Xocalı faciəsi insanlığa qarşı cinayətdir

 

YAP Gənclər Birliyinin ofisində Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar “dəyirmi masakeçirilib

 

Dünən Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin ofisində Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədardəyirmi masakeçirilib. YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov bildirib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərində azərbaycanlılara qarşı törətdiyi soyqırımı bəşəriyyətə qarşı yönəlib. Onun sözlərinə görə, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri tərəfindən mühasirədə saxlanılmış Xocalı şəhəri keçmiş Sovet ordusunun 366-cı motoatıcı alayının birbaşa iştirakı ilə hücuma məruz qalıb, şəhər dağıdılıb, insanlar gülləbaran edilib, qocalara, qadınlara, uşaqlara aman verilməyib. “O qanlı gecədə 613 nəfər öldürülüb. Onların arasında 63 uşaq, 106 qadın olub. Şəhidlərin 56 nəfəri xüsusi amansızlıqla qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki, 130 uşaq isə bir valideynini itirib. Hər il olduğu kimi, bu il də Azərbaycanın bütün şəhər və rayonlarında, o cümlədən, dünyanın bir çox ölkəsində soyqırımının ildönümü münasibətilə anım tədbirləri keçirilir, soyqırımı qurbanlarının xatirəsi yad edilir, Ermənistanın azərbaycanlılara qarşı törətdiyi bu dəhşətli soyqırımı barədə dünya ictimaiyyətinə dolğun məlumatlar verilir” - deyə, YAP Gənclər Birliyinin sədri vurğulayıb.

“Dəyirmi masada çıxış edən “Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov bildirib ki, gənclərimiz tariximizi dərindən öyrənməlidirlər. Bu mənada belə tədbirlərin əhəmiyyətli olduğunu deyən B.Sadıqovun sözlərinə görə, xalqımızın tarixi və tariximizdəki faciəvi hadisələr heç zaman unudulmamalı, gələcək nəsillərə çatdırılmalıdır. Xocalı soyqırımının başvermə səbəblərindən danışan millət vəkili qeyd edib ki, Ermənistan Dağlıq Qarabağı özünə birləşdirmək üçün hər zaman fürsət gözləyib: “Ulu öndər Heydər Əliyev keçmiş SSRİ rəhbərliyindən istefa verdikdən sonra ermənilər fəallaşmağa başladılar. Erməni akademik Aqambekyan Parisdə çıxış edərək Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün Sovet rəhbərliyinin razılığının alındığını bildirmişdi. Bundan sonra ermənilər Azərbaycana qarşı açıq şəkildə ərazi iddiaları irəli sürməyə başladılar. Bu zamandan etibarən ermənilərin azərbaycanlılara qarşı qətliamları başladı”.

B.Sadıqov bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı sakinlərinin misli görünməmiş qəddarlıqla öldürülməsi bu faciələrin ən dəhşətlisi oldu: “Erməni hərbi birləşmələri 366-cı motoatıcı rus alayının köməyi ilə qadınlara, uşaqlara, qocalara aman vermədən onları xüsusi vəhşiliklə qətlə yetirdi, hərb tarixində analoqu olmayan işgəncə ilə öldürdü, təhqirlərə məruz qoydular. Öz amansızlığına, kütləviliyinə və törədilən cinayətlərin ağırlığına görə Xocalı soyqırımı insanlığın tarixində qara ləkə kimi qalacaq. Əlbəttə ki, ermənilərin siyasətinin kökündə tarix boyu həyata keçirmək istədikləri məqsədlər dayanırdı. Məlum olduğu kimi, “Böyük Ermənistan” “xülyasına düşən ermənilər bu məqsədlə zaman-zaman türklərə və azərbaycanlılara qarşı ərazi iddiaları irəli sürüblər. Ötən əsrin sonlarında da ərazi iddiası ilə öz havadarlarının - işğalçı Sovet ordusunun köməyi ilə böyük işgəncələrlə azərbaycanlıları öz tarixi yurdlarından qovan ermənilər cəzasız qaldıqlarını görüb daha da vəhşiləşərək Xocalı soyqırımını törətməklə xalqımızı qorxutmaq, vahimə içində saxlamaq, onun mübarizə əzmini qırmaq, xalqımızın işğal faktı ilə barışmasına nail olmaq istəyirdilər”.

Millət vəkili deyib ki, xalqımız erməni cəlladlarının Xocalıda törətdikləri soyqırımının ildönümü ilə əlaqədar hər il geniş miqyasda - həm ölkə daxilində, həm də xaricdə tədbirlər keçirir. Onun sözlərinə görə, dövlətimiz, diaspor təşkilatlarımız Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində səylə çalışır: “Bu istiqamətdə, həmçinin, Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılmasında Heydər Əliyev Fondunun fəaliyyəti və Fondun vitse-prezidenti, Leyla Əliyevanın təşəbbüsü ilə başlanan “Xocalıya ədalət!” kampaniyası xüsusi qeyd edilməlidir”.

Daha sonra millət vəkili Bəxtiyar Sadıqov gəncləri maraqlandıran sualları cavablandırıb.

 

Nardar BAYRAMLI

Yeni  Azərbaycan.-2014.- 26 fevral.- S.3.