Bütün Qarabağ müharibəsi iştirakçıları Ali Baş Komandanın sadiq əsgərləridir

 

Mehdi Mehdiyev: Əlillərin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir

 

Müsahibimiz Respublika Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik Mehdi Mehdiyevdir:

- Mehdi müəllim, məlum olduğu kimi, Azərbaycan dövləti müharibə veteranları, şəhid ailələri, müharibədə sağlamlığını itirmiş insanların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı ardıcıl tədbirlər həyata keçirir. Siz Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri kimi, dövlətin bu istiqamətdə siyasətini necə qiymətləndirirsiniz?

- Bildiyimiz kimi, Azərbaycan dövləti son illərdə böyük inkişaf yolu keçib. Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycanda bütün sahələrdə böyük nailiyyətlər əldə olunub. O cümlədən, müharibə veteranlarının, şəhid ailələrinin, müharibədə sağlamlığını itirmiş insanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində də əhəmiyyətli irəliləyişlərə nail olunub. Qarabağ müharibəsi əlillərinə, veteranlarımıza və şəhid ailələrinə diqqət və qayğının əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Belə ki, 1994-cü il avqust ayının 26-da Ümummilli lider Heydər Əliyev tərəfindən “Azərbaycan Respublikasını erməni təcavüzündən müdafiə edərkən əlil olmuş şəxslərin sosial müdafiəsinin yaxşılaşdırılması haqqında” Fərman imzalandı. Bu Fərman müharibə əlillərinin sosial ehtiyaclarının ödənməsi istiqamətində ilk addım oldu. Bu Fərmandan irəli gələrək qısa zaman ərzində müharibə iştirakçılarının, əlillərinin sosial müdafiəsini gücləndirmək məqsədilə tədbirlərə start verildi. Bu gün isə bu siyasət yeni mərhələyə qədəm qoyub. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir. Heç bir əlilin, şəhid ailəsinin gücünün çatmadığı məsələləri dövlət öz üzərinə götürüb və qısa müddətdə həll edib. Bunlardan birincisi mənzil təminatı məsələsidir. Qeyd etməliyik ki, 1997-cı ildən etibarən dövlət ardıcıl surətdə bu istiqamətdə işlər görür, müharibə əlillərinə və şəhid ailələrinə dövlət tərəfindən mənzillər verilir. Ötən zaman ərzində minlərlə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri mənzillə təmin edilib. Bunlar paytaxtda, həmçinin, respublikamızın digər bölgələrində yaşayan insanlardır. Bakının Binəqədi, Yasamal, Sabunçu, Qaradağ və Suraxanı rayonları, eləcə də Abşeron, Beyləqan, Yevlax, Quba, Samux, Göygöl, Ağcabədi, Qəbələ rayonları ərazisində, Gəncə şəhərində bu kateqoriyadan olan insanların mənzillərlə təmin edilməsi davam etdirilir. Bu, davamlı bir prosesdir və gələcəkdə də növbədə duran Qarabağ əlilləri və şəhid ailələrinin mənzil təminatı istiqamətində tədbirlər reallaşdırılacaq.

Digər tərəfdən, demək olar ki, müharibə veteranlarının, əlillərin pensiyalarının, şəhid ailələrinə ödənən müavinətlərin həcmi ildən-ilə artırılır.

Bundan başqa, əlillərimizin minik avtomobilləri ilə təmin olunması yönündə də mühüm işlər görülüb. Bəzən kimlərsə bu məsələdə bilərəkdən, ya da bilməyərəkdən manipulyasiya etməyə çalışır. Qeyd etmək istəyirəm ki, bu minik avtomobilləri bütün Qarabağ əlillərinə düşmür. Bu, yalnız hərəkət - dayaq sistemi pozulmuş əlillərə verilir. Bu haqqa sahib olan hər kəsə isə pulsuz avtomobillər paylanır. Əvvəllər bu avtomobillər müqavilə əsasında Rusiyadan alınırdı, bu ölkədəki zavodlar bağlandıqdan sonra bir müddət Ukraynadan belə avtomobillər ölkəyə gətirildi. Hazırda isə Naxçıvan Muxtar Respublikasında istehsal olunan “NAZ - Lifan” avtomobilləri hərəkət-dayaq sistemi pozulmuş bütün əlillərə paylanır. Biz bu avtomobillərin müəyyən dövrdən sonra dəyişdirilməsi və yeniləri ilə əvəzlənməsi haqqında təkliflərimizi vermişik. Çünki müəyyən vaxtdan sonra avtomobillər istismar olunduqca sıradan çıxırlar.

- Mehdi müəllim, daha bir mühüm məsələ isə əlbəttə ki, müharibədə sağlamlıqlarını itirmiş, əlil olmuş vətəndaşlarımızın reabilitasiyası, müalicəsinin təmin olunması istiqamətində görülən işlərdir. Bununla bağlı hansı tədbirlər görülürbu sahədə vəziyyət necədir?

- Müharibə əlillərinin müalicəsi ilə bağlı da böyük işlər görülür. İlk olaraq, qeyd edək ki, Azərbaycanın bir sıra bölgələrində xüsusiləşmiş bərpa mərkəzləri fəaliyyət göstərir. Hazırda Bakı, Şəki, Lənkəran, Naxçıvan Muxtar Respublikası, Mingəçevir şəhərində belə mərkəzlər var. Bakıda Ortopedik Bərpa Mərkəzi fəaliyyət göstərir ki, onun da protez-bərpa vasitələri və əlil arabaları ilə tam təminatı həyata keçirilir. Onun daha müasir avadanlıqlarla təmin olunması və daha müasir protezlərin hazırlanması üçün aidiyyəti üzrə təkliflər vermişik. Şağanda müasir standartlara cavab verən, yapon avadanlıqları ilə təchiz edilmiş Reabilitasiya Mərkəzi fəaliyyət göstərir. Eləcə də, müxtəlif bölgələrdə əlillərin müalicə və istirahətini təşkil etmək üçün kurort-sanatoriyalar var. Məsələn, Naftalanda sanatoriya və bərpa mərkəzi mövcuddur. Nabranda isə xüsusi istirahət mərkəzi əlillərin istifadəsinə verilib. Və hər il müharibə əlilləri bu sanatoriya və istirahət mərkəzlərinə göndərilir. Bundan başqa, Lənkəran və Qəbələdə də belə istirahət mərkəzləri yaradılıb və ötən ildən bu mərkəzlərə də müharibə əlilləri göndərilir.

- Gələcəkdə müharibə veteranları, şəhid ailələri, əlillərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində hansı tədbirlərin görülməsi planlaşdırılır?

- Təbii ki, həyat davam edir, inkişaf gedir, heç nə yerində dayanmır. Ona görə də, bəzən müəyyən çatışmazlıqlar, problemlər ortaya çıxır. İndi müavinətlərin azlığı və onların artırılması ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Biz bu məsələnin həlli ilə bağlı müvafiq dövlət strukturları ilə aparılır. Ümid edirik ki, qarşıdakı dövrlərdə bunun həllinə nail olunacaq. Bundan başqa, həm müharibə iştirakçılarına, həm də şəhid ailələrinə Prezident təqaüdü təsis olunub. Bu isə həmin insanların dövlət qarşısında xidmətlərinin yüksək qiymətləndirildiyini göstərir. Hazırda həmin təqaüdün artırılması yönündə müzakirələr aparılır. Həmçinin, bildiyimiz kimi, dövlət şəhid aliələrinin övladlarını ödənişli təhsildən azad edib. Əgər həmin ailələrin uşaqları ali məktəblərdə ödənişli təhsil almaq haqqı qazanırlarsa dövlət həmin vəsaiti özü ödəyir. Biz çox arzulayırdıq ki, bu, müharibə əlillərinin də övladlarına şamil olunsunbu istiqamətdə də gedir. Ümid edirik ki, yaxın vaxtlarda bununla bağlı qərar qəbul olunacaq. Həmçinin, tibb müəssisələrində bəzi dərman preparatlarının çatışmazlığı ilə bağlı Səhiyyə Nazirliyində görüşlərimiz oluborada da qaldırdığımız məsələyə lazımi diqqət göstərilib. Ümumiyyətlə, qeyd etməliyəm ki, bütün məsələlərlə bağlı dövlət orqanları qarşısında qaldırdığımız təkliflərə diqqətlə yanaşılır və onların həlli istiqamətində işlər davam edir. Biz də qeyri-hökumət təşkilatları olaraq, dövlətin bu istiqamətdə gördüyü işlərə dəstək veririk.

- Mehdi müəllim, sizinqeyd etdiyiniz kimi, Azərbaycan dövləti müharibə əlillərinin, şəhid ailələrinin sosial problemlərinin həllinə böyük həssaslıq göstərir, bununla bağlı mütəmadi addımlar atılır. Amma bəzi maraqlı dairələr dövlətin gördüyü bu işlərə kölgə salmaq üçün müxtəlif vasitələrə əl atır, ən xırda nöqsanı şişirdib siyasi manipuliyasiya vasitəsinə çevirirlər. Bununla bağlı, sizin İB-nin mövqeyi nədən ibarətdir?

- Əlbəttə ki, Azərbaycan dövləti inkişaf etdikcə, dövlətin imkanları genişləndikcə, bütün problemlərin aradan qaldırılması istiqamətində tədbirlər görülür. O cümlədən, əlillərin, şəhid ailələrinin də sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Azərbaycan dövləti sosial dövlətdir və başlıca hədəfi vətəndaşlarının layiqli həyat şəraiti ilə təmin olunmasıdır. Amma o da məlumdur ki, qısa vaxtda bütün çatışmazlıqları aradan qaldırmaq mümkün deyil. Əsas odur ki, dövlət bu problemlərin aradan qaldırılması istiqamətində güclü iradə ortaya qoyub. Ola bilər ki, hansısa vətəndaşın buya digər səbəbdən müəyyən problemi varo bununla bağlı müvafiq yerli dövlət orqanına müraciət edib. Həmin yerli orqan öz vəzifəsinin öhdəsindən gələ bilməyib və ya vəzifəsini yerinə yetirməyib. Bu halda da problemin həlli yolları bəllidir. Həmin orqanın tabe olduğu mərkəzi dövlət strukturlarına və ya məhkəmələrə müraciət etməklə bu problemlərin həllinə çalışmaq lazımdır. Amma biz bəzən bunun əksini müşahidə edirik. Müəyyən maraqlı dairələr ən xırda çatışmazlığı belə böyük bir problem kimi şişirdib bundan istifadə etməyə çalışırlar. Hətta belə hallar da olur ki, kimlərsə əlilləri, şəhid ailələrini buya başqa addımı atmağa istiqamətləndirir. Hesab edirik ki, bu kimi hallar yolverilməzdir. Əgər bir problem varsa, bunun ətrafında siyasi şou düzəltmək deyil, onun həllinə yardımçı olmaq lazımdır.

- Əlbəttə ki, dinindən, irqindən, sosial statusundan, vəzifəsindən asılı olmayaraq, istənilən vətəndaşın təhlükəsizliyinin, onun layiqli həyatının təmin olunması dövlətin əsas vəzifəsi və məqsədidir. Amma bəzən görürsən ki, vətəndaş özü öz həyatını heçə sayır və belə demək mümkünsə, öz həyatını şantaj predmetinə çevirir. Siz bu məsələ ilə bağlı nə düşünürsünüz?

- Şübhəsiz ki, bu kimi hallar döyüşçü adına şərəf gətirmir. Dövlət hər bir vətəndaşının qayğısına qalır, hər bir vətəndaşın probleminə diqqət göstərilir. Azərbaycanda həyata keçirilən sosial islahatlar bir çox dövlətlər üçün nümunədir. Amma çox təəssüflər olsun ki, bəzi insanlar kimlərinsə diktəsi ilə dövləti şantaj etmək yolunu tuturlar. Əlbəttə ki, bunlar cinayət tərkibli əməllərdir. Bu, statusundan asılı olmayaraq, heç kəsə baş ucalığı gətirmir. Həmin insanların atdıqları bu addımlar bizim düşmənlərimizi sevindirir, dərhal Azərbaycana qarşı kampaniya aparılır. Azərbaycanın yüksək sürətlə inkişaf etdiyi, ölkəmizin beynəlxalq nüfuzunun artdığı bir vaxtda hamılıqla Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə dəstək olmaq əvəzinə bu yolu tutmaq həmin şəxsə utanc gətirməlidir.

- Mehdi müəllim, keçmiş döyüşçü, ehtiyatda olan polkovnik kimi, istərdik, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı atılan addımlar haqqında danışaq. Müharibə iştirakçıları dövlətin bu istiqamətdə siyasətini necə qiymətləndirir?

- Təbii ki, bu gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycan dövlətinin qarşısında duran ən əsas məsələdir. Bu münaqişə təkcə ölkəmizin deyil, bütövlükdə regionda təhlükəsizliyi təhdid edən əsas faktorlardan biridir. Ona görə də, Azərbaycan dövləti bütün səylərini bu münaqişənin sülh yolu ilə həllinə yönəldib. Azərbaycanın tutduğu prinsipial mövqeyin və sərgilədiyi praqmatik siyasətin fonunda dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həllinin zəruri və qaçılmaz bir proses olduğunu hər zaman bəyan edirlər. Bir sıra beynəlxalq təşkilatlar tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həlli ilə bağlı fundamental və zəruri qətnamələr qəbul edilib. Amma hələ ki, bütün bunlar münaqişənin həlli istiqamətində yekun nəticənin əldə edilməsi-Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün kifayət etmir. Ona görə də, münaqişənin başqa üsullarla həlli variantları da hər an gündəmə gələ bilər və Azərbaycan dövləti bu ehtimallara hazırlıqlıdır. Bu gün Azərbaycan büdcəsi Ermənistan büdcəsindən 10 dəfə böyükdür, hərbi xərclər 10 dəfə çoxdur, əhali isə altı dəfə artıqdır. Dövlətimizin başçısının da bildirdiyi kimi, bu gün Ermənistan ilə Azərbaycan arasında müqayisə apardıqda bizim üstünlüyümüz hər bir sahədə açıq-aydın özünü büruzə verir. Azərbaycanın ən müasir silahtexnikalarla təchiz edilmiş, yüksək döyüş qabiliyyətinə malik Ordusu var. Bu ordu Cənubi Qafqazda ən güclü ordudur və istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir. Əlbəttə ki, bütün Qarabağ müharibəsi veteranları, keçmiş döyüşçülər Ali Baş Komandanın sadiq əsgərləridir. Biz ehtiyac olduğu anda Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşdə iştirak etməyə hazırıq.

 

Aqşin ŞAHİNOĞLU

Yeni Azərbaycan.-2014.- 19 fevral.- S.4.