“İslam dini sülh və əmin-amanlığı
tərənnüm edir”
Müasir dünya sivilizasiyası nə qədər inkişaf etsə, bir çox böyük elmi kəşflərə imza atsa da, mənəvi dünyanın əsas lokomotivi hər zaman dini-mənəvi dəyərlər sayılıb. Dini dəyərlərlə müasirliyin vəhdəti bəşəri tərəqqinin mühüm komponentlərindən biri hesab edilir. Bu vəhdət cəmiyyətin siyasi, sosial və mədəni inkişafında, münasibətlərin formalaşmasında zəmin rolu oynayacaq qədər böyük əhəmiyyətə malikdir.
Amma təbii olaraq dini sahədə də hələlik mövcud olan müəyyən problemlərin həllinə nail olunması istiqamətində davamlı fəaliyyət nümayiş etdirilir. Ölkəmizdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, o cümlədən, Qafqaz Müsəlmanları İdarəsi gənclərimizin, inanclı insanların fərqli istiqamətlərə yönləndirilməsinin qarşısını almaq, yalanı, radikalizmi, fərqli maraqları təbliğ edən cərəyanlardan kənarda olmasını təmin etmək üçün bütün gücünü sərf edir. Bəs, cəmiyyət olaraq biz bu problemin aradan qaldırılması üçün nələri etməliyik?
“Yeni Azərbaycan” qəzetində keçirilən “dəyirmi masa”nın mövzusu da məhz bununla əlaqədardır. “Dəyirmi masa”mızın qonaqları millət vəkili Azər Badamov, Bakı Dövlət Universitetinin dinlər tarixi müəllimi, ilahiyyatçı Saleh Kazımov, Məşədi Dadaş məscidinin imam-camaatı, “Mənəvi Dünya” İB-in sədri Hacı Şahin Həsənli və ilahiyyatçı Elşad Miridir.
(əvvəli 15.02.2014 tarixli sayımızda)
Azər Badamov: Son 100 ildən də artıq zaman kəsiyində imperiya siyasəti birmənalı şəkildə Azərbaycan xalqının milli-mənəvi dəyərlərini əlindən almağa çalışırdı. Hətta ali və orta məktəblərdə elmi ateizm təbliğ olunurdu. Amma nə qədər çalışsalar da buna nail ola blimədilər. Çünki milli-mənəvi dəyərlərə sevgi yüzillərlə, əsrlərlə formalaşıb. Bu, milli-mənəvi dəyərlər, İslami dəyərlər xalqımız tərəfindən çar imperiyası dövründə də, Sovet İttifaqı dövründə də qorundu, saxlanıldı. Müstəqillik əldə ediləndən sonra isə milli-mənəvi dəyərlərin, İslami dəyərlərin daha da geniş şəkildə təbliğ olunmasına münbit şərait yarandı. Elmi ateizm ləğv olundu. Ulu öndərimiz Heydər Əliyevin şəxsi təşəbbüsü ilə məscidlər bərpa olundu, dini tolerantlığın təminatı qanuni şəkildə təsbit edildi. Bu gün isə əsası Ümummilli liderimiz tərəfindən qoyulan siyasi kurs möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Amma xarici qüvvələrin səyi nəticəsində ölkəmizdə yaradılmasına çalışılan bir sıra problemlər var ki, onun həllinə nail olunması üçün cəmiyyətimiz müəyyən addımlar atmalıdır. Məsələn, mən istərdim ki, təhsil müəssisələrində İslam dini ilə bağlı dərs keçilsin, elmi maarifləndirmə aparılsın. Bu dərslər sayəsində də gənclərimizdə, şagirdlərimizdə əsl İslam, əsl İslami dəyərlər, İslam əxlaqı haqda fikirlər formalaşacaq. Digər tərəfdən, vurğulandı ki, nə üçün müsəlmanları terrorçu adlandırırlar. Əlbəttə ki, müsəlman dünyasının adına bu “etiketi” zorla yapışdırıblar. Çünki baxsaq dünyanın ən zəngin yeraltı və yerüstü sərvətlərə malik torpaqları müsəlmanların yaşadıqları coğrafi ərazilərdir. Müsəlmanları terrorçu adlandıran xarici qüvvələrin gözü, tamahı isə müsəlmanların həmin sərvətlərindədir.
Saleh Kazımov: Hörmətli millət vəkilimizlə razıyam. Mən Bakı Dövlət Universitetində uzun müddətdir ki, dinlər tarixi fənnini tədris edirəm. Magistratura bölümündə isə “Qurani-Kərim tarixi mənbə kimi” adlı fənn keçilir. Həmin fənlərin tədrisi gənclərimizdə olduqca böyük maraq doğurur, yüksək müsbət enerji formalaşdırır. “Qurani-Kərim”in əsas mövzuları olan humanizm, insana və digər canlılara, Allaha sevgi və şəfqətlə yanaşma prinsipləri önə çıxarılaraq öyrədilir. Bu isə insanlara bir daha təlqin edir ki, “Qurani-Kərim” heç də ölülər üçün olan kitab deyil. Əksinə, insanlarımıza hər an gərək olan bir dəyərdir. Çünki “Qurani-Kərim” hər an dəstəyini hiss edə biləcəyin bir dayaqdır. Amma təəssüf ki, bu tədris Bakı Dövlət Universitetinin Tarix fakültəsi ilə məhdudlaşır. Yəni, bu fənnin digər fakültələrdə də tədrisinə ehtiyac var. Hətta başqa universitetlərdə, özəl təhsil müəssisələrində bu və ya buna bənzər fənlər tədris olunsa gənclərimiz əsl İslami dəyərlərlə yaxından tanış olmaq imkanı qazanarlar.
- Son günlərdə Azərbaycandan Suriyaya döyüşməyə gedənlərlə bağlı müəyyən müzakirələr oldu və ölkə parlamenti də bu mövzuya münasibət bildirdi. Bu məsələnin bir də dini tərəfi müzakirə predmetinə çevrilib. İstərdik bu məsələyə münasibət bildirəsiniz.
Hacı Şahin Həsənli: Bu gün gənclər arasında dini dəyərlərə maraq günü-gündən artır. Bunu məscidə gələn insanların sayına da baxdıqda görmək mümkündür. Mən də o fikirdəyəm ki, dini dəyərlərin təbliğinə geniş yer ayırmalıyıq. Bu gün həmin şərait mövcuddur. Heç bir məhdudiyyət yoxdur. Amma təhsil ocaqlarında və ya başqa yerlərdə şagirdlər dini dəyərlərin təbliğini ziyalının dilindən eşitməlidirlər. Ziyalılarımız dini dəyərlərimizə sahib çıxmalıdır. İstər orta məktəblərdə, istərsə də kütləvi informasiya vasitələrində əsrlərlə qoruyub saxladığımız dini dəyərlərimiz Azərbaycanın dövlət maraqları nəzərə alınaraq təbliğ olunmalı, müasir dildə insanlarımıza aşılanmalıdır. Bunun üçün isə istər BDU-nun İlahiyyat fakültəsində, istər İslam Universitetində mütəxəssislər yetişdirilməlidir. Kadr potensialı olmadan bu məsələlər öz həllini tapmayacaq. Hər bir halda mən məsələlərin həllini maarifləndirmədə görürəm. Biz bayaq “Qurani-Kərim”dən kontekstdən çıxarılan ayələr məsələsinə toxunmuşduq. Məsələn, belə bir ayə var ki, orada deyilir öldürün, döyüşün. Bu ayələr kontekstdən çıxarıldıqda hansısa zorakılığa təşviq edən ayələr hesab edilə bilər. Amma “Qurani-Kərim”də sizinlə döyüşənlərlə döyüşün məntiqi ortaya qoyulur. Əgər bizim torpaqlarımız təcavüzə məruz qalıbsa, ilahi dəyərlərə təcavüz edilirsə, xalq öz torpağını, hüquqlarını, dəyərlərini qorumalıdır. Bu uğurda öldürülən insanlar isə şəhid hesab edilə bilər. Amma kimlərsə bundan sui-istifadə edib, bu ayələri qabardaraq Azərbaycan gənclərini Suriyaya, başqa ölkələrə yollayır, bu müharibəni “müqəddəs savaş” adlandırır. Gənclərin bu cür qruplaşmalara qoşulmasının qarşısı alınmalıdır.
Saleh Kazımov: Mən də razıyam ki, düzgün dini dəyərlərin təbliği orta məktəbdən başlamalıdır. Fikrimcə, müasir dövrümüzdə bu tədris fənninin, hətta ibtidai siniflərdən keçilməsinə ehtiyac var. Həmin fənni tədris edən mütəxəssislər də birmənalı şəkildə dövlətinə, millətinə və dininə bağlı şəxslər olmalıdırlar. BDU-nun İlahiyyət fakültəsindən ildə 30-40 nəfər məzun olur. Say etibarı ilə bunlar tam olaraq yaranan tələbatı ödəməsə də, problemin həlli yönündə dönüş etməyə imkan verir. Bu məzunlar, o cümlədən İslam Universitetindən məzun olan insanlar dinimizi Azərbycanın dövlət maraqları nöqteyi-nəzərdə təbliğ etməlidir. Məsələn, gedib Mədinədə, Şamda və ya başqa ölkədə təhsil alan şəxslər üzərlərində müəyyən qədər də olsa həmin ölkənin təsirlərini daşıyacaqlar.
- Bəs, qeyd edilən radikal qruplaşmalar insanları nə ilə özlərinə cəlb edirlər? Yəni, onların “cənnət vədi”nə inanaraq həmin “müqəddəs savaşa” gedənlər tapılırmı? Bunun qarşısını almaq üçün cəmiyyətimiz hansı addımları atmalıdır?
Elşad Miri: İlk olaraq qeyd edim ki, İslamda müqəddəslik Allaha məxsusdur. Səlib yürüşləri zamanı “müqəddəs savaş” terminindən istifadə edilib. O vaxt onlar Qüdsə gedərək guya Tanrının oğlunu qorumaq məqsədi ilə apardıqları savaşı müqəddəs savaş adlandırırdılar ki, bu da, insanların kütlə psixologiyasından din adı altında bir araya yığmaq məqsədi daşıyırdı. O ki qaldı “cihad” məsələsinə, bu tamam fərqli bir kontekstdir. “Qurani-Kərim”də Allah buyurur ki, “Quranlı cihad elə”. Yəni, bu o deməkdir ki, “Qurani-Kərim”lə maarifləndirmə apar. “Qurani-Kərim”in ilk sözü “oxu”dur. Oxumaq demək bütün kainatı oxumağı bacarmaqdır. Həqiqətən biz orta məktəb şagirdlərinə dini elmləri öyrətsək, onlara dünyəvi elmlərlə “Qurani-Kərim”in bağlılığını izah edə bilsək və bunun öyrənilməsinin onlara savab qazandırdığını anlatsaq, çox şeyə nail ola bilərik. Bütün bunları öyrənən gənclərimiz isə görəcək ki, “Qurani-Kərim” heç də VII əsrdən qalmış sadəcə bir kitab deyil, eyni zamanda, bizim müasirimizdir.
- Səsləndirilən fikirlərdən ümumi qənaət belə oldu ki, problemlərin həllində əsas və ilkin şərt maarifləndirmədir. Bununla yanaşı, yas mərasimlərində “Qurani-Kərim”in Azərbaycan dilində oxunması ilə bağlı təkliflər səsləndirilir. Sizlərin bu məsələyə münasibətiniz necədir?
Azər Badamov: Təbii ki, “Qurani-Kərim” ərəb dilində yazıldığı üçün o kitabı oxuyan və ya oxunana qulaq asan insanların böyük bir qismi mahiyyətini dərk edə bilmir. Əgər yas mərasimlərində və ya ümumilikdə “Qurani-Kərim”in Azərbaycan dilində oxunuşu təmin olunarsa, bu böyük bir addım sayıla bilər. Çünki insanlarımız bu kitabda əks olunan yüksək əxlaqi, yaşam tərzini özündə əks etdirən fikirlərlə yaxından tanış olar. Bu da cəmiyyətimizdə mənəvi baxımdan yüksək inkişafa yol açar, dini maarifləndirmənin, əsl İslamın təbliğinə yaxından köməklik etmiş olar.
Hacı Şahin Həsənli: Biz də “Qurani-Kərim”in Azərbaycan dilində səsləndirilməsinin tərəfdarıyıq. Din xadimləri məclislərdə “Qurani-Kərim”in ayələrinin öz dilimizdə təfsir etsinlər. İlahiyyatçılarımızın biliklərinin təkmilləşdirilməsi istiqamətində də işlər aparılır. Bu yaxınlarda Dini Qurumlarla iş Üzrə Dövlət Komitəsində bu məsələyə həsr edilmiş treninqlər keçirildi, mən də orada iştirak etdim. Belə tədbirlər çox faydalıdır və düşünürəm ki, dövlət komitəsi tərəfindən bu kimi addımlar davamlı xarakter almalıdır. Burada həm milli maraqlarımıza zidd olan cərəyanlara qarşı hansı mövqedən çıxış etmək, din-dövlət münasibətləri ilə bağlı faydalı fikirlər səsləndirilir.
Saleh Kazımov: Bir müddət öncə bölgələrdə toplantılar keçirildi. Oraya ilahiyyat sahəsində kifayət qədər tanınmış insanlar dəvət olunmuşdular. Bu gün “Qurani-Kərim”in ərəb dilində oxunmasına can atılması bir sıra din xadimlərinin biliyinin geniş olmamasından irəli gəlir. Məsələn, kiçik surələri əzbərləyirlər və ondan başqa deyəcək bir sözləri olmur. Əlbəttə ki, din xadimləri surələri ərəb dilində oxusunlar, amma öz dilimizdə onun şərhini insanlarımıza izah etsinlər.
Elşad Miri: Biz bu istiqamətdə bir layihəyə başlamışıq. Artıq onlayn şəkildə kitab hazırlanır. Bu kitablar internet vasitəsilə bütün sistemlər üçün işlənəcək. Həmin kitabda, hətta tərcümə olunan surələrdə adları çəkilənlər haqqında da məlumatlar yer alacaq. Yəni, bu layihə olduqca geniş bir izahı özündə birləşdirəcək. “Qurani-Kərim”in ərəb dilində gəlməsi ərəb dilinin müqəddəsliyi ilə bağlı deyil. Hər bir peyğəmbər öz tayfasının dilində danışıb. Mən də bildirirəm ki, “Qurani-Kərim”in tərcümələri var, indiki mərhələdə izahlı şəkildə bu insanlara çatdırılmalıdır.
Pərviz SADAYOĞLU
Yeni Azərbaycan.-2014.- 19 fevral.- S.5.