Azərbaycan və
Qazaxıstan strateji tərəfdaşlardır
Ölkələrimiz istər ikitərəfli formatda, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edir
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 20-də Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri Nurlan Niqmatulinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Prezident İlham Əliyev Azərbaycanla Qazaxıstan arasında ikitərəfli münasibətlərin dinamik şəkildə inkişaf etdiyini vurğulayıb. Ölkələrimiz arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu deyən dövlətimizin başçısı əməkdaşlığımızın daha da möhkəmləndirilməsində parlamentlərarası əlaqələrin önəmini qeyd edib. Bildirib ki, ölkələrimiz istər ikitərəfli formatda, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edir. Prezident İlham Əliyev Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri Nurlan Niqmatulinin ölkəmizə səfərinin münasibətlərimizin gələcəkdə daha da genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu söyləyib.
Öz növbəsində, Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin Prezident Nursultan Nazarbayevin salamlarını dövlətimizin başçısına çatdıraraq bildirib ki, ölkəmizə səfərə gələrkən Qazaxıstan Prezidenti onu şəxsən qəbul edib. Parlament Məclisinin sədri Nurlan Niqmatulin ölkələrimiz arasında əlaqələrin inkişafında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevlə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev arasında dostluq münasibətlərinin və qarşılıqlı hörmətin rolunu xüsusi vurğulayıb. O, bu əlaqələrin hazırda daha da genişləndirilməsində dövlətlərimizin başçıları arasında səmimi dostluq münasibətlərinin önəmini vurğulayıb. Nurlan Niqmatulin Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin məktubunu dövlətimizin başçısına təqdim edib.
Görüşdə Azərbaycan ilə Qazaxıstan arasında əməkdaşlığın bir sıra sahələrdə genişləndirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Daha sonra, Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin Bakı Dövlət Universitetinin (BDU) kollektivi ilə görüşüb. AzərTAc-ın məlumatına görə, universitetin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov bu ali təhsil ocağının yaranma tarixi, strukturu, fəaliyyəti haqqında məlumat verib. Azərbaycan-Qazaxıstan münasibətlərindən danışan Abel Məhərrəmov deyib ki, ölkələrimiz arasında əlaqələr uğurla inkişaf edir. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev və Qazaxıstan Prezidenti Nursultan Nazarbayev arasında dostluq münasibətləri əlaqələrimizin inkişafında mühüm rol oynayıb. Hazırda bu əlaqələrin daha da genişlənməsində dövlətlərimizin başçıları arasında səmimi dostluq münasibətlərinin önəmi xüsusi vurğulanıb. Rektor BDU ilə Qazaxıstan Universiteti arasında əməkdaşlıqdan da danışıb.
Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin bu qocaman ali təhsil ocağının kollektivi ilə görüşməkdən məmnunluğunu bildirib. Qonaq Qazaxıstanın xarici siyasətindən, iqtisadiyyatından danışıb, ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, xüsusilə təhsil sahəsində əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. Nurlan Niqmatulin, həmçinin, vurğulayıb ki, Azərbaycan və Qazaxıstan beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq edir.
Fevralın 21-də səfər çərçivəsində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna gedən Nurlan Niqmatulinə Bakının qədim tarixi rəmzlərindən biri - milli memarlığımızın nadir nümunəsi, UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş Qız qalası barədə məlumat verilib.
Ölkələrimiz arasında ikitərəfli münasibətlərin dinamik inkişaf etdiyini vurğulayan Qazaxıstan Parlamenti Məclisinin sədri bildirib ki, Ulu öndər Heydər Əliyevin Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişafında müstəsna xidmətləri olub. Azərbaycan Prezidenti İlham Əliyev Ulu öndər Heydər Əliyevin siyasətinin layiqli davamçısıdır.
Bu məqamda vurğulamaq yerinə düşər ki, Azərbaycan və Qazax xalqları türkdilli xalqlar olmaqla etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə çox yaxındırlar. Hər iki xalq Çar imperiyası və keçmiş Sovet İttifaqı dönəmində vahid mərkəzdən idarə olunublar. Stalin rejimi zamanı minlərlə azərbaycanlı Qazaxıstana sürgün olunub. Qeyri-rəsmi məlumatlara görə, hazırda Qazaxıstanda üç yüz minə qədər azərbaycanlı yaşayır. Qazaxıstanda yaşayan azərbaycanlılar elm, incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrdə çalışır və Qazaxıstanın ictimai-siyasi həyatında yaxından iştirak edirlər. 1990-cı illərdən etibarən Qazaxıstanda bir sıra Azərbaycan mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Böyük Qazax mütəfəkkiri Oljas Süleymanov 1990-cı ildə SSRİ Ali Sovetinin sessiyasında, rus-erməni şovinizminə qarşı çıxış edərək Azərbaycanın haqq səsini dünyaya bəyan edib.
Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr isə 30 avqust 1992-ci il tarixində yaradılıb. 9 yanvar 1993-cü ildə Qazaxıstan Respublikasının Azərbaycan Respublikasında, 1 mart 2004-cü ildə isə Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında səfirliyi fəaliyyətə başlayıb. 6 sentyabr 2008-ci il tarixindən Azərbaycan Respublikasının Aktau şəhərində konsulluğu fəaliyyət göstərir.
Hazırda Azərbaycan və Qazaxıstan strateji tərəfdaşlardır. İki ölkə arasında siyasi və iqtisadi əlaqələr yüksək səviyyədədir. Hər iki ölkənin qanunverici orqanlarında fəaliyyət göstərən dostluq qrupları əlaqələrin inkişaf etdirilməsində əhəmiyyətli rol oynayır. Eyni zamanda, Azərbaycan-Qazaxıstan hökumətlərarası iqtisadi komissiyası fəaliyyət göstərir və iki ölkə arasında 100-dən artıq sənəd imzalanıb.
Onu da qeyd etmək lazımdır ki, Ulu öndər Heydər Əliyevin Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişafında müstəsna xidmətləri olub. Ümummilli lider Heydər Əliyevin Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə ilk görüşlərindən biri 19 oktyabr 1994-cü ilə təsadüf edib. Həmin vaxt Türk dövlətləri başçılarının ikinci zirvə görüşündə iştirak edən Ulu öndər Heydər Əliyev və Nursultan Nazarbayev görüşərək, iki ölkə arasında münasibətlərin inkişafı perspektivlərini müzakirə ediblər. Görüş zamanı Azərbaycanla Qazaxıstan arasında həm ikitərəfli, həm də türk dövlətlərinin münasibətləri çərçivəsində əlaqələrin qurulmasına dair qərar qəbul edilib.
İki ölkə arasında münasibətlərin inkişafında növbəti addım olan dövlət başçıları səviyyəsində görüş 1996-cı il mayın 14-də, EKO-nun dövlət başçılarının zirvə toplantısında keçirilib. Görüş zamanı Ulu öndər Heydər Əliyev Nursultan Nazarbayevi Azərbaycana rəsmi səfərə dəvət edib.
1996-cı il sentyabrın 16-da Qazaxıstan Prezidenti Nursultan Nazarbayev rəsmi səfərlə Azərbaycana gəlib. Səfər zamanı Ümummilli lider Heydər Əliyev və Nursultan Nazarbayevin iştirakı ilə Azərbaycan və Qazaxıstan nümayəndə heyətləri arasında danışıqlar keçirilib. Danışıqların əsas mövzusu iki ölkə arasında siyasi-iqtisadi əməkdaşlığın yeni sahələri olub. Səfər çərçivəsində Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında munasibətlərin əsasları haqqında Müqavilə, investisiyaların təşviqi və qorunması haqqında saziş, neft-qaz sənayesi sahəsində əməkdaşlıq haqqında saziş, hava əlaqəsi haqqında saziş, Xəzər dənizi məsələləri üzrə Birgə Bəyannamə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında saziş, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi ilə Qazaxıstan Respublikası Milli Təhlükəsizlik Komitəsi arasında əməkdaslıq və qarşılıqlı fəaliyyət haqqında saziş, Azərbaycan Respublikasının Milli Bankı ilə Qazaxıstan Respublikasının Milli Bankı arasında hesablaşmaların təskili haqqında saziş və digər sənədlər imzalanıb.
Ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində ölkələr bir sıra formatlarda, o cümlədən, Türkdilli dövlətlərin toplantısı, İqtisadi Əməkdaşlıq Təşkilatı və s. formatlarda çox uğurla əməkdaşlıq ediblər. Eyni zamanda, Prezident İlham Əliyevin səyi nəticəsində bu əməkdaşlıq daha strateji və daha intensiv xarakter alıb.
Məlumat üçün bildirək ki, Prezident İlham Əliyevin Qazaxıstana ilk rəsmi səfəri 2004-cü ilin martında olub. Səfər zamanı Prezident İlham Əliyev və Prezident Nursultan Nazarbayev iqtisadi münasibətlər, xüsusilə, Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarına nəql edilməsi sahəsində əməkdaşlıq məsələlərinə dair geniş fikir mübadiləsi aparıblar. Hər 2 dövlət başçısı neft və qaz sektorunda həyata keçirilən irimiqyaslı layihələrin, xüsusilə Bakı-Tbilisi-Ceyhan (BTC) layihəsində Qazaxıstanın iştirakının böyük əhəmiyyətə malik olduğunu söyləyiblər. O da qeyd olunub ki, gələcəkdə Qazaxıstan təbii qazının da Azərbaycan ərazisindən Avropaya çatdırılması nəzərdə tutulur. Prezident İlham Əliyevin bu səfərindən sonra Azərbaycan-Qazaxıstan əməkdaşlığı yüksələn xətlə davam edib.
2005-ci il mayın 24-də isə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycana rəsmi səfərə gəlib. Səfər zamanı ölkələr arasındakı münasibətlərin məntiqi nəticəsi olaraq, Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə də daxil olmaqla 6 sənəd imzalanıb.
Azərbaycan və Qazaxıstan arasında iqtisadi-ticari əlaqələr də yüksək səviyyədədir. Məsələn, 2010-cu ilin I rübündə Azərbaycanın Qazaxıstanla ticarət əlaqələrində, idxal 43 653,3 min ABŞ dolları, ixrac 119 424,2 min ABŞ dolları olub, xarici ticarət saldosu 75 770,9 min ABŞ dolları təşkil edib. Azərbaycan və Qazaxıstan bir sıra nəqliyyat layihələrinin həyata keçirilməsi üzrə də əməkdaşlıq edirlər.
Azərbaycan və Qazax xalqları tarixi, mədəni və ənənələr baxımından bir-birinə bağlı xalqlar olduğu üçün bu sahədə əlaqələrin genişləndirilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb. Hər 2 xalq müstəqillik əldə etdikdən sonra bu əlaqələr intensiv xarakter alıb. Azərbaycanın ağır illərində onun haqq səsini dünyaya çatdıran XX yüzilin ən qüdrətli şairlərindən olan Oljas Süleymanovun məşhur “Az-Ya” kitabı, şeirləri və məqalələri 1980-ci illərdən Azərbaycanda nəşr olunmağa başlayıb. 8-10 iyun 2012-ci ildə Qazaxıstanda Azərbaycan, 18-21 noyabr 2012-ci ildə isə Azərbaycanda Qazaxıstan mədəniyyəti günləri keçirilib.
Ümumiyyətlə, strateji tərəfdaş olan Azərbaycanla Qazaxıstan beynəlxalq arenada birgə fəaliyyət göstərir və əməkdaşlıq edirlər. Qazaxıstan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin yalnız sülh yolu ilə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır.
Sevinc NURİYEVA
Yeni Azərbaycan.-2014.- 25 fevral.- S.8.