Azərbaycan-Polşa münasibətləri dinamik inkişaf tempinə malikdir

 

Ölkələr arasında bir çox sahəni ehtiva edən çoxşaxəli münasibətlər mövcuddur

Müasir beynəlxalq münasibətlərin suveren aktoru olan Azərbaycanın qarşılıqlı-faydalı əməkdaşlıq əlaqələrinə malik olduğu ölkələrdən biriPolşa Respublikasıdır. Hazırda ölkələr arasında bir çox sahəni ehtiva edən çoxşaxəli münasibətlər mövcuddur. Bundan başqa, hər iki dövlət beynəlxalq müstəvidə bir-birinə dəstək verməkdədirlər.

Ölkələr arasında qarşılıqlı-faydalı münasibətləri möhkəmləndirən faktorlardan biri də tərəflər arasındakı sıx təmaslar və bunun fonunda əməkdaşlığın müxtəlif sahələrində mütəmadi inkişaf dinamikasının qeydə alınmasıdır. Yeri gəlmişkən, fevralın 12-14-də Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov, iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov Azərbaycan ilə Polşa arasında hökumətlərarası məsləhətləşmələrin növbəti raundunda iştirak etmək üçün Varşavada səfərdə olublar. Azərbaycan nümayəndə heyəti Polşanın rəsmi şəxsləri, o cümlədən Baş nazirin müavini, iqtisadiyyat naziri Yanuş Piexoçinski, xarici işlər naziri Radoslav Sikorski, Prezident Administrasiyasının beynəlxalq məsələlər üzrə naziri Yaromir Sokolovski, xarici işlər nazirinin müavini xanım Katajına Pelçinska-Nalenç, iqtisadiyyat nazirinin müavini Andjey Dıxa, Polşa İşəgötürənlər təşkilatının sədri Andjey Malinovski ilə görüşlər keçiriblər. Görüşlərdə ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar sahələrdə əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivləri, qarşılıqlı rəsmi səfərlər, regionda cərəyan edən proseslər müzakirə edilib. Tərəflər Dövlətlərarası Müştərək Komissiyanın Bakıda keçirilməsi nəzərdə tutulan növbəti iclasına hazırlıq məsələlərini də müzakirə ediblər. Səfər çərçivəsində Azərbaycanın Polşadakı səfirliyinin və Polşa İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə bu ölkənin müxtəlif istehsal sahələrini təmsil edən 40-dan artıq şirkətinin nümayəndələrinin iştirakı ilə “dəyirmi masakeçirilib. İqtisadiyyat və sənaye nazirinin müavini N.Səfərov Azərbaycanın biznes mühiti, iqtisadi inkişaf proqramları, ölkəmizdə fəaliyyət göstərən şirkətlərə dövlət qayğısından danışıb. Tədbirdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ölkəmizlə bağlı təqdimat keçirib. “Dəyirmi masada geniş fikir mübadiləsi aparılıb, yerli şirkətləri maraqlandıran suallar cavablandırılıb.

Ümumiyyətlə, iki dövlət arasındakı münasibətlər Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışının ardından yüksələn xətlə inkişaf edib. İki ölkə arasında müqavilə-hüquq bazası çərçivəsində 30-dan çox sənəd imzalanıb. İlk sənəd 1997-ci ildə imzalanan Azərbaycan Respublikası Hökuməti ilə Polşa Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq və ticarət haqqında saziş olub. Daha sonra iki ölkə arasında ikiqat vergiyə cəlb etməyə yol verilməməsi, gəlir və əmlak vergilərinin ödənilməsindən yayınma hallarının qarşısının alınması haqqında konvensiyanı, Azərbaycan Respublikası və Polşa Respublikası arasında dostluq münasibətlərinin və əməkdaşlığın inkişafı haqqında Bəyannaməni, dövlətlərin mədəni və elmi əməkdaşlığı haqqında sazişi, Azərbaycan Respublikası hökuməti ilə Polşa Respublikası hökuməti arasında investisiyaların qarşılıqlı təşviqi və qorunması haqqında Sazişi vurğulamaq olar. Bundan başqa, ölkələr arasında mülki hava daşımaları haqqında, turizm sahəsində əməkdaşlıq haqqında, müdafiə sahəsində əməkdaşlıq haqqında, gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında, iqtisadi əməkdaşlıq haqqında sazişlər, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı NazirliyiPolşa Respublikasının Kənd Təsərrüfatı və Kəndin İnkişafı Nazirliyi arasında kənd təsərrüfatı və aqro-ərzaq emalı sahəsində əməkdaşlıq haqqında Niyyət Protokolu imzalanıb.

Dövlətlərarası əlaqələr dövlət başçılarının qarşılıqlı səfərləri ilə daha da möhkəmləndirilib. Bu mənada, 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Polşaya səfəri xüsusi olaraq vurğulanmalıdır. Səfər çərçivəsində Prezidentimiz Polşanın keçmiş Prezidenti, mərhum Lex Kaçinski, Polşa Senatının marşalı B.Boruseviç, Baş nazir Donald Tusk ilə görüşüb. Bundan başqa, Prezident İlham Əliyev Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Xaç Ordeni ilə də təltif edilib. Öz çıxışında Polşa Prezidenti bildirib ki, Prezident İlham Əliyevin Polşaya bu səfəri xüsusi əhəmiyyət daşıyır. Azərbaycanı Polşanın strateji müttəfiqi adlandıran keçmiş dövlət başçısı Polşanın öz xarici siyasətində Azərbaycanın Avroatlantik strukturlara inteqrasiya olunmasına yardım göstərməsini vacib hesab edib.

Qeyd edək ki, Polşa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini aşkar şəkildə bildirib. 2008-ci ildə keçirilən görüşdə də mərhum Prezident Lex Kaçinski Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin dinc yolla həll olunmasının vacibliyini dilə gətirib və bununla yanaşı, münaqişənin həllinin beynəlxalq hüquq normalarına əsaslanmasının birinci şərt olduğunu bildirib: “Beynəlxalq hüquqa əsasən, Dağlıq Qarabağ Azərbaycanın bir hissəsidir və biz bu mövqeyi dəstəkləyirik. Baxmayaraq ki, bizim Ermənistanla da münasibətlərimiz var”.

Polşa tərəfi Azərbaycanla enerji sahəsində də sıx əməkdaşlıq etmək istədiyini bildirib. Qeyd olunub ki, Azərbaycanın təbii qaz yataqlarındakı potensialı Polşa üçün olduqca vacibdir və hər iki dövlət bu sahədə əməkdaşlığı müzakirə edir.

Azərbaycan PrezidentiÖz çıxışında bildirib ki, dövlətlər arasında çox güclü siyasi dialoq aparılır, müzakirə olunan məsələlərdə mövqelər üst-üstə düşür. Dövlət başçıları arasında imzalanan Bəyannaməni gələcək əməkdaşlıq üçün çox gözəl sənəd adlandıran Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünə aid olan məsələlərdə Polşanın mövqeyindən xüsusi məmnunluq hissi duyduğumuzu qeyd edib: “Polşa bütün dövrlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun şəkildə, ölkələrin ərazi bütövlüyü çərçivəsində həll olunmasının tərəfdarı olmuşdur. Bu, münaqişənin həlli üçün çox əhəmiyyətlidir. Azərbaycanın ərazi bütövlüyü toxunulmazdır, danışıqlar predmeti olmayıb və olmayacaqdır”.

Bununla yanaşı, 2008-ci ilin noyabrında Bakıda keçirilən IV Enerji Sammitinin işində iştirak edən Polşanın dövlət başçısı Prezident İlham Əliyevlə görüşüb.

2009-cu ildə Polşa Prezidentinin Bakıya rəsmi səfəri də dövlətlərarası münasibətlərin inkişafında mühüm mərhələ sayıla bilər. Səfər zamanı keçirilən görüşdə Prezident İlham Əliyev bildirib ki, Polşa dövlətinin başçısının 2006-2009-cu illərdə 5 dəfə Azərbaycana səfər etməsi dövlətlər arasında münasibətlərin çox yüksək səviyyədə olmasından, intensiv xarakter daşımasından xəbər verir. Hər iki dövlətin qarşılıqlı yüksək iqtisadi-siyasi əlaqələrə malik olduğunu bildirən Prezident İlham Əliyev energetika sahəsində Polşa-Azərbaycan əlaqələrinin inkişafının müşahidə olunduğunu söyləyib. Prezident daha sonra bildirib ki, Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin gücləndirilməsi işində Polşanın çox mühüm və təsirli imkanları varPolşa bu imkanlardan istifadə edir: “Şərq tərəfdaşlığı” Proqramının başlanması, hesab edirəm, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərdə yeni səhifənin açılması deməkdir və biz buna hazırıq. Biz enerji təhlükəsizliyi məsələlərinin həllinə öz töhfəmizi verməyə hazırıq”.

Qeyd etmək lazımdır ki, 2010-cu ilin 12 aprelində Polşa Prezidenti Lex Kaçinskinin və xanımı Mariya Kaçinskayanın, Polşa Respublikası Prezidenti Administrasiyasının məsul işçilərinin, SenatSeym üzvlərinin, Polşa ordusunun yüksəkrütbəli zabitlərinin təyyarə qəzasında faciəli surətdə həlak olması ilə əlaqədar Prezident İlham Əliyev bu ölkənin rəsmilərinə, vətəndaşlarına başsağlığı verib. Aprelin 18-də isə Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadənin başçılıq etdiyi nümayəndə heyəti Polşa Prezidenti Lex Kaçinskinin Krakov şəhərində keçirilən dəfn mərasimində iştirak etmək məqsədilə Polşaya səfər edib.

Dövlətlərarası münasibətlər hökumətlər səviyyəsində də yüksək səviyyədə inkişaf etdirilir. 2009-cu ilin martında Azərbaycan Respublikasının müdafiə naziri Krakov şəhərində NATO ölkələri və Əfqanıstana töhfə verən tərəfdaş dövlətlərin müdafiə nazirlərinin görüşündə iştirak edib, bununla yanaşı, Polşanın milli müdafiə naziri B.KlixBaş Qərargah rəisi F.Qaqora ilə görüşlər keçiribiki ölkə arasında əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. 2009-cu ilin mayında isə Polşa-Azərbaycan Hökumətlərarası Birgə Komissiyasının III iclası Varşavada keçirilib. İclas çərçivəsində 100-dək şirkət, yerli ictimaiyyətinin iştirakı ilə Biznes seminar təşkil olunub. Ötən ilin yanvarında Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalovun rəhbərlik etdiyi nümayəndə heyəti iki ölkə arasında müdafiə sənayesi sahəsində ikitərəfli əməkdaşlıq münasibətlərinin qurulması məqsədilə, Polşaya rəsmi səfər edib. Danışıqlarda əməkdaşlığa dair müvafiq razılıq əldə edilib və istiqamətlər müəyyənləşdirilib. Səfər çərçivəsində nümayəndə heyəti Polşanın müdafiə sənayesi müəssisələrinin istehsal prosesibu sahədə maraq doğuran yeni texnologiyalarla yaxından tanış olub. 2010-cu ilin fevralında isə Polşanın Milli Təhlükəsizlik Bürosunun rəhbəri Aleksandr Şçıqlo Azərbaycana səfər edib və Azərbaycan Prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və başqa rəsmi şəxslərlə görüşüb. Ötən ilin martında isə Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadənin dəvəti ilə Polşa Respublikasının Baş naziri Donald Tusk Azərbaycana səfər edib. Bu isə onu deməyə əsas verir ki, tarixən təxminən eyni mürəkkəblikdə siyasi-iqtisadi proseslərdən keçən Azərbaycan və Polşa münasibətləri bu gün bir çox ölkələr üçün müsbət örnəkdir.

Beləliklə, sadalananlar deməyə əsas verir ki, Azərbaycan-Polşa münasibətləri mütəmadi inkişaf tendensiyasına malikdir və hər iki ölkənin qarşılıqlı-faydalı əməkdaşlığı regional və beynəlxalq təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir.

 

Nurlan QƏLƏNDƏRLİ

Yeni  Azərbaycan.-2014.- 18 fevral.- S.8.