Xocalı qurbanları unudulmur

 

Azərbaycanın Özbəkistandakı səfirliyi Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) ilə birgə Xocalı faciəsinə həsr olunmuş mərasim keçirib.

Tədbirdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, xarici ölkələrin Daşkənddəki diplomatik nümayəndəliklərinin rəhbərləri, Azərbaycan Respublikası Milli Məclisinin mədəniyyət komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Nizami Cəfərov və yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuz, Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, diasporumuzun üzvləri, jurnalistlər iştirak edib.

Əvvəlcə mərasim iştirakçıları Ulu öndər Heydər Əliyevin Mərkəzin qarşısındakı abidəsi önünə əklil və gül dəstələri qoyublar. Sonra AMM-in həyətində Xocalı soyqırımı qurbanlarının xatirəsinə güllərdən hazırlanmış kompozisiya nümayiş etdirilib, şamlar yandırılıb.

Səfir Hüseyn Quliyev Xocalı faciəsinin yaranma səbəbləri haqqında ətraflı məlumat verib, erməni silahlılarının keçmiş sovet ittifaqının 366-cı motoatıcı alayı ilə birgə bir gecənin içində Xocalı şəhərini yer üzündən sildiklərini bildirib. Hərbi əməliyyat zamanı Xocalı sakinləri - qocalar, qadınlar, uşaqlar güllələnib, heç kimə aman verilməyib.

Səfir Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-də elan edilən “Xocalıya ədalət!” Beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası haqqında danışıb, Xocalı soyqırımının tanınması istiqamətində görülən işləri diqqətə çatdırıb.

Diplomat vurğulayıb ki, Xocalı faciəsini Pakistan, Meksika, Kolumbiya parlamentləri, Amerika Birləşmiş Ştatlarının 14 ştatının qanunverici orqanı tərəfindən tanınıb. Faciə ilə əlaqədar Rumıniya, Çexiya, Serbiya, Honduras, həmçinin BosniyaHerseroqovina parlamentləri qətnamə qəbul ediblər.

Sonra Xocalı faciəsindən söz açan “Məhv edilmiş şəhər” sənədli və “Fəryad” bədii filmləri göstərilib.

Tədbir iştirakçıları Heydər Əliyev Fondu tərəfindən Azərbaycanın Özbəkistandakı səfirliyinə göndərilmiş Xocalı soyqırımı mövzusunda fotoşəkillər və nəşrlər, xüsusi stend, həmçinin AMM-də fəaliyyət göstərən rəsm dərnəyi üzvlərinin Xocalı soyqırımına həsr etdikləri rəsm əsərləri ilə tanış olublar.

 

Yeni  Azərbaycan.-2014.- 27 fevral.- S.7.