Azərbaycanda yoxsulluq
və işsizlik ən aşağı səviyyədədir
Prezident İlham
Əliyev: Bu göstəricilərə
görə Azərbaycan hətta inkişaf
etmiş ölkələri qabaqlayır
Ölkəmizin iqtisadi imkanları ilə birbaşa əlaqəli olan sosial məsələlərin həlli bütün dövrlərdə olduğu kimi, hazırda da dövlətin diqqət mərkəzindədir. Bu gün Azərbaycan hökuməti hər bir vətəndaşın həyatında əhəmiyyətli dəyişikliklərlə müşayiət olunan islahatları yüksək dinamizmlə gerçəkləşdirmək üçün kifayət qədər maliyyə potensialına və iradəyə malikdir. 2013-cü ilin yekunlarından göründüyü kimi, Azərbaycanda makroiqtisadi sabitliyin qorunub saxlanılması, qeyri-neft sektorunun və regionların inkişafının sürətlənməsi, valyuta ehtiyatlarının səmərəli idarə edilməsi və milli valyutanın sabitliyinin təmin olunması, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, özəl bölmənin inkişafı üçün azad rəqabət və münbit investisiya mühitinin yaradılması əhalinin sosial rifahının daha da yaxşılaşmasına zəmin yaradıb.
Ötən ildə də dövlət büdcəsi vəsaiti hesabına əsas dövlət vəzifələrinin sabit maliyyələşdirilməsi təmin edilib, əməkhaqları, müavinətlər, pensiyalar üzrə öhdəliklər tam və vaxtında yerinə yetirilib. 2013-cü ildə minimum əməkhaqqının 13 faiz, əmək pensiyasının baza hissəsinin 17,6 faiz, bütün növ sosial müavinətlərin 10-67 faiz çərçivəsində artımı təmin edilib. Dövlət sektorunda çalışanların əməkhaqları isə ən azı 10 faiz həcmində artırılıb. Tətbiq olunan artımlar təxminən 3 milyon nəfərdən çox insanın yaşayış səviyyəsinin yaxşılaşdırılmasına zəmin yaradıb. Nəticədə, 2013-cü ilin yanvar-dekabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışanların orta aylıq nominal əməkhaqqı 423 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
Qeyd etmək lazımdır ki, Azərbaycanda regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş Dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi ölkə iqtisadiyyatının dayanıqlı inkişafını təmin etməklə yanaşı, işsizliyin və yoxsulluğun aradan qaldırılması prosesinə də əhəmiyyətli təsir göstərib. Belə ki, işsizliyin səviyyəsinin azaldılması Dövlət Proqramında əsas məsələlərdən biri kimi nəzərdə tutulub. Heç şübhəsiz regionların sosial-iqtisadi inkişafının göstəriciləri sırasında ən mühümü yoxsulluğun azalmasıdır. Çünki yoxsulluğa qarşı mübarizənin vacib şərtlərindən birini bölgələrdə yaşayış şəraitini yaxşılaşdırmaq və çoxlu sayda yeni iş yerləri yaratmaq təşkil edir. Ümumiyətlə, ötən müddət ərzində respublika ərazisində 1,2 milyondan çox yeni iş yeri yaradılıb. Təkcə güzəştli kreditlər hesabına ümumi dəyəri 730 milyon manat olan 104 sənaye layihəsi maliyyələşdirilib, bu layihələr üzrə 80 müəssisə istifadəyə verilib, 24-ü üzrə işlər davam etdirilir. Yaradılan yeni iş yerlərindən 900 mini daimidir. Ötən 10 ildə respublikada açılan yeni iş yerlərinin təxminən 700 mindən çoxu bölgələrin payına düşüb ki, bu da ölkənin əmək bazarında qeyri-proporsional vəziyyətin radikal şəkildə dəyişməsinə gətirib çıxarıb. Məsələn, 2011-ci ilin 1 yanvar tarixinə ölkədə iqtisadi fəal əhalinin sayı 1995-ci illə müqayisədə 25,9 faiz, 2006-cı illə müqayisədə isə 6,7 faiz artaraq 4587,4 min nəfər, məşğul əhalinin sayı müvafiq olaraq 19,8 faiz və 8 faiz artaraq 4329,1 min nəfər təşkil edib. 2011-ci ilin yekunlarına görə, ölkədə yoxsulluğun səviyyəsi 8 faizdək azalıb. 2013-cü ildə isə, 110 min yeni iş yeri açılıb. Ötən ilin yekunlarına görə, işsizliyin səviyyəsi 5 faiz, yoxsulluğun səviyyəsi isə 5,3 faizədək aşağı düşüb. Bəzi inkişaf etmiş ölkələrdə isə, bu rəqəm 10 faiz, 15 faiz, 25 faiz səviyyəsinə qalxıb. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına əsasən, 2014-cü il yanvarın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1510,1 min nəfər olub və onlardan 900,2 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 609,9 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.
Əlavə edək ki, dövlət məşğulluq siyasəti aktiv və passiv tədbirlər vasitəsilə işsizlərə yardım göstərilməsini nəzərdə tutur. Passiv tədbirlər, əsasən, işsizliyə görə müavinətlərin verilməsindən ibarətdir. İşsizlik müavinəti alan şəxslərin sayı 2087-dən (2005-ci il) 1002 nəfərədək (2011-ci il) azalıb.
Aktiv tədbirlər isə, əsasən, peşə təlimlərinin təşkil edilməsi, əmək yarmarkalarının keçirilməsi və sair kimi çoxsaylı tədbirləri əhatə edir və əsasən, əmək bazarının təşkilinə və təkmilləşdirilməsinə, işçi qüvvəsinin iqtisadiyyatın tələblərinə uyğunlaşdırılmasına yönəlib. Hazırda bu sahədə əsas məsələ əmək qabiliyyətli əhali üçün xüsusilə də, qeyri-neft sektorunda səmərəli məşğulluq imkanlarının daha da genişləndirilməsindən ibarətdir. Məşğulluğun, əsasən, özəl sektorun inkişafı vasitəsilə idarə edilməsi, eyni zamanda, işaxtaran vətəndaşların peşə bacarıqlarının əmək bazarının tələblərinə uyğunlaşdırılması istiqamətində tədbirlərin həyata keçirilməsi də böyük əhəmiyyət kəsb edir. Bu tədbirlər xüsusən də, gənclərin gəlir əldə etmək imkanlarının genişləndirilməsində mühüm əhəmiyyətə malikdir. Son 10 ildə məşğulluqda özəl sektorun payı 68 faizdən 74 faizə yüksəlib, sahibkarlıq subyektlərinin sayı 2,5 dəfə artıb. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan konfransda çıxışı zamanı Prezident İlham Əliyev də məşğulluğun özəl sektorun inkişafı hesabına yüksəldilməsinin vacibliyini vurğulayıb: “Son 10 il ərzində Azərbaycanda minlərlə yeni şirkət yaranmışdır və biz çalışırıq ki, yerli şirkətləri gücləndirək. O cümlədən, güzəştli şərtlər hesabına onların dövlət layihələrində iştirakı təmin edilir. Bu gün tikinti sahəsində işlərin böyük əksəriyyəti yerli şirkətlər hesabına görülür. Bu, o şirkətlərin maliyyə vəziyyətini yaxşılaşdırır, iş yerlərinin açılmasına gətirib çıxarır, büdcəyə daha çox vergi ödənilir və təcrübə toplanılır”.
Beləliklə, Azərbaycanda yeni inkişaf strategiyasının başlıca istiqamətləri respublikanın bütün mövcud potensialından səmərəli istifadə etməklə yoxsul təbəqənin, işsizliyin sayının minimuma endirilməsindən ibarətdir. Zəngin valyuta sərvətlərinin ölkəyə daxil olmasının fonunda sözsüz ki, bütün sosial təbəqələr və sahələr üzrə yüksək sıçrayışların müşayiət olunması qaçılmazdır. Ötən il də dünya maliyyə böhranı bir çox Avropa ölkələrindən fərqli olaraq, Azərbaycanda işsizliyin səviyyəsinə ciddi təsir göstərməyib. Əksinə, Azərbaycanda işsizliyin səviyyəsi azalıb. Dövlət başçısının qeyd etdiyi kimi, yeni iş yerlərinin açılması, əməkhaqqı və pensiyaların artırılması yoxsulluq və işsizliyin səviyyəsinin aşağı düşməsinə və bir sıra Qərb ölkələrinin göstəricilərini qabaqlamasına səbəb olub: “Yoxsulluq təqribən 50 faizdən 5,3 faizə düşmüşdür. İşsizlik 5 faiz təşkil edir. Bu göstəricilərə görə Azərbaycan hətta inkişaf etmiş ölkələri qabaqlayır. Xarici dövlət borcumuz 8 faiz təşkil edir. Hesab edirəm ki, bu da dünya miqyasında, ən yüksək göstəricidir. Bu, onu göstərir ki, biz iqtisadi siyasətimizi çox böyük dəqiqliklə, həssaslıqla aparırıq”.
SEVİNC
Yeni Azərbaycan.-2014.- 15 fevral.- S.2.