Pakistandan Xocalı soyqırımı ilə bağlı növbəti bəyannamə...

 

Pakistan Observer”: Pakistan xalqı Dağlıq Qarabağ və Azərbaycanın digər torpaqlarının qanunsuz işğalına etiraz edirbu məsələnin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında ədalətli şəkildə və sülh yolu ilə həllinə çağırır

Məlum olduğu kimi, Azərbaycanla Pakistan İslam Respublikası arasında yüksək səviyyəli strateji müttəfiqlik mövcuddur. Pakistan İslam Respublikası Azərbaycan Respublikasının dövlət müstəqilliyini ilk, eləcə də, Xocalı faciəsini soyqırımı kimi tanıyan dövlətlərdən biridir. Rəsmi İslamabad dəfələrlə bildirib ki, Ermənistanın Azərbaycana hərbi təcavüzünü qətiyyətlə pisləyir və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır. Rəsmi İslamabadın Ermənistanın Azərbaycana qarşı təcavüzünə münasibətdə israrlı mövqeyinin bariz nümunəsi kimi, 1993-cü ildə BMT TŞ-də Pakistan İslam Respublikasının sədrliyi ilə işğalçı Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması ilə bağlı 822 saylı Qətnamə qəbul edilib. Eyni zamanda, qeyd etmək lazımdır ki, məhz bu səbəbdən, Pakistan İslam Respublikası bugünədək işğalçı Ermənistanla diplomatik münasibətlər yaratmayıb. Prezident İlham Əliyevin Pakistana səfəri zamanı (aprel 2005-ci il) bildirdiyi kimi, Pakistan Azərbaycanın ərazi bütövlüyünün təmin olunması tələbini hər zaman dəstəkləyəcəyini vəd edib. Dövlət başçısı xüsusi vurğulayıb ki, Ermənistanın Azərbaycana təcavüzü məsələsi BMT-nin Təhlükəsizlik Şurasında müzakirə edilərkən Pakistanın birmənalı şəkildə ədalətli mövqe tutaraq Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, Ermənistanın hərbi təcavüzünün pislənilməsi barədə verdiyi bəyanatlar və Azərbaycanın haqq işini müdafiə etməsi ölkəmizdə yüksək qiymətləndirilir. Ölkə başçısı həm də bildirib ki, Azərbaycan tərəfi Kəşmir problemi ilə bağlı beynəlxalq müzakirələrdə həmişə Pakistanın mövqeyini müdafiə edibbundan sonra da edəcək.

Bu günlərdə isə, Pakistanda Xocalı soyqırımı ilə bağlı növbəti bəyannamə qəbul edilib. AzərTAc-ın məlumatına görə, nüfuzluPakistan Observer” qəzetində dərc olunan “Pakistanın tanınmış şəxsləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə çağırırlar. Pakistan Observer” məsələnin sülh yolu ilə həlli üçün ictimai birliyi səfərbər edir” sərlövhəli məqalədə bildirilir ki, Pakistan Senatı sədrinin müavini, Senatın komitə sədrləri, əyalətlərin qanunvericiicra orqanlarının rəhbərləri, sabiq nazirlər, istefada olan ordu generalları, admirallar, tanınmış hüquqşünaslar, jurnalistlər və alimlər də daxil olmaqla 100 nəfərdən çox ictimai-siyasi xadim Xocalı soyqırımını törədənlərin qanlı əməllərini pisləyən bəyannamə qəbul edib.

Bəyannamədə keçmiş SSRİ-nin süqutundan sonra müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğala məruz qaldığı, təcavüz nəticəsində Dağlıq Qarabağona bitişik 7 rayon daxil olmaqla, Azərbaycan torpaqlarının 20 faizinin zəbt edildiyi bildirilib. Sənəddə Xocalıda baş vermiş hadisələrin bu münaqişənin ən qanlı səhifəsi olduğu qeyd edilib. Bildirilib ki, 22 il əvvəl fevralın 25-dən 26-a keçən gecə erməni silahlı birləşmələri tərəfindən mühasirədə saxlanılmış Xocalı şəhəri keçmiş Sovet ordusunun 366-cı motoatıcı alayının birbaşa iştirakı ilə hücuma məruz qalıb, şəhər dağıdılıb, insanlar gülləbaran edilib, qocalara, qadınlara, uşaqlara aman verilməyib. O qanlı gecədə 613 nəfər öldürülüb. Onların arasında 83 uşaq, 106 qadın olub. Şəhidlərin 56 nəfəri xüsusi amansızlıqla qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki, 130 uşaq isə bir valideynini itirib.

Bəyannamədə deyilir ki, Avropa İnsan Hüquqları Məhkəməsi Xocalıda törədilmiş qırğını hərbi cinayət və ya insanlığa qarşı cinayət adlandırıb, faciənin miqyası nəzərə alınaraq bu qətliamda əli olanların məsuliyyətə cəlb edilməsinin vacibliyi vurğulanıb.

Sənəddə Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılması haqqında BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, eyni zamanda, BMT Baş Məclisinin sənədləri, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa İttifaqı (Aİ), NATO, ATƏT kimi mötəbər beynəlxalq təşkilatların qərarları, həmçinin digər müraciətlər xatırlanıb, bu sənədlərə əməl olunmasının vacibliyi qeyd olunub.

Bəyannamədə bildirilib ki, Pakistan Senatı 2012-ci il fevralın 1-də qəbul etdiyi qətnamədə Xocalı soyqırımını tanıyıb, bu cinayəti törədənlərin məsuliyyətə cəlb edilməsini tələb edib, həmçinin, 2013-cü il oktyabrın 5-də qəbul etdiyi qətnamədə Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü bir daha tanıyıb və dəstəkləyib. Dünyanın bir sıra ölkələri, nüfuzlu beynəlxalq təşkilatları da Xocalı soyqırımını tanıyan qətnamələr qəbul ediblər.

Bəyannamədə deyilir: Pakistan xalqı Dağlıq Qarabağ və Azərbaycanın digər torpaqlarının qanunsuz işğalına etiraz edirbu məsələnin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında ədalətli şəkildə və sülh yolu ilə həllinə çağırır. Biz beynəlxalq ictimaiyyəti davamlı sülhün bərqərar olması naminə Dağlıq Qarabağ məsələsinə biganə qalmamağa, bu problemin ədalətli həll edilməsinə yardım göstərməsinə çağırırıq”.

Bəyannamənin yekununda deyilir ki, Dağlıq-Qarabağ, Kəşmir və Fələstin kimi problemlər ədalətli şəkildə həll olunmayana qədər dünyada sülh təhlükə altında qalacaq.

Xatırladaq ki, 2013-cü ilin fevralında Pakistan Senatı Azərbaycanın Xocalı şəhərində baş vermiş hadisələrin soyqırımı kimi tanınması ilə bağlı qətnamə qəbul edib. Sənəddə göstərilir ki, Senat Azərbaycan ərazilərinin ermənilər tərəfindən işğalını və 1992-ci ilin fevralında erməni silahlı birləşmələri tərəfindən törədilən soyqırımı pisləyir. Senat bir daha Azərbaycan ərazilərinin toxunulmazlığını təsdiqləyir və onun beynəlxalq çərçivədə qəbul olunmuş sərhədlərini tanıyır. Senat habelə, beynəlxalq ictimaiyyətdən Ermənistanı BMT TŞ-nin Dağlıq Qarabağ üzrə qəbul etdiyi qətnamələri yerinə yetirməyə çağırmağı xahiş edir, eləcə də, Xocalıdakı faciəli hadisələrin günahkarlarının məsuliyyətə cəlb edilməsinə çağırmağı tələb edir.

Onu da bildirmək yerinə düşər ki, iki ölkə arasında humanitar sahədə əlaqələr də yüksək səviyyədə inkişaf edib. 2013-cü ilin iyunundaPakistan Observer” qəzetində “Azərbaycan Pakistanda humanitar fəaliyyətini genişləndirir” sərlövhəli məqalə dərc edilib. Məqalədə Azərbaycanın Pakistanda həyata keçirdiyi humanitar layihələrin genişləndirildiyi bildirilib. Vurğulanıb ki, layihələr səhiyyə, təhsil və digər sahələri əhatə edir. Eyni zamanda, Pakistan hökuməti tərəfindən Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranmış vəziyyətlə əlaqədar dəfələrlə qaçqın və köçkünlərimizə humanitar yardımlar göstərilib. İndiyədək Pakistan İslam Respublikası Azərbaycan qaçqınlarına və məcburi köçkünlərə kömək məqsədilə, geyim əşyaları və dərmandan ibarət 25 tondan artıq humanitar yardım göstərib. 2005-ci ildə Pakistan İslam Respublikasında baş vermiş dəhşətli zəlzələ nəticəsində zərərçəkmiş insanlara yardım etmək məqsədilə, Azərbaycan Hökuməti tərəfindən Pakistan İslam Respublikasına əlavə olaraq bir milyon ABŞ dolları yardım edilib. Daha öncə isə, 500 min ABŞ dolları və zəruri ləvazimatlarla dolu təyyarə fəlakət zonasına göndərilmişdi.

Azərbaycan ilə Pakistan arasındakı münasibətlərdə hərbi sənayenin inkişafı ilə bağlı məsələ də xüsusi yer tutur. 2002-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Pakistan İslam Respublikası Müdafiə Nazirliyi arasında “Müdafiə və hərbi sahələrdə ikitərəfli əməkdaşlıq haqqında” protokol və Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında “Müdafiə və hərbi sahədə əməkdaşlıq haqqında” saziş imzalanıb. Bu protokol və sazişdən irəli gələn məsələlərin həyata keçirilməsi və iki ölkə arasında bu sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından Pakistan İslam Respublikasının Birləşmiş Qərargahlar Komitəsinin rəisi M.Ə.Xanın 2004-cü ilin avqust ayında Azərbaycana səfəri mühüm əhəmiyyət kəsb edib. 2004-cü ilin oktyabr ayında Pakistan İslam Respublikasının Azərbaycan Respublikasının “Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində vəziyyətə dair” qaldırdığı məsələnin BMT Baş Assambleyasının 59-cu sessiyasının gündəliyinə salınmasının lehinə səs verməsi beynəlxalq birliyin bu məsələnin ədalətli həlli naminə dəstəyinə ümidvar olan Azərbaycan Respublikası üçün böyük əhəmiyyət kəsb edib.

İki ölkənin rəsmiləri arasında keçirilən görüşlər də bu sahədə münasibətlərin inkişafına mühüm töhfələr verib. 2008-ci ilin oktyabrında Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndə heyəti Pakistana səfər edib. Səfər zamanı Azərbaycan-Pakistan ikitərəfli İşçi Qrupu Forumunun da ilk iclası keçirilib. 2008-ci ilin noyabrında isə Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi nümayəndə heyəti Pakistanın Kəraçi şəhərində təşkil olunmuş V Beynəlxalq Müdafiə sərgisi və seminarında (İDEAS-2008) iştirak edib. Pakistanın Müdafiə Məhsulları İxracının Təşviqi Təşkilatı, Pakistan Ticarət İnkişafı Agentliyi və “E-Commerce Gateway Pakistan” təşkilatının birgə keçirdiyi sərgidə 60 ölkədən 256 şirkət iştirak edib. Səfər çərçivəsində iki ölkənin hərbi-sənaye kompleksləri arasında əməkdaşlıq sahələrini müəyyən etmək məqsədilə ekspert qrupu yaradılıb. 2009-cu ilin may ayında isə Pakistanın müdafiə sənayesi naziri Abdul Qəyyum Xan Catoyun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib. Səfər zamanı Prezident İlham Əliyev nazir A.Q.X.Catoyu qəbul edib. 2009-cu ilin avqustunda isə Pakistan Hərbi Dəniz Qüvvələri Komandanı admiral Noman Bəşir Azərbaycana səfərə gəlib. 2009-cu ilin oktyabrında isə Pakistan Silahlı Qüvvələrinin Qərargah rəisləri komitəsinin sədri general Tariq Məcidin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilən general T.Məcid ölkələrimiz arasında müsbət əlaqələrin inkişafında maraqlı olduqlarını bildirib. 2010-cu ilin martında Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndə heyəti Pakistan İslam Respublikasında səfərdə olub. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Elektron Optik Cihazlar zavodu, Pakistan silah-sursat kompleksi, Taksila Ağır Sənaye zavodu, Kamra Aviasiya Kompleksi, AERO şirkəti və Milli Radio Teleqraf Korporasiyasının fəaliyyəti və məhsulları ilə tanış olublar. 2010-cu ilin aprelində ölkəmizdə səfərdə olan Pakistanın keçmiş müdafiə katibi Səyid Əthar Əlinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilib. Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev əməkdaşlığımızın və tərəfdaşlıq əlaqələrimizin səviyyəsinin razılıq doğurduğunu bildirib. Ölkəsinin Azərbaycan ilə əlaqələrinin uğurla inkişaf etdiyini bildirən Pakistanın müdafiə katibi Səyid Əthar Əli ölkələrimizin beynəlxalq forumlarda bir-birinin mövqelərini daim dəstəkləmələrinin önəmini qeyd edib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinin Azərbaycan üçün ən ümdə məsələ olduğunu vurğulayan qonaq məhz bununla bağlı Pakistanın Ermənistanı tanımadığını bildirib.

Göründüyü kimi, Pakistan və Azərbaycan əsas problemlərə eyni mövqedən yanaşır. Məhz Kəşmir problemi barədə Azərbaycanın açıq mövqeyi və Ermənistanın-Azərbaycana, Dağlıq Qarabağ münaqişənin həllinin Pakistan tərəfindən Azərbaycanın ərazi bütövlüyü çərçivəsində dəstəklənməsi onu göstərir ki, hər iki ölkə arasında münasibətlər dostluq, qarşılıqlı anlaşmamilli maraqlara xidmət edir.

 

Sevinc NURİYEVA

Yeni  Azərbaycan.-2014.- 22 fevral.- S.8.