Azərbaycan türkdilli
ölkələrlə əlaqələrin inkişafına böyük əhəmiyyət verir
Bu əlaqələrin inkişafında müəyyən təşkilatlar da mühüm rol oynayırlar
Fevralın 11-də Milli Məclisdə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) iqtisadiyyat, ticarət və maliyyə məsələləri üzrə komissiyasının üçüncü toplantısı keçirilib. Toplantını giriş sözü ilə açan iqtisadiyyat, ticarət və maliyyə məsələləri üzrə komissiyanın sədr müavini Sevinc Hüseynova Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının, ikitərəfli və çoxtərəfli əməkdaşlıq üzrə qurumların türkdilli ölkələr arasında davamlı inkişaf edən əlaqələrə töhfə verdiyini deyib. S.Hüseynova bildirib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 2013-cü il avqustun 16-da Qəbələdə keçirilmiş III Zirvə toplantısında qəbul olunmuş qərarlar əsasında “İqtisadi əməkdaşlıq sahəsində nəqliyyat kommunikasiyalarının rolu”na dair məruzə layihəsi hazırlanıb. Həmin layihə toplantı iştirakçılarının müzakirəsinə təqdim olunub.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov iclasda çıxış edərək bildirib ki, iqtisadi əməkdaşlıq sahəsində nəqliyyat kommunikasiyalarının rolu mövzusunun müzakirəyə çıxarılması çox vacibdir. Bu ilin sonu, gələn ilin əvvəlində Bakı-Tbilisi-Qars dəmiryolunun fəaliyyətə başlayacağını bildirən Z.Əsgərov vurğulayıb ki, bu, təkcə nəqliyyat layihəsi deyil, həm də dövlətlərimiz arasında mövcud tarixi əlaqələrin daha da intensivləşməsinə kömək edən mühüm layihədir. Bu dəmiryolunun istifadəyə verilməsi çox böyük bir coğrafiyanı birləşdirəcək. Birinci vitse-spiker bildirib ki, türkdilli dövlətləri birləşdirən ortaq tarix, mədəniyyət, dəyərlər var. Bunlardan istifadə etməklə siyasi, iqtisadi, ticari və digər sahələrdə də birgə əməkdaşlıq çox vacibdir. Azərbaycanın enerji resurslarının Türkiyə vasitəsilə Avropaya daşınması, eyni zamanda, Orta Asiyadan enerji resurslarının ölkəmizin ərazisi ilə Avropaya çatdırılması deməyə əsas verir ki, bu gün dünya lokomativinin çox böyük bir hissəsi məhz Türk dünyasının payına düşür. Bütün bunlardan səmərəli istifadə olunmalıdır.
Z.Əsgərov təəssüflə qeyd edib, ki, ötən əsrin əvvəllərində Azərbaycanın böyük bir hissəsi olan Zəngəzurun qəsdən Ermənistana verilməsi ölkəmizin coğrafi baxımdan türk dünyası ilə əlaqəsini kəsdi: “Bütün bunlara baxmayaraq, bizi yalnız coğrafiya deyil, ortaq dəyərlər daha çox birləşdirir. Əminəm ki, bu dəyərlər bizə bütün coğrafi baryerləri aşmağa kömək edəcəkdir”.
TÜRKPA-nın baş katibi Jandos Asanov çıxış edərək deyib ki, Türkdilli Ölkələrin Parlament Assambleyası Türk dünyasının müxtəlif sahələrdə inkişaf edən əməkdaşlığının parlamentlə ölçüsüdür. O vurğulayıb ki, bu gün müzakirəyə çıxarılan məsələ ölkələrimiz arasında nəqliyyat sektorunun inkişafı nöqteyi-nəzərindən çox əhəmiyyət daşıyır. Dövlətlərimizin başçıları ötən il keçirilmiş Zirvə toplantısında bu məsələyə xüsusi önəm veriblər. J.Asanov qeyd edib ki, qarşıdakı illərdə türkdilli ölkələr arasındakı nəqliyyat keçidlərinin sayı artırılacaq.
İclasdan əvvəl artıq üzv dövlətlərin mütəxəssislərinin məsləhətləşmələr apardıqlarını deyən baş katib qarşıya qoyulan hədəfə çatmaq məqsədilə mövcud qanunvericiliyin, hüquqi sənədlərin, qaydaların işlənməsi, məlumat mübadiləsinin həyata keçirilməsi üçün birgə fəaliyyətin əhəmiyyətli olacağını vurğulayıb.
Daha sonra iclasın gündəliyi təsdiqlənib. Qırğızıstan nümayəndə heyətinin üzvü Adbırakhman Mamataliyev “İqtisadi əməkdaşlıq sahəsində nəqliyyat kommunikasiyalarının rolu” mövzusunda məruzəni təqdim edib. Müzakirələr zamanı çıxış edən Qazaxıstan və Türkiyə nümayəndə heyətlərinin üzvləri Sarsenbay Yensegenov, Mahmud Mücahid Fındıklı, Milli Məclisin komitə sədri Nizami Cəfərov bildiriblər ki, müzakirə edilən məsələ ölkələrimiz arasında yalnız iqtisadi sahədə deyil, digər sahələrdə də əlaqələrin inkişafına təkan verəcək. Bildirilib ki, nəqliyyat problemlərinin həlli ticarət, gömrük, turizm sektorunu da inkişaf etdirəcək.
TÜRKPA baş katibinin müavini Qismət Gözəlov qurumun fəaliyyət istiqamətləri və həyata keçirilən layihələr barədə məlumat verib.
Sonra komissiyanın sədr müavini Sevinc Hüseynova “İqtisadi əməkdaşlıq sahəsində nəqliyyat kommunikasiyalarının rolu”na dair tövsiyə qərarının layihəsini təqdim edib. Komissiyanın növbəti toplantısının müzakirə mövzusunun alternativ enerji mənbələrinin inkişafı olması və dördüncü iclasın bu ilin ikinci yarısında Qazaxıstanda keçirilməsi qərara alınıb. Sonda məruzə TÜRKPA-nın plenar iclasına tövsiyə olunub.
Xatırladaq ki, TÜRKPA 2009-cu ildə Bakı şəhərində təsis olunub. Təşkilatın Katibliyi də Bakıda yerləşir. Təşkilatda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan təmsil olunur. Qurumun əsas məqsədi türkdilli ölkələr arasında əlaqələrin gücləndirilməsi, qanunvericiliyin beynəlxalq normalara uyğunlaşdırılması və digər məsələlərin həyata keçirilməsindən ibarətdir. 2010-cu il mayın 24-də Milli Məclisin binasında Türkdilli Ölkələrin Parlament Assambleyasının ofisinin açılışı olub. TÜRKPA-ya ilk sədrliyi Azərbaycan həyata keçirib və təşkilatın ilk baş katibi də ölkəmizin nümayəndəsi olub. Fəaliyyətə başladığı dövrdən qurumun bir çox tədbirləri həm Azərbaycanda, həm də digər üzv dövlətlərdə keçirilib. Eyni zamanda, TÜRKPA bir sıra beynəlxalq təşkilatlarda müşahidəçi statusla təmsil olunur.
Ümumiyyətlə, Azərbaycan dövləti türkdilli ölkələrlə fəal əməkdaşlıq edir. Bu əməkdaşlıq ikitərəfli olmaqla yanaşı, müxtəlif təşkilatlar çərçivəsində də həyata keçirilir. Qeyd edək ki, TÜRKPA ilə yanaşı, türk dövlətlərinin və xalqlarının yaratdığı qurumlar var ki, onların çərçivəsində də əlaqələr genişlənir. Belə təşkilatlardan biri də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasıdır. Xatırladaq ki, ötən ilin avqust ayında Qəbələ şəhərində Şuranın III Zirvə toplantısı keçirilib. Toplantıya Azərbaycan, Türkiyə, Qırğız və Qazaxıstan respublikalarının dövlət başçıları, xarici işlər nazirləri, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi, digər qurumların rəhbərləri və rəsmi şəxslər qatılıblar. Zirvə çərçivəsində keçirilən görüşlərdə ortaq maraq kəsb edən məsələlər müzakirə olunub, əməkdaşlığın yeni perspektivləri müəyyən olunub.
Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının təməli 2009-cu ildə Naxçıvanda keçirilən Türkdilli Ölkələrin Dövlət Başçılarının Zirvə görüşündə qoyulub. Müasir qloballaşma şəraitində Avrasiya coğrafiyasında geniş məkanı əhatə edən Türkdilli dövlətlərin bir-birilə əlaqələri genişləndirməsi mühüm əhəmiyyət daşıyır. Xüsusən bu əməkdaşlıq iqtisadi sahədə qlobal problemlər fonunda türkdilli dövlətlərin sürətli inkişafına kömək edə bilər. Müsbət haldır ki, son illərdə türkdilli dövlətlər müxtəlif istiqamətlərdə əməkdaşlığa daha böyük maraq göstərirlər. Bu əməkdaşlıqda Azərbaycanın özünəməxsus yeri və rolu vardır. Türkdilli dövlətlər və xalqlar arasında əlaqələrin müxtəlif sferalarda inkişafına TÜRKSOY, TÜRKPA, Türk Akademiyası da xidmət göstərir.
Bildiyimiz kimi, 2012-ci ilin avqustunda Qırğızıstanın paytaxtı Bişkekdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının II Zirvə görüşünün ən mühüm nəticələrindən biri qurumun rəsmi bayrağının qəbul edilməsi oldu. Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın dövlət bayraqlarındakı elementlərin əks olunduğu ortaq bayraq türkdilli dövlətlərin birliyinin simvoludur və türkdilli dövlətlərin birliyinin və əməkdaşlığının yeni mərhələyə qədəm qoyduğunu göstərir.
Azərbaycan türkdilli ölkələrin dövlət başçılarının 1992-ci ildən keçirilən zirvə toplantılarında, nazirlər səviyyəsində keçirilən görüşlərdə və TDƏŞ-in sammitlərində fəal iştirak edir. Ortaq etnik, mədəni xüsusiyyətlərə malik olan türkdilli dövlətlərlə münasibətlərin möhkəmləndirilməsi bütün tərəflərin siyasi, mədəni, eləcə də, iqtisadi maraqlarına uyğundur.
Son illərdə türkdilli dövlətlər müxtəlif istiqamətlər, o cümlədən iqtisadi sahədə birgə əməkdaşlığa böyük maraq göstərirlər. Bunun üçün geniş imkanlar da mövcuddur. Xatırladaq ki, 2012-ci ildə Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası İqtisadiyyat Nazirlərinin II görüşü keçirilmişdi. Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın dövlət və özəl sektorunu təmsil edən 100-dən çox nümayəndənin iştirak etdiyi tədbirdə üzv ölkələr arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub, həmçinin, iqtisadi sahədə əlaqələrin genişləndirilməsi üçün müxtəlif təkliflər irəli sürülüb. Bunlardan biri Türkdilli Ölkələrin İnkişaf Fondunun yaradılması və Fondun qərargahının Bakıda yerləşməsi ilə bağlıdır. Digər bir təklif qarşılıqlı investisiyaların inkişafına dəstək məqsədilə Şuraya üzv ölkələr çərçivəsində İnvestisiya Agentliyinin yaradılması olub.
Görüşdə, həmçinin, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına daxil olan ölkələr arasında nəqliyyat sektorunda əlaqələrin yaxşılaşdırılması, milli iqtisadiyyatların diversifikasiyası, qarşılıqlı investisiyalar və digər ölkələrdən investisiyaların cəlb edilməsi məsələləri müzakirə olunub.
TDƏŞ-in Zirvə toplantıları üzv dövlətlər qarşısında yeni əməkdaşlıq imkanları yaradır. Xatırladaq ki, qurumun II Zirvə toplantısının uğurlarından biri tranzit dəmiryolunun inşası ilə əlaqədar ortaq razılığın əldə olunması idi. Belə ki, sammitdə Türkiyə-Azərbaycan-Xəzər dənizi-Qazaxıstan-Qırğızıstan-Çin dəmiryolu layihəsi üçün protokol imzalanıb. Bu müqavilə ilə türkdilli dövlətlərin əməkdaşlığının bütöv bir region üçün önəmi daha da artıb. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısı çərçivəsində xarici işlər nazirlərinin görüşündə çıxış edən xarici işlər naziri Elmar Məmmədyarov Bişkek şəhərində keçirilən II Zirvə görüşü zamanı imzalanmış sənədlərin Azərbaycan parlamentində ratifikasiyasının, demək olar ki, yekunlaşdığını bildirib.
Azərbaycanın da yaxından dəstəklədiyi türkdilli dövlətlər arasında iqtisadi münasibətlərin genişləndirilməsi gələcəyə hesablanan düşünülmüş qərardır. Bunun həyata keçirilməsi üçün lazım olan şərait də mövcuddur. Belə ki, Şuraya daxil olan dövlətlər geniş iqtisadi potensiala malik olan və inkişaf edən ölkələrdir. Bu ölkələrin iqtisadiyyatı əsas etibarilə xarici investisiyalar üçün açıqdır və hökumətlər də bunda maraqlıdır. Türkdilli dövlətlərin iqtisadiyyatının inkişaf etmiş sferalarının müxtəlifliyi ən çox tələb olunan məhsulların qarşılıqlı ticarət və mal mübadiləsi şəraitində təmin edilməsinə imkan verir.
Digər tərəfdən, coğrafi amillər də bu dövlətlərin əməkdaşlıq istəklərinə uyğundur. Belə ki, türkdilli ölkələrin əsasən bir zolaq üzərində yerləşməsi, ən əsası isə Qərblə Şərqi, Avropa ilə Asiyanı birləşdirən İpək yolu layihəsi - TRASEKA-nın bu dövlətlərin üzərindən keçməsi mühüm iqtisadi dividendlər vəd edir. Tikintisi başa çatmaq üzrə olan Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu xətti də bu məsələdə olduqca faydalı olacaq. Yenicə imzalanan Türkiyə-Azərbaycan-Xəzər dənizi-Qazaxıstan-Qırğızıstan-Çin dəmiryolu layihəsi isə Asiya ilə Avropanı birləşdirəcək daha qısa tranzit yolunun yaradılmasına imkan verəcək. BTQ-nin də bu layihənin tərkib hissəsi olacağını güman etmək olar.
Eynilə, enerji sahəsində də əlaqələri genişləndirmək üçün imkanlar mövcuddur. Bu məsələdə də Azərbaycan aparıcı rola malikdir. Ölkəmizin iştirakı ilə bu günədək enerji təchizatı və daşınması üzrə uğurlu işlər görülüb. Azərbaycanla Türkiyənin enerji sahəsində yaratdığı möhkəm əlaqələrin Mərkəzi Asiyadakı türk dövlətləri ilə qurulması istiqamətində də işlər həyata keçirilir. Bildiyimiz kimi, Qazaxıstan Xəzər dənizində tankerlər vasitəsilə Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinə qoşulub. Yaxın gələcəkdə reallaşacaq TANAP və TAP qaz kəməri layihələrində əsas təchizatçı olan Azərbaycan tranzit ölkə kimi də Orta Asiya qazının Avropaya çıxarılmasına töhfə verə bilər. Azərbaycanın fəal iştirakı və təşəbbüsü ilə həyata keçirilən enerji layihələri bu gün Xəzər, Aralıq və Qara dəniz hövzələrini iqtisadi baxımdan bir-birinə daha sıx birləşdirib. Türkdilli dövlətlərin iqtisadi əlaqələri gücləndirməsi, bütövlükdə Avropa ilə Asiyanı möhkəm iqtisadi tellərlə bağlayır, Avrasiya regionunda qarşılıqlı əməkdaşlıq və etimad mühitini möhkəmləndirir.
Belə nəticəyə gəlmək olar ki, müasir mürəkkəb qlobal siyasi, iqtisadi, hərbi proseslər fonunda türkdilli dövlətlər qarşılıqlı iqtisadi əməkdaşlığı, humanitar, mədəni əlaqələri siyasi dəstəyi genişləndirməklə davamlı inkişafa nail ola bilərlər.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.-2014.- 13 fevral.- S.12.