Türkün böyük məfkurə adamı -
Əli bəy Hüseynzadə
Onun anadan olmasından 150 il ötür
Tanınmış maarifçi və yazıçı-publisist Əli bəy Hüseynzadənin anadan olmasından 150 il ötür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqında” 2014-cü il 21 yanvar tarixli Sərəncamında qeyd olunduğu kimi, türk xalqlarının mədəni inteqrasiyasının məfkurə kimi təşəkkül tapmasında mühüm rol oynayan, müasir cəmiyyət quruculuğunda demokratik prinsiplərin ənənəvi dəyərlər zəminində bərqərar olmasının vacibliyini irəli sürən və müstəqil dövlətçiliyin nəzəri əsaslarının işlənib hazırlanmasında yaxından iştirak edən Əli bəy Hüseynzadə zəngin fəlsəfi-publisistik, ədəbi-elmi irsi ilə Azərbaycan maarifçiliyi tarixinə qiymətli töhfələr verib.
XX əsr Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi, türkçülük məfkurəsinin böyük carçısı, tanınmış ədib, publisist, maarifçi, rəssam və təbabət alimi Əli bəy Hüseynzadə şərəfli ömrünü türk millətinin, o cümlədən Azərbaycan xalqının milli oyanış və özünüdərkinə, istiqlal mücadiləsinə, maarif və mədəniyyətinin yüksəlişinə, milli dövlətçiliyin formalaşdırılmasına həsr edib.
Ümumiyyətlə, mənsubu olduğu millətin sevgisini ürəyində daşıyan insanlar üçün yaşadığı coğrafiyanın heç bir əhəmiyyəti yoxdur. Millətinin tamamı və ya bir hissəsi əgər çətinliyə düşübsə, xalqını sevən insan dünyanın lap o biri ucunda da olsa həmin yerə çatıb, əlindən gələn səyi göstərəcək. Uca türk millətinin sevgisini ürəyində daşıyan insanlar üçün də bu belədir. Olduqları ölkə və torpaqlar hara olursa - olsun, türkün yaşadığı hər hansı bir yerdə problem varsa, onu aradan qaldırmaq üçün yola çıxıb əllərindən nə gəlirsə etməyə çalışırlar. Ulu türk irqinin övladları məhz bu xüsusiyyətlərinə görə fərqlidirlər.
Azərbaycanın görkəmli ədibi Əli bəy Hüseynzadəni məhz bu cür böyük mərtəbəyə yüksəldən də belə bir mecaza sahib olmasıdır. O, millətinin ən çətin anlarında onun yanında olub, bu yolda gedən mübarizələrdə şəxsən iştirak edib. Çox vaxt hətta özü bayrağı əlinə alıb və bu bayrağı başı üstündə axıra kimi şərəflə aparmağı bacarıb. Buna görə də onun adı Türk tarixinin səhifələrinə qızıl hərflərlə yazılıb.
Müxtəlif əsərlərdə və məqalələrdə adı Hüseynzadə Əli bəy və ya Əli bəy Hüseynzadə Turan deyə xatırlanan bu türk əri 1864 - cü ildə Azərbaycanın Salyan bölgəsində dünyaya gəlib. İlk və orta təhsilini Azərbaycanda tamamlayandan sonra Əli bəy həkim olmaq məqsədi ilə röyalarını bəzəyən möcüzələr şəhəri İstanbula gedib və 1889-cu ildə Hərbi Tibbi Məktəbinə daxil olub. Burada təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra təhsil aldığı məktəbdə professor kimi fəaliyyətə başlayıb. Bu təhsil ocağında xeyli müddət çalışdıqdan sonra 1903 -cü ildə Azərbaycana geri dönüb.
O, Türk dünyasının içində olduğu ağır vəziyyəti həzm edə bilmir, bundan xilas olmaq üçün nələrisə etməyin vacib olduğunu düşünür, durmadan bu haqda fikirləşirdi. Azərbaycanda olduğu illərdə müxtəlif fikir adamları ilə görüşür, onlarla fikir mübadiləsi aparır, mütləq bir çıxış yolu axtarırdı. Onsuz da həmin əsnada Rusiyada da işlər yaxşı getmirdi. Rusiya bir ovuc yapon qarşısında böyük bir məğlubiyyətə uğramış, bu məğlubiyyət isə Rusiyada bolşevik (sosialist) meyillərin daha da güclənməsinə səbəb olmuşdu. Həm Türkiyə, həm Azərbaycan, həm də Rusiyanın müxtəlif yerlərində yaşayan türk milliyyətçiləri ilə əlaqələr yaradan Əli bəy, bu görüşlər, fikir mübadilələri sayəsində özündə türkçülük fikirlərini daha da inkişaf etdirirdi. Əvvəlcə 1905-ci ildə “Həyat” qəzetinin, dalınca da “Füyuzat” kimi jurnalın nəşr olunmasının təşəbbüskarı olan Əli bəy Hüseynzadə türklər üçün tək çıxış yolunun elm və savadda olduğunu, maariflənməyə böyük ehtiyac duyulduğunu, ayrıca türklərin birlikdə hərəkət etmələrinin vacib olduğunu müdafiə edirdi. Buna görə də, bu iki mətbu orqan - “Həyat” qəzeti və “Füyuzat” dərgisi Türk dünyasının savadlanma və maariflənmə tarixində son dərəcə əhəmiyyətli bir yerə malikdir.
Məhz Əli bəy Hüseynzadə bu işləri görə - görə Türk dünyasında ilk dəfə, demək olar ki, özündən sonra bütün türklərin ortaq şüarı halına gələcək olan “Türkləşmək, islamlaşmaq, müasirləşmək” düsturunu ortaya qoyub. Bu düşüncə özünə o qədər tərəfdar toplayıb ki, buna görə bir çox elm və fikir adamı bu üç prinsip çərçivəsində iş yollarını axtarmağa başlayıb. Əslində, gənc Türkiyə Respublikası ilə 1918 - ci ildə yaranan Azərbaycan Cümhuriyyətinin quruluş mərhələsində və daha sonra bu prinsiplərə bağlı qaldıqlarını görürük.
I Dünya müharibəsi zamanı İstanbulda olan Əli bəy Hüseynzadə 1918 - ci ildə Azərbaycan Demokratik Cümhuriyyətinin qurulmasından sonra doğulub, boya - başa çatdığı Azərbaycana gəlir. Məlum olduğu kimi, Şərqin ilk demokratik respublikası uzun müddət yaşaya bilmədi. 1920 - ci ildə XI Qırmızı Ordu Azərbaycanı işğal etdi. Bunun nəticəsində bir çox Azərbaycan ziyalısı və dövlət adamı ilə birlikdə Ə.Hüseynzadə də yenidən Türkiyəyə üz tutmaq məcburiyyətində qalıb.
Türklük və Turan idealı uğrunda keçən bir ömrün sonunda 1940-cı ildə həyata gözlərini əbədi yuman bu örnək şəxsiyyət, bəlkə də, bu mübarizəsinin mükafatı kimi həmişə adı və soyadı ilə yanaşı Turan təxəllüsü ilə xatırlandı.
Sovet rejiminin bütün təzyiq və qadağalarına baxmayaraq, Əli bəy Hüseynzadənin böyük adı və əməllərini xalqın yaddaşından silmək, tarixin səhifələrindən çıxarmaq mümkün olmadı. XX əsrin sonunda Azərbaycanın ikinci dəfə dövlət müstəqilliyinə qovuşması Əli bəy Hüseynzadə fenomenini yenidən millətimizə, mədəniyyətimizə, kimliyimizə geri qaytardı. Onun haqq dünyasına qovuşmasından 74 il ötsə də, o, əsərlərində, əməllərində, parlaq ideyalarında və ən önəmlisi göylərdə dalğalanan üçrəngli bayrağımızın rənglərində bu gün də yaşayır.
Oktay
Yeni Azərbaycan.-2014.- 25 fevral.- S.4.