Azərbaycan
ilə Serbiya arasında ikitərəfli
münasibətlərin inkişafı yüksək səviyyədədir
İndiyədək ölkələrimiz arasında 20-dən artıq sənəd imzalanıb
Xəbər verildiyi kimi, fevralın 17-də Serbiyanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Dövlətçilik günü münasibətilə rəsmi qəbul təşkil edib. Tədbirdə çıxış edən Serbiyanın Azərbaycandakı səfiri Zoran Vayoviç ölkəsinin keçdiyi inkişaf yolundan danışıb, siyasi, iqtisadi və digər sahələrdə böyük uğurlar əldə olunduğunu deyib. Diplomat həmçinin, Azərbaycan ilə Serbiya arasında ənənəvi dostluq münasibətlərinin hazırkı səviyyəsindən məmnunluğunu bildirib, ölkələrimizin siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrinin inkişaf etdiyini vurğulayıb. Zoran Vayoviç qeyd edib ki, Azərbaycan ilə Serbiya arasında diplomatik əlaqələrin tarixi 1997-ci ildən başlayır. Hazırda Azərbaycan-Serbiya münasibətlərinin yüksək səviyyədə olduğunu deyən səfir hər iki ölkənin prezidentlərinin qarşılıqlı səfərlərinin bu əlaqələrin inkişafına şərait yaratdığını diqqətə çatdırıb. Qeyd edilib ki, indiyədək ölkələrimiz arasında 20-dən artıq sənəd imzalanıb. Azərbaycan və Serbiya demokratiya, bazar iqtisadiyyatı, insan haqları və qanunun aliliyi ilə bağlı təməl dəyərlərə və prinsiplərə sadiqdir.
Tədbirdə iştirak edən İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev əlamətdar gün münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin təbriklərini və ən xoş arzularını çatdırıb. Azərbaycan-Serbiya münasibətlərinin inkişaf etdiyini deyən nazir vurğulayıb ki, bu əməkdaşlıq strateji tərəfdaşlıq və dostluq münasibətlərinə əsaslanır. Bildirilib ki, siyasi və iqtisadi münasibətlərin yüksələn xətlə inkişaf etməsi hər iki ölkənin dövlət başçılarının bu tərəfdaşlığa verdiyi önəmdən irəli gəlir. Diqqətə çatdırıb ki, Azərbaycan ilə Serbiya arasında ənənəvi dostluğa və əməkdaşlığa söykənən münasibətlər bundan sonra da ikitərəfli əlaqələrin inkişafına və möhkəmlənməsinə təkan verəcək, xalqlarımızın mənafelərinə xidmət edəcək.
Ümumiyyətlə, müstəqillik əldə etdikdən sonra Azərbaycan dünyanın bütün ölkələri ilə, xüsusən, yaxın Balkan ölkələrilə dinc və mehriban qonşuluq münasibətlərinə əsaslanan xarici siyasət xətti yürütməyə başlayıb. Bu siyasi kursda Serbiya ilə münasibətlər xüsusi yer tutur. Təsadüfi deyil ki, 2011-ci il iyunun 9-da Prezident İlham Əliyev Serbiyaya səfəri çərçivəsində Prezident Boris Tadiçin iştirakı ilə Novi Sad şəhərində dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin büstünün açılışında iştirakı zamanı Serbiya-Azərbaycan strateji tərəfdaşlıq əlaqələrinin daha da möhkəmlənməsindən məmnun olduğunu bəyan edib: “Əminəm ki, əldə edilmiş bütün razılaşmalar tezliklə reallaşacaq və Serbiya Balkanlarda, Azərbaycan isə Qafqazda və Xəzər hövzəsində regional əməkdaşlığın dərinləşməsi üçün birgə səylərini göstərəcəklər”.
Öz növbəsində Serbiya Prezidentı Boris Tadiç ölkələrimiz arasında əməkdaşlığın yeni qaz boru kəmərinin çəkilməsi, enerji təhlükəsizliyinin təmin edilməsi, Serbiyaya enerji daşıyıcılarının gətirilməsi, şaxələndirmənin təmin edilməsi ilə məhdudlaşmadığını bildirib. O deyib ki, iki ölkə arasında görüləcək, həyata keçiriləcək bir çox ümumi layihələri var: “Bu layihələrin nəticələri artıq göz qabağındadır. Gördüyünüz kimi, biz dünən Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin abidəsinin açılışında iştirak etdik. Həmçinin bildiyiniz kimi, Serbiyanın dahi yazıçısı Milorad Paviçin də abidəsi həmin abidənin yanında ucaldıldı. Bir sözlə, atılan bütün bu addımlar ölkələrimiz arasında əməkdaşlıq və dostluq əlaqələrini daha da gücləndirir”.
Həmçinin, hər iki ölkənin çox ağrılı problemlərlə üzləşdiyini vurğulayan Serbiya prezidenti bildirib ki, Kosovo və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemlərinin olmasına baxmayaraq, biz irəliyə doğru addımlarımızı davam etdirməliyik: “Təbii ki, mədəniyyət sahəsində yeni layihələr həyata keçirilməlidir, yeni abidələr açılmalıdır. Bütün bunlar bizi daha da yaxınlaşdırır. Dövlət başçıları arasında mövcud olan şəxsi dostluq münasibətləri ölkələr və xalqlar arasında dostluq münasibətlərinin daha da gücləndirilməsinə müsbət təsir göstərir. Hesab edirik ki, biz ölkələrimiz arasında böyük iqtisadi əməkdaşlığı daha da yüksək səviyyəyə qaldıra bilərik. Bizim ümumi amalımız, məqsədimiz məhz hər iki ölkədə xalqın güzəranını, həyat səviyyəsini daha da yaxşılaşdırmaq və xalqlarımızın gördüyümüz bütün bu işlərdən daha çox fayda götürməsini təmin etməkdən ibarətdir”.
Qeyd edək ki, keçmiş Yuqoslaviya Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 31-də tanıyıb, Serbiya və Monteneqro İttifaqı ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlər isə 21 avqust 1997-ci ildə qurulub. 2010-cu ilin 25 mart tarixində Azərbaycan Respublikasının Serbiya Respublikasında səfiri təyin edilən diplomatın etimadnaməsi Serbiya Prezidentinə təqdim olunub. Serbiya Azərbaycanda iqamətgahı Türkiyədə olan səfirlik vasitəsilə təmsil olunurdu. 2011-ci ilin fevral ayında Serbiyanın Azərbaycanda müvəqqəti işlər vəkili fəaliyyətə başlayıb. Serbiyanın Azərbaycana təyin olunmuş səfir Zoran Vajoviç 26 may 2011-ci il tarixində etimadnaməsini Azərbaycan Prezidentinə təqdim edib.
Bundan əlavə, 2011-ci ilin 8 aprel tarixində Milli Məclisdə təsdiq edilmiş Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Serbiya Parlamentində 20 deputatdan ibarət Serbiya-Azərbaycan parlamentlərarası dostluq qrupu yaradılıb. Azərbaycanla Serbiya arasında indiyədək 24 sənəd imzalanıb.
2010-cu ilin iyun ayında Belqrad şəhərində Azərbaycan Mədəniyyət Mərkəzi yaradılıb. 2011-ci ildə Azərbaycan Hökumətinin dəstəyi ilə Belqraddakı “Taşmaydan parkı” yenidən qurulub və abadlaşdırılıb. Parkda Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev və görkəmli serb yazıçısı Milorad Paviçin heykəlləri ucaldılıb. Bununla yanaşı, Prezident İlham Əliyevin şəxsi göstərişi və Azərbaycan Hökumətinin dəstəyi ilə 2011-2012-ci illərdə Belqraddakı “Bayraklı Cami” məscidinin təmiri və bərpası, Novi Sad şəhərində “Müqəddəs Petka” kilsənin tikintisi və təmiri, həmçinin, Novi Pazar şəhərində Mədəniyyət Mərkəzinin təmiri həyata keçirilib. 7-9 fevral 2013-cü ildə Serbiya Respublikasının Prezidenti Tomislav Nikoloçin Azərbaycana rəsmi səfəri zamanı Bakıda görkəmli serb alimi, fizik Nikola Teslanın abidəsinin rəsmi açılışı olub. İki ölkə rəsmilərinin qarşılıqlı səfərləri də ölkələrarası münasibətlərin möhkəmlənməsinə əhəmiyyətli təsir edib. Ölkə rəsmilərinin qarşılıqlı səfərləri çərçivəsində keçirilən görüşlər, səmərəli müzakirələr, eləcə də, əldə edilən razılaşmalar iki dövlət arasında ticari-iqtisadi əlaqələrin genişlənməsinə, yeni əməkdaşlıq imkanlarının yaranmasına və qarşıya qoyulan məqsədlərin həyata keçirilməsinə töhfə verir.
Yeri gəlmişkən, Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 17-də Serbiya Respublikasına rəsmi səfər edib. Zakir Həsənov Serbiyanın müdafiə naziri Neboyşa Rodiç və Baş nazirin birinci müavini Aleksandar Vuçiç ilə görüşüb, Serbiyanın Müdafiə Universitetində olub. Görüşlərdə ikitərəfli əməkdaşlığın perspektivləri, beynəlxalq və regional təhlükəsizlik məsələləri barədə müzakirələr aparılıb.
Müdafiə nazirləri Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlığa dair Saziş imzalayıblar.
Eyni zamanda, Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Serbiya Müdafiə Nazirliyinin və Azərbaycanın Serbiyadakı səfirliyinin əməkdaşları ilə birlikdə Belqrad şəhərində Azərbaycan hökumətinin dəstəyi ilə təmir olunan “Taşmaydan parkı”na gələrək Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin, Serbiya xalqının görkəmli yazıçısı Milorad Paviçin, eləcə də 1999-cu il bombardmanları zamanı həlak olmuş uşaqların xatirəsinə ucaldılmış abidələrin önünə əklil qoyublar.
2013-cü il oktyabrın 31-də Prezident İlham Əliyev Serbiya Respublikasının keçmiş prezidenti Boris Tadiçi qəbul edib. Serbiya Respublikasının keçmiş prezidenti yenidən Prezident seçilməsi münasibətilə dövlətimizin başçısını təbrik edib. Görüşdə III Bakı Beynəlxalq Humanitar Forumunun ölkələr və xalqlar arasında dialoqun genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb. Söhbət zamanı Azərbaycan ilə Serbiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.
Hazırda Serbiya ilə Azərbaycan arasında həm də çox sıx ticari-iqtisadi əməkdaşıq mövcuddur. Qeyd edək ki, 7 iyun 2011-ci ildə Azərbaycan-Serbiya Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyası yaradılıb. Komissiyanın indiyədək 2 iclası keçirilib. Son iclas 26-27 noyabr 2012-ci ildə Bakı şəhərində baş tutub. İki ölkə arasında indiyədək 5 Biznes Forum keçirilib.
Eyni zamanda, Serbiyada 2010-cu ildə Serbiya-Azərbaycan Ticarət Palatası təsis edilib. 2013-cü ilin martında Azərbaycanın “AzVirt” şirkəti Serbiyada “11-ci dəhliz” avtomobil yolunun Lyiq-Prelyina hissəsinin tikintisinə başlayıb.
2012-ci ildə Azərbaycan Respublikasının Serbiya Respublikası ilə ticarət dövriyyəsinin həcmi 22,37 mln. ABŞ dolları təşkil edib. 2012-ci ildə Serbiya Respublikasının Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsindəki payı 0,07 faiz təşkil edib. 2011-ci illə müqayisədə, 2012-ci ildə Serbiya Respublikası ilə ticarət dövriyyəsi 8,08 dəfə artıb.
Sevinc NURİYEVA
Yeni Azərbaycan.-2014.- 16 fevral.- S.8.