Azərbaycan-Bolqarıstan
münasibətləri ortaq maraqlara əsaslanır
İki ölkə arasında əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanlar var
Fəal xarici siyasət yürüdərək müxtəlif ölkələrlə ikitərəfli əlaqələrini genişləndirən Azərbaycanın qarşılıqlı faydalı münasibətlər qurduğu dövlətlərdən biri də Bolqarıstandır. Xəbər verildiyi kimi, bir neçə gün əvvəl Prezident İlham Əliyev ölkəmizdə rəsmi səfərdə olan Bolqarıstan Respublikasının Baş naziri Plamen Oreşarskinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AzərTAc-ın məlumatına görə, əvvəlcə Azərbaycan Prezidenti ilə Bolqarıstanın Baş naziri arasında baş tutan təkbətək görüşdə iki ölkə arasında ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunub, tərəfdaşlıq əlaqələrinin müxtəlif sahələrdə, o cümlədən, energetika sektorunda genişləndirilməsinin önəmi vurğulanıb, əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Daha sonra nümayəndə heyətinin iştirakı ilə davam etdirilən görüşdə Azərbaycan ilə Bolqarıstan arasında siyasi sahədə əlaqələrin razılıq doğurduğunu vurğulayan dövlətimizin başçısı iqtisadi sahədə də əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğunu deyib. Bolqarıstan Respublikasının Baş naziri Plamen Oreşarskinin Azərbaycana ötən səfəri zamanı energetika sahəsində əməkdaşlığa dair mühüm sənədlərin imzalandığına toxunan Prezident İlham Əliyev Azərbaycanın və Bolqarıstanın tərəfdaş ölkələr kimi nəhəng regional infrastruktur layihəsinin reallaşdırılması istiqamətdə birgə fəaliyyətə başlamasından məmnunluğunu ifadə edib. Ölkələrimiz arasında əlaqələrin genişləndirilməsində birgə layihələrin önəmini qeyd edən dövlətimizin başçısı bunun energetika, investisiya qoyuluşu, biznes, birgə istehsal sahələrinin yaradılması, turizm, kənd təsərrüfatı və digər sahələrdə genişləndirilməsi üçün də yaxşı imkan yaratdığını vurğulayıb. Bolqarıstan şirkətlərini ölkəmizdə həyata keçirilən layihələrdə iştirak etməyə dəvət edən Prezident İlham Əliyev Azərbaycanın da Bolqarıstanda tərəfdaş və investor kimi fəaliyyət göstərməkdə maraqlı olduğunu deyib. Dövlətimizin başçısı iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsində siyasi münasibətlərin əhəmiyyətini vurğulayıb. Prezident İlham Əliyev Bolqarıstan Respublikasının Baş naziri Plamen Oreşarskinin ölkəmizə səfəri zamanı əməkdaşlığımızın müxtəlif sahələrdə inkişaf etdirilməsi ilə bağlı səmərəli müzakirələr aparılacağına ümidvar olduğunu bildirib.
Yüksək qonaqpərvərliyə görə dövlətimizin başçısına minnətdarlığını ifadə edən Bolqarıstanın Baş naziri Plamen Oreşarski səfəri zamanı Azərbaycan xalqının bolqar xalqına olan dostluq münasibətinin bir daha şahidi olduğundan məmnunluğunu bildirib. Baş nazir Bolqarıstan ilə Azərbaycan arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb. Ölkələrimiz arasında energetika sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyini bildirən Bolqarıstanın Baş naziri sürətlə inkişaf edən Azərbaycanda nəqliyyat, kimya, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanların olduğunu diqqətə çatdırıb.
Bu məqamda qeyd edək ki, hazırda, Azərbaycan ilə Bolqarıstan arasında sıx münasibətlər mövcuddur. Bir sıra siyasi məsələlərdə iki ölkənin maraqlarının və mövqelərinin üst-üstə düşməsi münasibətlərin genişlənməsinə təkan verir. İlk növbədə, Bolqarıstanın xarici siyasətində Cənub-Şərqi Avropa ölkələri ilə iqtisadi və mədəni əməkdaşlığın inkişaf etdirilməsi, region dövlətlərinin Avroatlantik strukturlara inteqrasiyasının dəstəklənməsi xüsusi yer tutur. Bildiyimiz kimi, Qərbə inteqrasiya siyasəti həyata keçirən Azərbaycan bu istiqamətdə bir çox Avropa ölkələri ilə əməkdaşlıq edir. Avropa İttifaqı, Avropa Şurası, AŞPA, ATƏT kimi təşkilatlarla əlaqələrin genişləndirilməsində maraqlı olan Azərbaycan üçün Bolqarıstanla münasibətlər bu baxımdan faydalıdır. Eyni zamanda, Cənubi Qafqaz regionunda lider olan Azərbaycanla əməkdaşlıq Bolqarıstanın regionun iqtisadi həyatında aktiv yer alması üçün də şərait yaradır.
Çoxşaxəli səciyyə daşıyan Azərbaycan-Bolqarıstan münasibətlərinin indiki səviyyəyə gəlib çatmasında, heç şübhəsiz, illərdir ki, qurulan siyasi əlaqələrin uğurla davam etdirilməsinin böyük rolu var. Qeyd edək ki, Bolqarıstan Azərbaycanın müstəqilliyini 14 yanvar 1992-ci ildə tanıyıb, iki ölkə arasında diplomatik əlaqələr isə 1992-ci ilin 5 iyun tarixində yaradılıb. Bolqarıstanın Azərbaycandakı səfirliyi 1999-cu illin dekabr ayında fəaliyyətə başlayıb. Azərbaycanın bu ölkədə səfirliyinin açılması isə 2005-ci ildə gerçəkləşib.
Azərbaycan ilə Bolqarıstan arasında siyasi, iqtisadi, elmi, texniki və mədəni əlaqələr istiqamətində münasibətlər sürətlə inkişaf etməkdədir. Hər iki respublikanın dövlət başçıları bu münasibətlərin genişlənməsində maraqlı olduqlarını dəfələrlə bəyan ediblər. İki ölkə arasındakı əlaqələrin genişlənməsində dövlət başçılarının və digər rəsmi şəxslərin qarşılıqlı səfərləri, səfərlər çərçivəsində müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutan müqavilə və sazişlərin imzalanmasının böyük əhəmiyyəti var. Bu ölkə ilə əlaqələrə önəm verən Ümummilli lider Heydər Əliyev 29-30 iyun 1995-ci il tarixində Bolqarıstana rəsmi səfər edib. Öz növbəsində, Bolqarıstanın keçmiş Prezidenti P.Stoyanov 2-3 dekabr 1999-cu il tarixində Azərbaycanda rəsmi səfərdə olub. 28 may 1999-cu il tarixində Azərbaycan Respublikası Prezidenti iki ölkə arasında iqtisadi-ticarət və elmi-texniki sahələr üzrə Birgə Komissiyanın yaradılması haqda Sərəncam imzalayıb.
İki ölkə arasındakı əlaqələr müdafiə sahəsi üzrə də inkişaf etməkdədir. 25-27 sentyabr 2002-ci il tarixində Azərbaycanın müdafiə naziri Bolqarıstanın müdafiə nazirinin dəvətilə bu ölkədə rəsmi səfərdə olub. 2004-cü ildə də Azərbaycanın müdafiə naziri bolqarıstanlı həmkarının dəvəti ilə Bolqarıstanda rəsmi görüşlər keçirib. Həm Azərbaycan, həm də Bolqarıstan dünyada və regionda sülh və təhlükəsizliyin təmin edilməsində maraqlı olan aktorlar kimi çıxış edir. Təhlükəsizlik məsələlərinə həssas münasibət iki ölkənin bu sahədə əlaqələrinin inkişafına müsbət təsir göstərir.
Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi ilk vaxtlardan etibarən Bolqarıstanla münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində mühüm əməli addımlar atıb. 2003-cü ilin noyabrında Azərbaycanda rəsmi səfərdə olan Bolqarıstanın müdafiə naziri Prezident İlham Əliyevlə görüşüb. 19-23 yanvar 2004-cü il tarixində Azərbaycanın gənclər, idman və turizm naziri Bolqarıstanda rəsmi səfərdə olub. 15-16 mart 2004-cü il tarixində Bakıya səfəri çərçivəsində Bolqarıstanın xarici işlər naziri Azərbaycan Prezidenti İlham Əliyev və digər rəsmi şəxslərlə görüşlər keçirib.
2008-ci il martın
10-da Bolqarıstan Prezidenti
Azərbaycana işgüzar
səfər edib. İki Prezident arasında iqtisadi, siyasi və mədəni əlaqələrlə bağlı
məsələlər müzakirə
olunub.
2009-cu il yanvarın
22-də Bolqarıstan Prezidenti
qısamüddətli növbəti
dəfə Azərbaycana
gəlib. Azərbaycan və Bolqarıstan
prezidentləri arasında
keçirilən görüşdə
ikitərəfli münasibətlərin
siyasi, iqtisadi, humanitar və digər sahələrdə
uğurla inkişaf etdiyi vurğulanıb.
Həmçinin, Prezident İlham Əliyev 13 noyabr 2009-cu ildə Bolqarıstanda işgüzar səfərdə
olub, bu ölkənin dövlət
başçısı ilə
görüşüb.
Yüksək rəsmi səfərlərlə
yanaşı, Azərbaycan-Bolqarıstan
siyasi münasibətləri
parlamentlərarası əlaqələr
üzrə də inkişaf edir. Belə ki,
hər iki ölkənin parlamentində
dostluq qrupları fəaliyyət göstərir.
Bundan əlavə, 1999-cu ildə
iki dövlət arasında ticarət-iqtisadi
və elmi-texniki əməkdaşlıq üzrə
Müştərək Komissiya
yaradılıb. Komissiyanın əsas məqsədi ölkələr arasında
iqtisadi münasibətləri
genişləndirmək, əməkdaşlığı
inkişaf etdirmək və ticarət dövriyyəsini artırmaqdan
ibarətdir. 2008-ci ilin mart ayında Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə
müştərək komissiyanın
Azərbaycan tərəfindən
yeni tərkibi müəyyənləşdirilib. Komissiyanın tərkibinə
maliyyə, xarici işlər, iqtisadi inkişaf, sənaye və energetika, nəqliyyat, mədəniyyət
və turizm, təhsil və səhiyyə nazirlərinin
müavinləri, Dövlət
Gömrük Komitəsi
sədrinin birinci müavini, Mərkəzi Bankın idarə heyəti sədrinin müavini, Azərbaycanın
Bolqarıstandakı səfiri
və Nazirlər Kabineti Aparatının xarici iqtisadi əlaqələr şöbəsinin
müdiri daxildirlər.
Qeyd etdiyimiz
kimi, Bolqarıstan Azərbaycanın mühüm
geostrateji mövqeyindən
və daxili inkişaf meyillərindən
irəli gələn iqtisadi potensialını yüksək qiymətləndirir. Azərbaycanın enerji ixracatçısı
və tranzit ölkə kimi əhəmiyyətinin artması
bir çox dövlətlər kimi, Bolqarıstanı da respublikamızla əməkdaşlığa
cəlb edir. 1998-ci ildən Bolqarıstan
Azərbaycanla birlikdə
Avrasiya nəqliyyat dəhlizi layihəsində
(TRACECA) iştirak edir.
Azərbaycan və Bolqarıstan
həmçinin, regional təşkilat
olan Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı
çərçivəsində də qarşılıqlı
əlaqələrə malikdir.
Həmçinin, müxtəlif illərdə
Azərbaycanla Bolqarıstan
arasında iqtisadi sahələri əhatə
edən önəmli sənədlər imzalanıb. Bunların
içərisində Azərbaycan
Respublikasının Sənaye
və Energetika Nazirliyi və Bolqarıstan Respublikasının
İqtisadiyyat, Enerji və Turizm Nazirliyi arasında əməkdaşlıq haqqında
Memorandumu və Bolqarıstanın “Bulqartransqaz”
şirkəti və Azərbaycan Respublikası
Dövlət Neft Şirkəti arasında təbii qazın nəqli sahəsində qarşılıqlı Anlaşma
Memorandumunu göstərmək
olar. Bu sənədlər
2011-2012-ci illərdə Azərbaycandan
Bolqarıstana ən az 1 milyard
kubmetr həcmdə qaz nəqlini təmin edib.
Qarşılıqlı iqtisadi əlaqələrin
davamlı inkişafının
təzahürü kimi,
2011-ci ildə Bolqarıstanın
iqtisadiyyat, energetika və turizm naziri Trayço Traykov ölkəmizdə səfərdə olub.
İki ölkə
münasibətlərinin dərinləşməsində
diasporun özünəməxsus
yeri var. Bolqarıstanda
yaşayan azərbaycanlılar
dünyanın digər
ölkələrindəki soydaşlarımız
kimi təşkilatlanmaqdadır. Bolqarıstandakı diaspor təşkilatlarımızın
fəaliyyəti Azərbaycan
həqiqətlərinin bu
ölkədə tanınmasına
və iki ölkə xalqlarının
mədəni əlaqələrinin
möhkəmlənməsinə xidmət edir.
İki ölkə
arasında təhsil sahəsində də əlaqələrin yüksək
səviyyədə olduğunu
təsdiqləyən faktlar
mövcuddur. 26-31 oktyabr
2002-ci il tarixində Bolqarıstanın
keçmiş Prezidenti
Jelyu Jelev Bakı Slavyan Universitetinin dəvəti ilə mühazirələr
oxumaq üçün
Bakıda səfərdə
olub. 2004-cü ilin aprel ayında isə Bolqarıstanın təhsil nazirinin müavini K.Velev, İkitərəfli əməkdaşlıq
və Avropa inteqrasiya departamentinin və Ali Təhsil Siyasəti üzrə Departamentin əməkdaşları
Qara Dəniz İqtisadi Əməkdaşlıq
Təşkilatının Təhsil
Nazirlərinin iclasında
iştirak etmək üçün Azərbaycanda
səfərdə olub.
Göründüyü kimi, Azərbaycan-Bolqarıstan
əlaqələri hərtərəfli
səciyyə daşıyır
və münasibətlərin
bundan sonrakı inkişafı üçün
geniş imkanlar mövcuddur.
Hülya MƏMMƏDLİ
Yeni Azərbaycan.-2014.- 27 fevral.- S.8.