“Böyüməyən uşaqlar” kitabının təqdimatı keçirilib

 

Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlının müəllifi olduğu kitabda Xocalı soyqırımı şahidlərinin yaşadığı həqiqətlər real əks olunub

Fevralın 21-də “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin qərargahında Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlının müəllifi olduğu “Böyüməyən uşaqlar” kitabının təqdimatı keçirilib. Tədbirdə Milli Məclisin deputatları, Şuşa rayon İcra Hakimiyyətinin təmsilçiləri, həmçinin, “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin, ictimaiyyətin və KİV-lərin nümayəndələri iştirak ediblər.

İctimai Birliyin idarə heyətinin sədri Bayram Səfərov tədbirdə çıxış edərək Xocalı soyqırımının faciəli nəticələrinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasının vacibliyindən danışıb. O bildirib ki, belə kitabların nəşri ermənilər tərəfindən xalqımızın başına gətirilmiş müsibətlərin unudulmaması üçün çox əhəmiyyətlidir. Qeyd edilib ki, kitabda Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş azərbaycanlı uşaqların yaşadıqları dəhşətlər onların öz dilləri ilə oxuculara çatdırılıb. B.Səfərov vurğulayıb ki, bu gənclərə, hər bir döyüşçüyə, şəhid ailələrinə dövlətimiz tərəfindən xüsusi diqqət və qayğı göstərilir. O, xalqımızın başına gələn faciələrin unudulmaması üçün belə kitabların nəşrinin davamlı olmasının vacibliyiniqeyd edib. B.Səfərov, eyni zamanda, Azərbaycan rəhbərliyinin Xocalı faciəsinin beynəlxalq aləmdə tanıdılması istiqamətində gördüyü işlərdən danışıb, bu məsələdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyət göstərən “Xocalıya ədalət!” kampaniyasının rolunu xüsusi vurğulayıb.

Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva bildirib ki, kitabda faciə şahidlərinin yaşadıqları real əks olunub. Bu həqiqətlər erməni vandalların iyrənc simasını əks etdirir.

“Hər iki valideynini itirmiş bu uşaqlar heç vaxt böyüməyiblər. Çünki onların gözləri önündə valideynləri qətlə yetirilib. Bu dəhşətli anlar onlar var olduqca, gözləri önündə canlanacaq. Kitabda həyat həqiqətləri ilə yanaşı, xocalıların yaşadığı dəhşətli anlar, qətllər, yüzlərlə ailənin bir gecədə məhv edilməsi barədə faktlar var”, - deyə V.Fətəliyeva qeyd edib.

 “Böyüməyən uşaqlar” kitabının müəllifi, Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı deyib ki, kitab bədii təxəyyülün məhsulu deyil. Onun sözlərinə görə, kitabda Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş uşaqların yaşadıqları dəhşət həmin uşaqların öz dili ilə oxuculara çatdırılır: “Əslində, bu uşaqların yaşadıqları dəhşətlərin kitab halına salınması düşünülmürdü. Lakin biz uşaqların həyat hekayəsini görəndən sonra, düşündük ki, niyə də bu həqiqətləri kitab halında salmayaq. Bu kitab bir örnək olsun deyə, nəşr edilib. Kitab faktlara əsaslanaraq yazılıb, burda bədii təxəyyül yoxdur. Bu kitab oxuyaraq, ağlamaq üçün deyil, toparlanmağımız, gələcəyə baxışımız üçündür”.

Müəllif gələcəkdə kitabın dünya ölkələrinə yayılması məqsədilə bir neçə dilə tərcümə olunacağını vurğulayıb: “Bizim borcumuz bundan sonra bu kitabı fransız, alman, ingilis dillərinə tərcümə edib dünyanın bir çox yerlərində yaymaqdır. Çünki dünya birliyi Xocalıda yaşananları görməlidir. Biz kitabdan dərs götürməliyik. Xocalıda hər iki valideynini itirmiş bu uşaqlar canlı sübutlardır və biz bunları dünyaya çıxarmalıyıq. Dünya görməlidir ki, Xocalıda azyaşlı uşaqların başına hansı dəhşətlər gəlib”.

Millət vəkili Məlahət İbrahimqızı Xocalı soyqırımının insanlığın ləkəsi olduğunu bildirib: “Bu kitabın qəhrəmanları ilə tanış olduqca, onların yaşadıqları faciələri, həyat hekayəsini oxuduqca insanın damarında qanı donur. Həmin gecəni atasını soyuqda qoyub gəlmək istəməyəninmi, allah bir daha müharibə göstərsin mən ata-anamı görüm deyəninmi, hansı birinin yaşadığı dəhşətlərdən danışım. 6 yaşında uşağa ölümünolduğunu hələ körpəikən göstərdilər, o mənfurlar...  Bu hadisə insanlığa ləkədir. Düşünürəm ki, biz hər zaman bu uşaqlara borcluyuq və onların bundan sonra əziyyət çəkməmələri üçün əlimizdən gələn köməyi göstərməliyik”.

Təqdimat mərasimində çıxış edən Milli Məclisin deputatları Vahid Əhmədov, İmamverdi İsmayılov, Flora Qasımova Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, o cümlədən, Xocalı qətliamı barədə danışıblar. Bildirilib ki, Azərbaycan dövləti Xocalı faciəsini dünya ictimaiyyətinə çatdırmaq üçün məqsədyönlü təbliğat işləri aparır.

Tədbirdə, həmçinin, Xocalı qətliamının canlı şahidləri olan gənclər də çıxış edib, bu dəhşətli faciədə ermənilər tərəfindən törədilmiş vəhşiliklər barədə danışıblar.

Kitabda Xocalı soyqırımının nəinki Azərbaycan xalqına, həm də bütün bəşəriyyətə qarşı törədilmiş cinayət olduğunu əks etdirən, o cümlədən, fransız fotoqrafı Frederik Lengeynin çəkdiyi fotoşəkillər yer alıb.

 

Səlim

Yeni  Azərbaycan.-2014.- 22 fevral.- S.5.