Rusiya-Azərbaycan münasibətləri
region üçün
böyük əhəmiyyət
daşıyır
İki ölkə arasında mövcud olan əlaqələrin daha da genişləndirilməsi üçün isə kifayət qədər geniş potensial mövcuddur
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu günlərdə ölkəmizdə səfərdə olan Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Prezident İlham Əliyev Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinin ölkəmizə səfərinin ikitərəfli münasibətlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını vurğulayıb. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin dinamik şəkildə inkişaf etdiyini bildirən dövlətimizin başçısı son vaxtlar yüksək səviyyəli səfərlərin həyata keçirildiyini vurğulayaraq bu baxımdan Sergey Narışkinin başçılıq etdiyi nümayəndə heyətinin səfərinin mühüm əhəmiyyət daşıdığını söyləyib. Müxtəlif səviyyəli qarşılıqlı səfərlərə toxunan dövlətimizin başçısı bunun ikitərəfli münasibətlərimizin bütün istiqamətlərində, o cümlədən siyasi, iqtisadi, humanitar və digər sahələrdə yaxşı nəticələrin əldə olunması baxımından önəmini qeyd edib. Bu günlərdə Qəbələdə V Azərbaycan-Rusiya Regionlararası Forumunun keçirildiyini vurğulayan Prezident İlham Əliyev tədbirdə Rusiya Federasiyasının müxtəlif bölgələrini təmsil edən 300-dən artıq nümayəndənin iştirakının əhəmiyyətini vurğulayıb. Ölkələrimizin bütün sahələrdə səmərəli fəaliyyət həyata keçirdiyini deyən dövlətimizin başçısı bu əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə ümidvar olduğunu bildirib. Parlamentlərarası əlaqələrə toxunan Prezident İlham Əliyev ölkələrimizin müxtəlif beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq etməsinin önəmini diqqətə çatdırıb.
Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin qəbula və xoş sözlərə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Sergey Narışkin ATƏT Parlament Assambleyasının 23-cü illik sessiyasının Bakıda keçirilməsindən məmnunluğunu qeyd edib. Rusiya Dövlət Dumasının sədri azərbaycanlı həmkarları ilə müxtəlif beynəlxalq təşkilatlarda, o cümlədən ATƏT Parlament Assambleyasında əlaqəli fəaliyyət göstərdiklərini vurğulayıb.
Qeyd edək ki, zəngin tarixi keçmişə söykənən Azərbaycan-Rusiya münasibətləri müasir dövrdə regional əhəmiyyət daşıyır. Azərbaycan-Rusiya münasibətlərində yeni mərhələnin başlanğıcı məhz 1991-ci ildə SSRİ-nin süqutundan sonra ittifaq ölkələrinin müstəqil dövlətlərə çevrilməsi ilə qoyulub. Lakin Azərbaycanın müstəqilliyinin ilk illərində şimal qonşumuzla münasibətlər heç də birxətli olmayıb. Yalnız 1993-cü ildə Ümummilli lider Heydər Əliyev hakimiyyətə gələndən sonra Azərbaycanla Rusiya arasında getdikcə möhkəmlənən, bərabərhüquqlu tərəfdaşlıq, qarşılıqlı hörmət prinsiplərinə əsaslanan münasibətlərin əsası qoyuldu. Dünyada və regionda gedən proseslərin konyunkturasını, Azərbaycanın dövlət maraqlarını düzgün dəyərləndirən Ulu öndər şimal qonşumuzla siyasi, iqtisadi, humanitar sahədə əməkdaşlığın gücləndirilməsi istiqamətində addımlar atdı. Ümummilli liderin Rusiyaya 1997-ci ildə ilk rəsmi səfərindən sonra iki ölkə rəhbərlərinin qarşılıqlı səfərləri ənənə halını alıb. Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 9-10 yanvar 2001-ci il tarixində Azərbaycana baş tutan rəsmi səfəri iki ölkə arasında əməkdaşlıq əlaqələrinin və hüquq-müqavilə bazasının genişləndirilməsinə təkan verdi.
Ulu öndərin daxili və xarici siyasət kursunu davam etdirən Prezident İlham Əliyev də Rusiya ilə əlaqələrin inkişafına böyük önəm verir. Bunun təsdiqi kimi Azərbaycanın dövlət başçısı 2004-cü ilin 5-7 fevral tarixində bu ölkədə rəsmi səfərdə olub. Bundan əlavə, 2004-2005-ci illərdə Azərbaycan Prezidenti Rusiyaya işgüzar səfərlər edib. Öz növbəsində, Rusiya Prezidenti V.Putin 2006-cı il 21-22 fevral tarixində Azərbaycana işgüzar səfərə gələrək “Rusiya İli”nin təntənəli açılış mərasimində iştirak edib. Azərbaycan və Rusiya prezidentlərinin növbəti görüşü 16 iyun 2006-cı ildə Qazaxıstanın Almatı şəhərində Asiyada qarşılıqlı fəaliyyətə və etimad tədbirlərinə dair müşavirədə iştirak çərçivəsində gerçəkləşib. İki ölkə prezidentlərinin görüşləri sonrakı illərdə də davam etdirilib. Belə ki, 3 aprel 2008-ci il tarixində Prezident İlham Əliyevin Buxarestdə, NATO-nun sammiti çərçivəsində Rusiya Federasiyasının Prezidenti V.Putin ilə baş tutan görüşündə ikitərəfli əlaqələrə və qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb. Rusiyanın hazırkı baş naziri Dmitri Medvedyevin prezidentliyi dövründə də iki ölkə arasında imzalanan çoxsaylı sənədlər qarşılıqlı əlaqələrin iqtisadiyyat, enerji və digər sahələrdə dərinləşməsinə şərait yaradıb. Belə ki, Rusiya Prezidentinin 2008-ci il səfərinin yekununda iki ölkə arasında bir sıra mühüm sənədlərlə yanaşı, Dostluq və strateji əməkdaşlıq haqqında Bəyannamə də imzalanıb. Rusiya dövlət başçısının Azərbaycana bir il sonra gerçəkləşən işgüzar səfəri zamanı “Xəzər dənizi üzrə birgə Bəyannamə və dövlət sərhədlərinin delimitasiyasının başa çatdırılmasının əsas prinsipləri və Samur çayının su resurslarının Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında bölüşdürülməsi barədə” birgə Bəyannamə imzalanıb. Həmçinin, Azərbaycan Dövlət Neft Şirkəti və Rusiyanın “Qazprom” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan təbii qazının alış-satışı üzrə müqavilənin əsas şərtləri imzalanıb. 2013-cü il avqustun 13-də Rusiya Prezidenti Vladimir Putinin geniş nümayəndə heyəti ilə ölkəmizə səfəri, Prezident İlham Əliyevlə keçirdiyi görüşlər, imzalanan sazişlər Azərbaycanla Rusiya arasında münasibətlərin genişlənməsindən xəbər verir. Bir çox məsələlərdə hər iki ölkənin maraqlarının uzlaşması bərabərhüquqlu əməkdaşlığın daha da dərinləşdirilməsinə imkan yaradıb. Qeyd olunanlarla yanaşı, Azərbaycanla Rusiya iqtisadi sahədə də uğurlu əməkdaşlıq qura bilib. Belə ki, iki ölkə arasında kənd təsərrüfatı, tərəvəzçilik, taxılçılıq, maşınqayırma, məişət avadanlıqları və digər sahələr üzrə geniş ticarət əlaqələri mövcuddur. Azərbaycan Rusiyanın ayrı-ayrı regionları ilə geniş əməkdaşlıq edir. Bir faktı qeyd etmək kifayətdir ki, Rusiya Federasiyasının 70-dən çox regionu Azərbaycan ilə sıx işgüzar əlaqələr saxlayır. Xatırladaq ki, 2011-ci ilin mayında Həştərxanda “Rusiya və Azərbaycan: regionlararası əməkdaşlığın yeni üfüqlərinə doğru” mövzusunda ikinci Rusiya-Azərbaycan regionlararası forumu keçirilib. Forumda Həştərxan vilayəti və Azərbaycan Respublikası Ticarət-Sənaye palataları arasında əməkdaşlıq haqqında sənədlər imzalanıb. Azərbaycan və Həştərxan vilayəti arasında əldə olunan razılaşmalar əsasında tərəflər energetika, nəqliyyat, kənd təsərrüfatı, innovasiyalar sahələrində əməkdaşlığın səmərəsini artırmaq, kiçik və orta biznes qurumlarının inkişafına yardım etmək qərarına gəliblər. İqtisadi əlaqələrin genişləndirilməsi yönündə 2013-cü il iyunun 5-də Volqoqradda Dördüncü “Rusiya-Azərbaycan: Regionlararası dialoq-2013” Forumu keçirilib. Tədbir çərçivəsində “Heydər Əliyev Rusiya-Azərbaycan münasibətlərində” və “Böyük Vətən müharibəsində Qələbəyə Azərbaycan xalqının töhfəsi” mövzularında fotosərgilər təşkil olunub. Forum çərçivəsində Azərbaycanın və Rusiyanın vahid enerji sistemlərinin paralel işinin təmin edilməsi tədbirləri haqqında Rusiya Federasiyası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında Saziş və Azərbaycan Respublikası Hökuməti ilə Volqoqrad vilayəti hökuməti arasında ticari-iqtisadi və mədəni əməkdaşlıq haqqında Saziş imzalanıb.
Forum iştirakçıları regionlararası əməkdaşlıq, energetika və nəqliyyat kommunikasiyaları, iqtisadi əməkdaşlığın perspektivləri və digər mövzularda müzakirələr, ikitərəfli regional əməkdaşlıq, energetika və nəqliyyat kommunikasiyaları, humanitar münasibətlər və gənclər siyasəti sahəsində qarşılıqlı fəaliyyət məsələlərinə dair konstruktiv fikir mübadiləsi aparıblar. Tədbirdə Xəzər regionunda sabitliyin və təhlükəsizliyin təmin edilməsi kimi aktual mövzuya toxunulub.
Cari il 23-24 iyun tarixində isə Qəbələdə 5-ci Rusiya-Azərbaycan Regionlararası Forumu keçirilib. Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyinin və Rusiya Federasiyasının Regional İnkişaf Nazirliyinin təşkilatçılığı ilə keçirilən Forumda hər iki tərəfdən dövlət qurumlarının, parlamentlərin, icra hakimiyyəti orqanlarının nümayəndələri, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlar və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ümumilikdə Foruma hər iki ölkədən 700-dən çox iştirakçı qatılıb.
Forum çərçivəsində Azərbaycan ilə Rusiya arasında əməkdaşlığa dair bir sıra sənədlər, o cümlədən Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi ilə Rusiya Federasiyasının Regional İnkişaf Nazirliyi arasında və Rusiyanın İnvestisiya Agentliyi ilə AZPROMO arasında qarşılıqlı anlaşma haqqında memorandumlar imzalanıb. Həmçinin Həştərxan Turizm Birliyi ilə Azərbaycan Turizm Assosiasiyası arasında və Ural Turizm Assosiasiyası və Azərbaycan Turizm Assosiasiyası arasında turizm sahəsində əməkdaşlıq barədə, “Həştərxan regional kanalı” MMC ilə Azərbaycanın regional televiziyası arasında sazişlər imzalanıb. Forum çərçivəsində Azərbaycanın və Rusiyanın bir sıra şirkətləri arasında da əməkdaşlığa dair sənədlər imzalanıb. Belə ki, Rusiya Federasiyasının Rostov vilayətinin İqtisadi İnkişaf Nazirliyi ilə Azərbaycanın “Mətanət A” şirkəti arasında, Rusiyanın “Aqroholdinq starıysad” ASC ilə Azərbaycanın “CTC Holdinq” şirkəti arasında, “Dağıstan Ticarət Evi” ASC ilə Azərbaycanın “Azeksfrukt” şirkəti arasında, “Dağıstan Steklotara” MMC ilə Azərbaycanın “Azərsun Holdinq” şirkəti arasında əməkdaşlıq haqqında sazişlər, Dağıstanın “Yuqaqroholdinq” şirkəti ilə Azərbaycanın “İnvestment Group” MMC arasında Müqavilə imzalanıb.
İki ölkə arasında imzalanan qaz müqavilələri ilə Rusiya Azərbaycan qazının idxalını dəfələrlə artırıb. Bu, həm də enerji layihələrinin şaxələndirilməsinə və xammalın satışının münasib tariflərlə reallaşdırılmasına üstünlük verən Azərbaycan tərəfinin mənafeyinə uyğundur.
Göründüyü kimi, iki ölkə arasında əlaqələrin dərinləşməsi qarşılıqlı maraqlara xidmət edir. Rusiya ilə tərəfdaşlıq, iqtisadi əlaqələrin, elm, təhsil, mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi ölkəmiz üçün böyük əhəmiyyət daşıyır. Rusiya da öz növbəsində Azərbaycanla əməkdaşlığa ciddi önəm verir. Mövcud əlaqələrin daha da genişləndirilməsi üçün isə kifayət qədər geniş potensial mövcuddur.
Mübariz ABDULLAYEV
Yeni Azərbaycan.-2014.- 2 iyul.- S. 8.