İlyas Əfəndiyev -XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri

 

Ədəbiyyat xəzinəmizdə özünə layiqli yer tutan, yeniləşən gənc nəsillərin ədəbi-estetik, vətənpərvərlik və vətəndaşlıq mövqeyinin, nəcib və xeyirxahlıq hisslərinin aşılanmasında İlyas Əfəndiyev yaradıcılığı mühüm yer tutur. XX əsr ictimai fikrinin klassik nümayəndəsi, Azərbaycanın Xalq yazıçısı, nasirdramaturq, Azərbaycan ədəbiyyat tarixində parlaq iz qoyan İlyas Əfəndiyevin yaradıcılığı bu günöz dəyərini qoruyub saxlayır. Onun yaradıcılığı ədəbiyyat çərçivələrindən çıxaraq, incəsənətin digər sahələrinə siraət edib. Bu gün Azərbaycan teatrını onun yaradıcılığından kənar təsəvvür etmək olmaz. Ədibin yaratdığı bir çox pyeslər öz zənginliyi, qaldırılan problemlər ilə həmişə tamaşaçıda maraq oyadır. Onun əsərlərinin ekranlara yol açması da bu baxımından qaçılmaz idi.

İlyas Əfəndiyevin bu cür geniş əhatəli yaradıcılığı daima yüksək qiymətləndirilib. Öz növbəsində hər zaman ədəbiyyatımıza, incəsənətimizə, mədəniyyətimizə diqqət ayıran Prezident İlham Əliyev Xalq yazıçısı, Dövlət mükafatı laureatı, İlyas Məhəmməd oğlu Əfəndiyevin 100 illik yubileyinin keçirilməsi ilə bağlı 14 yanvar 2014 tarixində Sərəncam imzalayıb.

Məlumat üçün bildirək ki, İlyas Məhəmməd oğlu Əfəndiyev 1914-cü il may ayının 28-də Qaryagində (indiki Füzuli şəhəri) tanınmış və hörmətli tacir ailəsində anadan olub. Yazıçı hələ uşaq yaşlarından mütaliəyə böyük maraq göstərib, məktəbə getməzdən əvvəl yazıb-oxumağı öyrənib, çoxlu kitablar mütaliə edib. 1921-ci ildə birinci sinfə gedən İlyas 1930-cu ildə pedaqoji təmayüllü iki dərəcəli orta məktəbi əla qiymətlərlə bitirib.

İ.Əfəndiyev dərsdən əlavə, müstəqil mütaliə yolu ilə çoxlu bədii kitablar, o cümlədən rus ədəbiyyatı klassiklərindən Aleksandr Puşkin, M.Y.Lermontov, A.P.Çexov, İ.Turgenev, Maksim Qorki kimi ədiblərin dilimizə tərcümə olunmuş əsərlərini mütaliə edib, eyni zamanda, riyaziyyatfizika elmlərinə böyük maraq göstərib, coğrafiyanı həvəslə öyrənib, böyük səyyahların, o cümlədən R.Amundsen, Nansen, Xristofor Kolumb, Ameriqo Vespuççi kimi adamların həyatını diqqətlə izləyib. Əlbəttə, bədii ədəbiyyat və ədəbiyyatşünaslıq onu daha çox maraqlandırıb. İ.Əfəndiyev yazır: Klassik romanlar, pyeslər, poemalarla bərabər, o zaman haqqında çox danışılan professor Friçe, professor Koqan, professor Köprülüzadə, İsmayıl Hikmət kimi məşhur ədəbiyyat alimlərinin əsərlərini də yorulmadan, həvəslə oxuyub balaca dəftərçələrdə özüm üçün konspektlər çıxarırdım. Mən gələcəkdə Köprülüzadə kimi, professor Friçe kimi böyük ədəbiyyat alimi olmaq xəyalı ilə hey həvəslənir, hey oxuyurdum”.

Sənətkarı əhatə edən ədəbi mühiti, ictimai-siyasi zamanı dəyərləndirmədən onun yaradıcılığına qiymət vermək düzgün olmaz. Bu baxımdan İ.Əfəndiyevin yaradıcılıq dövrünü çox gərgin, məsuliyyətli və məshuldar hesab etmək olar. O hələ ilk yazılarını orta məktəb vaxtından qələmə almağa başlayır. Yazıçının formalaşmasında onun yaşadığı bölgənin mühiti, işlədiyi məktəbin, əməkdaşlıq etdiyi teatrın, həmçinin, dövrün ictimasi siyasi həyatı, “Qızıl Araz” adlı rayon qəzeti, Füzulidə fəaliyyət göstərən xalq teatrı, ali təhsil aldığı institut həyatı, işlədiyi “Yeni yol”, “Kommunist” və “Ədəbiyyat qəzeti” redaksiyaları və ən nəhayət Bakı ədəbi mühiti, Yazıçılar İttifaqı çox böyük təsir göstərib. Onun həyat və yaradıcılığından söz düşəndə 30-cu illər haqqında dolğun danışmaq çətin olur. Bu dövrün məlumatlarını biz ən çox rayon qəzetinin səhifələrindən, həmin dövrün insanlarının, yazıçının öz xatirələrindən əldə edə bilirik.

İ.Əfəndiyev 1934-cü ildə Bakıya Azərbaycan Dövlət Pedaqoji institutuna göndərilir. APİ-nin ədəbiyyat şöbəsinə daxil olsa da, onun ali məktəbdə təhsil alması çox uzun sürmür, elə həmin il institutu tərk edib rayona qayıtmağa məcbur olur. İ.Əfəndiyev “kulak” balası olduğu üçün institutdan uzaqlaşdırılmışdı.

O, 1938-ci ildən etibarən intensiv yaradıcılığa başlayır. 1939-cu ilin ilk iki ayında yazıçının “Yeni yol” qəzetində “Buruqlar arasında” adlı ilk oçerki, “Bataqlıq saldatları” kinofilminə yazdığı ilk resenziyası, “Aşağı mətbuata rəhbərliyi canlandırmalı” adlı ilk məqaləsi, “Namuslu fəhlələrin sırasını çoxaltmalı”, “Şərəf və iftixar işi” adlı yazıları işıq üzü görmüşdü. Bu illərdə “Kommunist” və “Ədəbiyyat qəzeti”ndə də ədibin ilk yazıları işıq üzü görürdü. Yazıçının ilk mətbu hekayəsi olan “Berlində bir gecə” əsəri də bu aylarda oxuculara çatdırılmışdı.

İlyas Əfəndiyev kimi qələm sahiblərinin yaradıcılığı zaman-zaman aktuallığı, mənəvi çəkisi ilə özünə zərurət yaradır. Vətənpərvərlik duyğularının əsərlərdə yer tapması məhz Ədibin yaradıcılığında xüsusi yer alır.

Bu gün biz onun adını Azərbaycan teatr tariximizlə bir yerdə qeyd edə bilərik. Çünki XX əsrin 50-60-cı illərinin ədəbi-ictimai fikir tarixində lirik-psixoloji üslubun inkişafı və böyük uğurları bilavasitə onun adı ilə bağlıdır. “Konfliktsizlikadlanan Sovet realizminə mürəkkəb daxili aləmi, sevinci, qayğısı kədər və faciələri ilə cizgilənmiş təmiz ürəkli mərd qəhrəmanları, onların problemlərini gətirməklə yeni bir dəsti-xətt açmış oldu. O, “Sarıköynəklə Valehin nağılı”, “Körpü salanlar”, “Söyüdlü arxkimi əsərləri ilə ucqar rayonlara işləməyə gəlmiş gənclərin problemlərini işıqlandırmışdır.

Yazıçı get-gedə yaradıcılığında daha kəskin xarakterlər canlandırır və onun lirik-psixoloji qəhrəmanları səhnəyə yol açmağa başlayır. Bahar suları”, “Atayevlər ailəsi”, “Sən həmişə mənimləsən”, “Mənim günahım”, “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər”, “Büllur saraydakimi əsərləri sənət aləmində Azərbaycan teatr səhnəsində öz sözünü dedi. Təbii ki, bu cür insan problemini qabartmış əsərlər teatr səhnələrindən yan keçə bilməzdi.

Bəzən tərəddüd edən, bəzən səhvə yol verən, sevməyi bacaran, sevgisini boğan, məqsədli, şübhələr içində boğulan müxtəlif xarakterli, öz içində özü ilə mücadilə edən qəhrəmanları ilə real insan cizgiləri yaratması onun əsərlərinin sevilməsinə səbəb olub.

Məhz bu səbəbdəndir ki, 1949-cu ildə Azərbaycanın ədəbi-mədəni ictimaiyyəti və bütün sənətsevərlər Azərbaycan Dövlət Dram Teatrının 75 illiyini təntənə ilə qeyd edərkən, səhnə sənətinin inkişafındakı xidmətləri nəzərə alınaraq İ.Əfəndiyev “Şərəf Nişanı” ordeni ilə təltif edilib.

1954-cü ildə tamaşaya qoyulmuş “Atayevlər ailəsi” dramaturq İ.Əfəndiyevin yaradıcılığında əsaslı bir dönüş yaradıb. Müəllif ictimai həyatda rastlaşdığı qüsurları realist mövqedən, yüksək sənətkarlıqla qələmə aldığından, əsər tamaşaçı və oxucular tərəfindən böyük rəğbətlə qarşılanıb. Pyesi tamaşaya Tofiq Kazımov hazırlamışdı. Bununla da İ.Əfəndiyev ilə T.Kazımov bir-birini kəşf etmişdi, onlar biri digərini çox gözəl başa düşürdülər. Müasirlik duyğusu çox güclü olan bu iki sənətkarda oxşar cəhətlər, intellektual səviyyə, birgə yaradıcılıq axtarışları Azərbaycan teatrı tarixinə parlaq səhifələr yazmışdır. Yaradıcılıq intuisiyası çox geniş olan Tofiq Kazımovla, insan qəlbinin dərinliklərinə nüfuz etməyi bacaran İ.Əfəndiyev arasındakı yaradıcılıq əlaqələri uzun illər davam edib.

Müəllif, zaman keçdikcə əsərlərində tarixi mövzulara yer ayırmağı bir vətəndaş kimi dərindən anlayır və bir çox tarixi əsərlər yaradır. “Xurşidbanu Natavan”, “Şeyx Xiyabani”, “Mahnı dağlarda qaldı”, “Tənha iydə ağacı”, “Hökmdar və qızı” kimi pyesləri bu qəbildən hesab etmək olar.

Kamal Talıbzadə yazır: “İlyas ömrünün axırına qədər evlənmədi, baxmayaraq ki, çox cavan ikən dul qalmışdı, həm də gözəl, yaraşıqlı kişi idi... Övlad üçün özünü oda-közə vuran, onun üçün xoşbəxt gələcək haqqında düşünən narahat ata idi... Oğullar da atalarına borclu qalmadılar, atalarını sözün əsl mənasında yaşatdılar”.

Övladları onun yolunu layiqincə davam etdirirlər. Ədəbiyyatımızın, mədəniyyətimizin, incəsənətimizin keşiyində dururlar. 90 illik yubileyini qeyd edən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Timucin Əfəndiyevin rəhbərliyi altında bu ali təhsil ocağı öz yubileyi ilə birgə böyük ədibin 100 illiyiniqeyd edir.

İlyas Əfəndiyev Azərbaycan nəsrinin canlı, təravətli, bədii surətlər, əlvan təsvir və incə təfərrüatla zəngin dramaturgiyamızın lirik -psixoloji üslubunun inkişafında əvəzsiz xidmətləri olmuşdur. Onun ədəbiyyatın bir çox sahələrində novator qələm sahibi hesab etmək daha dəqiq olardı. Onun yaradıcılığında ifadə edilən bədii fikirlər öz təravətini daima qoruyur, oxucu və tamaşaçıların, tənqidçi və tədqiqatçıların, ədəbiyyatşünasların həmişə şərəflə adını çəkdiyimiz ədəbi simamızdır.

 

Sona Həmidova,

Sənətşünaslıq üzrə fəlsəfə doktoru

Yeni  Azərbaycan.-2014.- 20 fevral.- S.6.