İnformasiyalı dövlət quruculuğu müasir dövrün tələbidir

 

XXI yüzillik informasiya əsri kimi səciyyələndirilir. İnkişaf etmiş cəmiyyətlərdə informasiya başlıca idarəetmə vasitəsi kimi təsbit edildiyindən informasiya-kommunikasiya texnologiyalarının inkişafına xüsusi diqqət yetirilir ki, bu da mütəmadi surətdə informasiya resurslarının artırılmasını və təkmilləşdirilməsini şərtləndirən amil kimi çıxış edir. Xüsusi mübadilə və idarəetmə vasitəsi səciyyəsi daşıyan informasiya resurslarından səmərəli surətdə istifadə edilməsi üçün daim yeni mexanizmlər və texnologiyalara istinad edilir.

Müasir qloballaşma şəraitində informasiya cəmiyyətinin təşəkkülü və inkişafının strateji əhəmiyyəti nədir?

Təbii ki, bütün bunlar yeni sosium növü olan informasiya cəmiyyətinin təşəkkülünü şərtləndirir. Ümumilikdə, klassik mənada informasiya cəmiyyəti dedikdə elə bir sosium növü nəzərdə tutulur ki, burada əhalinin böyük hissəsi müasir informasiya texnologiyalarından istifadə etməklə informasiyanın, ən əsası isə, onun ali forması olan biliyin istehsalı, saxlanması, emalı və ötürülməsi ilə məşğul olur. İnformasiya cəmiyyətinin üstünlüklərinə aşağıdakılar aid edilir:

- bütün bəşəri sivilizasiya üçün qlobal informasiya mühiti yaranır;

- informasiya və kommunikasiya texnologiyalarından istifadə kütləvi hal alır, sosial və iqtisadi fəaliyyətin yeni formaları yaranır;

- informasiya əmtəəyə çevrilir, informasiya və bilik bazarı yaradılır və inkişaf edir;

- inkişafın əsas forması kimi informasiya iqtisadiyyatı formalaşır;

- İKT vasitəsilə hər bir insanın, bütün sivilizasiyaların informasiya resurslarına sərbəst çıxışı təmin edilir;

- təhsil sisteminin təkmilləşməsi, beynəlxalq, milli və regional səviyyədə informasiya mübadiləsi sistemlərinin imkanlarının genişlənməsinə mühüm şərait yaranır.

Bütövlükdə, informasiya cəmiyyətinin təşəkkülü və inkişafı istiqamətində görülən strateji tədbirlər informasiya-kommunikasiya texnologiyalarının (İKT) tərəqqisini də labüd edir. Bu və ya digər dövlətlər rentabelli sahə kimi İKT-nin inkişafı istiqamətində təxirəsalınmaz tədbirlər görürlər ki, bu, son nəticədə ölkə iqtisadiyyatının və ümumilikdə, cəmiyyətin inkişafına mühüm töhfələr verir.

Azərbaycanda İKT-nin davamlı inkişafı strateji prioritet kimi...

Sirr deyil ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə əlaqədar həyata keçirilən Dövlət proqramları və strateji tədbirlər iqtisadiyyatın diversifikasiyası və yeni sənaye sahələrinin inkişafı üçün geniş imkanlar açıb. Bu sahələrdən biri də İKT sektorudur. Azərbaycan hökuməti İKT-nin inkişafını strateji prioritet kimi müəyyənləşdirib. Ümumiyyətlə, hazırkı reallıqlar onu deməyə əsas verir ki, dinamik inkişaf edən bu sektor gələcəkdə Azərbaycanın bölgədə informasiya-kommunikasiya texnologiyaları üzrə mərkəzə çevrilməsinə, ölkənin ümumi intellektual potensialı və imkanlarının yüksəlməsinə xidmət edəcək. Eyni zamanda, kommersiya əhəmiyyəti baxımından əldə olunacaq gəlirlər ölkə iqtisadiyyatının inkişafına güclü təsir göstərəcək.

O da qeyd edilməlidir ki, dövlətin bu sahəyə diqqəti və investisiya dəstəyi sayəsində İKT sektorunda əldə olunan uğurlar ölkəmizin Avropa və dünya dövlətləri ilə açıq rəqabətə girmək potensialından xəbər verir. Prezident İlham Əliyevin İKT sektoruna diqqət və qayğısının nəticəsidir ki, ölkəmiz İKT-nin inkişaf göstəriciləri üzrə ümumdünya səviyyəsinə yaxınlaşıb. Dövlət başçısının müəyyən etdiyi strategiyaya uyğun olaraq, ölkəmizdə həyata keçirilən geniştutumlu tədbirlər, siyasi iradə sayəsində Azərbaycan dünyada İKT ölkəsi kimi tanınır. Bundan başqa, İKT ölkəmizin davamlı və dayanıqlı inkişafının təmin edilməsi, intellektual potensialının gücləndirilməsi, biznesin irəliləməsi, korrupsiya ilə mübarizə, yoxsulluq və işsizliyin azaldılması, cəmiyyətdə şəffaflığın və demokratiyanın inkişaf etdirilməsi üçün əlverişli vasitə olaraq qəbul edilir. Dövlət idarəçiliyi, təhsil, səhiyyə, biznes, bank işi və digər sahələrdə yeni dəyərlər yaradan İKT ictimai-iqtisadi münasibətlərin vacib tərkib hissəsinə çevrilə bilib.

İKT sektorunun tərəqqisi informasiya cəmiyyətinin inkişafına təkan verir

Ümumiyyətlə, İKT sektorunun inkişafı konseptual xarakter daşıyır. Bu istiqamətdə həyata keçirilən tədbirlər ölkəmizdə informasiya cəmiyyətinin inkişafını da sürətləndirir. Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”nın təsdiq edilməsi haqqında Sərəncamın imzalanması bu baxımdan xüsusi olaraq qeyd edilməlidir. Bu Milli Strategiya Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 17 fevral tarixli 1146 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiyaya (2003-2012-ci illər)” və həmin strategiyanın həyata keçirilməsi ilə bağlı qəbul olunmuş dövlət proqramlarının icrası yönündə görülmüş genişmiqyaslı işlərin nəticələrinə əsaslanır. Ümumilikdə, Milli Strategiyanın əsas məqsədi ölkədə informasiya cəmiyyətinin bərqərar olması, onun yaratdığı imkanlardan vətəndaşların, cəmiyyətin, dövlətin inkişafı üçün səmərəli istifadə edilməsi, ölkənin davamlı və dayanıqlı tərəqqisi, İKT-nin dövlət idarəçiliyində hərtərəfli tətbiqi, habelə sosial-iqtisadi və mədəni sahələrin inkişafına təkan verən iqtisadi sektor kimi inkişaf etdirilməsidir. Bundan başqa, Milli Strategiyada müəyyənləşdirilmiş məqsədlərə çatmaq üçün aşağıdakı məsələlərin həlli vacib amil kimi təsbit olunub:

- informasiya və telekommunikasiya infrastrukturunun artan tələbatı təmin edəcək səviyyədə müasirləşdirilməsi, keyfiyyətli xidmətlərin təqdim olunması, əhalinin, biznes qurumlarının və ümumilikdə cəmiyyətin informasiya və texnologiyalardan istifadə imkanlarının genişləndirilməsi;

- əhaliyə təhsil, səhiyyə, sosial müdafiə və digər sosial sahələr üzrə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi;

- informasiya cəmiyyəti şəraitində effektiv tənzimləmənin həyata keçirilməsi, insan hüquqlarının, xüsusən də hər bir fərdin informasiya əldə etmək və ünsiyyət qurmaq hüquqlarının hərtərəfli və sərbəst təmin edilməsi

- rəqabətədavamlı və ixracyönlü İKT sənayesinin qurulması, İKT-ni geniş tətbiq etməklə, ənənəvi iqtisadiyyatdan yeni tipli iqtisadiyyata - biliklər iqtisadiyyatına keçidin təmin olunması;

- “elektron hökumət”in genişləndirilməsi və İKT-nin tətbiqi ilə dövlət idarəçiliyinin səmərəliliyinin artırılması, demokratik prinsiplərin inkişaf etdirilməsi, elektron xidmətlərin yüksək keyfiyyətinə nail olunması;

- informasiya cəmiyyəti mühitində xalqın tarixi, ədəbi və mədəni irsinin qorunub saxlanılması və geniş təbliği;

- informasiya və telekommunikasiya texnologiyaları sahəsində yüksək səviyyəli elmi və ixtisaslı kadrların hazırlanması;

- hər bir vətəndaş üçün İKT üzrə təhsil və təlim almaq imkanı yaratmaqla, informasiya və İKT-dən təhlükəsiz istifadə mədəniyyətinin yüksəldilməsi;

- dünya informasiya məkanında Azərbaycan Respublikasının milli maraqlarının qorunması, cəmiyyətdə İKT-dən qanuni və təhlükəsiz istifadə edilməsi, müasir texnologiyalara etimadın yüksəldilməsi məqsədi ilə informasiya təhlükəsizliyi sisteminin inkişaf etdirilməsi;

- regional və beynəlxalq informasiya məkanına inteqrasiyanın genişləndirilməsi.

Bundan başqa, “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə mühüm işlərin görülməsi də xüsusilə qeyd edilməlidir. Bu kontekstdə ən əhəmiyyətli addımlardan biri ötən ilin fevralında “Azərspace-1” ilk Azərbaycan peykinin fəzaya buraxılmasıdır. Bu peyk ölkəmizin qlobal informasiya cəmiyyətinə inteqrasiya olunmasında, Qərblə Şərq arasında informasiya regionunun aparıcı dövlətlərindən birinə çevrilməsində əhəmiyyətli rol oynayacaq.

Azərbaycanda “elektron hökumət”in formalaşdırılması beynəlxalq təcrübə və standartlara əsaslanır

Sadalananlarla yanaşı, dövlət idarəçiliyi sistemində İKT-nin tətbiqi, eləcə də respublika əhalisinə elektron xidmətlərin göstərilməsi intensiv inkişaf edir. Bu sırada xüsusi olaraq vurğulanması lazım olan digər məsələ “elektron hökumət”in formalaşdırılmasıdır. Prezident İlham Əliyevin bu məsələyə müstəsna əhəmiyyət verməsi və onun icrasını bilavasitə nəzarətdə saxlaması Azərbaycanda dövlət idarəçiliyi və ictimai həyatın bütün sahələrində “elektron hökumət” ideyalarının tətbiqi ilə vətəndaş-məmur münasibətlərinin yeni müstəvidə qurulmasına, şəffaflığın təmin olunmasına, informasiya tələbatının dolğun ödənilməsinə şərait yaradıb. Azərbaycanda ən qabaqcıl texnologiyaların tətbiq edilməsi, əhaliyə yüksək keyfiyyətli xidmətlərin göstərilməsi, biznes fəaliyyətinin müasir tələblərə uyğun qurulması, cəmiyyətdə informasiya texnologiyalarından istifadəyə əlverişli şəraitin yaradılması üçün məqsədyönlü işlər görülməkdədir.

Bildiyimiz kimi, “elektron hökumət” dedikdə müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsi nəzərdə tutulur.

Qeyd etmək lazımdır ki, “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiyaya (2003-2012-ci illər)” əsasən işlənib hazırlanmış “Elektron hökumət” layihəsi “Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində həyata keçirilir. Ölkəmizdə “elektron hökumət”in formalaşdırılması beynəlxalq təcrübəyə əsaslanır və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)” təsdiq edilməsi haqqında Sərəncamı, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli Fərmanı və digər normativ hüquqi aktlarla fəaliyyət üçün hüquqi baza yaradılıb. Bununla yanaşı, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu sahədə görülən işlərin əlaqələndiricisi olaraq “elektron hökumət”in formalaşması üzrə digər dövlət orqanları ilə sıx fəaliyyət göstərir və müvafiq infrastrukturun yaradılması istiqamətində fəaliyyət həyata keçirir. Elektron imzaların istifadəsi üçün Milli Sertifikasiya Xidmətləri Mərkəzi yaradılıb, dövlət qurumlarının informasiya sistemləri arasında informasiya mübadiləsini təmin edən infrastruktur qurulub, “Elektron hökumət” portalı hazırlanaraq istifadəyə verilib. Bütün dövlət qurumları bunlardan istifadə edərək vətəndaşlara elektron xidmətlərin göstərilməsini təmin edə bilirlər.

Bir sözlə, Azərbaycanda İKT-nin tərəqqisi və informasiya cəmiyyətinin inkişafı üçün strateji xarakterli tədbirlər həyata keçirilir. Bu isə öz növbəsində ölkə iqtisadiyyatının inkişafına özünəməxsus töhfələr verir. Bir sözlə, müasir dövrün tələbi olan informasiyalı dövlət quruculuğu Azərbaycanda milli inkişaf strategiyasının mühüm strateji istiqamətlərindən biri kimi çıxış edir.

 

 Nurlan QƏLƏNDƏRLİ

 Yeni  Azərbaycan.-2014.- 2 iyul.- S. 8.