rusiya münasibətlərində yeni mərhələnin başlanğıcı məhz 1991-ci ildə SSRİ-nin süqutundan sonra ittifaq ölkələrinin müstəqil dövlətlərə çevrilməsi ilə qoyulub. Lakin Azərbaycanın müstəqilliyinin ilk illərində şimal qonşumuzla münasibətlər heç də birxətli olmayıb. Yalnız 1993-cü ildə Ümummilli lider Heydər Əliyev hakimiyyətə gələndən sonra Azərbaycanla Rusiya arasında getdikcə möhkəmlənən, bərabərhüquqlu tərəfdaşlıq, qarşılıqlı hörmət prinsiplərinə əsaslanan münasibətlərin əsası qoyuldu. Dünyada və regionda gedən proseslərin konyukturasını, Azərbaycanın dövlət maraqlarını düzgün dəyərləndirən Ulu öndər şimal qonşumuzla siyasi, iqtisadi, humanitar sahədə əməkdaşlığın gücləndirilməsi istiqamətində addımlar atdı. Ümummilli liderin Rusiyaya 1997-ci ildə ilk rəsmi səfərindən sonra iki ölkə rəhbərlərinin qarşılıqlı səfərləri ənənə halını alıb. Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 9-10 yanvar 2001-ci il tarixində Azərbaycana baş tutan rəsmi səfəri iki ölkə arasında əməkdaşlıq əlaqələrinin və hüquq-müqavilə bazasının genişləndirilməsinə təkan verdi.
Ulu öndərin daxili və xarici siyasət kursunu davam etdirən Prezident İlham Əliyev Rusiya ilə əlaqələrin inkişafına önəm verir. Bunun təsdiqi olaraq dövlət başçısının 2004-cü ilin 5-7 fevral tarixlərində bu ölkəyə baş tutan rəsmi səfərini göstərmək olar. Bundan əlavə, 2004-2005-ci illərdə Azərbaycan Prezidenti Rusiyaya çoxsaylı işgüzar səfərlər edib. Öz növbəsində, Rusiya Prezidenti V.Putin 2006-cı il 21-22 fevral tarixində Azərbaycana işgüzar səfər edərək Rusiya İlinin təntənəli açılış mərasimində iştirak edib. Azərbaycan və Rusiya prezidentlərinin növbəti görüşü 16 iyun 2006-cı ildə Qazaxıstanın Almatı şəhərində “Asiyada qarşılıqlı fəaliyyətə və etimad tədbirlərinə dair müşavirə”də iştirak çərçivəsində gerçəkləşib.
İki ölkə prezidentlərinin qarşılıqlı səfərləri sonrakı illərdə də davam etdirilib. Belə ki, 3 aprel 2008-ci il tarixində Prezident İlham Əliyevin Buxarestdə, NATO-nun sammiti çərçivəsində Rusiya Federasiyasının Prezidenti V.Putin ilə baş tutan görüşündə ikitərəfli əlaqələrə və qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.
Rusiyanın hazırkı baş naziri Dmitri Medvedyevin prezidentliyi dövründə də iki ölkə arasında imzalanan çoxsaylı sənədlər qarşılıqlı əlaqələrin iqtisadiyyat, enerji və digər sahələrdə dərinləşməsinə şərait yaradıb. Belə ki, Rusiya Prezidentinin 2008-ci il səfərinin yekununda iki ölkə arasında bir sıra mühüm sənədlərlə yanaşı, Dostluq və strateji əməkdaşlıq haqqında Bəyannamə də imzalanıb. Rusiya dövlət başçısının Azərbaycana bir il sonra gerçəkləşən işgüzar səfəri zamanı “Xəzər dənizi üzrə birgə Bəyannamə və dövlət sərhədlərinin delimitasiyasının başa çatdırılmasının əsas prinsipləri və Samur çayının su resurslarının Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında bölüşdürülməsi barədə” birgə Bəyannamə imzalanıb. Həmçinin, Azərbaycan Dövlət Neft Şirkəti və Rusiyanın “Qazprom” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan təbii qazının alış-satışı üzrə müqavilənin əsas şərtləri imzalanıb.
2013-cü il avqustun 13-də Rusiya Prezidenti Vladimir Putinin geniş nümayəndə heyəti ilə ölkəmizə səfəri, Prezident İlham Əliyevlə keçirdiyi görüşlər, imzalanan sazişlər Azərbaycanla Rusiya arasında münasibətlərin genişlənməsindən xəbər verir. Bir çox məsələlərdə hər iki ölkənin maraqlarının uzlaşması bərabərhüquqlu əməkdaşlığın daha da dərinləşdirilməsinə imkan yaradıb.
Qeyd olunanlarla yanaşı, Azərbaycanla Rusiya iqtisadi sahədə də uğurlu əməkdaşlıq qura bilib. Belə ki, iki ölkə arasında kənd təsərrüfatı, tərəvəzçilik, taxılçılıq, maşınqayırma, məişət avadanlıqları və digər sahələr üzrə geniş ticarət əlaqələri mövcuddur. Azərbaycan Rusiyanın ayrı-ayrı regionları ilə geniş əməkdaşlıq edir. Bir faktı qeyd etmək kifayətdir ki, Rusiya Federasiyasının 70-dən çox regionu Azərbaycan ilə sıx işgüzar əlaqələr saxlayır. Xatırladaq ki, 2011-ci ilin mayında Həştərxanda “Rusiya və Azərbaycan: regionlararası əməkdaşlığın yeni üfüqlərinə doğru” mövzusunda ikinci Rusiya-Azərbaycan regionlararası forumu keçirilib. Forumda Həştərxan vilayəti və Azərbaycan Respublikası Ticarət-Sənaye Palataları arasında əməkdaşlıq haqqında sənədlər imzalanıb. Azərbaycan və Həştərxan vilayəti arasında əldə olunan razılaşmalar əsasında tərəflər energetika, nəqliyyat, kənd təsərrüfatı, innovasiyalar sahələrində əməkdaşlığın səmərəsini artırmaq, kiçik və orta biznes qurumlarının inkişafına yardım etmək qərarına gəliblər.
İqtisadi əlaqələrin genişləndirilməsi yönündə 2013-cü il iyunun 5-də Volqoqradda Dördüncü “Rusiya-Azərbaycan: Regionlararası dialoq-2013” forumu keçirilib. Tədbir çərçivəsində “Heydər Əliyev Rusiya-Azərbaycan münasibətlərində” və “Böyük Vətən müharibəsində Qələbəyə Azərbaycan xalqının töhfəsi” mövzularında fotosərgilər təşkil olunub.
Forum çərçivəsində Azərbaycanın və Rusiyanın vahid enerji sistemlərinin paralel işinin təmin edilməsi tədbirləri haqqında Rusiya Federasiyası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında Saziş və Azərbaycan Respublikası Hökuməti ilə Volqoqrad vilayəti hökuməti arasında ticari-iqtisadi və mədəni əməkdaşlıq haqqında Saziş imzalanıb.
Forum iştirakçıları regionlararası əməkdaşlıq, energetika və nəqliyyat kommunikasiyaları, iqtisadi əməkdaşlığın perspektivləri və digər mövzularda müzakirələr, ikitərəfli regional əməkdaşlıq, energetika və nəqliyyat kommunikasiyaları, humanitar münasibətlər və gənclər siyasəti sahəsində qarşılıqlı fəaliyyət məsələlərinə dair konstruktiv fikir mübadiləsi aparıb, Xəzər regionunda sabitliyin və təhlükəsizliyin təmin edilməsi kimi aktual mövzuya toxunulub. Tədbirin yekunu olaraq, 5-ci Rusiya-Azərbaycan regionlararası Forumunun Azərbaycanda keçirilməsi qərara alınıb.
İki ölkə arasında imzalanan qaz müqavilələri ilə Rusiya Azərbaycan qazının idxalını dəfələrlə artırıb. Bu həm də enerji layihələrinin şaxələndirilməsinə və xammalın satışının münasib tariflərlə reallaşdırılmasına üstünlük verən Azərbaycan tərəfinin mənafeyinə uyğundur.
Göründüyü kimi, iki ölkə əlaqələri qarşılıqlı maraqlara xidmət edir. Rusiya ilə tərəfdaşlıq iqtisadi əlaqələrin, elm, təhsil, mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi ölkəmiz üçün əhəmiyyət daşıyır. Rusiya da öz növbəsində Azərbaycanla əməkdaşlığa çox böyük önəm verir. Mövcud əlaqələrin daha da genişləndirilməsi üçün isə kifayət qədər geniş potensial var.
Bir həqiqəti qəbul etmək lazımdır ki, bu gün Cənubi Qafqazda mövcud olan təhlükələr region ölkələrinin əməkdaşlıq əlaqələrinin davamlı və stabil inkişafına başlıca hədədir. Məlum olduğu kimi, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın 20 faiz torpaqları işğal olunub, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün durumuna düşüb. Məhz işğalçı Ermənistanın yeritdiyi təcavükar siyasət bölgənin siyasi, iqtisadi, hərbi sabitliyinə əsas təhlükəni təşkil edir. Azərbaycan öz xarici siyasətini əsas etibarilə işğal altındakı Dağlıq Qarabağ və 7 ətraf rayonun azad edilməsinə, ədalətin, regionda sülhün və sabitliyin bərpasına yönəldib.
Bildiyimiz kimi Rusiya ilk vaxtlardan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan dövlətlərdən biridir. Regionda baş verən proseslərə güclü təsir imkanlarına malik olan bir dövlət kimi, Rusiya təbii olaraq, yaranmış münaqişənin nizamlanması yönündə beynəlxalq ictimaiyyətin göstərdiyi səylərə qoşulub. Rəsmi Bakı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında Rusiya ilə əməkdaşlığa böyük önəm verir. İlk növbədə bildirək ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və münaqişənin diplomatik yolla həllinə çalışır. Rəsmi Moskvanın konfliktin həlli prosesinə cəlb olunması 1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupunun tərkibində Rusiyanın da yer alması ilə başlayıb. Daha sonra, yəni 1997-ci ildən etibarən Rusiya ABŞ və Fransa ilə bərabər, Minsk qrupunun həmsədr ölkələrindən birinə çevrilib. Azərbaycan və Ermənistanın razılığı ilə münaqişənin nizamlanması danışıqlarında vasitəçilik edən ölkələrdən biri də məhz Rusiyadır. 2012-ci ilədək isə Rusiyanın bu istiqamətdə fəaliyyətini intensivləşdirdiyi müşahidə olunurdu. Belə ki, rəsmi Moskva danışıqlarda yalnız həmsədr kimi fəaliyyət göstərən nümayəndənin iştirakı ilə kifayətlənməyərək birbaşa prezident səviyyəsində vasitəçilik edirdi. Bunun üçün Azərbaycanla Ermənistan prezidentlərinin Rusiya dövlət başçısının vasitəçiliyi ilə 2008-ci ildə Moskva yaxınlığında, 2009-cu ildə Sankt-Peterburq, Moskva və Kişinyovda, 2010-cu ildə Soçi, Sankt-Peterburq və Həştərxanda, həmçinin, 2011-ci ildə Soçidə və Kazanda keçirilən görüşlərini qeyd etmək kifayətdir. Sayca 11-ci olan belə görüş sonuncu dəfə 2012-ci ilin yanvarında Soçidə keçirilib. Lakin Ermənistan rəhbərliyinin qeyri-konstruktiv mövqeyi səbəbindən bu vaxtadək, münaqişənin həlli istiqamətində beynəlxalq birliyin, eləcə də Rusiyanın səyləri heç bir nəticə verməyib. Bu səbəbdən də Ermənistan üzərində ən böyük təsirə malik olan ölkə kimi Rusiya təcavüzkara qarşı təzyiqləri artırmalı, işğalçı ölkənin beynəlxalq təşkilatların zəbt etdiyi ərazilərdən çıxmasını əks etdirən qərar və qətnamələrinin icrasını tələb etməlidir. Ədalətin bərpasına ciddi təkan göstərəcəyi təqdirdə bu, Rusiyanın regiondakı nüfuzuna müsbət təsir göstərməklə bərabər, həm də müharibə təhlükəsinin aradan qaldırılması, geniş, səmərəli iqtisadi əməkdaşlıq üçün əlverişli şəraitin yaranması demək olar.
Hülya MƏMMƏDLİ
Yeni Azərbaycan.-2014.- 12 fevral.- S.8.