Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Azərbaycanla münasibətlərə böyük önəm verir

 

Ölkəmizlə qurum arasındakı əməkdaşlığın perspektivləri müzakirə olunub

Xəbər verildiyi kimi, fevralın 18-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) baş katibi Viktor Tvirkun ilə görüşüb. Görüşdə Azərbaycan ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı arasında münasibətlərin hazırkı səviyyəsi və əməkdaşlığın perspektivləri müzakirə olunub. Viktor Tsvirkun Elmar Məmmədyarova təşkilatın gündəliyində duran məsələlər haqqında məlumat verib, bu quruma göstərdiyi dəstəyə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib.

Elmar Məmmədyarov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibinə Azərbaycanın təşəbbüsü ilə regionda həyata keçirilən irimiqyaslı layihələr, o cümlədən, Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsi barədə məlumat verib. Nazir, həmçinin Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) fəaliyyəti, qurumun həyata keçirdiyi layihələr haqqında danışıb.

Öz növbəsində iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda səfərdə olan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Viktor Tvirkun ilə görüşüb. İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, görüşdə nazir Şahin Mustafayev Azərbaycanın beynəlxalq təşkilatlarla, o cümlədən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini qeyd edib. Bildirilib ki, ölkəmiz Qara Dəniz Ticarət və İnkişaf Bankı və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Biznes Şurası ilə uğurlu əməkdaşlıq edirişçi qruplarda təmsil olunur.

Nazir Azərbaycanın etibarlı tərəfdaş, regionun iqtisadi və mədəni mərkəzi olduğunu vurğulayıb, ölkəmizdəki siyasimakroiqtisadi sabitliyi, investorlar üçün əlverişli şərait yaradıldığını diqqətə çatdırıb. Ölkəmizin regionda həyata keçirilən layihələrin təşəbbüskarı və əsas iştirakçısı olduğunu qeyd edən Şahin Mustafayev Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin regionun enerji xəritəsini zənginləşdirdiyini, Xəzər dənizinin təbii ehtiyatlarının Avropaya nəqlinə şərait yaratdığını, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin Azərbaycanın tranzit potensialını genişləndirəcəyini bildirib.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Viktor Tvirkun təmsil etdiyi qurumun Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini, qarşılıqlı əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini vurğulayıb, təşkilatın fəaliyyəti barədə ətraflı məlumat verib.

Görüşdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Ümumiyyətlə, müstəqil Azərbaycan dövləti bu gün dünyanın bütün ölkələri, o cümlədən, nüfuzlu beynəlxalq təşkilatlarla ikitərəfli əlaqələr yaradıb və münasibətlərin yüksələn xətlə inkişafına xüsusi önəm verir. Qarşılıqlı maraqlar çərçivəsində tənzimlənən əməkdaşlıq həm də ölkəmizin dünyaya inteqrasiya prosesini sürətləndirir. Müstəqil Azərbaycan dövlətinin banisi, Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışı nəticəsində ölkəmizdə siyasi sabitliyin, iqtisadi inkişafın əsasının qoyulması ilə yanaşı, beynəlxalq əlaqələrin qurulmasında, inkişaf etdirilməsində əhəmiyyətli dönüş yaranıb. Məhz Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, iqtisadi münasibətlərin formalaşdırılması, o cümlədən, siyasi əlaqələrin daha da gücləndirilməsi baxımından beynəlxalq aləmlə münasibətlərin yaranması olduqca mühüm idiUlu öndər Heydər Əliyevin səyi, həmçinin, iradəsi nəticəsində bu münasibətlər qarşılıqlı etibar, etimadanlaşma prinsipləri üzərində qurulub.

Hazırda Azərbaycan Respublikası 1992-ci ildən üzvü olduğu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ilə də fəal əməkdaşlıq edir. Məlumat üçün bildirək ki, təşkilat 25 iyun 1992-ci il tarixində İstanbulda Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Gürcüstan, Yunanıstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə və Ukraynanın dövlət və ya hökumət başçıları tərəfindən Qara Dəniz İqtisadi Əməkdaşlığı üzrə Zirvə Bəyannaməsinin (sonradan İstanbul Bəyannaməsi kimi istinad edilir) imzalanması ilə yaranıb. İstanbul Bəyannaməsi ilə bərabər 25 iyun 1992-ci il tarixində 11 ölkənin dövlət və hökumət başçıları tərəfindən Bosfor Bəyanatı da imzalanıb. İstanbul Bəyannaməsi Qara Dəniz Əməkdaşlığının prinsiplərini, əsaslarını, istiqamətlərini və ilkin mexanizmlərini təsbit edir. Bosfor Bəyanatı isə İstanbul Bəyannaməsinin və Qara Dəniz Əməkdaşlığı təşəbbüsünün vacibliyini ümumi cizgilərdə qeyd edir.

5 iyun 1998-ci il tarixində Yalta şəhərində iştirakçı dövlət və hökumət başçıları tərəfindən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Nizamnaməsinin imzalanması və sənədin 1999-cu ildə qüvvəyə minməsi ilə əməkdaşlıq mexanizmi təşkilat statusu alıb. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yarandığı dövrdən bölgənin digər ölkələrinin diqqətini cəlb edir. Bu da öz növbəsində təşkilatın müəyyən nüfuza malik olduğunu sübut edir.

Üzv ölkələrin koordinasiyası QDİƏT-in Daimi Beynəlxalq Katibliyi tərəfindən həyata keçirilir. Katiblik İstanbul şəhərində yerləşir, vəzifəsi QDİƏT-in işinin təşkilati cəhətdən təmin edilməsidir. QDİƏT-in Daimi Beynəlxalq Katibliyinin Baş katibi vəzifəsi 3 illik müddət üçün (yenidən seçilmək hüququ ilə) nəzərdə tutulur. Eyni zamanda, qeyd etmək lazımdır ki, QDİƏT Xarici İşlər Nazirləri Şurasının 30 aprel 2004-cü il tarixində Bakıda keçirilmiş X iclasında Azərbaycan Respublikasının nümayəndəsi Baş katibin müavini vəzifəsinə seçilib.

Təşkilatın ali orqanı Xarici İşlər Nazirləri Şurasıdır (XİNŞ). Şura təşkilatın əsas qərarverici orqanıdır. Şuranın iclasları 6 ayda bir dəfədən az olmayaraq, əməkdaşlığın nəticələrinin təhlili və yeni vəzifələrin müəyyənləşdirilməsi məqsədilə keçirilir. Hər üzv ölkə 6 ay müddətində təşkilata sədrlik edir və sədrlik müddətinin sonunda öz ölkəsinin ərazisində XİNŞ-in iclasını keçirir. Müvafiq ölkənin xarici işlər naziri sədrlik etdiyi dövrdə QDİƏT-in fəaliyyətinin ümumi koordinasiyasını həyata keçirir.

QDİƏT çərçivəsində vacib orqanlardan biri də QDİƏT üzv ölkələrinin Xarici İşlər nazirliklərini təmsil edən Yüksək Vəzifəli Şəxslər Komitəsidir. Komitənin vəzifələrinə Köməkçi Orqanların fəaliyyətlərini nəzərdən keçirmək, Şuranın qərarlarının və tövsiyələrinin həyata keçirilməsini dəyərləndirmək, həmçinin, müvafiq təkliflərin Şuraya təqdim edilməsi daxildir. Eyni zamanda, Komitə, ümumiyyətlə, QDİƏT çərçivəsində əməkdaşlığın inkişafına təşkilati baxımdan nəzarət etməlidir. Komitə QDİƏT-in illik büdcəsini Şuranın təsdiqinə təqdim edir. Adətən, Komitənin iclasları bilavasitə Şuranın İclaslarından öncə baş tutur. QDİƏT-in fəaliyyəti əsasən İşçi Qruplar vasitəsilə həyata keçirilir.

Qara dəniz regionunda xüsusi rola malik olan respublikamızın QDİƏT-də iştirakının əsas məqsədi təşkilatın əhatə etdiyi regionda rolunu daha da möhkəmləndirmək, bölgəyə proqressiv qurucu münasibət bəslədiyini göstərmək, Avropaya inteqrasiya siyasətini həyata keçirmək, Qara dəniz bölgəsindən nəqli ehtiva edən Qərbyönümlü neft strategiyasının davamlılığını təmin etmək və Azərbaycanın tranzit potensialını gücləndirmək, regionun aparıcı dövlətləri ilə (Türkiyə, Yunanıstan, Ukrayna, Rumıniya, Rusiyas.) çoxtərəfli tərəfdaşlıq mexanizmi qurmaq, bununla da, strateji maraqlarımızı qoruyub-inkişaf etdirməkdir. Azərbaycan tərəfindən təşkilat çərçivəsində indiyədək fəal sədrlik proqramı tərtib edilib və reallaşdırılıb.

Belə ki, Azərbaycan Respublikasının müqayisəli üstünlüklərə malik olduğu sahələr üzrə - enerji (18-19 sentyabr 2003-cü il), nəqliyyat (1-3 oktyabr 2003-cü il), turizm (25-26 sentyabr 2003-cü il) - nazir səviyyəsində Bakıda iclaslar təşkil edilib və ekspertlər səviyyəsində bir sıra görüşlər keçirilib. Həmçinin, Azərbaycan Respublikası Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının yaradılmasının ilk mərhələsindən başlayaraq, təşkilatın fəaliyyətində, Bosfor Bəyanatı və İstanbul Bəyannaməsinin hazırlanmasında iştirak edib.

Qeyd edək ki, Azərbaycan Respublikası ilk dəfə olaraq 2003-cü ilin mayında 6 aylıq Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında sədrliyi öz üzərinə götürüb. Həmin ilin oktyabrında Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında sədrlik müddətinin bitməsinə baxmayaraq, üzv dövlətlərin xahişi ilə Azərbaycan ikinci dəfə sədrliyə (2003-cü il oktyabr - 2004-cü il aprel) başlayıb. İkinci sədrlik müddətində də Azərbaycan Respublikası bir sıra əhəmiyyətli tədbirlərin keçirilməsinin fəal təşəbbüskarı olub. İlk sədrliyi dövründə Bakı iki dəfə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) IX və XI iclaslarına ev sahibliyi edib. Respublikamızın sədrliyi dövründə SerbiyaMonteneqro tərəfindən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Əsasnaməsi 2004-cü ilin aprelində ratifikasiya edilib və təşkilatın üzv dövlətlərinin sayı 11-dən 12-yə çatıb.

Bütövlükdə, demək olar ki, Azərbaycan QDİƏT-də sədrliyi təhvil aldığı zaman təşkilatın gələcək inkişafı üçün vacib olan və təcili həllini tələb edən bir sıra məsələləri gündəmə gətirib. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının inkişaf etməsi, həm regional, həm də qlobal səviyyədə geniş siyasiiqtisadi dəyişikliklərin baş verməsi təşkilatın institusional gücləndirilməsi məsələsinin aktuallığını daha da artırır. Belə ki, qeyd olunan dəyişikliklərin gətirdiyi təhdidlərə cavab vermək, daxili tərəqqini təmin etmək məqsədi ilə idarə edilmə, əlaqələndirmə, qərarvermə baxımından təşkilat daxilində islahatların həyata keçirilməsi xüsusi məna kəsb edir. Bu cür islahatların aparılması Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının fəaliyyətinin müvəffəqiyyətinə, qarşıda duran vəzifələrin öhdəsindən gəlmə qabiliyyətinə bilavasitə təsir edir. Azərbaycan sədrliyi dövründə bir sıra iclaslar təşkil edərək bu məsələləri gündəmə gətirib. Xarici İşlər Nazirliyi tərəfindən məsələ üzrə xüsusi İşçi Sənəd hazırlanıb. Sənəd Azərbaycanın regional əməkdaşlığa konstruktiv yanaşmasını təcəssüm edərək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının inkişaf perspektivlərini konseptual olaraq təhlil edirBaş katibin və yüksək vəzifəli şəxslər Komitəsinin səlahiyyətlərinin artırılması, katibliyin professional tərkibinin keyfiyyətinin, əlaqələndirici ölkə və İşçi Qrupları institutunun gücləndirilməsi, qərar qəbuletmə mexanizminin təkmilləşdirilməsi və digər konkret məsələləri əks etdirir.

Digər tərəfdən, sədrliyi dövründə Azərbaycan dövləti həm də Qara dəniz regionunda ticarətin asanlaşdırılması, ortakiçik sahibkarlığın inkişafı məsələlərinə də xüsusi önəm verib. Ticarətin dövriyyəsini asanlaşdırmaq məqsədilə regionda adamları və peşəkar sürücülər üçün viza məsələlərinin sadələşdirilməsi üzrə iki saziş layihəsi, qeyri-tarif maneələrinin aradan qaldırılması kimi məsələlər QDİƏT-in müxtəlif İşçi Qruplarında müzakirə edilib. Sözügedən məsələ ilə əlaqədar Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə QDİƏT çərçivəsində həyata keçirilən layihənin xüsusi əhəmiyyəti qeyd olunmalıdır. Layihənin nəticəsi kimi regionda ticarətin asanlaşdırılmasına yönəldilmiş tövsiyələr hazırlanaraq üzv dövlətlərə təqdim edilib.

Eyni zamanda, sədrliyi dövründə regionda kiçikorta sahibkarlığın inkişaf etdirilməsi və dövlətlərin bu işdə rolunu müzakirə etmək məqsədilə, Azərbaycan tərəfinin təşəbbüsü ilə xüsusi olaraq bir sıra iclaslar - QDİƏT KOM-lar üzrə İşçi Qrupuseminarlar təşkil edilib. Həmçinin, FAO ilə əlavə - Qafqazda arıçılığın inkişaf etdirilməsi üzrə yeni layihənin təməli qoyulub. Azərbaycan bu layihədə iştirak etmək üçün FAO-ya müraciət edib.

Respublikamızın sədrliyi dövründə Layihə İnkişaf Fondunun fəaliyyətinə də təkan verilib. Bu dövr ərzində Azərbaycan, Yunanıstan, Rumıniya, Rusiya və Türkiyə kimi dövlətlər könüllü olaraq Fonda öz töhfələrini köçürüblər. Sədrlik müddəti ərzində Fondun İdarəedici Komitəsi ilk və əlavə iki toplantısını keçirib, QDİƏT-in İşçi Qrupları layihələrin hazırlanması istiqamətində fəaliyyətə başlayıblar. Qeyd edək ki, Fondun təsis edilməsi 2004-cü ildə QDİƏT-in ən vacib nailiyyətlərindən biri hesab edilir. Fond regional əməkdaşlığı təşviq edəcək layihələrin maliyyələşdirilməsi üçün üzv dövlətlərin könüllü ianələri (30 min ABŞ dolları) əsasında yaradılıb.

Qara dəniz regionunun bilavasitə karbohidrogen ehtiyatları ilə əlaqədar olduğunu nəzərə alaraq və bölgənin bu strateji üstünlüyünün həm Azərbaycan, həm də ümumregion maraqları naminə inkişaf etdirmək məqsədilə respublikamız QDİƏT-in Nəqliyyat və Enerji üzrə İşçi qruplarında əlaqələndiriciliyi iki il müddətinə öz üzərinə götürüb. Bu əlaqələndiriciliyin yerinə yetirilməsi məqsədilə Bakıda sədrliyimizin iki vacib tədbiri, enerji və nəqliyyat nazirlərinin iclasları həyata keçirilib. Hər iki tədbir çərçivəsində birgə Bakı Bəyannaməsi qəbul edilib.

Qeyd etmək lazımdır ki, sədrliyi dövründə Azərbaycan dövlətinin diqqət mərkəzində olan digər əməkdaşlıq sahəsi turizm olub. Məlumdur ki, bütövlükdə Qara dəniz regionu və eləcə də, Azərbaycan turizmin bütün sahələrinin inkişafı üçün böyük potensiala malikdir. Bu imkanlardan istifadə və turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Bakıda (25 sentyabr 2003-cü il) daha bir yüksək səviyyəli tədbir - QDİƏT regionunda turizm imkanlarına həsr edilmiş konfrans keçirilib. Tədbirin nəticəsi kimi sahənin inkişafına yönəldilmiş tövsiyələri əks etdirən yekun sənəd qəbul edilib. Bununla yanaşı, tədbirlər çərçivəsində QDİƏT-in müxtəlif bölgələrində turizm üzrə seminarlar təşkil edilib.

Azərbaycan, həmçinin, Qara dəniz regionunun inkişaf etdirilməsi və regionda əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə tərtib olunan Qara dəniz dairəvi avtomagistral yolunun tikintisi layihəsində iştirak edir.

Eyni zamanda, qloballaşma dövründə elm və təhsilin rolunu nəzərə alaraq Qara dəniz regionunda mövcud potensialı inkişaf etdirmək məqsədilə Azərbaycan tərəfi Bakıda Beynəlxalq Qara Dəniz Tədqiqatları Mərkəzinin dəstəyi ilə QDİƏT-in Təhsil Nazirlərinin Toplantısını (15-16 aprel 2004-cü ildə) təşkil edib. Səmərəli müzakirələr elm və təhsil sahələrində əməkdaşlığın inkişafını nəzərdə tutan bir sıra müddəaları özündə cəmləşdirən Bakı Bəyannaməsinin qəbul edilməsi ilə nəticələnib.

Azərbaycan Respublikası QDİƏT çərçivəsində iqtisadi inteqrasiya proseslərində fəal iştirakçılardandır. Respublikamız sözügedən beynəlxalq təşkilat çərçivəsində 11-dən çox müxtəlif rəsmi sənədlərin hazırlanmasında və qəbul olunmasında iştirak edib. Azərbaycan Respublikası təşkilatın bir sıra işçi qruplarında, o cümlədən, regionda ticarətin liberallaşdırılmasını təmin edən sənədlərin hazırlanması məqsədilə toplanan qrupların iclaslarında fəal iştirak edir. 2005-2007-ci illərdə Azərbaycan enerji üzrə İşçi Qrupun fəaliyyətini koordinasiya edib.

Ötən ilin dekabrında isə Azərbaycan parlamentinin nümayəndə heyəti Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin 42-ci Baş Assambleyasının iclasında iştirak etmək üçün dekabrın 16-dan 20-dək Gürcüstanda səfərdə olub. Tbilisidə keçirilən toplantıda quruma üzv olan ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsi, regionda kənd təsərrüfatının inkişafı, qlobal iqlim dəyişkənliyinin səbəbləri, bu prosesin zərərli təsirlərinin aradan qaldırılması üçün mümkün variantların nəzərdən keçirilməsi və digər cari məsələlər müzakirə edilib. Qeyd edək ki, dekabrın 17-də büro və komitələrdə müzakirələr aparılıb və dekabrın 18-də geniş heyətdə 42-ci Baş Assambleya öz işinə başlayıb.

Gürcüstanın baş naziri İrakli Qaribaşvili çıxışında iştirakçıları salamlayaraq Gürcüstanın bu böyük toplantıya sədrlik etməsindən şad olduğunu bildirib: “2013-cü il bizim ölkə üçün vacib il olub. Gürcüstan Avropaya doğru seçim edib. Biz digər ölkələrlə əməkdaşlıq etməyə hazırıq. Mən ümidvaram ki, Ukrayna da öz seçimini edəcək. Xatırladıram ki, bizim torpaqlarımızın 20 faizi işğal olunub. Biz indi Rusiya ilə əlaqələri mədəni-iqtisadi sahələrdə inkişaf etdirməyə çalışırıq. Bizim idmançılar Soçi Olimpiadasında iştirak edəcək. Siyasət idmana qarışmır. Biz bütün ölkələrlə əməkdaşlığımızı genişləndirəcəyik”.

Azərbaycan nümayəndə heyətinin rəhbəri, QDİƏT Parlament Məclisinin sədr müavini Asəf Hacıyev “Qara dəniz regionunda kənd təsərrüfatının inkişaf perspektivləri” mövzusunda çıxış edərək “Şahdəniz-2” layihəsinin ikinci fazasının imzalanmasından, Azərbaycanın enerji və kənd təsərrüfatı sahəsindəki uğurlarından danışıb.

Plenar iclasda QDİƏT Parlament Assambleyasının fəaliyyəti barədə hesabat və 2014-cü il üçün Assambleyanın büdcəsi qəbul edilib. Daha sonra QDİƏT Parlament Məclisinin Baş Assambleyasına sədrlik Yunanıstan parlamentinə verilib. Baş Assambleyanın növbəti iclası 2014-cü il mayın 12-14-də Afinada keçiriləcək. Onu da bildirək ki, QDİƏT-in yaradılmasının 20 illiyi münasibətilə Azərbaycan Milli Məclisinin üzvü Jalə Əliyeva “20 il QDİƏT-də” xatirə medalı ilə təltif olunub. Jalə Əliyevaya medalı Gürcüstan parlamentinin sədri David Usupaşvili təqdim edib. QDİƏT-in Parlament Assambleyasının plenar iclasında iştirak edən J.Əliyeva medalın təqdimatından sonra D.Usupaşviliyə minnətdarlığını bildirib.

Onu da xatırladaq ki, ötən ilin 4-5 sentyabr tarixində Gəncə şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin İqtisadiyyat, ticarət, texnologiya və ətraf mühit məsələləri üzrə komitəsinin 41-ci iclası keçirilib. Azərbaycan, Bolqarıstan, Gürcüstan, Rumıniya, Rusiya, Serbiya, Türkiyə, Ukrayna və Yunanıstan nümayəndə heyətlərinin iştirak etdiyi iclasda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək qonaqları salamlayıb, belə bir mötəbər məclisin qədim Nizami yurdunda keçirilməsini əlamətdar hadisə adlandırıb.

Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili Asəf Hacıyev həmin iclasda çıxış edərək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının komitəsinin növbəti iclasının Azərbaycanda keçirilməsini önəmli hadisə adlandırıb və müzakirə olunan məsələ ilə bağlı ölkəmizdə görülən və görülməsi nəzərdə tutulan tədbirlərdən danışıb.

İclasda Türkiyə Respublikasının nümayəndəsi Reşat Doğru, Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Musa Quliyev, Bolqarıstanın nümayəndəsi Petar Kinev, Rumıniyanın nümayəndəsi Alexandru Mazare, Serbiyanın nümayəndəsi Sanda Raskovic, Yunanıstanın Afina Milli və Kapodistrianski Universitetinin direktoru, professor Dimitros Mavrakis və başqaları müzakirə olunan mövzu ilə əlaqədar müxtəlif məruzələrlə çıxış edib, problemin həlli ilə bağlı təkliflərini bildiriblər.

Məruzə və çıxışlarda qeyd edilib ki, qlobal iqlim dəyişikliyi bir ölkənin və regionun deyil, bütün dünyanın problemidir. Bunun qarşısını almaq, təbiəti, ekologiyanı qorumaq hər bir ölkə üçün həyati əhəmiyyət kəsb edir. Buna görə də, azalan su ehtiyatlarından düzgün istifadə olunmasına, ətraf mühitinatmosferin çirkləndirilməsinin qarşısının alınmasına, azalmaqda olan heyvanbitki növlərinin mühafizəsinə ciddi fikir verilməlidir. Müzakirələrdə iqlim dəyişikliyi strategiyasının hazırlanması və həyata keçirilməsi ilə bağlı müxtəlif təkliflər də irəli sürülüb. İclasda dinlənilən məruzələr və təkliflər nəzərə alınmaqla 18 bənddən ibarət tövsiyə xarakterli hesabat təsdiq olunub.

Tədbirdə təşkilati məsələyə də baxılıb. Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin İqtisadiyyat, ticarət, texnologiya və ətraf mühit məsələləri üzrə komitəsinin sədri seçilib. Sentyabrın 5-də isə iclas iştirakçıları Gəncəni gəzib, tarixi yerləri və dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsini ziyarət edib, şəhərdə aparılan yenidənqurma işləri ilə tanış olublar.

Beləliklə, sadalananlar bir daha onu deməyə əsas verir ki, Azərbaycan Avropaya inteqrasiya istiqamətində əhəmiyyətli addımlar atır. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir.

 

Pərviz SADAYOĞLU

 Yeni  Azərbaycan.-2014.- 20 fevral.- S.8.