Xəyanətin yeni adı-Günel Mövlud
Gündə bir din dəyişdirən, boynunda gəzdirdiyi xaçla öyünən, orijinal görünmək üçün bütün yollara əl atan, hətta şəxsi həyatını məsxərə obyektinə çevirən Günel Mövlud Xocalı soyqırımı günündə ermənilərdən üzr istəməklə düşmən maşasına çevrildiyini etiraf etmiş oldu
Azərbaycanın 20 faiz torpaqlarını işğal edən və tarixin bütün dönəmlərində xalqımıza qarşı terror siyasəti həyata keçirmiş dünya erməniliyi 1992-ci ilin 26 fevralında müharibənin yazılmış və yazılmamış bütün qanunlarını pozaraq, Azərbaycan xalqına qarşı kin-küdurətini büruzə verib Xocalı şəhərində əsrin ən böyük qətliamlarından birini törətdi. İllərdir ki, Azərbaycan xalqının qan yaddaşına çevrilmiş Xocalı soyqırımının miqyası o qədər böyükdür ki, bunu yalnız insanlığa qarşı cinayət adlandırmaq mümkündür. Ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımları, vəhşiliklər isə yalnız Xocalı ilə məhdudlaşmır. Dağlıq Qarabağda, işğal edilən rayonlarda dinc əhaliyə tutulan amansız divan, körpələrin, qocaların, qadınların vəhşicəsinə qətlə yetirilmələri mənfur erməni xislətinin əsl tablosunu yaradır desək, yanılmarıq. Hətta ermənilər vəhşiliklərini öz dilləri ilə etiraf edirlər...
Ən böyük bəla isə şöhrət naminə, xaricdə komfortlu həyat sürmək eşqinə, özünün olmayan ədəbi-bədii “istedadını” gözə soxmaq xatirinə bu mənfur erməni xislətinin iyrənc bir maşasına çevrilməkdir. Bu günlərdə “ermənilərdən üzr istədiyini” bəyan edən və bununla da bir daha hansı yuvanın “yazıçısı” olduğu ortaya çıxan Günel Mövlud məhz belə maşalardandır. Vaxtilə Əkrəm Naibovun satqınlığına min bir don geyindirib müdafiə etməyə çalışan, gündə bir din dəyişdirən, boynunda gəzdirdiyi xaçla öyünən, “orijinal” görünmək üçün bütün yollara əl atan, hətta şəxsi həyatını lağ obyektinə çevirən, yazılarında öz valideynlərinə, doğulduğu torpaqlara belə nifrət hissini açıq-aşkar ortaya qoyan, məsxərə obyekti kimi yanaşan Günel Mövlud ermənilər tərəfindən işğal edilən bir rayondan-Cəbrayıl rayonundan məcburi şəkildə qovulan bir ailənin üzvü olsa da, onun erməni sevgisi “boyundan” böyükdür. G.Mövlud, əslində, davranışları ilə, boynunda xaç gəzdirməklə hər zaman azərbaycanlı olmadığını ortaya qoymağa çalışıb.. Bu əməlləri ilə həm də onun “qab”ında nə olduğu, məqsədinin haraya istiqamətləndiyi bəlli olurdu. Bu günün rakursundan ermənilərdən üzr istəyərək ona qucaq açan dünya ermənilərinin ağuşuna hoppanmağa çalışan bu “yazıçı”, axı bir zamanlar həmin ermənilər tərəfindən elindən-obasından, yurdundan didərgin düşmüşdü. Yəni, naxələfliyin, dönüklüyün, minsifətliliyin bu dərəcəsi də olurmu?
Qarabağı talayan, torpaqlarımızı işğal edən, körpələri süngüyə taxaraq qətlə yetirən ermənilərdən üzr diləməklə Günel Mövlud nə qazanmaq istəyir? Bu qanları tökən, Xocalını yerlə-yeksan edən Zori Balayanlardanmı üzr istəyir Günel Mövlud? Azərbaycanlıların qanını tökmüş naqis erməniləri haqlı, işğala məruz qalan, canından, yurdundan olan azərbaycanlıları isə günahkar qismində təqdim etməkmi istəyir Əkrəm Naibovun davamçısı?
Milli vətənpərvərliyi və Vətən mənafeyini “komfort”a dəyişən...
Bu gün ermənilərdən üzr istəyən G.Mövlud həyatının bütün dönəmlərində eyni “amala xidmətçi” olub. Xaricdə yaşamaq eşqilə alışıb-yanan, Azərbaycana xor baxan, bu Vətənin suyuna, çörəyinə dönük çıxan G.Mövludun bu nökərçiliyinin yeganə məqsədi Avropada, ermənilərin pulu ilə “komfort”lu həyatının təmin edilməsidir. Əlbəttə ki, xainin nə milləti, nə də dini olur. Xainin bir adı var. Ermənilərin xalqımıza, konkret olaraq elə Cəbrayıl rayonundan məcburi şəkildə qovulan insanlarımıza etdikləri axı, Günel Mövludun gözləri qarşısında baş vermişdi. Amma demək ki, onun üçün əsas olan rahat yaşamının təminatıdır. Bu gün az qala Dağlıq Qarabağda olanları “azərbaycanlılar törədib” demək üçün çırpınan bu ermənibeyinli məxluq anlamırmı ki, onun rahat yaşamı üçün bir xalqın haqq davasına şər atmaq bağışlanmazdır. Min bir “siyasi və qeyri-siyasi” oyunlardan çıxan Günel Mövlud özünün Avropa “yaşamına” rənglər qatmaq üçün Cəbrayılda, Qarabağda şəhid olmuş qohum-əqrəbasının qanının üstündən belə laqeydcəsinə keçir? Ermənilərdən üzr istəməklə pənah apardığı anti-azərbaycançı dairələrin yanında yerini bərkitmək niyyətində olan bu “yazıçı” başqa yol tapa bilmirdimi? Axı, o bütün yolları yaxşı tanıyır...
Əkrəm Naibovun başqa bir forması - Günel Mövlud
Əlahəzrət söz elə bir qüvvədir ki, o, xəyanəti qətiyyən qəbul eləmir. Son zamanlar Azərbaycan ədəbiyyatında anti-azərbaycançı qüvvələr tərəfindən yaradılmağa çalışılan təslimçi ruh sözə, geniş mənada isə milli-mənəvi dəyərlərə və bütövlükdə millətə edilən xəyanətdir. Belə ki, hər zaman ədəbiyyat xalqı, kütləni öz arxasınca aparan əsas lokomotivlərdən sayılıb. Azərbaycan ədəbiyyatı da bundan xali deyil. Tarix boyunca biz ədəbiyyatın milli məfkurəmizdə oynadığı rolu dərk edir və görürük. Bir müddət öncə “Daş yuxular” adlı yalan və xəyanət dolu “əsər” yazaraq ermənilərə böyük sevgisini və sayğısını “izhar etmiş” Əkrəm Naibov planının uğur qazana bilmədiyini görən bəzi qüvvələr indi də hər zaman beldən aşağı ifadələrlə və milli mental dəyərlərlə daban-dabana zidd olan iyrənc təsvirlərlə guya Azərbaycanda yeni ədəbiyyat yaratdığını iddia edən, əslində isə yaratdığı, sadəcə, bəsit, bəsit olduğu qədər də vulqar nudist ədəbi nümunələrin suyunun suyu sayıla biləcək xəbis və zərərli düşüncənin məhsulu Günel Mövludu ortaya atıblar. Əslinə qalanda, elə Günel Mövlud özü əvvəldən könüllü şəkildə bu dəyər(sizlik)lərin təmsilçisinə çevrilib və bir gün təbliğ etdiyi dəyərsizliklərə görə ona da “nəsə” verə biləcəklərinin ümidi ilə yaşayıb. Məhz bu “ümid”lə o, xalqımızın əsrlərlə yaşatdığı dəyərlərin yetəninə yetib, yetməyəninə isə bir daş atıb.
Tarix Əkrəm Naibov və onun yolunun ardıcılı olan Günel Mövludları, əslində çox görüb. Onlar hər zaman müəyyən qüvvələr tərəfindən öz istəkləri doğrultusunda geninə-boluna istifadə olunduqdan sonra bir kənara tullanılıblar. Özlərindən geriyə heç nə qoyub getmədən... Olmayan, sadəcə ondan istifadə xatirinə yaradılan “istedadlarını” nələrəsə qurban verərək yaşadıqlarından yaddaşlarda ancaq və ancaq onların xain obrazları qalıb, vəssalam...
Ermənilərin pulunu dadan Əkrəm Naibovdan sonra Günel Mövlud islaq ərazidə bitən zəhərli göbələyə bənzədi. Amma o bir şeyi unudur: xalqın yaddaşında yaşamaq, istənilən dünya şöhrətli mükafatı əldə edib beş-on il dəbdəbə içində ömür sürməkdən daha şərəflidir! Təbii ki, artıq o, bunu düşünəcək halda deyil: çünki, onun yaşam kodları ancaq və ancaq yaxşını pis, düzü isə əyri görməyə hesablanıb...
Bədii istedadı olmaya-olmaya ədəbiyyatda qalmaq istəyi...
“Ədəbiyyat” - deyəndə, şablon kimi səslənsə də, birinci növbədə insanın ağlına sözün kökü olan “ədəb” sözü gəlməkdədir. “Ədəb” sözünü isə ulularımız qadın və ya kişi olsun, fərq etməz, insanın zinəti kimi qəbul ediblər. İnsanın zinəti kimi qəbul olunan “ədəb” anlayışı təbii olaraq ədəbiyyatımızda da hər zaman öndə gedib, ədəbi dühalarımızın diqqət etdiyi ən böyük önəm kəsb edən amillərin başında gəlib. Son zamanlar ədəbiyyatımızda Qərbdən gələn meyillər günelmövlud kimilərinin timsalında özünü göstərməyə cəhd edir və bu cəhdlərin elə özü lap başından etibarən iflasa məhkumdur. Təbii ki, ədəbiyyat özünü yeniləməli, özündə yenilikləri ehtiva etməlidir. Amma bu yeniliklər mental dəyərlərin kökünə dinamit qoymaqla yaradılmamalıdır. Günel Mövludun yazdıqları isə sabun köpüyündən başqa bir şey deyil. Onun olmayan bədii təfəkkürü şou üzərində qurulub və xalqın beynində çaşqınlıq yaratmağa hesablanıb. Amma göründüyü kimi, Günel Mövlud buna nail ola bilmədi, çünki xalqın gözü tərəzidir. Gah zifafdan danışan, gah bircə anın içindəcə qadın hüquq müdafiəçisinə çevrilib xalqa “yol göstərən” o və onun kimi “yazar”lar artıq yazmağa heç nələrinin qalmadığını gördükdə çarə olaraq sonuncu variant kimi düşmən dəyirmanına su tökdüklərini açıq-aydın büruzə verməkdə görürlər.
Söz adamı sözlə gündəmdə qalmağa üstünlük verər. Günel Mövlud isə ən sonuncu variantdan istifadəni özünə məqbul saydı. Neynək? Azərbaycan ədəbiyyatı heç nə itirmir, çünki əzəldən Azərbaycan ədəbiyyatında “Günel Mövlud” adı yox idi.
Günel Mövludun yeni missiyası həm də ölkə daxilində qarşıdurma yaratmaqdır
Günel Mövludun müti üzr “yazı”sını (əgər buna yazı demək mümkündürsə) oxuduqda bir məqam da gözdən qaçmır. Anti-azərbaycançı dairələrə pənah aparmış bu “yazıçı” yeni bir missiyanı üstlənib: artıq Azərbaycanın leksikonundan çıxmış, azərbaycanlıların beynindən çoxdan silinib itmiş “yerlibazlıq” adlı bir nəsnəni yenidən cücərtmək... Bu söz Günel Mövludun öz himayədarlarından aldığı yeni tapşırığın kod adıdır. O, hətta “ustadı” Əkrəm Naibovu belə özünün oyununda “peşkaya” çevirir. Bununla da G.Mövlud ölkədə qarşıdurma yaratmaq istəyir.
Amma Günel Mövlud unudur ki, Azərbaycan xalqı 1993-cü ildən yalnız bir amal, bir əqidə uğruna birləşib. Xalqımız vahid ideologiyanın-azərbaycançılığın ətrafında sıx birləşərək düşmənə qarşı yumruq olmağı bacarıb. Xalqımızın düşmənləri günelkimilərdən istifadə etməklə bu birliyimizə zərbə vurmağa çalışırlar. Düşmənin siyasi maşası rolunda, yeni qiyafədə peyda olmuş Günel Mövludun bu oyunu isə elə ilk raunddaca məğlubiyyətə uğrayır. Çünki Azərbaycan xalqı heç bir zaman xainlərin oyununa aldanmır...
Günel Mövlud niyə Xocalı soyqırımı ərəfəsində “üzr istədi”?
Burada da erməni xisləti özünü tam şəkildə büruzə verdi. Günelin erməni himayədarlarının bu oyunu da onların və onların əlinin altında nökərçilik edən günellərin, əkrəmlərin hansı xislətə malik olduqlarını hər kəsə nümayiş etdirdi. Günel Mövlud kimi birisinin dili ilə Xocalı soyqırımı günlərində ermənilərdən üzr istətdirməkdə məqsəd ermənilərin vəşhiliklərinin üstünə pərdə çəkməkdir. Axı, bütün dünya onların kim olduğunu görür. Xocalı soyqırımı erməni vəhşətinin çılpaq tablosudur. Ermənilər Günel Mövludun dili ilə həm də Azərbaycan xalqının heysiyyatı ilə oynayırlar. Bu oyunda çirkli maşa olan Günel Mövlud isə heysiyyatın nə olduğunu bilmir.
Günel Mövlud Xocalıda öldürülən həmyaşıdının yerində ola bilərdi...
Görəsən, Günel Mövlud düşünmədimi ki, Xocalıda qətlə yetirilən körpənin qatilindən qətl günündə üzr istəməklə ən böyük günaha batır. Düşünmədimi ki, axı, ermənilərin süngüyə keçirdiyi körpə bəlkə də elə Günelin özü ola bilərdi. Axı, öldürülən uşaqlar elə Günelin həmyaşıdları idilər. Axı, soyqırıma məruz qalmış Xocalı ilə Günelin məcburən qovulduğu Cəbrayıl rayonu coğrafi nöqteyi-nəzərdən bir-birinə yaxın ərazilərdir. Axı, Xocalıda həmin gün qətlə yetirilən körpənin yeganə günahı azərbaycanlı olması idi. Axı, həmin süngüyə keçirilən körpə sadəcə vəhşi düşmənin əlindən canını qurtara bilməmişdi və bu mənada Günel qədər “şanslı” deyildi. Axı, Günel Mövludu, atasını, anasını, qohum-əqrəbasını ayaqyalın evindən qaçırdanlar Xocalıdakı körpənin qanını içənlər idi...
Amma dünən ermənilərin süngüsündən yayınan, canını qurtara bilən Günel bu gün xaricdə həmin ermənilərin qanlı pullarının əsirinə çevrilib... Axı, Xocalıda qətlə yetirilən həmyaşıdı Günelin bacısı idi, azərbaycanlı balası idi...
Yeni Azərbaycan.-2014.- 27 fevral.- S.7.