Son 10 ildə həyata keçirilən çoxsaylı infrastruktur layihələri iqtisadi inkişafı sürətləndirən güclü baza formalaşdırıb

 

Dinamik inkişaf tempinə malik olan Azərbaycanın iqtisadi tərəqqisinin əsasında duran mühüm faktorlardan biri də çoxsaylı infrastruktur layihələrinin həyata keçirilməsidir. Məlumdur ki, bu gün paytaxtda olduğu kimi, respublikamızın regionlarında da sosial infrastrukturun inkişafı maksimum diqqətdə saxlanılır. Məhz qəbul və icra olunan regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində çoxsaylı, əhəmiyyətli infrastruktur layihələri həyata keçirilib. Məqsəd Bakı və onun mərkəzi ilə yanaşı, ətraf qəsəbələr və bölgələr arasında fərqi aradan qaldırmaqdır. Təsadüfi deyil ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan konfransda çıxışı zamanı Prezident İlham Əliyev son 10 ildə infrastruktur layihələrinin icrasının prioritet məsələ olduğunu bildirib: “Son on ildə infrastruktur layihələrinin icrası prioritet məsələ idi. Çünki biz yaxşı başa düşürdük ki, bu layihələr icra edilməsə, ölkəmizin inkişafı mümkün olmayacaqdır. Xüsusilə, ölkəmizin enerji potensialının yaradılması istiqamətində 2004-cü ildən başlayaraq çox ciddi addımlar atılmışdır”.

Respublikada həyata keçirilən bütün inkişaf proqramları çərçivəsində Bakı və Bakıətrafı qəsəbələr, regionlarda infrastrukturun bərpası və inkişafı, əhalinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, qaz təchizatının yaxşılaşdırılması, nəqliyyat, su, meliorasiya layihələri, səhiyyə və təhsil müəssisələrinin tikintisi, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər reallaşdırılıb, bu sahəyə irihəcmli dövlət investisiyaları yönəldilib. Vurğulamaq lazımdır ki, çoxsaylı infrastruktur layihələri və regional inkişaf proqramlarının uğurla həyata keçirilməsi sayəsində ölkəmizin iqtisadi inkişafı üçün həm də güclü baza formalaşdırılıb. Belə ki, Azərbaycanın hər bir bölgəsində yeni, müasir tələblərə cavab verən infrastruktur yaradılır - elektrik stansiyaları tikilir, qaz və su kəmərləri çəkilir, yollar salınır.

Müasir standartlara cavab verən nəqliyyat sistemi yaradılıb

Son 10 ildə ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin ən mühüm istiqamətlərindən biri də məhz respublikada müasir standartlara cavab verən nəqliyyat sisteminin yaradılmasıdır. Belə ki, son illər Azərbaycanda nəqliyyat infrastrukturunun sürətli templərlə yenidən qurulması istiqamətində mühüm işlər görülüb. Vətəndaşların rahatlığı və təhlükəsizliyinin təmin edilməsi, yollarda tıxacların yaranmasının qarşısının alınması, iritonnajlı yük maşınlarının şəhərə daxil olmadan rahat mənzil başına çatdırılması üçün yeni yollar, yol qovşaqları, yeraltı və yerüstü piyada keçidləri, körpülər tikilərək istifadəyə verilib.

Ökənin nəqliyyat sektorunun inkişafının iqtisadiyyatın digər sahələrində yüksəlişə ciddi təsir göstərən amil olduğunu əvvəlcədən nəzərə alaraq dövlət investisiya siyasətində bu sektora xüsusi diqqət ayırıb. Nəqliyyat sektoruna yatırılan investisiyaların artması xüsusilə 2006-cı ildən etibarən başlanıb. Bu sahəyə dövlət büdcəsindən ayırmalarla yanaşı, xarici kreditlər də cəlb edilib. Nəqliyyat sektoruna yatırılan investisiyalar 2009-cu ildə ölkə iqtisadiyyatına bütün kapital qoyuluşlarının 23,8 faizini təşkil edib. Bu investisiyaların 85 faizi avtomobil yollarının, körpülərin, piyada keçidlərinin və s. tikintisi və yenidən qurulmasının payına düşüb.

Bütövlükdə, regionların inkişafı, ölkə əhalisinin sosial problemlərinin həlli, o cümlədən bölgələrdə nəqliyyat xidmətlərinə olan tələbatın ödənilməsi məqsədilə qəbul edilmiş Dövlət proqramlarına əsasən yol-nəqliyyat kompleksinin - dəmiryolu, avtomobil, hava, su nəqliyyatı və avtomobil yolları sahələrində müasir infrastrukturların yaradılması üzrə mühüm işlər görülüb. 2004-2013-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı üzrə qəbul edilmiş 2 Dövlət Proqramı və əlavə tədbirlər daxilində 8332 kilometr, o cümlədən 2622 kilometr respublika əhəmiyyətli, 5710 kilometr yerli əhəmiyyətli avtomobil yolları çəkilib və təmir olunub, ümumi uzunluğu 10087 metr təşkil edən 222 körpü və yol ötürücüsü tikilib, 85 körpü əsaslı təmir olunub. Bundan əlavə, 400 kilometrdən çox dəmiryolu əsaslı təmir olunub, regionlarda yeni 4 hava limanı tikilib, 2 liman tam yenidən qurularaq istismara verilib. Bu dövr ərzində 16 avtovağzal tikilib, 9 avtovağzal yenidən qurulub. Yol-nəqliyyat kompleksi üzrə bu tədbirlərin yerinə yetirilməsinə müxtəlif mənbələrdən 8,2 milyard manat vəsait sərf olunub.

Eyni zamanda, regionun ən böyük nəqliyyat layihələrindən biri olaraq Avropa və Asiya arasında Azərbaycan ərazisindən keçməklə daha etibarlı nəqliyyat bağlantısını təmin edən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə yanaşı, Ələt qəsəbəsində bu bağlantının tərkib hissəsi olan Yeni Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisi sürətlə davam etdirilir. Uzunluğu 7,5 kilometr, dərinliyi 7 metr və eni 165 metr olan kanal açılıb. Hazırda cari ildə istismara veriləcək bərə və quru yük terminallarında işlər sürətlə aparılır. Bundan əlavə, limanın magistral avtomobil və dəmir yollarına bağlantısı üzrə işlər yerinə yetirilir.

Ötən müddət ərzində, həmçinin, paytaxtda və bölgələrdə avtomobil nəqliyyatının fəaliyyətinin tənzimlənməsi, nəqliyyat parkının və infrastrukturun yeniləşdirilməsi üzrə tədbirlər həyata keçirilib, Bakı şəhərində hərəkətin və nəqliyyat axınlarının idarə olunması, ictimai nəqliyyatın işinin təkmilləşdirilməsi üçün Nəqliyyatı İntellektual İdarəetmə Sistemi yaradılıb.

Son 10 il ərzində qazlaşdırma ilə bağlı mühüm işlər görülüb

Prezident İlham Əliyevin ölkənin sosial-iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəlmiş siyasətinin istiqamətlərindən biri də qazlaşdırma səviyyəsinin yüksəldilməsi və bütün ölkə ərazisi üzrə əhalinin təbii qazla təminatının həyata keçirilməsi olub. Bu məqsədlə ötən 10 il ərzində ölkədə qazlaşdırmanın miqyasının genişləndirilməsinə yönələn irimiqyaslı infrastruktur proqramları həyata keçirilib, minlərlə kilometr yeni qaz xətləri çəkilib, şəbəkələr yenidən qurulub.

Qeyd etmək lazımdır ki, birinci Dövlət Proqramı qəbul olunanda respublikada qazlaşdırma səviyyəsi 62 faiz təşkil edirdisə, görülmüş işlərin nəticəsi olaraq artıq 2008-ci ilin sonunda Azərbaycanda qazlaşdırmanın səviyyəsi 80 faizi ötüb keçmişdi.

Həmçinin, 2008-ci ildə ölkədə qazlaşdırma səviyyəsini daha da yüksəltmək üçün 2009-2013-cü illəri əhatə edən yeni Dövlət Proqramı təsdiqləndi. Proqramın əsas məqsədi istehlakçıları fasiləsiz, keyfiyyətli və təhlükəsiz təbii qazla təmin etmək, abonentlərə yüksək səviyyəli xidmət göstərmək, qaz şəbəkəsini beynəlxalq standartlara uyğun yenidən qurmaq idi. Proqramın həyata keçirilməsi nəticəsində təkcə 2012-ci ildə 97 minə yaxın yeni əhali kateqoriyasına aid abonent, o cümlədən Bakı şəhərində 17 mindən çox, regionlarda isə 80 minə yaxın abonent təbii qazla təmin olunub. Ölkənin bir çox ucqar yaşayış məntəqələri ilk dəfə təbii qaz istehlakına başlayıb.

2013-cü ildə isə ümumi qazlaşdırmanın səviyyəsi 89,8 faiz, o cümlədən Bakı şəhəri üzrə 99 faiz, regionlar üzrə 83,4 faizə çatdırılıb. Ölkə üzrə qazla təmin olunan real abunəçilərin sayı 2004-cü ildə 700 mindən aşağı olduğu halda, bu gün 1 milyon 600 mindən artıqdır. Bunun üçün ümumi uzunluğu 4 min 800 kilometrdən artıq magistral qaz kəmərləri, 25 min kilometrdən çox müxtəlif diametrli daşıyıcı xətt çəkilib, 8 min kilometrə yaxın boru xətti isə əsaslı təmir olunub. Qazlaşdırılma layihələri çərçivəsində 18 yeni qazpaylayıcı stansiya inşa olunub, 41 qazpaylayıcı stansiya yenidən qurulub, ölçü qovşaqları istismara verilib və təmir edilib.

Eyni zamanda, blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasının qaz təminatının bərpa edilməsi haqqında dövlət başçısının tapşırığına əsasən, 2005-ci ildən təbii qazın verilməsinə başlanılıb. Artıq Muxtar Respublikanın qazlaşdırılması tam başa çatdırılıb. Bununla yanaşı, Naxçıvana alternativ qaz kəmərinin çəkilməsi imkanları araşdırılır. Nehrəm duz yatağının bazasında isə qaz anbarının yaradılması işləri davam etdirilir.

Bir sözlə, son 10 il ərzində ölkəmizdə qazlaşdırma ilə bağlı böyük işlər görülüb.

Su təchizatı və su-kanalizasiya sistemlərinin təkmilləşdirilməsi dövlətin diqqət mərkəzində olub

Ötən illərdə həyata keçirilən mühüm tədbirlərdən biri də ölkəmizdə su və kanalizasiya sistemlərinin təkmilləşdirilməsi və ya yenidən inşası ilə bağlıdır. Büdcə gəlirlərinin böyük bir hissəsinin ölkənin su təchizatı ilə bağlı məsələlərin həllinə yönəldilməsi bunu təsdiq edir. Həmçinin, ölkəmizdə su təchizatı və kanalizasiya sektorunda reallaşdırılan genişmiqyaslı layihələr, yeni texnologiyaların tətbiqi perspektivləri sərmayəçilərin regiona marağını daha da artırır. Bu sahədə beynəlxalq maliyyə təşkilatları və xarici şirkətlərlə əməkdaşlıq da genişlənir. Son illərdə Azərbaycanda şəhər və rayon mərkəzlərinin, kənd və qəsəbələrin su təchizatının yenidən qurulması intensivləşib. Belə ki, cari ilin təkcə avqust ayı ərzində dövlət başçısının iştirakı ilə Kürdəmir, İsmayıllı və Oğuzda içməli su xətləri istismara verilib. Eyni zamanda, kəndlərdə də su xətləri çəkilir, artıq bir neçə kənddə içməli su problemi həll edilib.

Beləliklə, 2004-2008-ci və 2009-2013-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması sahəsində böyük işlər görülüb. Dövlət büdcəsi vəsaiti və beynəlxalq maliyyə qurumlarından cəlb olunmuş kreditlər hesabına ümumilikdə 52 şəhəri və 730 kəndi əhatə edən layihələr üzrə işlər icra olunur. Həmin şəhərlərin 38-də tikinti işlərinə başlanılıb, 14-də isə layihə-smeta işləri başa çatdırılıb və tikintiyə hazırlıq görülür. Artıq 8 şəhərdə su təchizatı və kanalizasiya sistemlərinin yaradılması yekunlaşıb, 12 şəhərə yeni mənbələrdən suyun verilməsi təmin edilib. Nəticədə, bu rayon mərkəzlərində yaşayan 330 min nəfərin su təchizatı əsaslı şəkildə yaxşılaşıb ki, onların da 125 mini ilk dəfə mərkəzləşdirilmiş qaydada su alanlardır.

Proqramların icrası müddətində Bakı şəhəri və Abşeron yarımadasının su təminatında müstəsna əhəmiyyət daşıyan, memarı Ulu öndərimiz Heydər Əliyev olan Oğuz-Qəbələ-Bakı su kəməri tikilərək istifadəyə verilib. Bu kəmərin istifadəyə verilməsi ilə Bakı şəhərinin su təchizatında stabillik təmin edilib, fasiləsiz su alan əhalinin xüsusi çəkisi əhəmiyyətli dərəcədə artıb. Bunun nəticəsində Kür sutəmizləyici qurğularından Abşeron yarımadasına verilən suyun həcminin azaldılmasına və yaranan əlavə ehtiyatın su təchizatı zəif olan bölgələrə yönəldilməsinə imkan yaranıb.

Cəbhə bölgəsində yerləşən Ağdam, Füzuli, Tərtər və Goranboy rayonlarının sərhədyanı 8 kəndində, həmçinin, Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün Biləsuvar ərazisində salınmış 6 qəsəbədə su təchizatı sistemləri yaradılıb.

Su qıtlığı müşahidə olunan kəndlərdə ümumilikdə 135 subartezian quyusu qazılıb, 690 kilometr su xətti çəkilib, 36 su anbarı tikilib, nəticədə, 210 mindən artıq əhalisi olan 280 kəndin içməli su təminatı yaxşılaşdırılıb.

Dövlət proqramları çərçivəsində “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən regionlarda 3430 kilometr içməli su xətti, 1225 kilometr kanalizasiya kollektorları və şəbəkəsi, 96 ədəd su anbarı, 39 ədəd su və kanalizasiya-nasos stansiyaları tikilib. Proqramlarda nəzərdə tutulmuş tədbirlər çərçivəsində Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 8, Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Dövlət Agentliyi tərəfindən 6 rayon mərkəzində su və kanalizasiya layihələri icra olunub. Bu rayonlarda görülmüş işlər də nəzərə alınmaqla, regionlarda 540 min nəfərin su təminatı yaxşılaşdırılıb. Qeyd edək ki, Dövlət proqramlarının icrasından əvvəl ölkə üzrə xidmət göstərilən əhalinin cəmi 26 faizi fasiləsiz içməli su alırdısa, hazırda bu rəqəm 55 faizə çatdırılıb.

Uzunmüddətli enerji təhlükəsizliyi təmin edilib

Respublikada həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının əsas hədəflərindən biri də ölkə ərazisində elektrik təchizatının tamamilə yenidən qurulması, əhalinin və digər istehlakçıların fasiləsiz elektrik enerjisi ilə təmin edilməsidir. Ötən 10 il ərzində elektrik enerjisi istehsalını artırmaq və yeni generasiya gücü yaratmaq üçün dövlət büdcəsindən böyük həcmdə investisiyalar ayrılıb, eləcə də bu sahəyə xarici kreditlər cəlb edilib. Belə ki, birinci və ikinci Dövlət proqramları çərçivəsində son 10 il ərzində Azərbaycanın elektrik enerjisi sistemində 17 yeni elektrik stansiyası istismara verilib, 10 min kilometrdən çox elektrik verilişi xətləri və 1500-dən çox yarımstansiya inşa edilib və yenidən qurulub.

Qeyd edək ki, 2006-cı ildən başlayaraq hər il 2 yeni elektrik stansiyası istifadəyə verilib. Bu, Azərbaycanın elektrik energetikası tarixində rekord göstəricidir. Nəticədə 2300 meqavatdan artıq yeni generasiya gücləri əldə edilib. Belə ki, 2006-cı ildə Astarada, Şəkidə, Xaçmazda və Naxçıvanda hər birinin gücü 87 MVt, 2007-ci ildə Bakıda 105 MVt, 2008-ci ildə Səngəçalda 300 MVt, 2009-cu ildə Şahdağda 105 Mvt, Sumqayıt şəhərində 525 MVt, 2013-cü ildə Şirvanda 780 MVt gücündə istilik elektrik stansiyaları işə salınıb.

409 meqavat gücündə “Şimal-2” istilik elektrik stansiyasının cari ilin sonuna qədər işə salınması nəzərdə tutulub. Bundan başqa, Lerik və Yardımlı rayonlarının coğrafi mövqeyinin mürəkkəbliyi nəzərə alınaraq, həmin rayonların elektrik enerjisi təchizatının yaxşılaşdırılması məqsədi ilə Lerikdə inşa edilən 17 meqavat gücündə elektrik stansiyasında işlər başa çatdırılıb. Layihə çərçivəsində Yardımlı və Lerik rayonlarının ərazisində 35 kilovoltluq yeni yarımstansiyalar və elektrik xətləri inşa edilib. Həmin rayonların paylayıcı şəbəkələrinin də yenidən qurulması qarşıda duran vəzifələrdən biridir.

Dövlət başçısının respublikamızın su resurslarından səmərəli istifadəyə dair tapşırıqlarına əsasən, Füzulidə gücü 25 MVt olan su elektrik stansiyası (SES), Qusar və İsmayıllı rayonlarında isə kiçik SES-lər istifadəyə verilib. Göyçayda gücü 3 meqavat olan kiçik su elektrik stansiyasında işlər, demək olar ki, başa çatdırılıb. Balakən, Oğuz, İsmayıllı və Astara rayonlarında tikilməkdə olan digər 5 kiçik su elektrik stansiyasında isə işlərin cari ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur.

Eyni zamanda, sistem əhəmiyyətli ötürücü xətlər və yarımstansiyaların inşası istiqamətində də əsaslı işlər görülüb. Belə ki, Sumqayıt elektrik stansiyası, Zabrat yarımstansiyası, Şimal elektrik stansiyası və Hövsan yarımstansiyasını birləşdirən 220 kilovoltluq ikidövrəli hava xətti işə salınıb. Bu layihə çərçivəsində transformasiya gücü 360 meqavoltamper olan yeni 220 kilovoltluq Zabrat yarımstansiyası şəbəkəyə qoşulub. Bununla da, Abşeron yarımadasının enerji təchizatı ciddi şəkildə yaxşılaşdırılmaqla yanaşı, Abşeron yarımadasında ikinci 220 kilovoltluq enerji dövrəsi yaradılıb.

Elektrik stansiyaları və sistem əhəmiyyətli yarımstansiyalar arasında 1000 kilometrdən artıq fiber-optik kabellər çəkilib. Bu müasir texnologiyaların tətbiqi enerji istehsalı və ötürülməsi obyektlərindən məlumatların onlayn rejimində yeni yaradılmış mərkəzi SCADA sisteminə ötürülməsini təmin edir. Bütün bunlarla yanaşı, Abşeron yarımadasında ümumi uzunluğu 240 kilometrədək olan sistem əhəmiyyətli 110 kilovoltluq hava xətlərinin inşası üzrə işlər əsasən başa çatdırılıb.

Yaxın illər ərzində elektrik enerjisinin ötürülməsi sistemində planlaşdırılan layihələrin həyata keçirilməsi nəticəsində sistem əhəmiyyətli transformatorların ümumi gücü 3000 meqavoltamper, 110, 220, 330 və 500 kilovoltluq xətlərin ümumi uzunluğu təxminən 1500 kilometr artacaq.

Hazırda bütün abonentlərin, demək olar ki, hamısı sayğacla təmin olunub. Bu sayğacların təxminən 15 faizi, yəni 250 mini SMART tiplidir.

Beləliklə, Azərbaycanda 2003-cü ilə qədər ölkənin elektrik enerjisi ilə təminatında qıtlıq hiss olunurdusa, hazırda vəziyyət radikal şəkildə dəyişib. Ölkəmiz elektrik enerjisinə tələbatını ödəyərək uzunmüddətli perspektiv üçün enerji təhlükəsizliyini tam təmin edib. Eyni zamanda, Azərbaycan bölgədə neft-qazla yanaşı, elektrik enerjisi ixrac edən ölkəyə çevrilib. Məlum çıxışı zamanı Prezident İlham Əliyev qeyd edib ki, hazırda bizim təxminən 600-700 meqavat həcmində ixrac potensialımız var: “Müqayisə üçün deyə bilərəm ki, bizim ümumi generasiya gücümüz 6300 meqavatdır. Onların 2300-ü son on il ərzində yaradılmışdır. Əgər bu elektrik stansiyaları tikilməsə idi, bu gün ölkəmizin təxminən 30 faizi işıqsız qalardı və heç bir sənaye inkişafından söhbət gedə bilməzdi. Çünki Azərbaycanda sənayenin inkişafı, əlbəttə ki, infrastruktur layihələri ilə təmin edilməlidir. Ona görə biz, ilk növbədə, elektrik stansiyalarının yaradılması ilə məşğul olduq”.

Beləliklə, son 10 ildə tikilən yeni stansiyalar ölkə ərazisində aparılan sənayeləşmə siyasətinin nəticəsi olaraq yaradılan çoxsaylı müəssisə, zavod, fabriklərin tələbatını ödəməklə Azərbaycanın iqtisadi inkişafında həlledici əhəmiyyət kəsb edib.

Təhsil, səhiyyə və idman sektorunda əsaslı infrastruktur layihələri reallaşdırılıb

Sadalananlarla yanaşı, təhsil, səhiyyə və idman sektorunda əsaslı infrastruktur layihələri reallaşdırılıb. İlk növbədə, ötən 10 ildə məktəb tikintisi sahəsində həyata keçirilən tədbirlər nəticəsində 708 məktəb müasir avadanlıqla, 200-dən çox məktəb kimya, 200 məktəb isə fizika laboratoriyası ilə təmin edilib. Ümumilikdə, məktəb infrastrukturunun müasirləşdirilməsi nəticəsində ölkə üzrə 1 milyon şagirdin (bütün şagirdlərin 80 faizi) təlim şəraiti yaxşılaşdırılıb.

Digər tərəfdən, dövlət büdcəsindən səhiyyə sisteminə ayrılan vəsaitlər, ilk növbədə, ən zəruri ehtiyaclara - xəstəxanaların təmirinə və yenilərinin tikilməsinə, köhnəlmiş tibb avadanlıqlarının yenilənməsinə və s. yönləndirilib. Xüsusi olaraq qeyd etmək lazımdır ki, son illərdə istifadəyə verilən 500-dən artıq səhiyyə müəssisəsinin 70 faizi regionların payına düşür.

Bununla yanaşı, ötən 10 il ərzində bütün ölkə boyu müasir idman infrastrukturunun yaradılması prosesi uğurla həyata keçirilib. Çoxsaylı yeni, müasir idman infrastrukturu obyektləri tikilib, eyni zamanda, yararsız vəziyyətə düşmüş köhnə idman bazaları təmir olunub və ya yenidən qurulub.

Ötən 10 il ərzində Ümummilli lider Heydər Əliyevin adını daşıyan İdman-Konsert Kompleksi, dənizkənarı Milli Parkda yerləşən Bakı İdman Sarayı, Tofiq Bəhramov adına Respublika Stadionu, Respublika Velotreki, Respublika Olimpiya Mərkəzi və başqa bir çox idman obyektləri əsaslı təmir edilib və yenidən qurulub. Bu illər ərzində Bakı şəhərində “Kür” Olimpiya Tədris-İdman Mərkəzi, Bakı Tennis Akademiyası, ABU-Arena İdman Kompleksi, “Sərhədçi” İdman Olimpiya Mərkəzi, Bakı Otüstü Hokkey Kompleksi, “Dalğa Arena”, “Bayıl”, “Binə” stadionları, Respublika Olimpiya İdman Liseyi üçün güləş zalı, Olimpiya Növləri üzrə Milli Komandalar üçün Təlim-Məşq Mərkəzi, Respublika Taekvondo İdman Mərkəzi və digər müasir idman obyektləri tikilib istifadəyə verilib. İdman infrastrukturu təkcə paytaxtda deyil, respublikamızın regionlarında da inkişaf etdirilib. Hazırda Azərbaycanın regionlarında mövcud olan idman infrastrukturu dünya standartlarına tam cavab verir.

İnfrastruktur layihələrinin icrası səmərəli nəticələr verib

Göründüyü kimi, Azərbaycanın ümumi inkişafında əhəmiyyətli rolu olan regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində reallaşdırılan davamlı infrastruktur layihələri ölkəmizdə yeniləşməyə, davamlı tərəqqiyə, sosial-iqtisadi tarazlığın yaranmasına, əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına, rahatlığına xidmət edib. Müasir texnologiyalara əsaslanan istehsal və emal sahələrinin inkişafını stimullaşdıran infrastruktur layihələrinin maliyyələşdirilməsi nəticəsində respublikanın bütün bölgələrində inkişafa nail olunub, regionların siması, insanların sosial həyatı əhəmiyyətli dərəcədə dəyişib.

 

Yeni  Azərbaycan.-2014.- 18 fevral.- S.4.