Azərbaycan iqtisadiyyatına yatırılan investisiyanın 17,5 milyard dolları

 daxili sərmayədir

 

Prezident İlham Əliyev: Daxili sərmayələr artıq xarici sərmayələri üstələyir. Bu da çox müsbət haldır

 

Bu gün uğurlu sosial-iqtisadi model yaratmaqla, Azərbaycan ölkə daxilində sabitliyə və dayanıqlı iqtisadi inkişafa nail olub. Azərbaycan iqtisadiyyatının dinamik inkişafı respublikamıza sərmayə qoyuluşlarının həcminin artmasına əhəmiyyətli dərəcədə zəmin yaradıb. Son illər, xüsusən də, qlobal iqtisadi böhranın hələ də özünü büruzə verdiyi dövrün təhlili bir daha göstərir ki, Avropa və MDB məkanında investisiya qoyuluşlarının həcmində azalmalar davam edir. Lakin Azərbaycan əvvəlki kimi yenə də investisiya yatırılması baxımından dünyanın ən cəlbedici ölkələrindən biri kimi çıxış edir.

Bu gün dünyanın aparıcı investisiya şirkətləri, maliyyə qurumları ölkəmizə sərmayə yatırır, etibarlı tərəfdaş olan Azərbaycana irihəcmli kreditlər ayırır. Sərmayə qoyuluşlarının dinamikası son illər daha intensiv xarakter alıb və iqtisadiyyatın real sektoruna yatırılan kapital resursları ən mühüm sosialinfrastruktur layihələrini əhatə edib. Xarici investorların Azərbaycana marağının kifayət qədər böyük olmasının başlıca səbəbləri, əlbəttə ki, ölkəmizdə investisiya mühitinin əlverişliliyi, investorların hüquqlarının qanunvericilik əsasında yüksək səviyyədə qorunması, ölkəmizin etibarlı tərəfdaş olduğunu dəfələrlə təsdiqləməsi, sərmayələrin yönəldildiyi sahələrdə cəzbedici mənfəətlər əldə olunması və bu qəbildən olan digər amillərdir. Nəticədə, 2010-cu ildə ölkə iqtisadiyyatına 17,6, 2011-ci ildə 21,6, 2012-ci ildə 25,8 milyard dollar investisiya qoyulub. Ötən il ölkə iqtisadiyyatına qoyulan investisiyaların da həcmi artb. Belə ki, ölkənin maliyyə balansında tarazlıq gözlənilməklə, 2013-cü ildə iqtisadiyyata rekord səviyyədə sərmayə qoyulub.

Qeyd edək ki, respublikamızın iqtisadi imkanları hazırda sərmayə qoyuluşlarının strukturunda dəyişiklik etməyə, yəni, balansı daxili investisiyaların xeyrinə dəyişməyə imkan verir. Bütövlükdə, xarici investisiyaların həcmi 2000-ci ildən başlayaraq 2005-ci ilə qədər artıb. Ancaq neft sektorunda hasilatın pay bölgüsünə əsasən, xarici şirkətlərin üzərlərinə götürdükləri öhdəlikləri 2005-ci ilə qədər artıq investisiya şəklində həyata keçirməsi sərmayə strukturunda onların payının azalması ilə nəticələnib. Bunun əvəzində isə xarici sərmayədarlar qeyri-neft sektoruna daha çox investisiya yatırmağa başlayıblar. Təsadüfi deyil ki, son illərdə qeyri-neft sektorunda xarici investisiyanın çəkisi artan xətt üzrə inkişaf edib. Əlbəttə ki, qeyri-neft sektorunda üstünlük yenə də daxili investisiyalara məxsusdur. Həmçinin, Azərbaycan Prezidenti İlham Əliyevin “İnvestisiya fəaliyyətinin genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2006-cı il 30 mart tarixli Sərəncamına əsasən yaradılan “Azərbaycan İnvestisiya Şirkəti” ASC həm dövlətin, həm də özəl müəssisələrin payçısı kimi çıxış edərək ölkənin investisiya fəaliyyətinin genişlənməsində mühüm rol oynayır.

Beləliklə, Azərbaycanın iqtisadi qüdrəti yerli sərmayələrin illik artımının daha da genişlənməsini şərtləndirir. Qoyulan vəsait isə ölkə iqtisadiyyatına xidmət göstərməklə yeni yerlərinin açılmasına şərait yaradır, Azərbaycanın iqtisadi gücünü artırır. Məsələn, 2013-cü ildə ölkə iqtisadiyyatına qoyulan 28 milyard dollar sərmayənin 17,5 milyard dolları daxili sərmayədir. Əlbəttə ki, daxili sərmayənin içində əsas sərmayə dövlət sərmayəsidir. Ancaq özəl sektor da Azərbaycan iqtisadiyyatına böyük yatırımlar edir.

2013-cü ildə dövlət əsaslı vəsait qoyuluşunun 7 milyard manat təşkil etməsi də ölkədə dinamik inkişafın təmin edilməsinə imkan yaradıb. Həmin vəsaitdən sosial-mədəni və məişət təyinatlı obyektlərin (elm, təhsil, səhiyyə, mədəniyyət, idmans.) tikintisi və yenidən qurulması üçün 2 milyard 37 milyon manat, enerji, suqaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya və digər infrastrukturların tikintisi və yenidən qurulması üçün 3 milyard 743 milyon manat, Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsi üçün 262 milyon manat, digər layihələrin maliyyələşdirilməsi üçün isə 873 milyon manat vəsait sərf edilib.

Dövlət Neft Fondunun vəsaiti ilə ölkəmizdə və xaricə qoyulmuş sərmayələr hesabına həyata keçirilən bir sıra investisiya layihələrinin icrası üçün ötən il 1 milyard 74 milyon manat vəsait yönəldilib.

Bundan başqa, şəhər, rayon və qəsəbələrdə abadlıq və quruculuq işlərinin davam etdirilməsi, kəndlərarası yolların tikintisi və digər zəruri tədbirlərin maliyyələşdirilməsi üçün 2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 347 milyon manat vəsait ayrılıb.

Bundan başqa, dövlət və icmal büdcələrin vəsaiti, həmçinin, xaricdən cəlb olunmuş kreditlər hesabına növbəti illərdə qeyri-neft sektorunun daha da iri miqyasda inkişafına zəmin yaradacaqtarixi əhəmiyyət kəsb edən bir sıra infrastrukturlar, o cümlədən, Bakı və Sumqayıt şəhərlərinin içməli su təchizatının yaxşılaşdırılması üçün Samur-Abşeron suvarma sistemi yenidən qurulub, Taxtakörpü su anbarı və Taxtakörpü Su Elektrik Stansiyası, 780 meqavat gücündə Cənub Elektrik stansiyası istifadəyə verilib, regionların elektrik, qaz, su, kanalizasiya şəbəkələrinin inşası və yenidən qurulması üzrə işlər geniş vüsət alıb.

Bütün bunlar 2014-cü ildə də ölkədə həyata keçiriləcək investisiya proqramlarının kifayət qədər böyük olacağını deməyə əsas verir. Fevralın 5-də Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan konfransda çıxışı zamanı Prezident İlham Əliyev bildirib ki, gələcəkdə həm dövlət, həm özəl, həm xaricidaxili sərmayələrin qoyuluşu gözlənilir:Son 10 il ərzində ölkəmizə 160 milyard dollar investisiya cəlb edilmişdir. Son illərdə sərmayənin həcmi daha da artır. Keçən il rekord səviyyəyə çatmışdır, Azərbaycan iqtisadiyyatına 28 milyard dollar sərmayə qoyulmuşdur. Daxili sərmayələr artıq xarici sərmayələri üstələyir. Bu da çox müsbət haldır. Düzdür, daxili sərmayələrin tərkibində dövlət investisiya xərcləri hələ ki, üstünlük təşkil edir. Bu da təbiidir. Çünki infrastruktur layihələri və ölkə iqtisadiyyatı üçün lazım olan digər proqramlar icra edilir. Ancaq özəl sektor da Azərbaycana investisiya qoyuluşunu artırır. Bu da ilk növbədə, ölkəmizdə hökm sürən sabitliyin hesabınadır və özəl sektorun Azərbaycanın gələcəyinə inamının təzahürüdür. Ona görə əminəm ki, gələcək illərdə investisiyanın həcmi, qoyulan sərmayə azalmayacaqdır. Çünki görüləsi işlər çoxdur”.

 

SEVİNC

Yeni  Azərbaycan.-2014.- 19 fevral.- S.2.