Latviya-Azərbaycan əlaqələri inkişafın yeni mərhələsinə qədəm qoyub

 

İki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yaxşı potensial var

Müstəqillik əldə etdikdən sonra Azərbaycan dünyanın bütün ölkələri ilə, xüsusən Baltikyanı ölkələrlə dincmehriban qonşuluq münasibətlərinə əsaslanan xarici siyasət xətti yürütməyə başlayıb. Bu siyasi kursda Latviya ilə münasibətlər xüsusi yer tutur.

Vurğulamaq yerinə düşər ki, Azərbaycanla Latviya arasında qarşılıqlı səfərlər, dövlət başçıları səviyyəsində keçirilən rəsmi və işgüzar görüşlər münasibətlərin dərinləşməsi baxımından böyük əhəmiyyət daşıyır. Elə fevralın 25-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovla Latviya Respublikası Seyminin Azərbaycan parlamenti ilə əməkdaşlıq qrupunun rəhbəri Yanis Reyersin başçılıq etdiyi nümayəndə heyətinin görüşü də deyilənləri təsdiqləyir.

AzərTAc xəbər verir ki, görüş zamanı Oqtay Əsədov iki ölkə arasındakı dostluq münasibətlərindən danışaraq bildirib ki, Azərbaycan-Latviya əlaqələri gündən-günə inkişaf edir. Sədr qarşılıqlı səfərlərin ölkələrimiz arasında əlaqələrin inkişafında oynadığı rolu xüsusi qeyd edib. Bildirilib ki, Azərbaycan ilə Latviya arasında hüquqi baza da mövcuddur. İndiyədək iki ölkə arasında 30-a qədər sənəd imzalanıb, 5 sənəd isə imzalanmaq üçün hazırlanır. Milli Məclisin sədri, həmçinin, Azərbaycanla Latviya arasında ticari əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Nümayəndə heyətinə Azərbaycanın sürətli inkişafı haqqında məlumat verən Oqtay Əsədov qeyd edib ki, bu gün ölkəmizin regionun və Avropanın enerji təhlükəsizliyində böyük rolu var. Bildirilib ki, Azərbaycan müstəqil dövlət quruculuğu sahəsində mühüm nailiyyətlər əldə edib, iqtisadi potensialına, demokratik inkişaf səviyyəsinə görə regionun lider dövlətinə çevrilib.

Oqtay Əsədov, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunub, ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri Xocalı soyqırımı haqqında qonaqlara məlumat verib.

Spiker bildirib ki, “Böyük Ermənistan” xülyası ilə yaşayan erməni millətçilərinin qəsbkarlıq planlarının, azərbaycanlılara qarşı həyata keçirdikləri deportasiya və soyqırımı siyasətinin yüz illərlə ölçülən tarixi var. Ermənistan beynəlxalq hüququn norma və prinsiplərinə etinasızlıq göstərməkdə davam edir, silahlı qüvvələrini işğal etdiyi Azərbaycan ərazilərindən çıxarmaq istəmir. Təəssüf ki, münaqişənin nizamlanması üçün xeyli səylər göstərilməsinə baxmayaraq, indiyədək bu sahədə əsaslı irəliləyişə nail olunmayıb. Azərbaycan münaqişənin sülh yolu ilə həll edilməsinin tərəfdarıdır.

Diqqətə çatdırılıb ki, Xocalı soyqırımı Dağlıq Qarabağ münaqişəsi zamanı ermənilər tərəfindən törədilmiş ən dəhşətli cinayətdir. Bu soyqırımı zamanı Azərbaycan xalqı yüzlərlə şəhid verib. Xocalı faciəsi dünyanın bir çox ölkələrində soyqırımı kimi tanınıb.

Öz növbəsində, Latviya Respublikası Seyminin Azərbaycan parlamenti ilə əməkdaşlıq qrupunun rəhbəri Yanis Reyers ölkələrimiz arasında dostluq münasibətinin inkişafının məmnunluq doğurduğunu vurğulayıb. Əməkdaşlığımızın daha da inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğunu qeyd edib.

Yanis Reyers Xocalı qətliamı ilə bağlı bildirib ki, bu, təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir. O, həmçinin, Azərbaycanın Latviyadakı diaspor təşkilatlarının bu faciə ilə bağlı həqiqətlərin ölkə ictimaiyyətinə çatdırılmasında mühüm işlər gördüyünü vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.

Bu məqamda qeyd edək ki, bu gün Azərbaycanla Latviya bir-birini hərtərəfli dəstəkləyən siyasi, iqtisadi, elmi-texniki və digər sahələrdə tərəfdaş ölkələrdir. Bu iki ölkə arasında münasibətlər başlıca olaraq qarşılıqlı hörmət, bərabərhüquqlu əməkdaşlıq, müxtəlif sahələr üzrə təcrübə mübadiləsi və bir sıra digər mütərəqqi prinsiplərə söykənir. Belə ki, Latviya Azərbaycanın müstəqillikdən əvvəl də əlaqələrinin olduğu az sayda Avropa ölkələrindən biridir. Azərbaycanla Latviya keçmiş SSRİ-nin tərkibində müttəfiq respublikalar olublariki ölkə arasında iqtisadi, mədəni əlaqələrin əsası da məhz həmin dövrdə qoyulub. Azərbaycan Respublikasının müstəqillik əldə etməsindən sonra isə Latviya ilə əlaqələrin siyasi müstəvidə qurulması və inkişaf etdirilməsi üçün imkanlar yaranıb. İlk növbədə, onu qeyd edək ki, Latviya respublikamızın müstəqilliyini 1992-ci il yanvarın 8-də tanıyıb. İki ölkə arasında diplomatik əlaqələr isə bundan 2 il sonra yaradılıb. 2005-ci ildə Azərbaycan Respublikasının bu ölkədə, 2006-cı ildə isə Latviya Respublikasının ölkəmizdə səfirliyi fəaliyyətə başlayıb. Onu da xüsusi olaraq qeyd edək ki, Baltikyanı ölkələr içərisində Azərbaycan Respublikasının səfirliyi ilk olaraq məhz Latviyada açılıb.

İki ölkə arasında dövlət başçıları səviyyəsində ilk görüş isə 1997-ci il iyulun 8-də NATO-nun Madriddə keçirilən Zirvə toplantısı zamanı baş tutub. Həmin vaxt Ulu öndər Heydər Əliyevlə Latviyanın o zamankı Prezidenti Guntis Ulmanis arasında keçirilən görüşdə iki ölkə arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub. Azərbaycanın və Latviyanın dövlət başçıları arasında növbəti görüş 1999-cu il sentyabr ayının 10-da YaltadaBaltik-Qara dəniz əməkdaşlığı: XXI əsr Avropa inteqrasiyasına doğru ayırıcı xətlərsiz” mövzusunda keçirilən beynəlxalq toplantıda gerçəkləşib. Ulu öndər Heydər Əliyevlə həmin vaxt Latviyanın yeni seçilmiş Prezidenti Vayra Vike-Freyberqa arasında keçirilən görüşdə iki ölkə arasında münasibətlərin inkişaf səviyyəsi və mövcud imkanlar ətrafında fikir mübadiləsi aparılıb.

Latviyadan Azərbaycana ilk rəsmi səfəri isə, 2001-ci il 9-12 iyul tarixlərində bu ölkənin xarici işlər naziri İndulis Berzinş gerçəkləşdirib. Latviya rəsmisini qəbul edən Ümummilli lider Heydər Əliyev Azərbaycanın Avropa Şurasına üzv olması dövrünün Latviyanın şuraya sədrliyi ərəfəsinə təsadüf etdiyini vurğulayıb və bu məsələdə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib: “Azərbaycanın Avropa Şurasına qəbul olması prosesində bizi həmişə dəstəklədiyinizə görə sizə və Latviya hökumətinə bir daha təşəkkür etmək istəyirəm”.

Eyni zamanda, işgüzar xarakter daşıyan həmin görüşdə iki ölkənin xarici işlər nazirləri tərəfindən əməkdaşlıq haqqında və avtomobil daşımaları barədə müqavilə imzalanıb.

2011-ci il 18-21 aprel tarixində Latviya Respublikasının daxili işlər naziri Linda Murnietsin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri də iki ölkə arasındakı dostluq əlaqələrinin möhkəmləndirilməsi baxımından müsbət dəyərləndirilə bilər. Məlumat üçün bildirək ki, xanım Murniets ilə görüşdə Prezident İlham Əliyev Riqaya səfərindən sonra Latviyadan Azərbaycana ilk dəfə belə yüksək səviyyəli nümayəndə heyətinin gəlməsinin önəmini qeyd edərək, səfərin ikitərəfli münasibətlərin inkişafı baxımından uğurlu olacağını bildirib. Öz növbəsində, Latviya rəsmisi ölkəsinin Azərbaycanla əlaqələrə xüsusi önəm verdiyini, bu nöqteyi-nəzərdən səfərin böyük əhəmiyyət daşıdığını bəyan edib.

Onu vurğulamaq yerinə düşər ki, Prezident İlham Əliyevin rəhbərliyi dövründə Latviya-Azərbaycan əlaqələri inkişafın yeni mərhələsinə qədəm qoyub. Azərbaycanın siyasi-strateji əhəmiyyətinə böyük önəm verən Latviyanın rəsmi dairələri son illərdə ölkəmizə səfərlərini intensivləşdirib. Məsələn, Azərbaycanla əlaqələrə göstərilən marağın təsdiqi olaraq 2004-cü ilin martında bu ölkənin dövlət katibinin müavini Andris Teykmanisin, həmin ilin iyulunda isə dövlət katibi Edqars Rinkeviçusun respublikamıza səfərini qeyd etmək olar. Latviya prezidentlərinin ölkəmizə səfərləri 2005-ci və 2009-cu illərdə baş tutub. Azərbaycan Prezidenti İlham Əliyevin Latviyaya sonuncu rəsmi səfəri isə bu ilin yanvarında gerçəkləşib. İki ölkənin yüksək rəsmi şəxsləri arasında qarşılıqlı səfərlər əsasında keçirilən çoxsaylı görüşlər və əldə olunan razılaşmalar Azərbaycan-Latviya əlaqələrinin yüksək inkişaf dinamikasından xəbər verir.

Bütövlükdə, Latviyanın respublikamızla müxtəlif sahələrdə əməkdaşlığa böyük maraq göstərməsi heç də təsadüfi xarakter daşımır. Bildiyimiz kimi, Azərbaycanın əlverişli coğrafi mövqeyi, Avropa ilə Asiyanı birləşdirən mühüm siyasi, iqtisadi dəhliz rolunu oynaması bir çox ölkələr kimi Latviyanın da diqqətini cəlb edir. Bundan əlavə, Azərbaycanın özünün son illərdə nail olduğu inkişaf göstəriciləri, respublikamızın regionda lider dövlətə çevrilməsi, habelə ölkəmizin hər bir sahədə müstəqil siyasət yeritməsi və enerji siyasətində Avropa məkanı ilə əməkdaşlığa xüsusi önəm verməsi də ölkəmizin tərəfdaşlıq qismində müsbət beynəlxalq imicini formalaşdıran mühüm faktorlardandır. Malik olduğu zəngin karbohidrogen ehtiyatları sayəsində Avropanın enerji təhlükəsizliyinin təminində mühüm rola malik olan Azərbaycanda yaradılan əlverişli biznes mühitigeniş iqtisadi inkişaf potensialı da respublikamızın tərəfdaş ölkələrlə daha sıx əməkdaşlığına imkan verir. Öz növbəsində, Avroatlantik məkana intensiv surətdə inteqrasiya edən Azərbaycan da Latviya ilə əməkdaşlıqda maraqlıdır. Qarşılıqlı ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində qurulan əlaqələr hər iki ölkənin siyasi, iqtisadi və təhlükəsizlik maraqlarına cavab verir. Latviya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllində maraqlıdır. Rəsmi Riqa, həmçinin, ölkəmizin Avropa məkanına inteqrasiyasına da müsbət yanaşır. Eyni zamanda, hər iki ölkə beynəlxalq və regional təhlükəsizliyin, sülhsabitliyin bərqərar olmasında maraqlı dövlətlər kimi çıxış edir.

Azərbaycanla Latviya arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsində bir sıra sahələr üzrə imzalanan sənədlər mühüm hüquqi baza rolunu oynayır. Məsələn, terrorçuluq, mütəşəkkil cinayətkarlıq sahəsində iki ölkə arasında əməkdaşlığın əsas prinsipləri 2005-ci ilin oktyabrında imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında terrorçuluq, narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qeyri-qanuni dövriyyəsi və mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş”lə müəyyənləşdirilib.

Azərbaycanla Latviya arasında iqtisadi əlaqələr də çoxşaxəli istiqamətdə inkişaf edir. Azərbaycan Hökuməti ilə Latviya Hökuməti arasında ticarət-iqtisadi əməkdaşlıq prinsipləri haqqında Saziş, habelə gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya bu sahədə əməkdaşlığı genişləndirmək üçün münasib hüquqi baza kimi çıxış edir. Xüsusi qeyd etmək lazımdır ki, 2006-cı və 2009-cu illərdə keçirilən, hər iki tərəfdən 100-ə qədər adamının qatıldığı Azərbaycan-Latviya biznes forumları ölkələrin bir-birinin iqtisadi potensialı, biznes mühiti ilə tanış olması baxımından əhəmiyyətli idi. Hazırda Latviyada 30-a yaxın Azərbaycan-Latviya birgə müəssisəsi fəaliyyət göstərir.

Əlavə edək ki, Azərbaycanla Latviya arasında təhsil, gənclər və idman sahələrində, hava əlaqələri, informasiyakommunikasiya texnologiyaları, rabitə, maliyyə nazirlikləri, səhiyyə nazirlikləri arasında əməkdaşlıq sahəsində sazişlər və Birgə Bəyannamə imzalanıb.

 

Sevinc NURİYEVA

 Yeni  Azərbaycan.-2014.- 28 fevral.- S.8.